PDF Oxu

Müsahibə

  • 11

Dünyanın heç bir ölkəsi müdaxilələrdən sığortalanmayıb

Dünyanın heç bir ölkəsi müdaxilələrdən sığortalanmayıb

Məlum olduğu kimi, dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı ictimai müzakirələr davam etməkdədir. Mərkəzi Seçki Komissiyası seçki ilə bağlı hələ yekun qərar qəbul etməsə də, ilkin nəticələr bələdiyyə seçkilərinin demokratik seçkilərin keçirildiyini təsdiqləyir. Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədr müavini, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli də seçkilərin demokratik standartlara uyğun keçirilməsi qənaətindədir:
- Azərbaycanda bələdiyyə seçkiləri normal keçirildi. Bu seçkiləri həm yerli, həm də beynəlxalq müşahidəçilər izlədilər. Mən təbliğat kampaniyasında da iştirak etdim. Kampaniyada yalnız deputat seçildiyim Naftalan-Goranboy ərazisində yox, Saatlı, Sabirabad, Beyləqan, Horadiz və sair yerlərdə oldum. Müşahidələrim belə idi ki, insanlar bələdiyyə seçkilərinə hazırlıqlı gedirdilər. Əhali öz yerlilərinin qayğısına qalan insanlara səs verirdilər. Bu seçki seçiciyə daha yaxın idi. Bu baxımdan, bələdiyyə üzvləri seçicilərə millət vəkillərindən də yaxındırlar. Cəmiyyətin bu məsələyə dair mövqeyi məlumdur. Mən səsvermə günü Sumqayıtda 4 seçki dairəsi üzrə 42 məntəqədə müşahidələr apardım. Bu məntəqələrin heç birində qanun pozuntusu qeydə almadıq. Eyni zamanda, məntəqələrdə müxtəlif partiyaları, təşkilatları təmsil edən müşahidəçilərdən vəziyyətlə bağlı məlumatlar aldıq. Onlar da seçkidə hər hansı pozuntunun olmadığını bildirdilər. Doğrudur, prezident və parlament seçkiləri ilə müqayisədə bələdiyyə seçkilərində seçici fəallığı az oldu. Amma bunun da müəyyən səbəbləri ola bilər. İlk növbədə, bələdiyyələr lazımi səviyyədə cəmiyyətdə özlərini təsdiq edə bilməyiblər. Onların fəaliyyətindən insanlar o qədər də razı deyil. Buna görə də, yeni formalaşan bələdiyyələr bu məqama diqqət yetirməlidirlər. Onlar elə etməlidirlər ki, vətəndaşların bələdiyyə seçkilərinə diqqəti daha da artsın. Bu da, ilk növbədə, yerli özünüidarəetmə orqanlarının əhali üçün faydalı işləməsindən asılıdır.
Bir sözlə, hesab edirəm ki, bələdiyyə seçkiləri demokratik standartlara uyğun keçirilib. Bu seçkilərdə hər hansı qanun pozuntusuna, insidentə rast gəlinməyib. Seçkilərdə qələbə qazanan şəxsləri təbrik edirəm və onlara məhsuldar fəaliyyət arzulayıram. Onlar elə fəaliyyət göstərməlidirlər ki, növbəti bələdiyyə seçkilərində əhali daha mütəşəkkil şəkildə iştirak etsin.

- Gültəkin xanım, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidə missiyası ilkin rəyində seçki ilə bağlı bir sıra tənqidlər olub. Bu tənqidlərə münasibətiniz necədir?

- Demək istərdim ki, təşkilatın ilkin rəyi ilə yaxından tanış deyiləm. Amma bu tənqidlər məni təəccübləndirir. Bələdiyyə seçkiləri çox sakit keçdi. Belə olan halda, tənqidlərin olması mənim üçün anlaşılmazdı. Əgər hansısa məntəqədə problem olubsa, yəqin ki, Mərkəzi Seçki Komisiyası müvafiq tədbir görəcək.

- Məlum olduğu kimi, AŞPA-nın növbəti qış sessiyası keçiriləcək. Sizcə, sessiyada Azərbaycandakı bələdiyyə seçkilərinin nəticələri müzakirə oluna bilərmi?

- Düşünmürəm ki, belə vəziyyət baş versin. AŞ PA qanunverici orqanların üzvlərindən ibarət olan qurumdur. Bələdiyyələrin fəaliyyəti ilə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi məşğul olur. Bildiyiniz kimi, seçkiləri də məhz bu konqresin müşahidə missiyası izləyib. Bələdiyyə seçkilərinə də yekun rəyi bu qurum verəcək. Digər tərəfdən, ölkəmizdə normal, Avropa standartlarına uyğun seçkilər keçirilib. Hesab edirəm ki, bu seçkilərə dair AŞ PA-nın ciddi iradı olmamalıdır.

- Gültəkin xanım, bu il ölkədə parlament seçkiləri keçiriləcək. Artıq bəzi müxalifət partiyaları bu seçkilərdə heç də məqbul olmayan xarici ölkələrin təcrübələrindən istifadə etməyə cəhd göstərəcəklərini iddia edirlər. Bu iddialara münasibətiniz necədir?

- Dünyanın heç bir ölkəsi belə müdaxilələrdən sığortalanmayıb. Azərbaycanın yerləşdiyi coğrafiya elə bir həssas ərazidir ki, belə cəhdlər ola bilər. Eyni zamanda, Azərbaycana qonşu olan bəzi dövlətlərdə nə qədər ki, demokratiya, insan haqları tam bərqərar olmayıb, hansısa təhdidlərin olması mümkündür. Əsas məsələ odur ki, Azərbaycanın bu təhdidlərə nə dərəcədə müqavimət göstərməsidir. Bilirsiniz ki, bir sıra xarici qüvvələrin Azərbaycanda maraqları var. Azərbaycan dünya geosiyasətinin episentrində yerləşən ölkədir. Bu baxımdan, Azərbaycanın inkişaf perspektivləri Cənubi Qafqazın inkişaf perspektivini təyin edir. Ona görə də, hər hansı təhdidlərin qarşısını almaq üçün millətimiz monolit, dövlətimiz güclü olmalıdır. Şükürlər olsun ki, bu monolitlik var. Xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşib və Onun həyata keçirdiyi siyasəti tam dəstəkləyir. Hesab edirəm ki, bu amilin qarşısında hər hansı təhdid puç olmağa məhkumdur.

Digər xəbərlər