- Zahid müəllim, cənab ölkə Prezidenti İlham Əliyev Xırdalan şəhərində səfərdə olan zaman Azərbaycan xalqını müharibəyə hazır olmağa çağırış etdi. Doğrudanmı, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan sülh danışıqları artıq tükənib?
- Ölkə başçısının Qarabağ əlillərinə diqqət göstərdiyini nümayiş etdirməsi və bu insanlarla bağlı çıxışında xüsusi vurğular etməsi, onu sübut etdi ki, Azərbaycan cəmiyyəti və dövləti həyatını torpaq uğurunda qurban vermiş insanlara diqqət göstərir. Prezident hər bir dövlət məmuruna mesaj etdi ki, bu insanlara qayğılarını artırsın və onların problemlərinə diqqət göstərsin. Eyni zamanda, cənab Prezident bu görüşdə çox ciddi siyasi bəyanatlar verdi. Heç şübhəsiz ki, bu bəyanatlar həm ölkə, həm də regionda müəyyən dairələr tərəfindən diqqətlə qarşılandı. Söhbət Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı müəyyən sənədlərə imza atmasından gedir. Düşünürəm ki, Azərbaycanın artan gücü və danışıqlarda haqlı mövqeyimizin kəskinləşməsi fonunda Ermənistan işğal altında olan torpaqlarımızı boşaltmağa məcbur olacaq. Eyni zamanda, müəyyən sənədlərdə Ermənistanın Azərbaycanın mövqeyi ilə razılaşması və lazımi sənədlərə imza atması məsələsi çox vacib və önəmli idi. Hesab edirəm ki, birinci növbədə bunlar qabardırmalıdır. O, cümlədən, Azərbaycanın hərbi vasitələrlə öz ərazilərini işğaldan azad etməyə hazırlığının bildirilməsi, Ermənistan və Azərbaycan arasındakı irəliləyiş kontekstində, Qarabağ məsələsi ilə bağlı bizim üçün əlverişli şəraitin yaranmasını göstərir. Azərbaycanın bütün parametrləri üzrə öz torpaqlarını azad etməyə qadir olacağı məsələlərinin vurğulanması bir daha mövqe üstünlüyünü saxlamağa və 2010-cu ildə bu problemin çözülməsi üçün əsas şərtlərin Azərbaycan tərəfindən qoyulacağı nəticəsini çıxarmağa bizə imkan verir. Bəllidir ki, 2010-cu ildə tərəflər, nəyin bahasına olursa-olsun, çərçivə sazişinin və yaxud çərçivə anlaşmasının imzalanmasına cəlb ediləcək. Bu mövqe indi də özünü qabarıq tərzdə göstərir. Ən azı regionda layihələndirilən planların işləməsi üçün bu addımlar atılmalı olacaq. Belə olan təqdirdə, baza prinsiplərinin hansı məsələlərin üzərində qurulması çox önəmlidir. Burada ölkənin üzləşdiyi real gerçək durum buna bilavasitə təsir göstərəcək. Azərbaycanda hakimiyyət və insanlar arasında münasibət, ölkənin iqtisadi-siyasi resursları, diplomatik imkanları və s. onu deməyə əsas verir ki, baza prinsipləri Azərbaycanın istəyinə uyğun tərzdə formalaşacaq. Azərbaycan vətəndaşlarının mühirbəyə hazır olması, cəmiyyətin bunu nəzərə alması və ölkənin müharibə qanunlarına tabe olması da qaçılmaz olacaqdır.
- Ermənistan parlamentinin vitse-spikeri bəyan edib ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınması Ermənistan dövlətinin gündəmindədir. Doğrudan da, müharibə variantı qaçılmaz olarsa, Ermənistan tərəfi Dağlıq Qarabağın müstəqilliyinin tanınması yönündə addım ata bilərmi?
- Ermənistan indiyədək müxtəlif xarakterli ziddiyyətli addımlar atıb. Ermənistan rəhbərliyi Qarabağın Azərbaycandan ayrılması məsələsini sosial faktorlarla izah etməyə çalışır. Əvvəllər deyirdilər ki, ittifaq miqyasında ayrı-ayrı subyektlərin, xüsusilə də, etnik mahiyyətinə görə muxtariyyət almış ayrı-ayrı qurumların əhalisinin, o cümlədən, Dağlıq Qarabağdakı ermənilərin yaşayış tərzi olduqca ağırdır. O vaxt nrmənilər Kremldən yardım istəyirdilər. Sonrakı dövrdə sosial məsələlər siyasiləşdirildi və dediyimiz aspektdə separatizm və daha sonra Ermənistanın ərazilərimizi işğal etməsi prosesi baş verdi. Orta dövrlərdə isə, əvvəlcə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi ortaya qoyulmaqda idi. Amma Ermənistan bilirdi ki, "DQR"-in müstəqilliyinin tanımasına gedilməsi, onları bütün beynəlxalq aləmdə ifşa edəcək. Bir tərəfdən, ona görə ki, Dağlıq Qarabağın bu regionda müstəqil dövlət kimi formalaşdırılması qeyri-mümkündür. Hətta erməni məntiqi ilə 4,38 min kv.km ərazidə dövlət qursalar belə, bunun beynəlxalq aləmə real coğrafi çıxış yolu yoxdur. Sual oluna bilər: dünyada elə bir yer varmı ki, digər ölkənin əraziləri ilə əhatə olunsun, amma onun kiçik bir cığırı da olmasın ki, dünyaya çıxış əldə edə bilsin?! Deməli, ermənilər orada separatizm cəhddində bulunurlar. Bu cür məsələlərin gündəmə gəlməsi, Azərbaycana təzyiq və təsir aləti kimi istifadə edilməsi dövrü çoxdan keçib.
- Zahid müəllim, Azərbaycan, doğrudan da, müharibə variantından istifadə etsə, o zaman Rusiyanın keçən il Gürcüstana qarşı tətbiq etdiyi variant Azərbaycana qarşı tətbiq edilə bilərmi?
- Bu məsələ gündəmə çıxarkən, bütün resurslar səfərbər olunmalıdır. Sözsüz ki, bizim burada söylədiyimiz fikirlər versiyadır. Bütün hallarda qərar ölkənin başçısı, Ali Baş Komandan tərəfindən verilir. "Biz müharibə edə bilmərik" sualı qarşısında qalanlar başqa bir suala cavab verməlidirlər: o zaman 100 minə çatan ordu qüvvəsini və onun silahlanmasına yönəldilən milyardlarla dollar vəsaiti neyləyirik?
Hər bir ölkənin ərazi bütövlüyünü, onun toxunmazlığını, sərhədini bilavasitə silahlı qüvvələr qoruyur. Sözsüz ki, böyük dövlətlər amili var və onların gücü qarşısında baş verə biləcək təhlükələri nəzərə almalıyıq. Belə çıxmırmı ki, əvvəldən öz məğlubiyyətimizi elan etmişik? Əlbəttə, müharibə amilinin özünə məxsus çox böyük siyasi risqləri var. Qarabağın azad olunması Abxaziya- Cənubi Osetiya məsələsindən tamam fərqli aspektdədir. Cənubi Osetiya vətəndaşlarının 60-70 faizi Rusiya vətəndaşlığını qəbul etmişdi. Həmçinin, Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi İttifaqı çərçivəsindəki sənədlər Azərbaycana tətbiq oluna bilməz.
- 2010-cu ilin yanvarında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılacaq müzakirələrdən gözləntilər nə ola bilər?
- Onu deyə bilərəm ki, Azərbaycanın mövqeyi əvvəlki kimi qalacaq. Həmçinin, beynəlxalq missiyasını həyata keçirənlər daha artıq dərəcədə Ermənistanın mövqeyi üzərində işləməli olacaqlar ki, bu məsələ ətrafında kompromis variant tapılsın.