PDF Oxu

Müsahibə

  • 10

“Azərbaycanın sosial-iqtisadi uğurları 2010-cu ildə də davam etdiriləcək”

“Azərbaycanın sosial-iqtisadi uğurları 2010-cu ildə də davam etdiriləcək”

Müsahibimiz millət vəkili Musa Quliyevdir

- Musa müəllim, artıq 2009-cu il başa çatmaq üzrədir. Ölkədə müəyyən sahələr üzrə nailiyyətlər var. Bu sahələrdən biri də sosial-iqtisadi inkişafdır. Ümumilikdə, bu ilin sosial-iqtisadi yekunlarını necə dəyərləndirirsiniz?
- Başa çatmaqda olan 2009-cu il Azərbaycan xalqı və dövləti üçün uğurlu illərdən biri oldu. Ümumilli Liderimiz Heydər Əliyevin böyük uzaqgörənliyi ilə müəyyən etdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası cənab Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə, modernləşdirilərək inkişaf etdirilir. Eyni zamanda, dövlətimizin qüdrətlənməsinə, möhkəmlənməsinə səbəb olur. Biz bu uğurları 2009-cu ildə də yaşadıq. Baxmayaraq ki, 2008-ci ilin ikinci yarısından başlayaraq, dünyada çox böyük iqtisadi maliyyə böhranı baş verdi. Neftin qiymətinin kəskin aşağı düşməsi ilə dünya bazarında maliyyə problemi baş verdi. Onunla əlaqədar olaraq işsizlik, inflyasiya, müəyyən maliyyə çatışmazlığı nəticəsində böyük layihələrin dayandırılması, investisiya qoyuluşlarının məhdudlaşması və s. proseslər dünyanın ən aparıcı dövlətlərinə belə təsir etdi. Dünyada maliyyə böhranına qarşı dözümlü çıxan dövlətlərdən biri də Azərbaycan oldu. Bunu dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları dəfələrlə qeyd edib. Hətta Azərbaycanın sosial-iqtisadi inkişafını möcüzə adlandıranlar da oldu. Bütün bunların kökündə ölkə başçısının dəfələrlə bəyan etdiyi, öz iqtisadi siyasətinin strateji xətti kimi göstərdiyi balanslaşdırılmış iqtisadiyyat siyasəti dururdu. Məhz ölkədə neft gəlirlərinin qeyri-neft sektoruna qoyulması, regionların inkişafı, insan kapitalına neft kapitalının çevrilməsi məsələsinin reallığa söykənməsi bizə imkan verdi ki, ən böhranlı illərin sınağından uğurla çıxaq. Bu il ÜDM-in artmasında, həm əhalinin həyat səviyyəsinin yüksəlməsində, yaşayış minimumunun artmasında, pensiyaların və müavinətlərin vaxtlı vaxtında çatdırılmasında, eləcə də, bir sıra regional layihələrin həyata keçməsində ölkədə heç bir problem olmadı, əksinə, uğurlar əldə olundu. Heç də təsadüfü deyil ki, Azərbaycan son 3-4 ildə sosial-iqtisadi inkişaf tempinə görə, dünyada lider dövlətlərdən, MDB məkanında birinci yerdə durur. Dünyanın 2009-cu ildə böhrandan əziyyət çəkməsinə baxmayaraq, heç bir Azərbaycan vətəndaşı şəxsi həyatında, fəaliyyətində, işində bu böhranın təsirini hiss etmir. Digər tərəfdən, öləkədə infrastruktur layihələr necə planlaşdırılıbsa, elə də davam etdi. Heç bir layihə dayanmadan həyata keçdi. Əvvəlkindən də gözəl, keyfiyyətli yollar çəkilir, xəstəxanalar, uşaq bağçaları, təhsil müəssisələri, mədəniyyət evləri tikilir, təmir olunur, parkalar salınır. Bu il seçkilərlə bağlı Yeni Azərbaycan Partiyasının təmsilçiləri müxtəlif bölgələrində oldular. Görüşdüyümüz insanlar, getdiyimiz yerlər bir daha bizə o qənaətə gəlməyə əsas verir ki, Azərbaycanın sosial- iqtisadi inkişafı çox sürətlə davam edir. Bu yaxınlarda şimal bölgəsində olduq. Kəndlərdə müasir üslubda tikilmiş mədəniyyət evləri, məktəblər və s. var, insanlar hər bir şeydən razılıq edir. Bütün bunların hamısı, onu göstərir ki, Azərbaycanda artıq sosial-iqtisadi inkişafın üçüncü mərhələsinə qədəm qoyuruq. Bildiyimiz kimi - 2004-2008 və 2009-2013-cü illəri əhatə edən "Regionların Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqramı" qəbul olunub. Birinci mərhələdə Bakı və Bakı ətrafı rayonların inkişafından, ikinci mərhələdə rayon mərkəzlərinin abadlaşmasından danışırdıqsa, indi artıq həmin quruculuq və abadlıq işləri kəndlərdə davam edir.
- 2009-cu ildə makroiqtisadi sabitliyə nail olmaq üçün aparılan bank, vergi, pul-kredit siyasəti düzgün aparılırmı?
- İqtisadi inkişafa nail olmağın əsas şərtlərindən biri düzgün bank, pul kredit, vergi siyasətinin aparılması idi. 2009-cu il ərzində, Azərbaycan manatının inflyasiya etməsinə imkan verilmədi, onun dəyəri qorundu. Bu da, bir tərəfdən ölkədə iqtisadiyyatın sağlam əsaslar üzərində qurulmasını göstərir, digər tərəfdən isə, Azərbaycana xarici investorların gəlməsində maraqlıdır. Həm də müəyyən zəmanət verir ki, ölkədə çox davamlı iqtisadi inkişaf var, onun valyutasının möhkəmliyi qorunub saxlanılır. Bu il dövlət büdcəsini qəbul edərkən, neftin satış qiymətini 45 dollar minumum götürdük. Bu da sağlam, proqnozlaşdırılmış və uzaqgörən maliyyə bank siyasətinin bir nəticəsidir. Neftin qiymətini minimum qiymətlə götürürük ki, həmin qiymətə Azərbaycanda bank maliyyə sektoru tam dayanacaq vəziyyətdə işləyə bilsin. Eyni zamanda, ölkədə işsizliyin aradan qaldırılması, 2003-cü ildən bu günə qədər 7 yüz minə qədər iş yerinin açılması, ondan 5 yüz mindən çoxunun daimi iş yeri olması çox ciddi hadisədir. Əmək haqqının, ünvanlı sosial yardımın ildən-ildə minumum məbləğinin artırılması, yoxsulluq həddinin 6 il ərzində 49 faizdən 12,5 faizə gəlib çıxması və s. bunlar çox ciddi göstəricilərdir. Bu da Azərbaycan iqtisadiyyatının çox dayanıqlı əsaslar üzərində və harmonik inkişafının göstəricilərindən biridir.
- Bu ilin 9 ayın yekunlarına görə, Azərbaycan iqtisadiyyatına qoyulan investisiyanın 5,2 milyard dollarının 80 faizi yerli sahibkarların payına düşür. Bu, Azərbaycan iqtisadiyyatının neftdən asılılığı olması barədə deyilən fikirlərin alt-üst olması deyilmi?
- Bu, həm Azərbaycan iqtisadiyyatının neftdən, həm də ölkə iqtisadiyyatının digər xarici investorlardan asılı olmadığını göstərən bir göstəricidir. Yəni, Azərbaycanın artıq öz iqtisadi imkanları, resursları imkan verir ki, daxili mənbələrin, regionların, QHT-lərin inkişafı hesabına, informasiya kommunikasiya sisteminin və s. inkişafı hesabına Azərbaycan öz iqtisadi uğurlarını artıra bilər. Bir göstərici də xüsusi əhəmiyyət kəsb edir ki, artıq böyük investisiya qoyuluşlarının təxmini 85-90 faizini Azərbaycanın öz daxili imkanları hesabına həyata keçir. 1990-cı illərin sonlarına qədər Azərbaycana investisiya qoyuluşunun böyük əksəriyyəti xarici investorların hesabına idisə, artıq Azərbaycan özü xarici ölkələrdə investisiya qoyan ölkə kimi çıxış etməyə başlayıb. Bizim indi Türkiyədə, Gürcüstanda və digər ölkələrdə investisiya layihələrimiz var. Bu, da onu göstərir ki, Azərbaycan iqtisadiyyatı təkcə daxildə deyil, həm də xarici bazarda özünə dayanıqlı yer tutub.

Digər xəbərlər