PDF Oxu

Müsahibə

  • 12

Tahir Kərimli: “Ermənistan heç vaxt cürət edib Dağlıq Qarabağın müstəqilliyini tanıya bilməz”

Tahir Kərimli: “Ermənistan heç vaxt cürət edib Dağlıq Qarabağın müstəqilliyini tanıya bilməz”

- Prezident İlham Əliyev bəyan edib ki, əgər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar nəticə verməzsə, Azərbaycan hərbi variant üzərində düşünməli olacaq. Məsələyə mövqeyinizi bilmək istərdik...

- Ölkə Prezidenti İlham Əliyevin bu bəyanatı düşünmə effekti yaratdı. Hətta radikal müxalifətin belə bununla bağlı arzu və istəklərini əlindən aldı. Çünki bu bəyanat o qədər səmimi, düşünülmüş və inandırıcı şəkildə deyilmişdi ki, təkcə Azərbaycan cəmiyyətini deyil, Ermənistan və münaqişənin həlli ilə məşğul olan böyük dövlətləri silkələmiş oldu. Hesab edirəm ki, bu bəyanat Prezidentin fikirlərinin zirvə nöqtəsi idi və onun cəmiyyətdə müdafiə olunmaması ehtimalı sıfıra bərabərdir. Ölkəmizin ərazi bütövlüyünün qorunması məsələsində müharbə variantının qaçılmazlığı haqqında dövlət başçısının səsləndirdiyi fikirlər siyasi partiyalar tərəfindən də dəstəklənir. Bu bəyanat Azərbaycanda mütləq əksəriyyətin arzusunun ifadəsidir. Prezident İlham Əliyev bu bəyanatı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli olunmasının daha 20 il uzaldılmasının əleyhinə olduqlarını bəyan etdi. Prezident Azərbaycan dövlətinin rəmzidir və O xalqımızı təmsil edir. Onun bu bəyanatı bütün Azərbaycan dövləti və xalqı adından verilib. Ölkə başçısının bu bəyanatı ilə əlaqədar dəyirmi masalar keçirilə, eyni zamanda siyasi partiyalar tərəfindən bəyanatlar verilə bilər. Ən əhəmiyyətlisi isə, Prezident İlham Əliyev bu bəyanatı Türkiyə ilə mövcud münasibətlərindən şirniklənən Ermənistanın ölkəmizə daha sərt mövqedən yanaşdığı bir vaxtda verməsidir. Dövlət başçısı İlham Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycanın Rusiya və əksər xarici dövlətlərlə qurduğu sıx əməkdaşlıq münasibətləri də Ermənistanı narahat edən nüanslardandır. Bir sözlə, bu bəyanat yerində, vaxtında verilən bəyanat olmaqla yanaşı, artıq öz nəticəsini verməkdədir. Bir neçə gün bundan öncə ATƏT-in fəaliyyəti çərçivəsində xarici işlər nazirlərinin "3+2" toplantısında da bu bəyanat özünü göstərdi. Bu baxımdan, düşünürəm ki, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin verdiyi bəyanat hamımızın adından verilən bir bəyanatdır.

- Sizcə, bu cür bəyanatdan sonra Ermənistan hər hansı bir güzəştə gedə bilərmi?

- Həm Ermənistan, həm də onu müdafiə edən dövlətlər xristian təəsübkeşliyindən çıxış edərək Azərbaycanı hərbi əməliyyatlara başlamaqdan çəkindirirlər. Danılmaz faktdır ki, Ermənistana artıq bəyanatın təsiri mövcuddur və olmaya da bilməz. Ermənistanın sosial-iqtisadi vəziyyəti olduqca ağırdır. Bilirik ki, müharibə elan edən tərəf qalib gəlməsi üçün qarşı tərəfdən ən azı üç dəfə güclü olmalıdır. Azərbaycan isə Ermənistandan istənilən sahədə üç dəfə deyil, hətta 10 dəfəyə yaxın qüvvətlidir. Düşünürəm ki, Prezident İlham Əliyevin bəyanatı Ermənistanı dəstəkləyən Rusiya kimi qüdrətli dövləti belə neytrallaşdırmaq gücündədir. Bununu konturları artıq görünməkdədir. Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək əzmində olması və Birləşmiş Millətlər Təşkişlatının (BMT) sülhə məcburetmə tədbirlərini tətbiq etməməsi üçün Ermənistanın yeganə çıxış yolu aparılan danışıqlardır. Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyarsa, bu o deməkdir ki, danışıqlardan imtina edir. Belə olan halda da heç bir xarici dövlət və beynəlxalq təşkilat Azərbaycanı müharibəyə başladığı üçün qınaya bilməz. Ona görə Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanımağa cəhd göstərməsi beynəlxalq hüquqa və sahib olduqları potensiala ziddir. Bu, yalnız özlərinə təsəlli verməkdən və vaxtı uzatmaqdan başqa bir şey deyil.
Onu da qeyd edim ki, vaxtilə Ermənistanın Ali Soveti Miyatsu hərəkatı nəticəsində Dağlıq Qarabağla birləşməsi haqqında qərar vermişdi. Ancaq qorxduğu üçün bunu reallaşdıra bilmədi.

- Ermənistanın danışıqlar prosesinə qoşulmasına baxmayaraq, eyni zamanda konstruktiv mövqedən də olduqca uzaqdır. Bununla yanaşı, Ermənistanın baş naziri Şuşanın yenidən bərpasının onlar üçün şərəf məsələsi olduğunu bildirib. Hətta bəzi xarici dövlətlərdə "dilənçilik" edərək bunun üçün vəsait toplayır. Sarkisyanın sərt bəyanatları və bu cür hadisələrin baş verməsi fonunda danışıqların müsbət məcrada davam etdiriləcəyinə ümid varmı?

- Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, danışıqların öz müsbət nəticəsini verəcəyinə hələ ki, ümidlər tükənməyib. Əsas məsələ ondan ibarətdir ki, münaqişənin həlli uzun müddətə uzaldıla və Fələstin probleminə çevrilə bilməz. Ermənistan bu məqsədlə təşkil etdiyi telemarafonda müxtəlif xarici dövlətlərdən, xüsusilə ABŞ, Almaniya, Livan və İrandan 15 milyon ABŞ dollarına yaxın məbləğində vəsait yığdı. Ancaq Azərbaycan heç bir dövlətə əl açmadan, öz imkanları vasitəsilə bundan daha artıq vəsait toplamağa qadirdir. Bu faktı Dağlıq Qarabağda yaşayan ermənilər də çox yaxşı bilir. Mən deyərdim ki, bu vəsait Şuşanın bərpasına deyil, özlərinin korrupsiya məqsədlərinə xərclənəcək. Şuşanın Azərbaycan torpağı olması mütləqdir və bu şəhərin adı onların qeyd etdiyi kimi, "Şuşi" deyil, məhz Şuşadır. Bu torpaq da Azərbaycana qismət olacaq. Hətta ermənilər Şuşanı Dağlıq Qarabağın simvolu kimi qəbul etməyə cəhd göstərir. Həyasızlığın ən yüksək zirvəsidir ki, Azərbaycana məxsus olması heç bir şübhə doğurmayan bu şəhərə iddia irəli sürürlər. Sarkisyanın səsləndirdiyi fikirlər də onun real gücünü əks etdirmir. O həmişə Rusiyaya arxalanıb. Biz də Ermənistan ərazisini təchiz etmirik ki, Rusiyaya bu məsələyə qarışsın. Kollektiv Təhlükəsizlik müqaviləsi çərçivəsində Ermənistanı müdafiə etsin. Əgər hərbi əməliyyatlar gedərsə, bu, Azərbaycan ərazisi olan Qarabağda baş tutacaq. Belə olan təqdirdə, Rusiya onu müdafiə edə bilməz. Əlbəttə, danışıqların nəticəsiz qalması Sarkisyanı qorxudur. Eyni zamanda, hesab edirəm ki, ATƏT-in son toplantıları, Münhen görüşü və digər amillər Ermənistanın geri çəkilməyə məcbur olduğunu göstərir. Güman edirəm ki, Türkiyənin Baş naziri rəcəb Tayyib Ərdoğanın Amerika səfərindən sonra bütün nüanslar ortaya çıxacaq və Azərbaycanın haqlı mövqe daha mükəmməl ifadə olunacaq.
Onu da qeyd edim ki, hətta Azərbaycan əleyhinə material yayımlayan "Avronyus" telekanalının özü də etiraf edir ki, danışıqlar Azərbaycan tərəfinin irəli sürdüyü ssenari əsasında aparılır. Yəni, Azərbaycan torpaqlarının işğaldan azad olunması və qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasından sonra ümumxalq səsverməsi ilə statusun müəyyən edilməsi məsələsi ortaya çıxa bilər. Buda onu göstərir ki, danışıqlar Ermənistan tərəfinin dediyi kimi, paket halında deyil, mərhələli variantla Azərbaycanın maraqlarına uyğun bir şəkildə davam etdirilir.

Digər xəbərlər