PDF Oxu

Müsahibə

  • 6

“Gələn il də ölkəmizdə makroiqtisadi sabitlik qorunacaq”

“Gələn il də ölkəmizdə makroiqtisadi sabitlik qorunacaq”

Artıq 2009-cu il başa çatmaq üzrədir. Ölkəmizdə iqtisadiyyatın sürətli inkişafı, ilk növbədə, düzgün iqtisadi siyasətin nəticəsidir. Uğurlu iqtisadi siyasətin nəticəsi olaraq, respublika vətəndaşlarının sosial müdafiəsi gücləndirilir. Yol- nəqliyyat infrastrukturu yenidən qurulmuş, şəhər təsərrüfatı inkişaf etdirilmişdir.

Bütün bunlar isə, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf strategiyasından irəli gəlir. Sözsüz ki, bu il ölkə iqtisadiyyatı üçün, ümumiyyətlə, respublikamız üçün uğurlu illərdən oldu. Beynəlxalq maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz inkişaf tempindən geri qalmadı. Bununla yanaşı, yeni iş yerləri yaradıldı. Bütün bunlar onu göstərir ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü iqtisadi siyasət həyata keçirilir. Bu uğurlu iqtisadi siyasətin nəticəsidir ki, son 5 il ərzində 740 mindən artıq yeni iş yerləri yaradılmışdır. Məlum olduğu kimi, ÜDM 3 dəfə artmışdır. İqtisadiyyatda davamlı inkişaf nəticəsində 9 ay ərzində orta aylıq əmək haqqı 15,5%, əhalinin gəlirləri 9,8%, adambaşına düşən gəlirlər 8,4%, pullu xidmətlər 12,5% artıb. Rabitədə 10,4 %, nəqliyyatda 5,4% olmuşdur, inflyasiya isə 2,1 % artmışdır. Strateji valyuta ehtiyatları ilin əvvəlində 1 milyard artaraq, 19,1 milyard dollara çatıb. Cari ildə ÜDM artımı 6,1 faiz səviyyəsində olub.

- 2009-cu il Azərbaycan iqtisadiyyatını necə xarakterizə edərdiniz?
- 2009-cu il Azərbaycan iqtisadiyyatı böhrana nə qədər davamlı olduğunu göstərdi və sübut etdi ki, dünyada ən çox böhrana davamlı iqtisadiyyat Azərbaycan iqtisadiyyatıdır. Bunu ölkəmizdə ÜDM-in artım tempinin saxlanılması, regionlarda gedən işlər, dövlət büdcəsinin icrasında ciddi problemlərin yaranmaması bunun əyani təsdiqidir. Beynəlxalq təşkilatların verdiyi qiymət də, onu göstərdi ki, Azərbaycan iqtisadiyyatı ziyan çəkməyib. Şübhəsiz ki, ən yaxşı göstərici Beynəlxalq İqtisadi Forumun respublikamıza verdiyi qiymət oldu. Azərbaycan öz rəqabət qabiliyyətinə görə, dünyada 51-ci yerə çıxdı. Bu göstərici MDB-də ən yaxşı göstəricidir. Eyni zamanda, korrupsiyaya qarşı mübarizənin iqtisadiyyata müsbət təsir etməsini vurğulamaq istəmirəm. Bu sahədə də ölkəmizin reytinqi yaxşılaşmaqdadır. Beynəlxalq Şəffaflıq Təşkilatı hər il korrupsiya intekstini elan edir və bu intekstdə Azərbaycan müsbət yerdə qərarlaşıb. Bu da ölkəmizdə korrupsiya əleyhinə aparılan mübarizənin göstəricisidir.
Onu da qeyd edim ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin irəli sürdüyü fikirlər, o cümlədən, iqtisadiyyatın elmi əsaslara söykənərək, inkişaf etdirilməsi və elmi-praktik istiqamətdə inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu tələblər də öz yerini tapdı. Bütün bunlar nəticə etibarilə, gətirib ona çıxardı ki, beynəlxalq maliyyə böhranına rəğmən Azərbaycan iqtisadiyyatı büdrəmədi və daha da gücləndi. Bir də, onu qeyd edim ki, Azərbaycan manatı 2009-cu ildə sabitliyini qorudu. İlin əvvəlindən manat öz kursunu sabit saxlayıb. Biz bir tərəfdən manatın sabitliyini qoruduq, bir tərəfdən də inflyasiyanı nəzarətdə saxlaya bildik.

- Beynəlxalq maliyyə qurumlarının proqnozlarına görə, gələn il Azərbaycan maliyyə böhranına rəğmən, inkişaf səviyyəsinə görə, 3-cü yerdə qərarlaşacaq. Buna sizin münasibətiniz?
- Azərbaycanda gələn il ÜDM 9,5 artacaq və Türkmənistandan sonra üçüncü yeri tutacaq. Bu, hələ ilkin hesablamalardır. Çünki Türkmənistanda ümumidaxili məhsulun artması, əsasən, qaz istehsalının artırılmasına hesablanıb. Amma təbii qazın qiymətləri gələn il bu ilə nisbətən kəskin dərəcədə artmayacaq. Azərbaycanda isə, əksinə olacaq. Ölkə iqtisadiyyatında neft çox mühüm rol oynayır və neftin qiyməti isə gələn ildə bu ilə nisbətən yüksəlməsi gözlənilir. Belə olan tədqirdə ola bilsin ki, Azərbaycan bu proqnozları da geridə qoyaraq, öz iqtisadi inkişafını ikirəqəmli həddə çatdıra bilsin. Eyni zamanda, Beynəlxalq Valyuta Fondu Azərbaycanda gələn il 7,5 % inkişaf olacağını proqnozlaşdırır. Bu da kifayət qədər yüksək göstəricidir. Gələn il üçün proqnozlardan biri də ondan ibarətdir ki, respublikamızda dövlət büdcəsinin icrası digər illərlə müqayisədə daha yüksək olacaq. 2010-cu ildə 3,5 milyard manat dövlət investisiyası yatırmaq nəzərdə tutulur. Həmçinin, gələn il də manatın sabitliyinin və makroiqtisadi sabitliyin qorunması gözlənilir. Gələn il respublikamızın qızıl valyuta ehtiyatlarının 25 milyard dolları keçməsi söylənilir. Bir proqnozum da ondan ibarətdir ki, Dünya Bankının bu il hazırladığı biznes hesabatında Azərbaycanın öz mövqelərini daha da gücləndirməsi olacaq. 2010-cu ildə respublikamız böhrandan ilk xilas olan ölkə statusunu qazanacaq.

- Bu il regionların inkişafı ilə bağlı görülən işləri necə qiymətləndirirsiniz?

- Regionların inkişafı ilə bağlı xüsusi olaraq, qeyd etmək lazımdır ki, Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə bu il sahibkarlara 130 milyon manat həcmində vəsait ayrıldı. Həmin sahibkarlar da regionlarda çalışırlar. Əlbəttə, onlar aldıqları kreditləri regionarın iqtisadi inkişafına, kənd təsərrüfatının infrastrukturunun qurulmasına yönəltdilər. İkinci istiqamət ondan ibarət idi ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Kreditlər Agentliyinin xətti ilə təxminən 10 milyon vəsait ayrıldı. Eyni zamanda, "Aqrolizinq" ASC-nin xətti ilə texnika, kübrə və digər kənd təsərrüfatına lazım olan avadanlıqlar dövlət hesabına regionlara çatdırıldı. Bu, ölkəmizdə aqrar sektorun inkişafına müsbət təsir göstərəcək. Ən əsası dövlət büdcəsindən ayrılmış investisiya layihələri hesabına regionlarda yol və sosial müəssisələrinin tikintisi həyata keçirildi ki, bu da regionların sosial-iqtisadi inkişafına təsir edən amillərdəndir. Hesab edirəm ki, beynəlxalq böhran digər ölkələrlə müqayisədə Azərbaycanın regionlarına təsir etmədi.

- Ölkəmizdə gələn il inflyasiyanın səviyyəsi necə proqnozlaşdırılır?

- Fikrimcə, gələn il Azərbaycanda inflyasiya birrəqəmli səviyyədə olacaq. Buna isə, əsas istiqamət verən odur ki, gələn il də Azərbaycanda manatın kursu sabit qalacaq. Azərbaycanda artıq biz dövlət büdcəsinin xərclərinin artırılmasını ehtiyatla həyata keçiririk. Yəni əvvəlki qədər kəskin artım olmur və bu, nəticədə, şübhəsiz ki, pul kütləsinin kəskin artmamasına dəlalət edir. Düşünürəm ki, pensiyaların, əmək haqlarının artımı ona imkan verəcək ki, vətəndaşlar inflyasiyanın zərərindən sığortalansın. Hesab edirəm ki, 2010-cu ildə inflyasiya ilə bağlı Azərbaycan hökuməti qızıl ortağı tapmaq iqtidarındadır. Ümumiyyətlə, gələn il də ölkə iqtisadiyyatı üçün əlverişli, uğurlu illərdən biri olacaq. Azərbaycanın sürətli iqtisadi inkişafı bunu deməyə əsas verir.

Digər xəbərlər