PDF Oxu

Müsahibə

  • 6

Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır

Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır
YAP-ın Naxçıvan Muxtar Respublikası təşkilatının İcraçı katibi Anar İbrahimovun "Səs" qəzetinə müsahibəsi
- Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla bağlı Naxçıvan Muxtar Respublikası ərazisində hansı işlər görülür?
- Seçkilərə hazırlıq dövrünü üç mərhələyə bölmüşük. İlkin hazırlıq planını artıq həyata keçirmişik. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublikası təşkilatı, eləcə də, onu əhatə edən 8 şəhər və rayon təşkilatları seçkiyə hazırlığı uğurla başa vurmuşdur. Partiyanın Muxtar Respublika təşkilatının 45 min nəfərdən artıq üzvü var. Bu resursların hesabına bələdiyyə seçkilərinə hazırlıq prosesini lazımi qaydada keçirmək mümkün olub. Qeyd edim ki, bu işdə partiyanın ərazi ilk partiya təşkilatları da yaxından iştirak ediblər. Bir sözlə, YAP-ın Naxçıvan MR təşkilatı bələdiyyə seçkilərinə tam ciddi və hərtərəfli şəkildə hazırlaşıb. Muxtar respublika ərazisində 171 bələdiyyə üzrə 1437 nəfər bələdiyyə üzvü seçilməlidir. YAP hər bir bələdiyyə üzvlüyü yerinə öz namizədlərini təqdim edib. Partiyanın namizədlərindən əlavə, daha 5 siyasi partiyanın irəli sürdüyü namizədlər, eləcə də, bitərəf namizədlər qeydiyyatdan keçə bilmişlər. Partiyaların namizədləri arasında hüquqi və siyasi baxımından heç bir ayrıseçkilik qoyulmayıb. Bütün siyasi partiyaların namizədlərinə, o cümlədən, bitərəf namizədlərə bərabər şərait yaradılıb.
İndiki mərhələdə YAP-ın namizədlərinin təbliğat-təşviqat kampaniyası ilə məşğul oluruq. Namizədlərlə seçicilər arasında birbaşa əlaqələr qurulur və birgə görüşlərin keçirilməsində heç bir problem yoxdur. Bu istiqamətdə xeyli iş görülüb və YAP-ın namizədləri təbliğat-təşviqat kampaniyasında fəal iştirak edirlər. Biz seçkilərin nəticələrinə nikbin baxırıq. YAP-ın namizədləri yerli özünü idarəetmə orqanlarına keçirilən ötən seçkilərdə 47,8 faiz səs çoxluğu ilə qalib gəliblər. Budəfəki bələdiyyə seçkilərində də bu qələbənin təkrar olacağına ümidvaram.
- Anar müəllim, əvvəlki seçkilərdən fərqli olaraq, budəfəki seçkilərdə hər hansı taktiki dəyişikliklər nəzərdə tutulubmu?
- YAP-ın Naxçıvan MR təşkilatı da digər rayon təşkilatları kimi öz namizədlərini müəyyənləşdirən zaman gənclərə və qadınlara üstünlük verib. Ölkənin ictimai-siyasi həyatında öz yeri olan gənclərin və qadınların bələdiyyələrdə təmsil olunması bizim üçün çox əhəmiyyətlidir. Bildiyimiz kimi, seçki prosesi çətin bir prosesdir, o, kifayət qədər bilik və bacarıq tələb edir. YAP, bütün seçkilərlə olduğu kimi, bələdiyyə seçkilərinə də ciddi hazırlaşıb. Belə ki, bu istiqamətdə çoxsaylı treninq və seminarlar keçirmişlər. Keçirilən tədbilər vasitəsilə partiyanın müşahidəçilərinə öz hüquq və vəzifələri ətraflı şəkildə izah olunub. Bu baxımdan, hesab edirəm ki, partiyanın seçkilərə hazırlıq səviyyəsində heç bir problem yoxdur və muxtar respublika təşkilatı seçkilərə tam hazır vəziyyətdədir.
- Digər siyasi partiyalardan olan namizədlərin seçki taktikalarını qurmaları üçün hər hansı problemlər varmı və yaxud muxtar respublikanın sakinlərinin həmin namizədlərə qarşı münasibəti necədir?
- Bizim üçün əsas məsələ Yeni Azərbaycan Partiyasının namizədlərinin təbliğat-təşviqat kampaniyasıdır. Digər siyasi partiyaların namizədlərinin də öz taktikalarını qurmaları üçün heç bir problem və ya əngəl yaradılmayıb. Onların öz təbliğatını tam demokratik şəraitdə qurmaları üçün istənilən imkanlar var. Bu vaxt seçicilərində seçim imkanı daha azad və demokratik olacaq.
- Anar müəllim, sizcə, "XALQA XİDMƏT NAMİNƏ" şüarı Naxçıvan seçiciləri tərəfindən dəstək qazanacaqmı?
- Təbii ki, qazanacaq. Çünki yerli özünü idarəetmə orqanı demokratiyanın beşiyidir və bu siyasi hakimiyyətdən daha çox xalqa xidmət edir. Hansı siyasi partiya öz üzərinə məsuliyyət götürərək, xalqa xidmət etməyi özünə məqsəd, amal hesab edirsə, deməli, xalq onlara etimad göstərəcək. Seçicilərlə keçirilən görüşlərdən bir daha aydın olur ki, seçicilərin YAP-ın namizədlərinə olan inamı daha güclüdür. Bu fakt namizədlərin imzatoplama kampaniyasında bir daha özünü büruzə verdi. Bu nəticənin seçki prosesində də özünü göstərəcəyinə ümidvaram.
- Naxçıvan əhalisi ötən beş ildə yerli bələdiyyə orqanlarının işindən razıdırmı?
- Təbii ki, görülən işlər göz qabağındadır. 10 ilə yaxındır ki, ölkəmizdə bələdiyyə orqanları fəaliyyət göstərir. Bu, kifayət qədər az bir müddətdir. Son beş ildə görülən işləri inqilab adlandırmaq olar. Çünki buradakı bələdiyyələrin işinə nəzər saldıqda, onların artıq formalaşdığı qənaətinə gəlmək olar. Bu orqanların fəaliyyətinə inam var və Milli Məclisdə onlara daha geniş səlahiyyətlərin verilməsi haqqında fikirlərin səsləndirilməsi də bələdiyyələrə olan inamdan qaynaqlanır. Görülən işlər göstərir ki, Azərbaycanda yerli özünü idarəetmə orqanları daha da inkişaf edəcək və əhali onların işinə lazımi qiyməti verəcəkdir.

Digər xəbərlər