PDF Oxu

Müsahibə

  • 12

“Qlobal böhran Azərbaycana ciddi təsir göstərməyib”

“Qlobal böhran Azərbaycana ciddi təsir göstərməyib”

Mili Məclisdə təsdiq olunan 2010-cu il dövlət büdcəsi zərfinin gələn il üçün ölkəmizin həyatında oynayacağı rol, büdcənin sosial və investisiya yönümlü tərtib olunması, bu yöndə geniş müzakirələrə səbəb olub. Müsahibimiz Mili Məclisin İqtisadi siyasət daimi komitəsinin üzvü Əli Məsimlidir.

- Gələn ilin dövlət büdcəsi Milli Məclisdə təsdiq olundu. 2010-cu ilin büdcəsini necə qiymətləndirirsiniz?

- 2010-cu il Dövlət Büdcəsinin inflyasiyanın 3 faiz, manatın isə dollara nisbətində 1 manat 80 qəpik civarında hərəkət edəcəyi bir şəraitdə yerinə yetiriləcəyi gözlənilir. Bu parametrdən çıxış etsək və dünyada gedən prosesləri, maliyyə böhranını nəzərə alsaq, Azərbaycanın həm ümumdaxili məhsulunun artım tempinin, həm inflyasiyanın aşağı olması amilindən ölkə iqtisadiyyatı əlahiddə bir durumda olur.
Ona görə də bunu dünya iqtisadiyyatı kontekstində təhlil etmək lazımdır ki, 2010-cu ildə də iqtisadi böhranın davam edəcəyi gözlənilir. Orta hesabla götürəndə dünyada artım tempi kəskin surətdə aşağı düşüb, yəni 1-2 faiz artım gözlənilir.
Keçmiş SSRİ məkanında da haradasa iqtisadi artımdan yox, hansısa enmədən söhbət gedə bilər. Ukrayna, Latviya, Belorusda enmələr 10 faizdən də çox olacaq. MDB-nin orta hesabla enməsi 8 faiz hesabında olacaq. Əsas ticarət tərəfdaşlarımızın əksəriyyətində enmələr gözləndiyi bir şəraitdə 2010-cu ilin büdcəsi yerinə yetirilir.

- 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulan xərclər cari ilin büdcəsinin xərclərindən nə ilə fərqlənir?

- Gələn il Azərbaycan büdcəsinin gəlir hissəsi 10 milyard manat civarında olacaq. Bu da cari ilin proqnoz göstəriciləri ilə müqayisədə azdır. Amma gözlənilən göstəricilər ola bilər ki, bir qədər yüksək olsun. Bunları sistemli halda ortaya qoyanda, belə bir nəticə çıxır ki, Azərbaycanın 2010-cu il büdcəsi xeyli dərəcədə dünyada gedən prosesləri nəzərə alınmaqla tərtib olunub.
Büdcə hər bir ölkənin bir illik maliyyə planıdır. Eyni zamanda, büdcəni iqtisadi konstitusiya da adlandırırlar, yəni o, iqtisadiyyatın güzgüsüdür. Başqa ölkələrlə müqayisədə qlobal maliyyə böhranı Azərbaycana az təsir göstərdiyindən, büdcəyə də bunun təsiri az müşahidə olunub. Yəni, böhranın iqtisadiyyata göstərdiyi təsir büdcəyə də bir o qədər təsir etməsi ilə öz əksini tapır.
2010-cu ilin dövlət büdcəsi, 2009-cu il hələ başa çatmadığından, onun proqnozları ilə müqayisə oluna bilər. Bu ilin proqnozları ilə müqayisə olunanda aydın olur ki, 2010-cu ilin Azərbaycanın dövlət büdcəsi həm gəlir, həm də xərclərin ayrılması nöqteyi-nəzərindən, bu, ilkindən az çıxacaq.

- Neftin qiymətinin gələn il büdcədə nəzərdə tutulduğundan artıq olacağını ehtimal edirsinizmi?

- Mən təklif etmişdim ki, neftin qiymətini əsaslanıb götürmək düzgün olar. Ona əsaslanmaq olar ki, 2009-cu ilin birinci yarısında neftin orta qiyməti 53 dollar civarında olub və indi 80 dollara tərəf gedir. Belə bir şəraitdə ilin birinci yarısında 53 dollar rəqəmini götürmək olar. Belə bir halda aşağı-yuxarı büdcəyə haradasa 280-300 milyon manat əlavə vəsait cəlb etmək olar ki, bu da büdcə kəsirinin aşağı salınması, sosial proseslərin tənzimlənməsi üçün lazımdır.
Amma hər halda, bu büdcənin parametrləri və indi neftin qiymət göstəricisi, onu deməyə əsas verir ki, gələn ilin haradasa mayında büdcəyə yenidən baxmaq ehtimalını yaradır. Burada büdcənin gəlirləri nəzərdə tutulandan yüksək olacaq, çünki neftin qiymətinin 45 dollardan yüksək olma ehtimalı çox yüksəkdir.
Sadəcə olaraq, iqtisadiyyatda gedən prosesləri nəzərə alaraq hökumət belə bir büdcə hazırlayıb ki, bəlkə də indiki şəraitdə kataklizmlərdən sığorta olunmaq üçün indi büdcəni bu şəkildə qəbul etmək, mayda isə ona korrektlər etmək daha doğrudur.

- Büdcədə 2 milyardlıq azalmaya rəğmən hökumət sosial xərcləri azaltmadı...

- Bəli, 2009-cu ilin proqnoz göstəricilərinə görə, büdcənin gəlirlərinin 2 milyard manatdan, xərclərinin isə 1 milyard manatdan çox aşağı düşməsinə baxmayaraq, sosial xarakterli xərclər aşağı düşməyib. Əksinə, artım var. Büdcənin müsbət cəhəti ondan ibarətdir ki, hökumət böhranın təsiri ilə neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində büdcənin gəlirlərini və xərclərini artıra bilməsə də, sosial hissəyə toxunmayıb.
Büdcədə nəinki bu sahədə ixtisarlara yol verilməyib, üstəlik, onun göstəricilərinə 5-7 faiz əlavələr edib. Hesab edirəm ki, bu fakt müsbət məqamdır. Ona görə də, burada bir ehtiyat mənbəyinə ehtiyac yaranır. Həmin ehtiyat mənbəyini Milli Məclisdə qeyd etmişəm.
Təklif etdim ki, 2010-cu ilin dövlət büdcəsində neftin qiymətini bu ilin birinci yarısında mövcud olan 52-53 dollar məbləği ilə hesablamaq mümkündür.

- Büdcədə neftin qiymətinin 45 dollardan götürülməsini hökumətin neft asılılığından qurtulma cəhdi hesab etmək olarmı?

- Azərbaycanda 2010-cu ilin dövlət büdcəsinin yarısı Neft Fondundan daxil olacaq. Bu amillə də büdcənin 64 faizinin neftdən gələn gəlirlə formalaşması gözlənilir. Diqqətimizi qeyri-neft sektorunun inkişafına yönəltməliyik. Belə olan halda, növbəti illərdə daha yaxşı nəticələrə nail olmaq mümkündür. Bir rəqəmi qeyd etmək istərdim ki, Azərbaycanda neftin hasilat sənayesində cəmi 70 min nəfər işləyir. Amma ölkə iqtisadiyyatında, bütünlüklə, 4 milyon nəfərdən artıq insan işləyir.
Belə çıxır ki, 70 min nəfər büdcənin 64 faizini, 4 milyon nəfər isə 36 faizini formalaşdırır. Əlbəttə, biz hamımız Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun neft sektorundan daha yaxşı inikşaf etməsini istəyirik. İndi ÜDM-da neftdən kənar sahənin payı 62 faizə çatıb. Bu fakt məni olduqca sevindirir.
Əvvəllər Azərbaycana gələn investisiyaların 80 faizi xarici investorların payına düşürdü və onun böyük hissəsi neft sektoruna qoyulurdu. Qalan 20 faiz isə daxili investisiyanın payına düşürdü. İndi göstəricilər dəyişib. Ölkəmizə qoyulacaq investisiyaların 80 faizindən çoxunu daxili, 20 faizə yaxınını xarici investisiyalar təşkil edəcək.

- Bu fakt hökumətin 2010-cu ildə qeyri-neft sektoruna xüsusi diqqət ayıracağını deməyə əsas verirmi?

- Əlbəttə, ÜDM-da qeyri-neft sektorunun payının 62 faizə çatması, bu sahənin inkişaf etdiyindən xəbər verir. Qeyri-neft sektorunun vergi ödəyiciləri olan dövlət müəssisələrinin və özəl sektorun timsalında büdcəyə nə qədər vergi ödənməsi məsələsinə də nəzər yetirək. Büdcəyə ödənilən vergi yuxarıda qeyd olunan 62 faizdən qat-qat aşağıdır. Deməli, burada xeyli dərəcədə kölgə iqtisadiyyatının rolu var.
Bu məsələlər sərt formada qoyulmalı və kölgə iqtisadiyyatı leqallaşmalıdır. Digər tərəfindən, əgər 2010-cu ilin dövlət büdcəsinə Neft Fondundan 5 milyard manat əlavə vəsait cəlb olunacaqsa, müəssisə və təşkilatların büdcəyə olan borcu bundan artıqdır. Deməli, müəssisə və təşkilatların büdcəyə olan borcu yığılarsa, onda Neft Fondundan büdcəyə ayrılan əlavə 5 milyard manata ehtiyac olmaz.
Beləliklə, Neft Fondunda olan həmin vəsaiti başqa işə, məsələn, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların həyat şəraitinin yaxışlaşdırılmasına yönəldə bilərik. İpoteka kreditlərinə 14 milyon yox, 114 milyon manat vəsait ayıra bilərik. Təbii ki, gənclik Azərbaycanın gələcəyidir. Onlara büdcədən daha artıq vəsait ayıra bilərik.
Ölkəmizin ictimai-siyasi, sosial və s. sahələrində önəmli yeri tutan medianın dəstəklənməsi, həmin sahədə çalışanların həyat səviyyəsinin yüksəldilməsi, onların mənzillə və s. təmin edilməsi üçün əlavə vəsaitə nail olmalıyıq. Azərbaycan zəngin ölkədir və onun büdcəsi də zəngin olmalıdır. Amma bu istiqamətdə dərin təhlillər aparılmalı, ehtiyatları aşkarlanmalı və ortaya çıxarılmalıdır.
Hesab edirəm ki, əlavə ehtiyatlardan istifadə etmək lazımdır. Bunun bir hissəsi büdcəyə, digər hissəsi isə müxtəlif fondlar vasitəsilə əhalinin güzəranının yaxşılaşdırılmasına xidmət edəcək.

- Sizcə, büdcədə hansı sahələr prioritet olaraq götürülməlidir ki, strateji inkişaf proqramını qüsursuz yerinə yetirmək mümkün olsun?

- Beynəlxalq təşkilatların hesablamalarına görə, ölkəmiz bazar münasibətlərinə keçəndə, burada adambaşına 3040 dollar ÜDM düşürdü. İndi artıq Azərbaycanda adambaşına düşən ÜDM 5000 dollara yaxındır. Deməli, indi ölkəmiz bazar iqtisadiyyatına keçiddən qabaqkı ən yüksək göstəricini üstələmişdir.
Hazırkı mərhələdə aşağı təbəqənin keçid dövründən əvvəl əldə etdiyi gəliri özünə qaytarmalıyıq. Azərbaycanın dövlət büdcəsinin müxtəlif sahələrə yönümlülüyü məsələsini kənara çəkməklə, o, təhlükəsizlik və insan inkişafı büdcəsi olmalıdır. Ona görə də, mən təklif etdim ki, büdcədə insan inkişafını özündə əks etdirən, təhsil, elm, səhiyyə və təhlükəsizlik məsələləri tədricən prioritet elan etmək lazımdır.
Məsələn, müdafiə xərclərini 12 faizə çatdırmaq lazımdır. Bu da gələn ilin büdcəsi ilə götürsək, 1,2 milyard manat yox, 1,4 milyard manat olur. Təhlükəsizlik məsələsinə gəldikdə isə, həm milli, həm iqtisadi, həm də ərzaq təhlükəsizliyini nəzərdə tuturam.
Hesab edirəm ki, tədricən kənd təsərrüfatına yarım milyard və torpaqların şorlaşması, erroziyaya uğraması ilə bağlı sahələrə isə onun yarısı qədər vəsait ayırmaq lazımdır. Hətta bunun ətrafında aqrar bank yaratmaq olar ki, dövlət oraya güclü vəsait ayıra bilər. Bunun əsasında, yaxşı kredit mexanizmi yaratmaqla, kənd təsərrüfatında indiki 2-4 faiz artımdan 8-12 faiz artıma nail olmaq olar.
Beləliklə, ölkəmiz Cənub-Şərqi Asiyanın diqtə edən ölkəsi səviyyəsində güclü inkişafa nail ola bilər. Bu, Azərbaycanda informasiya texnologiyaları sahəsi, keçmiş SSRİ ölkələri ilə müqayisədə, çox uğurla inkişaf edir. Bunun daha müntəzəm tərəqqisinə nail olmaqla neftdən gələn gəlirin azaldığı halda belə, bu sahədən əldə olunan gəliri artıra bilərik.
İnsan inkişafı məsələsinə gəldikdə isə, büdcədə əmək haqqına ayrılan vəsait 21 faizdir. Təklif etdim ki, bu rəqəm tədricən artırılaraq, 33 faizə çatdırılsın. Təhsilə ayrılan vəsait ÜDM-in 6 faizini, səhiyyəyə ayrılan vəsait 5 faizini, elmə ayrılan vəsait isə 2 faizini təşkil edir. Belə olan halda, Azərbaycan maksimum 7-8 ildən sonra hamının qibtə edəcəyi şəkildə sürətlə inkişaf etməyə başlayacaq.

Digər xəbərlər