Müxalifətin təkmilləşdirilməsi prosesi gedir
- Bir müddət bundan öncə, "Müxalifətin fəaliyyəti haqqında" qanun layihəsi hazırladığınızı bəyan etmişdiniz. Demək olarmı ki, bəzi müxalifət partiyaları tərəfindən dəstək qazanmadığınız üçün bu ideyadan əl çəkmisiniz?
- Bu qanun layihəsini Müsavatın deputat qrupu, qanunvericiliyin tələblərinə uyğun olaraq, Milli Məclisin sədrinə təqdim edib və icra aparatında qeydə alınıb. Altı ay müddətində millət vəkillərinin qanunvericilik təşəbbüslərinə baxılmalıdır. Amma həmin qanun layihəsini təqdim etməyimdən altı ay keçməsinə baxmayaraq, hələ də buna baxılmayıb. Bu qanun layihəsinə dəstək verməyən müxalifət partiyalarının, yəqin ki, bundan lazımi qədər xəbəri yoxdur. Hətta deyərdim ki, bu qanun layihəsinin dünyada da analoqu var. Bəzi ölkələrdə eyni məzmunlu qanun, bəzi ölkələrin isə konstitusiyalarında və ya siyasi partiyalar haqqında qanunlarında bununla bağlı maddələr mövcuddur. Son zamanlar "Siyasi partiyalar haqqında" qanunda müxalifətin fəaliyyətinin təkmilləşdirilməsi prosesi gedir.
Bu layihəni hansısa siyasi partiyanın gülünc adlandırmasını təsəvvür etmirəm. Çünki bu fundamental bir qanun layihəsidir. Azərbaycanda siyasi mədəniyyətin inkişafını qanunvericilik təyinatı baxımından fövqəladə əhəmiyyətə malikdir. Bir sıra beynəlxalq təşkilatlar da sözügedən qanun layihəsinin surətini bizdən götürüblər. Rəylər də ümumən müsbətdir. "Əsil müxalifət" ifadəsinə gəldikdə isə, bunun həmin qanun layihəsi ilə heç bir əlaqəsi yoxdur. Bu layihə, bütünlüklə, Azərbaycanda plüralist demokratiyanın tənzimlənməsi üçün irəli sürülən ideyadır.
- Bəzi mətbuat orqanlarının yazdıqlarına görə, siz çıxışlarınızın birində müxalifət partiyaları arasında bölgü aparmısınız. Əsil müxalifət partiyalarının, məhz AXCP (i), Müsavat və "Klassik Xalq Cəbhəsi" partiyalarından ibarət olduğunu söyləmisiniz. Bu barədə nə deyə bilərsiniz?
- Mən belə bir bəyanat verməmişəm. Mən, sadəcə, Azərbaycanın müxalifət partiyaları içərisində, aktiv fəaliyyətlə məşğul olan partiya kimi, onların adlarını çəkmişəm. Bu sırada Azərbaycan Xalq partiyasının da adını çəkmişəm, çünki mən həmin partiyanın üzvüyəm. Ancaq müxalifət partiyaları yalnız bunlarla məhdudlaşmır. Bu partiyaların adlarını çəkməklə, digərlərinin müxalifət olmadığını deməmişəm. Bəzi mətbuat orqanları da mənim demədiyim sözləri mənə sırımasınlar. Başa düşmürəm ki, onlar bu cür açıqlamaları nəyə əsaslanaraq, yazırlar.
- Bəs onda "Ümid" partiyasını müxalifət partiyası kimi qəbul edirsiniz?
- "Ümid" partiyası özünü müxalifət partiyası hesab edir.
- Pənah bəy, bəs siz necə?
- Mən bu partiyanın müxalifətdə olub-olmaması haqqında şərh vermək istəmirəm. Hər halda, bu partiya özünü müxalifət partiyası kimi elan edib. "Ümid" partiyasının sədri də zaman-zaman müxalifətyönlü açıqlamalar verir.
- Bu cür açıqlamalarınızın Müsavatla yaxın münasibətinizdən qaynaqlandığını demək olar?
- Bu məsələnin mənə heç bir aidiyyatı yoxdur. Bunu siyasi etikaya uyğun hesab etmirəm.
- "DUİ"-də təmsil olunmağınıza baxmayaraq, Müsavat partiyasının bir sıra iclaslarında iştirak edirsiniz...
- Bəli, Müsavatın iclaslarında iştirak edirəm. Bu barədə hansı qadağa müddəası var?
- Məgər mənə Müsavatın iclaslarında iştirak etməyə icazə verərlər?
- Mən Müsavat deputat qrupunun üzvü kimi həmin iclaslarda iştirak edirəm. Bir müddət bundan öncə, Müsavat partiyası belə bir qərar çıxarmışdı ki, Müsavatın deputat qrupunun üzvləri partiyanın tədbirlərində və iclaslarında iştirak edə bilər. Məndə olan məlumata görə, partiyanın bütün iclasları onun üzvlərinin üzünə açıqdır. Əlavə qərar verilmişdi ki, partiyanın deputat qrupunun üzvləri də həmin iclaslarda iştirak edə bilərlər. Həmin qərara əsasən, mən də partiyanın iclaslarında iştirak edirdim. Amma artıq iki il olar ki, iclaslara qatılmıram.
- Pənah bəy, həmçinin, "DUİ"-nin parlament təmsilçisisiniz. Ancaq nədənsə Qarabağla bağlı keçirilən forumda Müsavat və əksər siyasi partiyalar iştirak etmədilər. Bu, sizi narahat etmədimi?
- Müsavatın və bir sıra siyasi partiyaların da qatıldığı forumlar olub. Bununla bağlı 7-8 forum keçirilib və bu da könüllülük əsasında baş tutub. Bu, aydınlıq gətiriləsi məsələ deyil. Dəvətlər çox olur və onların hər birində iştirak etmək imkanı olmur.
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Rusiya hərbi bazalarının yenidən Azərbaycanda yerləşdirilməsi və bunun müqabilində onun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret addım atmasını bildirib...
- Bununla bağlı öz fikirlərimi səsləndirmişəm. Əlavə heç bir söz deməyəcəm.
- Sizcə, Rusiyanın hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi nəyi isə dəyişə bilər?
- Hansısa dəyişikliyin baş verəcəyinə inanmıram və onu zərərli təklif hesab edirəm.
- Bəs NATO-nun qoşunlarının ölkəmizdə yerləşdirilməsi məsələsinə necə baxırsınız?
- Mən NATO-nun qoşunlarının da, eyni zamanda, ölkəmizdə yerləşdirilməsinin əleyhinəyəm.
- Hərbi əməkdaşlıq dövlətlərə heç bir zaman ziyan gətirməyib...
- Mənim mövqeyim bundan ibarətdir. Lakin Azərbaycan təcavüzə məruz qalıb və BMT-nin nizamnaməsinin müvafiq özünümüdafiə hüququ ilə bağlı bəndinə istinad edərək, müəyyən addımlar atıla bilər. Bu məsələlər müharibə vəziyyəti beynəlxalq hüquqa uyğun bir şəkildə həll olunana qədər gündəmdə ola bilər. Amma hər hansı xarici dövlətin hərbi bazalarının heç bir əsası olmadan Azərbaycanda yerləşdirilməsinə mənfi yanaşıram. Bu, konkret situasiyadan asılı olan məsələlərdir. Əgər ölkəmizin təhlükəsizliyi tələb edərsə və onun müəyyən təhlükəsizlik sisteminə daxil olmasının zəruriliyi əsaslandırılarsa, bu cür məsələlər müzakirəyə çıxarıla bilər. Yəni, fəlsəfi nöqteyi-nəzərdən bu məsələyə mənfi münasibət bəsləsəm də, real siyasi vəziyyətdə bunun baş verməsi mümkündür.