- Mehdi müəllim, məlum olduğu kimi, dekabrın 23-də ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Ümumiyyətlə, Azərbaycanda yerli özünüidarəetmə institutunun formalaşması haqqında nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, 1995-ci il noyabrın 12-də müstəqil dövlətimizin ilk Konstitusiyası referendum yolu ilə qəbul olunmuşdur. Konstitusiyada mülkiyyətin bölünməsi, hakimiyyətin formalarının müəyyənləşdirilməsi, dövlətin əsaslarının qeyd olunması və həmçinin, yerli özünüidarənin təşkili məsələləri öz əksini tapmışdır. Həmin dövrdən başlayaraq, cəmiyyətimizdə yeni bir idarəetmə institutunun yaradılması mövzusu ictimayyətə bəlli oldu. O dövrdə ilk olaraq Milli Məclisdə Yerli özünüidarə məsələləri daimi komissiyası yaradıldı. Gələcəkdə bələdiyyələrin təşkil olunması, onun fəaliyyətinin hüquqi tənzimlənməsi üçün müvafiq hüquqi bazanın yaradılması istiqamətində işlərə başlanıldı. İlk dəfə olaraq, respublikamızda "Bələdiyyələrin statusu haqında", "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Qanunlar və digər normativ hüquqi sənədlər işlənib hazırlandı. Bu proses 1999-cu ilə qədər davam etdirildi və 1999-cu ildə respublikamızda ilk dəfə olaraq, bələdiyyə seçkiləri keçirildi. Ümumiyyətlə, hüquqi-demokratik dövlət quruculuğunun zəruri şərtlərindən biri kimi, respublikamızda dövlət siyaətinin əsas məqsədi hər bir inzibati ərazi vahidində əhalinin özünün inkişafı, özünün reallaşması və öz bacarığını, potensialını ərzəyə gətirmək üçün imkan yaradılması ilə səmərəli yerli özünüidarə sisteminin formalaşdırılmasıdır. Bu siyasət beynəlxalq səviyyədə təsbit olunmuş dəyərlərə, universal prinsiplərə və yerli özününidarə haqqında Avropa Xartiyasının prinsiplərinə uyğun olaraq qəbul edilən bələdiyyə institutunun fəaliyyətini tənzimləyən qanunlarımızla həyta keçirildi.
Onu da qeyd edim ki, yerli özünüidarə sisteminin yaradılması respublikamızda həyata keçirilən demokratik, siyasi digər islahatlarla paralel olaraq, başlanıldı və bu demokratik cəmiyyətin, vətəndaş cəmiyyətini formalaşdıran bir mexanizm kimi yerli demokratiyanın cəmiyyətimizdə inkişafına təkan verdi. İnkişaf etmiş ölkələrin idarəetmə sahəsində tarixi təcrübələri göstərir ki, ölkənin dayanıqlı inkişafına nail olmaq üçün cəmiyyətin, iqtisadiyyatın sistemli şəkildə dəyişdirilməsinin mürəkkəb məsələləri yalnız hakimiyyətin bütün səviyyələrində səmərəli idarəetmə sistemi təşkil olunduqda, mövcud olduqda mümkün ola bilir. Bu mənada, yuxarıda qeyd etdiyim kimi, dövlətimizin siyasətinin əsas məqsədi olan səmərəli yerli özünüidarəetmə sisteminin formalaşdırlması məhz bu beynəlxalq təcrübələrə uyğun gəlir. Beləliklə, respublikamızda 1999-cu il dekabrın 12-də ilk dəfə olaraq, bələdiyyə seçkiləri keçirildi.
- Sizcə, ötən 10 ildə bələdiyyələr Azərbaycan cəmiyyətində özünü təsdiq edə bilibmi?
- Bələdiyyələrə keçirilən ilk seçkilərdən sonra, bu institut faktiki olaraq, fəaliyyətə başladı. Bilirsiniz ki, artıq 2 dəfə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Hazırda biz bələdiyyələrin inkişafında 2-ci mərhələni geridə qoyuruq, 3-cü mərhələyə hazırlaşırıq. Ötən dövr ərzində bələdiyyələrin fəaliyyətində kifayət qədər irəliləyişlərə nail olunub. Bələdiyyələr bu dövr ərzində ölkəmizin sosial-iqtisadi inkişaf prosesində yaxından iştirak etmişlər, quruculuq, abadlıq, komunikasiya və infrasturkturun müxtəlif istiqamətlərində işlər görmüşlər. Elə bələdiyyələr də vardır ki, onlar həm bələdiyyə üçün inzibati binalar tikmiş, sosial, təhsil sahələri üzrə yeni obyektlərin tikintilərini həyata keçirmişlər. Ən əsası isə idarəçilik sahəsində müəyyən təcrübə əldə olunmuş, kifayət qədər hüquqi baza yadılmış və ən vacib məsələlərdən biri olan yerli özünüidarələrin ərazi və təşkilati əsasları yaradılmışdır. Həmçinin, dövlət, hakimiyyət orqanları ilə bələdiyyələr arasında qarşılıqlı fəaliyyət və eyni zamanda, bələdiyyələrin vətəndaşlarla qarşılıqlı münasibətləri sahəsində xeyli təcrübə əldə olunmuşdur. Bunlara istinadən, bir daha qeyd etmək olar ki, bələdiyyə idarəçiliyi sahəsində kifayət qədər irəliləyşlər baş vermiş, müəyyən uğurlar əldə edilmişdir. Bunun nəticəsində cəmiyətimizdə bələdiyyələrin müəyyən dərəcədə nüfuzları artmış, əhali tərəfindən bələdiyyə idarəçiliyinə maraqlar yaranmışdır. Mənim bu firkirlərim özünü bir daha bugünkü növbəti seçki ərəfəsində bələdiyyə üzvlüyünə qeydə alınan namizədlərin sayının çoxluğunda özünü aydın şəkildə göstərir. Növbəti mərhələ üçün bütün bu əsaslara, əldə olunan təcrübəyə söykənərək, yeni təşkil olunan bələdiyyələr öz fəaliyyətlərini genişləndirməli maliyyə imkanlarını artırmalı, səlahiyyətlərindən maksimum dərəcədə istifadə etməli, demokratik idarəetmə sistemini təkmilləşdirməli, əhali və dövlət orqanları ilə sıx təmasda olaraq, fəaliyyətlərində səmərəliliyə nail olmalıdırlar.
- Mehdi müəllim, bələdiyyələrin təşkilati struktur məsələlərinin həll olunduğunu vurğulandınız. Yeri gəlmişkən, bu proses hansı beynəlxalq təcrübəyə əsasən aparılıb?
- Avropa ölkələrində bələdiyyələrin ərazi-təşkilati strukturu bir neçə sistem üzrə qurulub. Məsələn, ABŞ və İtaliyada sırf prezident sistemi tətbiq olunur. Burada bələdiyyə sədri, şura, bələdiyyə üzvləri ayrıca seçilirlər. Bələdiyyə sədri icra aparatının rəhbəri olur və icra hakimiyyətinin tam sisteminə malik olur. Fransada tətbiq olunan qayda isə ənənvi sistemdir. Bu sistemə görə, sədr üzvlər arasından seçilir. Sədr (mer-red.) isə vəzifəli şəxslərdən ibarət icra aparatına rəhbərlik edir. Almaniyada və Skandinaviya ölkələrində isə parlament sistemi tətbiq olunur. Bu sistemdə bələdiyyə məclisi üzərində icra orqanları məsuliyyət daşıyır. Bu halda, bələdiyyə sədri yalnız nümayəndəlik funksiyasını icra edir. Azərbaycanda isə bələdiyyə sədri bələdiyyə üzvləri sırasından seçilir. Ölkəmizdə bələdiyyələrin təşkilatı strukturu, əsasən, qərarverici və icraedici orqanlardan ibarət olaraq, Fransa sisteminə uyğun gəlir. Bələdiyyə sədri həm aparata, həm də onun bütün fəaliyyətinə rəhbərlik edir ki, bu da ənənəvi sistemə tam uyğundur. Göründüyü kimi, beynəlxalq təcrübədə 3 sistem mövcuddur və bu sistemlərdən biri ölkəmizdə tətbiq olunur.
- Hazırda bələdiyyələrin səlahiyyətlərinin artırılmasına dair təkliflər səsləndirilir. Sizin bununla bağlı fikirlərlərinizi bilmək istərdik. Ümumiyyətlə, bələdiyyələr hansı səlahiyyətlərə malikdirlər?
- Azərbaycan Respublikasının Konstitusiyasında bələdiyyələrin səlahiyyətləri ilə bağlı məsələ öz əksini tapıb. Konstitusiyanın 144-cü maddəsində göstərilir ki, bələdiyyələrin, əsasən, bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi, bələdiyyənin reqlamentinin təsdiq edilməsi, bələdiyyə sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi, yerli vergilərin və ödənişlərin müəyyən edilməsi, maliyyə institutlarının müəyyən olunması, yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi, yerli sosial-müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi səlahiyyətləri var. Həmçinin, yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi, yerli ekoloji proqramların qəbul və icra edilməsi kimi səlahiyyətləri də icra edə bilərlər. Bundan başqa bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti də ayrılmalıdır. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq hakimiyyət orqanları nəzarət edirlər. Yuxarıda sadaladıqlarımızdan da göründüyü kimi, bu gün Azərbaycanda bələdiyyələrə kifayət qədər geniş səlahiyyətlər verilir. Həmçinin, səlahiyyələrin icrasında bələdiyyələrin müstəqilliyinə təminat da verilir. Əsas məsələ bu səlahiyyətlərdən düzgün, qanunauyğun şəkildə və səmərəli istifadə etməkdir. Şübhəsiz ki, hazırda bu səlahiyyətlərdən tam istifadə edən bələdiyyələr də var, ya da əksinə, istifadə etməyən və istifadə edə bilməyən bələdiyyələr də mövcuddur. Bunun da müxtəlif səbəbləri var. Söhbət ondan gedir ki, əgər bir orqan qurulubsa, fəaliyyət göstərirsə, vəzifələrini layiqincə və tam şəkildə həyata keçirə bilirsə, deməli, onun əlavə işləri də həyata keçirməyə gücü çatar. Bunu nəzərə alaraq, həmin strukturlara dövlət tərəfindən əlavə səlahiyyətlər verilməsi həyata keçirilə bilər. Bu, yuxarıda qeyd etdiyim kimi, Konstitusiyada da nəzərdə tutulub. Məsələn, əgər bir bələdiyyə müraciət etsə ki, aid olduğu ərazidə dövlətin və əhalinin mənafeyinə, eləcə də xeyrinə olan hansısa məsələni reallışdarmaq mümkündür, lakin bunu etmək bələdiyyənin qanunla nəzərdə tutulmuş səlahiyyətləri sırasında deyil. Ona görə də həmin bələdiyyə bu məsələnin həlli üçün əlavə səlahiyyət istəyir. Hakimiyyət orqanları da bu təklifi nəzərə alaraq, bu işin də dövlətin, yerli əhalinin xeyrinə və qanuna müvafiq olduğunu düşünərək, həmin bələdiyyəyə nəzərdə tutulan işin reallaşdırılması üçün əlavə səlahiyyət verə bilər. Bu məsələ, kommunikasiya, infrastrukturla bağlı, məişət tullantılarının təmizlənməsi ilə, nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə, təhsillə, səhiyyə ilə bağlı və s. məsələlər ola bilər. Bütün bunlar isə yenə də bələdiyyələrin işinin yüksək səviyyədə təşkil olunmasından asılıdır. Amma o bələdiyyələr ki, heç öz səlahiyyətlərindən istifadə edə bilmir, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilmir, onlara hansı əlavə səlahiyyətlərin verilməsindən söhbət gedə bilər?
Onu da qeyd edim ki, respublikamızda sosial iqtisadi sahədə əldə olunan uğurlu nəticələrində, mütəmadi olaraq, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi prosesi həata keçirilir. Məsələn, fermer təsərrüfatları ilə bağlı müəyyən sənədləşmələrin bələdiyyələr tərəfindən aparılması, yeni qəbul edilmiş "Bədən tərbiyəsi və idman haqqında", Mənzil Məcəlləsi və "Təhsil haqqında" Qanunlarda bələdiyyələrə yeni səlahiyyətlərin verilməsi nəzərdə tutulmuşdur. Bu da, bir daha onu göstərir ki, respublikamızda bələdiyyələrin səlahitlərinin genişləndirlməsi prosesində problemlər yoxdur. Əsas məsələ yalnız mövcud səlahiyyətlərin icra olunması ilə paralel əlavə səlahiyytlərin icra etmək imkanının bələdiyyələrdə olmasıdır. Mən güman edirəm ki, növbəti mərhələdə respublikamızın bələdiyyələri belə imkanlara malik olacaqlar.
- Bir müddət öncə, Azərbaycan Milli Məclisi bələdiyyələrin birləşdirilməsi ilə bağlı Qanun qəbul etdi. Artıq bir sıra bələdiyyələr birləşdirilib. Sizcə, bu yenilik bələdiyyələrin işinə nə dərəcədə səmərə verəcək?
- Ölkəmizdə bələdiyyələr yaradılarkən, beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq təcrübə əsas götürülərək Azərbaycanın bütün bölgələrində bələdiyyə yaratmaq üçün, seçki prosesində iştirak etmək üçün şans verildi. Beləliklə, 2753 bələdiyyə təşkil olundu təxminən 21 min bələdiyyə üzvü 20 minə də yaxın bələdiyyə qulluqçusu yerli özünüidarənin təşkili və formalaşması prosesi ilə məşğul oldular.
Yuxarıda qeyd etdiyim kimi, səlahiyyətlərindən istifadə etməklə işini təşkil edən müsbət təcrübə toplayanlarla yanaşı, bunun əksinə, çox təəssüflər olsun ki, bir sıra bələdiyyələr fəaliyyətsiz oldular. Belə hal dünya təcrübəsində bir sıra ölkələlərdə də baş vermişdir. Bizdə də, bu, belə oldu. Bunun aradan qaldırılması üçün dünya praktikasında da çox ədalətli bir prinsip və metoddan istifadə olunur. Özünü doğrulda bilməyən bələdiyyələr vəzifəsinin öhdəsindən layiqincə gələ bilən bələdiyyələrə birləşdirilir. Ölkəmizdə də bu zərurət nəzərə alaraq, müvafiq addımlar atıldı. Belə ki, əvvəl 2753 bələdiyyə var idisə, indi bu rəqəm 1718 olacaqdır. Mən bu addımı yaranmış vəziyyətdən çıxış yolu kimi görür və bir daha qeyd edirəm ki, dünya təcrübəsinə istinadən yeni bələdiyyələr yəni birləşmə nəticəsində yaranmış bələdiyyələr müəyyən dərəcədə işlərinin öhdəsindən gələcək, qarşılarında duran vəzifələri icra edəcəklər. Bizim də istədiyimiz bundan ibarətdir ki, bu bələdiyyələr fəaliyyətsizlikləri ilə yox, əvvəlki mərhələdə əldə olunan əsaslar və təcrübə üzərində işlərini qurmaqla yerli əhalinin mənafeyinə uyğun səlahiyyətləri çərçivəsində işlərini təşkil etməklə özlərini doğruldacaqlar.
- Bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında hansı fərqli cəhətlər və üstünlüklər vardır?
- Bildiryiniz kimi, Konstitusiyamızda hakimiyyətin bölgüsü əks olunmuş və icra hakimiyyəti orqanları prezidentə məxsus olmaqla dövlətin siyasətini həyata keçirilər. Yerlərdə isə icra hakimiyyəti orqanları dövlət siyasəti çərçivəsində sosial, iqtisadi məsələlərin həyata keçirilməsinə nəzarət edirlər. Bələdiyyələr isə bir başa inzibati ərazi vahidində əhalinin mənafeyinə uyğun qanunlar çərçivəsində yerli sosial-iqtisadi məsələləri əhalinin rəy və təkliflərini öyrənməklə, müstəqil qərar qəbul etməklə həll edirlər. Beləliklə, yerli özünüidarəetmə dövlət quruluşunun, dövlət hakimiyyət orqanları sisteminə daxil olmayan, lakin eyni zamanda, qanunlara tabe olan xüsusi elementidir. Bir daha qeyd edirəm, dövlət quruluşunun xüsusi elementidir. Bu, yerli özünüidarəetmənin dövlət tərəfindən müdafiə olunmasında daha aydın özünü göstərir. Məhkəmə müdafiəsi də bura aiddir. Məhz bunlara görə də bələdiyyələrə dövlət idarəetmə sisteinin hər hansı bir strukturu, bölməsi kimi baxmaq olmaz. Amma dövlət orqanları bələdiyyə orqanlarının hesabatlarını dinləmək, onların qanunazidd qərarlarını ləğv etmək hüququna malikdir. Bütün bunlarla yanaşı, yerli özünüidarəetmənin anlayışını araşdırarkən onun əsas əlamətlərini müəyyənləşdirərkən, aydın olur ki, hakimiyyət orqanları və onun yerlərdəki nümayndələri ilə müqayisədə bələdiyyələrin yerli məsələ və problemlərin həllində müəyyən üstünlükləri vardır. Bunlardan birincisi, səmərəlilik göstəricisidir. Yerli özünüidarə orqanları yerli əhəmiyyətli məsələləri xeyli səmərəli həll edirlər. Bunun səbəbi də aydındır. Yerli özünüidarə orqanlarına seçilən şəxslər üçün yerli sakinləri işə cəlb etmək daha asan olur. Eyni zamanda, bu şəxslər həmin bölgənin probleminə daha yaxından bələd olurlar. Nəzərə almaq lazımdır ki, onun özü elə həmin ərazidə yaşayır, hər gün həmin problemləri öz həyatında hiss edir. İkinci cavabdehlik və məsuliyyət məsələsidir. Yerli özünüidarəetmə orqanına seçilən şəxslər həmin ərazidə yaşayan insanlar, ona səs verən seçicilər qarşısında birbaşa məsuliyyət, cavabdehlik daşıyır. Növbəti dəfə də həmin posta seçilmək üçün əhalini, seçicisini razı salmağa borcludur. Üçüncüsü isə əhaliyə yaxınlıq məsələsidir. Yerli özünüidarəetmə strukturu elə qurulur ki, vətəndaşlar özləri yerli problemlərin həllində birbaşa iştirak edirlər. Söhbət ondan getmir ki, hakimiyyət orqanları əhaliyə yaxın deyil. Xeyr, bu, əsla belə deyil və ola bilməz. Sadəcə, yerli özünüidarəetmə orqanları daim həmin ərazidə yaşayan əhali ilə təmasdadır, onlarla bir yerdədir. Bu gün Azərbaycanda növbəti bələdiyyə seçkilərinə əhali tərəfindən bu qədər marağın artması həm bələdiyələrin keçən dövrdə gördüyü işlərin nəticəsi kimi həm də, qeyd etdiyim bələdiyyələrin üstün cəhətlərinin əhalidə maraq oyatmasından irəli gələn bir məsələ kimi qiymtləndirmək olar.
- Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə inzibati nəzarət hansı formada həyata keçirilir?
- Qeyd etdiyim kimi, respublikamızda bələdiyyələrin fəaliyyətinin ikinci mərhələsi başa çatmış yeni mərhələ üçün kifayət qədər hüquqi baza və təşkilati struktur əsaslar yaradılmışdır. İndi artıq ən vacib məsələ mövcud resurslardan və imkanlardan istifadə etməklə bələdiyyələrin fəaliyyətinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Lakin yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə həm dövlət, həm də ictimai nəzarət mexanizmlərini inkişaf etdirilmədən bu məqsədlərə nail olmaq, yerli özünüidarəetmə sistemini möhkəmləndirmək və inkişaf etdirmək mümkün deyildir. Məsələ ondadır ki, bir birinin nəzarətində olmayan hakimiyyət orqanları bir birinin maraqlarına zidd hərəkət edə bilərlər. Bu da yerlədə qeyri-demokratik idarəetmə orqanlarının fəaliyyətinin genişlənməsinə. bir orqanın digər orqanın fəaliyyətinə müdaxilə etməsinə, demokratik idarəçilik prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Tədqiqatların nəticəsi göstərir ki, yerli özünüidarəetmədə o halda səmərəliliyin yüksəlməsinə nail olmaq mümkün olunur ki, yerli səviyyədə bu orqanların fəaliyyətinə nəzarət sistemi tətbiq edilir. Bu mənada, respublikamızda bələdiyyələrin fəaliyyətinə müvafiq qanuna uyğun olaraq inzibati nəzarət həyata keçirilir. Bildiyiniz kimi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti ədliyyə nazirliyi həyata keçirir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət bələdiyyələrin qəbul etdikləri qərarların qanunvericiliyə uyğunlaşdırlması ilə və bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan müraciətlər əsasında həyata keçirilir. Məqsəd bələdiyyələrin fəaliyyətini hüquqi tənzimlənməsini təmin etməkdən, bələdiyyələrin qəbul etdikləri qərarların qanunvericiliyə uyğunlaşdırlmasından, yol verilmiş hüquq pozmalarının qarşısının alınması ilə demokratik nəzarəti həyata keçirməklə, bələdiyyələrin fəaliyyətinin effekliliyini artırmaqdan ibarətdir. Yeri gəlmişkən, qeyd edim ki, ötən illər ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət nəticəsində ciddi faktlar aşkar edilərək, bir çox qanunsuzluqların qarşısı alınmış, o cümlədən, bələdiyyələrin əsas gəlir mənbəyi olan torpaq sahələrinin qanunsuz ayrılması ilə bağlı 12 min hektardan çox torpaq sahəsinin qanunsuz satılması, bələdiyyə büdcəsinə 17 milyon manata yaxın ziyan vurulması faktları aşkar edilmişdir. Xeyli miqdarda əmlakların bələdiyyə balansına qaytarılması təmin edilmişdir. 100-dən çox bələdiyyənin fəaliyyətində qanunsuzluqlar aşkar edilərək, hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir. İnzibati nəzarətin gücləndirlməsi dövlətin diqqət mərkəzindədir. Möhtərəm Prezident İlham Əliyevin 22 iyun 2009-cu il tarixli "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" Fərmanında Ədliyyə Nazirliyinə inzibati nəzarətin gücləndirlməsi iə əlaqədar tapşırıqlar verilmişdir.
- Mehdi müəllim, indi də bələdiyyələrin ümumi problemləri hansılardır, bu problemlərin aradan qaldırılması üçün nə kimi addımlar atılır - bu barədə fikirlərinizi bilmək istərdik.
- Respublikamızda yerli özünüidarənin təhlili onu göstərir ki, bir sıra problemlər vardır ki, bu problemlər bələdiyyələrin özlərinə aiddir. Yəni bələdiyələrin özlərinin yaratdıqlar problemlərdir, digərləri isə bələdiyyələr üçün yaradılan problemlərdir. Bələdiyyələrin özlərinə aid olan problemlərdən ən çox narahat edəni bir sıra bələdiyyələrdə bürokratik "ənənələrin" bələdiyyələrdə cəmləşməsi və bu halın bələdiyyə ilə seçici arasında problem yaratmasıdır. Bu hal, çox təəssüflər olsun ki, bələdiyyələri əhalidən çox hakimiyyət orqanlarından asılı vəziyyətə salır. Həmçinin, bu bələdiyyə sədrlərinin səlahiyyətlərindən sui-istifadə etmələrinə və təkbaşına qərarlar vermələrinə gətirib çıxarır. Digər məsələ bələdiyyələrin maliyyə-təsərrüfat fəaliyyətlərinin düzgün qurulmaması, maliyyə mənbələrindən, vergi və resurslardan düzgün istifadə edilməməsi, beləliklə, bələdiyyənin büdcəsinə ziyan vurulması, bələdiyyənin mülkiyyətindən və əmlakından istifadədə onun düzgün qiymətləndirilməməsi, bələdiyyələrin qanunvericiliyin mükəmməl bilməmələri, kadr potensialının zəif olması, bələdiyyə qulluğunda peşəkarlıq səviyyəsinin aşağı olması, bəzi bələdiyyələrdə vəzifəli şəxslərin təşkilat mədəniyyətinin aşağı olması və s. göstərmək olar. Ən çox bələdiyyənin işinə maneçilik törədən bələdiyyələrin fəaliyyətində yol verilən hüquq pozmaları, mövcud qanunvericiliyə onun tələblərinə riayət edilməmələridir.
Digər problemlərə isə aşağıdakıları aid etmək olar: hüquqi bazada mövcud olan boşluqlar, bələdiyyələrin qəbul etdikləri qərarların ərazidə hüquqi və fiziki şəxslər tərəfindən icrasına məhəl qoyulmaması, söz yox ki, məhkəmələrin bu prosesdə bələdiyyələri müdafiə etməsi həyata keçirilir amma, hələ də belə hallar mövcuddur. O cümlədən, bələdiyyələrin qəbul etdikləri qərarlara icra hakimiyyəti orqanlarının müvafiq idarələri tərəfindən qanunda müəyyənləşdirilən müddətdə rəy və təkliflərin verilməməsi. Digər problem isə, hansı ki, bələdiyyələrin mülkiyyət hüququndan istifadəsinə maneçilik törədir bu da bələdiyyələrin mülkiyyətinə aid müvafiq dövlət orqanı tərəfindən lazımi sənədlərin verilməsinin tamamlanmamasıdır.
Mən güman edirəm ki, bu problemlərin həlli istiqamətində işlər sürətləndiriləcək və bu problemlər həllini tapacaqdır. Ümumilikdə isə, bələdiyyələrlə bağlı problemlərin həlli məsələlərə kompleks şəkildə yanaşılmanın, onların mərhələlərlə həll edilməsini və ayrı-ayrı mərhələlərdə üstün istiqamətlərin müəyyənləşdirilməsini tələb edir. Mənə elə gəlir ki, gələcəkdə problemlərin həllinə bu aspektdən yanaşmalıyıq. Nəticədə ölkəmizdə yerli özünüidarəetmə inkişaf etdirilməli, yaxın gələcəkdə əhalinin yerli özünüidarələrin və hakimiyyət orqanlarının birgə qarşılıqlı fəaliyyəti nətcəsində bu sahədə səmərəli fəaliyyətə nail olmalı, bələdiyyə qurumlarının dayanıqlı, müstəqil inkişafını təmin etməliyik.