PDF Oxu

Müsahibə

  • 13

“Azərbaycanın valyuta ehtiyatları hazırda 20 milyard dollar civarındadır”

“Azərbaycanın valyuta ehtiyatları hazırda 20 milyard dollar civarındadır”

- Vüsal müəllim, sovet dövründən qalan əmanətlərin qaytarılması məsələsi yenidən gündəmə gəlib. Hər dəfə müzakirəyə çıxarılsa da, onun reallaşması müəyyən qədər problemə çevrilir. Bunun qaytarılması mexanizmini nədə görürsünüz?

- Böhran ilində əmanətlərin geri qaytarılması hökumət üçün müəyyən dərəcədə iqtisadi çətinliklər yaradır. Nəzərə almaq lazımdır ki, burada texniki təşkilatı məsələlər də var. Bəzi əmanətçilərin əmanət kitabçaları itib. Xüsusən də, işğal olunan rayonlarda və eyni zamanda, siyasi xarakterli problemlər var. O da ondan ibarətdir ki, erməni əsilli vətəndaşların da vaxtilə əmanətləri olub. İndi əgər əmanətlər geri qaytarılırsa, onda onlar müvafiq iddialarla çıxış edəcəklər. Bütün hallarda məsələni həll etməyin vaxtı çatıb. Rusiyada, Qazaxıstanda, Ukraynada, Baltikyanı ölkələrdə əmanətlərin qaytarılması prosesi həyata keçirildi. Baxmayaraq ki, orada çox aşağı indeksasiya ilə əmanətlər qaytarıldı. Amma bütün hallarda, bu, lazımdır. Birinci növbədə, banklara olan inam artacaq. İkincisi, bu sosial ədalətin bərpasıdır.
Mənə elə gəlir ki, əmanətlərin qaytarılması zamanı qiymətli kağızlardan istifadə olunmalıdır. Yəni, əmanətlər hazırda aşağı-yuxarı 1 milyard dollar qiymətləndirilir. Bu məbləğdə qiymətli kağızlar buraxıb, hər kəsin əmanətinə uyğun olaraq, əmanətçilərin arasında paylamaq lazımdır. O əmanətçi ki, onların yaşı yüksəkdir, daha az təminatlı təbəqələrə aiddirlər, qaçqın, köçkün, şəhid ailələridir, onların əmanətlərinin qiymətli kağızlarla qaytarılması daha əvvələ salınmalıdır. Getdikcə bu proses təxminən 5 ilə yekunlaşmalıdır. Belə olanda, ölkədə əmanətlərin geri qaytarılması ilə yanaşı, pul kütləsinin artması, inflyasiya təzyiqinin yaranması probelmləri olur. Azərbaycanda qiymətli kağızların daha bir növü-dövriyyəyə buraxılan qiymətli kağızlar bazarının inkişafıdır. Əhalinin alıcılıq qabiliyyəti yüksəlir. Bu da nəticə etibarı ilə iqtisadiyyata müsbət təsir göstərir. Çünki Azərbaycan iqtisadiyyatının tələbat səviyyəsi nə qədər yüksək olursa, o qədər də iqtisadi inkişaf sürətlənir. Ən əsası sosial ədalətin bərpasıdır. Çox yaxşı olardı ki, qiymətlər kağızlar fonunda bu məsələ həll olunsun.

- Dediniz ki, erməni əsilli Azərbaycan vətəndaşlarının əmanətləri olub. Doğrudan da əmanətlərin qaytarılması mexanizmi həyata keçirsə, onlara əmanətlərin qaytarılması hansı formada həyata keçirilə bilər?

- Birincisi, əgər onların Azərbaycanda əmanətləri olubsa, onda müvafiq kitabçalarını təqdim etməlidirlər. İkincisi, Ermənistandan köçkün düşmüş, təxminən 200 min qaçqın və işğal altındakı ərazilərdən təxminən 500-600 min nəfər məcburi köçkün vətəndaşlarımız var. Bunların hamısının istər əmanət, istər əmlak huquqları pozulub. Əgər ermənilər belə bir iddia ilə çıxış etsələr, onda gərək biz də qarşılıqlı olaraq oradan qovulumuş vətəndaşlarımızın hüquqlarının bərpasını ortaya qoyaq. Çünki ola bilməz ki, biz erməni əsilli Azərbaycan vətəndaşlarının əmanətlərini geri qaytarıb, Azərbaycan əsilli vətəndaşların mülkləri ilə bağlı heç bir iddia ortaya qoymayaq. Üçüncü tərəfi ondan ibarətdir ki, indi Azərbaycanın işğal olunmuş ərazilərində, Dağlıq Qarabağ ərazisində yaşayan ermənilər, əgər Azərbaycanın vətəndaşlığını qəbul edərsə, onda əmanət məsələsinə baxıla bilər. Bu da indiki danışıqlar prosesinin elementi ola bilər. Yəni, bütün hallarda məsələyə o cür baxmıram ki, ermənilər əmanət iddiasından çıxış edən kimi, biz onu dərhal geri qaytarmalıyıq. Heç də belə deyil, bunun müəyyən şərtlər var. Bu şərtlər də ən azı Azərbaycanın məcburi köçkün və qaçqınlarının itirilmiş əmanət kitabları mülkiyyət, əmlak hüquqları bərpa olması şərtilə mütləq ödənilməlidir.

- Vüsal müəllim, son günlər manatın məzənnəsi ilə bağlı müəyyən zidiyyətli fikirlər səsləndirilir. İddia olunur ki, digər valyutalarla müqayisədə Azərbaycan manatı zəifləməkdədir. Amma əks-fikir söyləyənlər də var. Siz hansı fikirdəsiniz?

- İlin əvvəlindən Avropa valyutası təxminən 15 faiz ucuzlaşıb. Bu da, onunla bağlıdır ki, Azərbaycan manatının məzənnəsini müəyyənləşdirmək üçün Mərkəzi Bank valyuta səbətindən istifadə edir. Bu valyuta səbətinə iki valyuta-avro və dollar daxildir. Bu, o deməkdir ki, Azərbaycan manatı dollara nisbətən nə qədər dəyər qazanırsa, avroya nisbətən o qədər dəyər itirməlidir. Çünki burada çarpaz kurs siyasəti həyata keçirilir. Dollarla avronun dünya bazarlarında müəyyənləşmiş kursu çarpaz şəkilində Azərbaycan manatınının məzənnəsinə öz təsirini göstərir. Amma bütün hallarda Azərbaycan valyutası sabitdir. Nəzərə alsaq ki, Ukraynada milli valyuta 70, Qazaxıstanda tanqa 25-30, Ermənistan dram 40-50 faiz civarında öz dəyərini itirib. Azərbaycan manatı öz sabitliyini qorudu. Təsadüfi deyil ki, bu gün manata iqtisadi inamın nəticəsidir ki, Azərbaycan əhalisinin banklarda olan əmanətləri maksimal həddə çatıb. Bu da, təxminən, 2,2 milyard manata yaxın düşür. Yəni, manatın məzənnəsi ilə bağlı heç bir problem yoxdur. Bunun iqtisadi əsası ondan ibarətdir ki, Azərbaycanın tanqa balansı müsbətdir. Yəni, Azərbaycana daha çox valyuta daxil olur, nəinki çıxır. Ölkəyə gələn valyuta ölkədən çıxan valyutadan çoxdur. Azərbaycanın valyuta ehtiyatları hazırda 20 milyard dollar civarındadır. Bu, o deməkdir ki, manatın məzənnəsinin sabit saxlanması üçün problem yoxdur.

Digər xəbərlər