Elşad Mirbəşiroğlu: “İlkin addım mərhələli həll planına uyğun olaraq Dağlıq Qarabağ ətrafı rayonlar qaytarılmalıdır”
Məlum olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı noyabr ayının sonunda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçiriləcək. Bununla bağlı, ATƏT-in Minsk Qrupunun həmsədrləri də regiona səfər etmiş və görüşün keçirilməsi üçün tərəflərin razılıqlarını almışlar. Qeyd edək ki, bu görüş cari il ərzində prezidentlərin altıncı görüşü olacaq. Görüşdən gözlənilən nəticələr və ümumiyyətlə, Dağlıq Qarabağ ətrafında gedən danışıqlarla bağlı politoloq Elşad Mirbəşiroğlunun fikirlərini öyrəndik.
- Elşad müəllim, bildiyiniz kimi, noyabr ayının sonunda Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşünün keçirilməsi nəzərdə tutulur. Dağlıq Qarabağ münaqişəsinin həllinə bu görüşün hansı təsiri ola bilər?
- Həqiqətən də, noyabr ayının 5-6-da Minsk Qrupu həmsədrlərinin regiona səfəri zamanı prezidentləri növbəti görüşünün keçirilməsi ilə bağlı hər iki tərəfin razılığı alınmışdır. Amma məsələ burasındadır ki, razılaşdırılmamış prinsiplər var və bu prinsiplərin mahiyyəti dəyişdirilməlidir ki, gələcək danışıqlarda hansısa nəticə əldə olunsun. Hələlik isə, bu prinsiplərin mahiyyətində hansısa bir ciddi dəyişiklik barədə icitiamiyyətə heç bir məlumat verilmir. Vaxtilə fransalı həmsədr B.Fasye də demişdi ki, prinsiplərin mahiyyəti ilə bağlı dəyişikliklər edilməlidir. Lakin bu, elə söz olaraq da qaldı. Bundan sonra prezidentlərin Kişinyov görüşündə heç bir dəyişikliyin olmadığı aşkara çıxdı. Hətta Ermənistan tərəfi daha da sərt mövqe göstərərək, əvvəllər razılaşdırılmış məsələlərə yenidən qayıtdı. Buna görə də danışıqlarda neqativ prinsiplər daha da artmış oldu və heç bir irəliləyişə nail olunmadı.
Hazırkı vəziyyətdə isə növbəti görüşdən, hələ ki, hansısa bir irlələliyişi gözləmək lazım deyil. Əlbəttə, bu görüşün, hələ ki, vaxtı və yeri müəyyən olunmayıb. Amma aparılan işlər, həmsədrlərin susması, dəyişikliklərlə və Madrid prinsipləri ilə bağlı ictimaiyyətə heç bir açıqlama verməməsi və Ermənistanın ara-sıra səsləndirdiyi bəyanatlar, belə deməyə əsas verir ki, hələ ki, müsbət nəticələr gözləmək mümkün deyil.
- ATƏT-in Minsk Qrupunun həmsədrləri belə bir iddiadadırlar ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox ciddi addımlar atılmaqdadır. Amma siz fərqli mövqe ortaya qoyursunuz. Belə bir paradoksal vəziyyət nə ilə əlaqədardır?
- Həmsədrlər həmişə əsası olmayan nikbin fikirlərlə çıxış edirlər. Amma hər şey göz qabağındadır. Hər görüşdən qabaq bu istiqamətdə mühüm addımların atıldığını qeyd edirlər. Amma nəticə heç bir irəliləyişin olmadığını göstərir. Elə onların iddiaları ilə gördükləri işlər də ziddiyyət təşkil edir. Keçmiş amerikalı həmsədr dəfələrlə miünaqişənin həll olunmaq astanasında olmasını qeyd edirdi. Ondan fərqli olaraq, Robert Bradke daha təmkinli mövqe nümayiş etdirir. Amma mən belə düşünürəm ki, onun hansısa bir iddia ilə çıxış etməsi üçün də heç bir əsası yoxdur. Əlbəttə, biz arzu edirik ki, bu istiqamətdə müsbət addım atılsın.
Bu məsələ ilə bilavasitə bağlı olan Türkiyə ilə Ermənistan arasında gedən proseslərdə Türkiyə rəsmiləri çox inamla qeyd edirlər ki, Ermənistanla Azərbaycan arasında danışıqların bir nəticəsi olmasa sərhədlər açılmayacaq. Belə hesab edirəm ki, bəlkə bizim burada xəbərimiz olmayan məqamlar var. Onlar əmindirlər ki, bu istiqamətdə addım atılacaq və rahat şəkildə sərhədləri açacaqlar. Protokolların imzalanması mərasimində ATƏT-in Minsk Qrupu həmsədrləri ölkələrinin xarici işlər nazirləri iştirak edirdilər. Bu, hardasa ümidverici bir haldır. Ola bilsin ki, həmsədrlərin də Türkiyə rəsmilərinin çıxışlarından xəbərləri var. Güman ki, həmsədrlər də onları əmin ediblər ki, münaqişənin həllində irəliləyişlər olacaq. Lakin bu irəliləyişin əldə olunması üçün ilkin addım mərhələli həll planına uyğun olaraq Dağlıq Qarabağ ətrafı rayonlar qaytarılmalıdır. Digər prinsiplərin də razılaşdırılması şərtilə Dağlıq Qarabağ ətrafı rayonların qaytarılması böyük bir irəliləyişdir. Əgər həmsədrlər yaxın gələcəkdə bunun mümkün olacağını nəzərdə tuturlarsa, buna inam yaranır. Elə mənim də proqnozuma görə, yaxın gələcəkdə Dağlıq Qarabağ ətrafı rayonların geri qaytarılması məsələsi gündəmə gələcək. Mən heç bir halda inamıram ki, Türkiyə baş naziri və prezidenti Azərbaycan parlamentində və digər yerlərdə çıxışları zamanı belə əminliklə desinlər ki, Dağlıq Qarabğ münaqişəsi həll olunmadan sərhədlər açılmayacaq və buna riayət etməsinlər. Yəqin ki, Minsk Qrupunun həmsədrləri olan ölkələrin başçıları ilə görüşləri zamanı bu barədə ciddi müzakirələr aparıblar.
- Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Rusiya rəsmiləri öz çıxışları zamanı Dağlıq Qarabağ münaqişəsinin həllini çox vacib və təxirə salınmaz olduğunu bildirirlər. Amma Ermənistan prezidenti Serj Sarkisyan Rusiyaya son səfərlərindən sonra belə bir bəyanatla çıxış etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr bir neçə il bundan öncə müzakirə olunan detallar üzərində aparılır. Bəs bunu necə izah etmək olar?
- Ümumiyyətlə, Rusiyanın münaqişənin həlli ilə bağlı tutduğu mövqeyi alqışlanasıdır. Amma ki, Rusiyanın yeritdiyi xarici siyasət heç də onun dedikləri ilə üst-üstə düşmür. Əlbəttə, onlar dildə iddia edirlər ki, onlar münaqişənin həllinin tərəfdarıdırlar. Amma müşahidəmə əsaslanaraq, belə bir qənaətdəyəm ki, onlar heç də münaqişənin aradan qaldırılmasını istəmirlər. Bilirsiniz ki, regionda Rusiyanın isətəmədiyi enerji layihələri gerçəkləşdirilmişdir və gələcəkdə NABUCCO layihəsinin gerçəkləşdirilməsi nəzərdə tutulur. Münaqişənin aradan qalxacağı təqdirdə də, bu layihələri daha da genişləndiriləcəyi ehtimal edilir. Ona görə də, Rusiya regionda bu status-kvonun saxlanılmasının tərəfdarıdır. Bu baxımdan hesab etmirəm ki, Rusiyanın mövqeyi səmimidir. O ki qaldı danışıqların artıq bir neçə il bundan öncə, müzakirə olunmuş detallar üzərində aparılmasına bunu tamamilə doğru saymaq olar. Danışıqlarda müsbət nəticənin əldə olunmamasının səbəbi də məhz bu prinsiplərin dəyişdirilməməsidir. Bu prinsiplərin də mahiyyəti ondan ibarətdir ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin tərəfdarıdır. Yəni bu əraziyə yüksək muxtariyyət verilməsi də nəzərdə tutulur. Ermənistan isə istənilən vasitə ilə Dağlıq Qarabağın müstəqilliyinin əldə olunmasına çalışır. Bu prinsiplər təməl prinsiplərdir. Əgər bu prinsiplərdə müsbət mənada dəyişiklik olsaydı, onda danışıqlardan da müsbət nəticələr gözləmək olardı. Məsələ burasındadır ki, həm Minsk Qrupu həmsədrləri tərəfindən ikili standartlar tətbiq olunur, həm də Ermənistan rəhbərliyinin göstərdiyi qeyri-konstruktiv mövqe yumşalmır. Bunlar da münaqişənin həllini əngəlləyən amillərdir.
- Elşad müəllim, ABŞ başda olmaqla Qərb Türkiyəyə Ermənistanla sərhədləri açmaq üçün təzyiq göstərməsi fonunda Ermənistana işğal etdiyi torpaqları azad etmək üçün belə bir intensiv təzyiq göstərilmir. Buna səbəb nədir?
- Bunu çox sadə izah etmək olar ki, bu gün münaqişə tərəflərindən birinin maraqlarının təmin olunması üçün addımlar atılır, digər tərəfin isə yəni Azərbaycanın maraqları və hüquqları kobud şəkildə pozulur. Bu Qərbin həmişə sərgilədiyi ikili standartlardır. Hesab edirəm ki, Qərbin bu, həmişə şahidi olduğumuz siyasəti Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmaq məqsədi güdür. Sözsüz ki, bunu həm də Ermənistanın kifayət qədər təsir gücünə malik olan lobbiçilik fəaliyyətilə əlaqələndirmək olar. Və yaxud bunu sırf xristian təəssübkeşliyi ilə də izah etmək olar. Bu, sadəcə olaraq, qeyri obyektiv baxışın nəticəsidir. Amma Qərb onu da anlamalıdır ki, Avropanın enerji təhlükəsizliyində əsas rolu Ermənistan deyil, Azərbaycan oynayır. Biz də bu istiqamətdə səsimizi ucaltmalı və tələblərimizi irəli sürməliyik ki, Ermənistanın heç bir şey vermədiyi, Azərbaycanın isə çox şey verdiyi təqdirdə, Azərbaycanın hüquqlarını müdafiə etmək lazımdır. Mən belə hesab edirəm ki, Türkiyə də bu məsələdə müsəlman təəssübkeşliyi etməli və Ermənistanla münasibətləri normallaşdırmaq sahəsində Azərbaycanın maraqlarını önə çəkməlidir.
- ABŞ-dan olan həmsədr də Türkiyə-Ermənistan münasibətlərinin pərdə arxası məqamlarında Dağlıq Qarabağla bağlı müzakirələrin olmadığını nəzərə çatdırır. Əgər belədirsə, onda nəyə görə həmsədr Surixdə protokolların imzalanması prosesində iştirak edirdilər?
- Əlbəttə ki, burada qeyri-müəyyən məqamlar çoxdur. Həmsədrlərin hər biri qeyd edir ki, Ermənistanla Türkiyə arasında münasibətlərin tənzimlənməsində Dağlıq Qarabağ münaqişəsi prinsipial məsələlərdən deyil. Onlar bu iki prosesi bir-birinə aid olmayan proseslər kimi qələmə verirlər. Sadəcə olaraq, mən öz müşahidələrimə əsaslanaraq, demək istəyirəm ki, Türkiyənin baş naziri və prezidenti çox ciddi şəxslərdir. Ona görə də, onların dediklərini heçə saymaq olmaz. Məsələyə bu prizmadan yanaşaraq, mən Türkiyə-Ermənistan münasibətlərinin pərdəarxası məqamlarında Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğunu ehtimal edirəm.