Respublikamız son illər istər siyasi, istər iqtisadi, istərsə də hərbi sahədə böyük uğurlar əldə etməkdədir. Azərbaycan iqtisadi və hərbi gücünə görə regionun lider ölkəsinə çevrilib. Ulu öndərin qurucusu olduğu Azərbaycan dünyanın söz sahibinə çevrilmiş bir dövlətinə çevrilib. Bütün bunlar Prezident İlham Əliyevin gərgin əməyinin nəticəsdir. Respubliamız MDB məkanında çox az ölkələrdəndir ki, iqtisadi böhran nəticəsində geriləmə baş vermədi, əksinə, dünya ölkələrindən fərqli olaraq, ölkəmiz daha sürətlə inkişaf etdi. İstər ÜDM artımına, istərsə də sənaye, kənd təsərrüfatı sahəsində inkişafa nail olunub ki, bu, ölkə rəhbərliyinin uğurlu siyasətindən irəli gəlir. Onu da qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti Azərbaycan Prezidenti ilə Ermənistan prezidenti arasında növbəti görüş noyabrın sonunda olacaq. Bu və digər məsələlərə aydınlıq gətirmək üçün politoloq Cümşüd Nuriyevə müraciət etdik.
-Azərbaycanın beynəlxalq aləmdə imici artmaqdadır. Yəni ölkəmiz dünya miqyasında öz müsbət imicini formalaşdıra bilib. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdirə bilərmi?
-Gedən proseslər nəticəsində Dağlıq Qarabağ münaqişəsi bu il öz həllini tapmalı idi. Çox təəssüf ki, müəyyən gecikmələr yarandı. Bu, Azərbaycanın müəyyən ölkələrin təzyiqi ilə üzləşməsi ilə bağlıdı. Burada ən önəmli yeri Türkiyənin Ermənistanla protokol imzalaması oldu. Aprel ayından bu məsələ gündəmə gələndən Azərbaycan ciddi narahat olamağa başladı. Respublikamız bu məsələ ilə bağlı öz etirazını bildirib və mövqeyini açıqlayıb. Türkiyə rəsmiləri bu məsələ ilə bağlı Bakıda da bəyanatlar veriblər. Ancaq yenə də bu məsələ gündəmdədir. Yəni dekabrın 10-na qədər bu protokollar Türkiyə parlamentindən keçməlidir. Bir şeyi də qeyd edim ki, bu məsələ ilə bağlı Türkiyəyə xarici ölkələr tərəfindən təzyiqlər edilir. Respublika rəhbərliyi çalışır ki, bu məsələni gündəmdən çıxarsın. Bununla yanaşı, Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən işlər görməkdədir. Bunun bariz nümunəsi ölkə Prezidenti İlham Əliyevin Ermənistan rəhbəri Serj Sarksiyanla görüşlər keçirməsidir. Növbəti görüş də noyabrın sonunda olacaq. Diplomatik qrafikin belə sıx olması, prezidentlərin tez-tez görüşlər keçirməsi ölkəmizin Dağlıq Qarabağ münaqişəsini həll etmək ərəfəsində olduğuna dəlalət edir. Azərbaycanın siyasi, hərbi, iqtisadi sahədə nailiyyətləri ildən-ilə artmaqdadır. Bu, onu göstərir ki, Azərbaycan siyasi, iqtisadi və hərbi cəhətdən işğal olunmuş əraziləri azad etməyə qadirdir. Qeyd olunan münaqişəsinin həllinin gecikməsi Azərbaycandan çox, ölkəmizə edilən təzyiqlə bağlıdır. Həm ATƏT-in Minisk Qurupunun bu münaqişəsinin həlli ilə bağlı yetərincə fəaliyyət göstərməməsi, islam dünyasının qəti addımlar atmaması, eləcə də, qardaş Türkiyə iqtidarının son zamanlar ərzində yürütdüyü siyasət bu münaqişənin həllini gecikdirdi. Ermənilər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı istəklərinə nail ola bilməyəcək. Həmçinin, xalqımız hər zaman Prezident İlham Əliyevin arxasındadır. Yəni xalqla Prezident İlham Əliyevin birliyi nəticəsində, heç şübhəsiz ki, münaqişə öz həllini tapacaq.
-Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə sərhədlərini açarsa, bu, müsəlman ölkələri tərəfindən necə qarşılanacaq?
- Qeyd etdiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə ilə Ermənistan arasında sərhədlər açılarsa, düşünmürəm ki, müsəlman ölkələrinin buna sərt reaksiyası olsun. Azərbaycanla bir geopolitik məkanda yerləşən Qazaxıstan və Qırğızıstan, Özbəkistan bu məslədə kifayət qədər aktiv deyil. Bundan əlavə, Fələstin münaqişəsi uzun illərdir ki, davam etməkdədir. Yəni hələ də həllini tapmayıb. Belə ki, hələ də ərəb ölkələri bu münaqişəni həll edə bilməyiblər. Müxtəlif dillərdə danışan Avropa ölkələri Avropa Birliyi yaratsalar da, dini və dili bir olan ərəb dövlətləri belə bir ittifaq yarada bilməyiblər. Bu da, onu deməyə əsas verir ki, islam dünyasının beşiyi olan ərəb dünyası və ümumən İslam ölkələri arasında birlik mövcud deyil. Türkdilli ölkə olan Türkmənistan Xəzər dənizinin bölüşdürülməsi ilə əlaqədar Azərbaycanı beynəlxalq arbitraj məhkəməsinə verməklə hədələyir. Digər Xəzəryanı dövlət olan İran müsəlman ölkəsi olsa da, onun siyasəti başqadır. Yəni İİR-i başa düşmək olar. Ancaq türkdilli ölkə olan Türmənistanın hərəkəti başa düşülən deyil. Yəni bütün bunlar göstərir ki, Türkiyə və Ermənistan arasında sərhədlər açılarsa, bu, müsəlman ölkələrinin narazılığına səbəb olmayacaq.
-Ekspertlərin fikrincə, NABUCCO layihəsi tezliklə reallaşacaq. Bunun nəticəsində ölkəmiz siyasi və iqtisadi baxımdan nələr əldə edəcək?
-Türkiyə ilə Rusiya iqtidarı "Cənub axını" layihəsini müzakirə edib. Bu layihə də NABUCCO layihəsinə alternativdir. Rəsmi Moskva da adıçəkilən layihəni tamamilə gündəmdən çıxarmağa çalışır. NABUCCO layihəsinin reallaşmaması RF ilə ABŞ-ın birgə planıdır. Çünki adıçəkilən layihə reallaşarsa, Avropa enrji təhlükəsizliyini təmin etsə, ABŞ-ı bir qədər özündən uzaqlaşdıra bilər. Rəsmi Vaşiqton da bunu anladığı üçün NABUCCO layihəsinin reallaşmaq istəmir.
-Rusiya-ABŞ hər zaman biri-birinə əks mövqedə olub. Hazırda adları çəkilən ölkələr arasında isti münasibətlər yaranmasını nə ilə izah edərdiniz?
-Bu, onunla əlaqədardır ki, həm RF, həm də ABŞ Türkiyənin güclənməsini istəmir. Belə ki, Türkiyə müsəlman dünyasında ən güclü dövlətdir. Rusiyanın da daxilində 6 türkdilli subyekt var. Bunların içərisində Tatarıstan və Başqırıstan kifayət qədər güclüdür. Yəni RF-nin parçalanma təhlükəsi var. Buna görə də, həm Rusiya, həm də ABŞ Türkiyənin Qafqaza girməsini istəmir. ABŞ Rusiya ilə yaxınlaşaraq və erməni kartından istifadə edərək, Türkiyəni türk dünyasından və bütövlükdə, müsəlman aləmindən qoparmaq istəyir. Buna görə də, RF ilə ABŞ-ın maraqları üst-üstə düşdüyü üçün Türkiyə qurban seçildi. Çox təəssüf ki, AKP iqtidarı da ABŞ-ın bu siyasətinin qurbanına çevrildi və adıçəkilən dövlətin siyasətini yerinə yetirməli oldu. Yəni qeyd etmək istəyirəm ki, RF ilə ABŞ-ın yaxınlaşmasında əsas məqsəd Türkiyənin güclənməsinin qarşısını almaqdır.