- Əhməd bəy, müxalifət düşərgəsində partiyalararası qarşıdurmalar həm də bloklara sirayət olunmaqdadır. Bunun səbəbini, kökünü nədə axtarmaq olar?
- "Azadlıq" bloku ilə elə bir problemimiz yoxdur. Çünki bu blok, faktiki olaraq, fəaliyyətdə göstərmir. Blok liderləri yalnız telefon vasitəsilə bəyanatlar verirlər. Təəssüflər olsun ki, müxalifətin böyük bir qismi "pripiska" ilə məşğuldur. Yəni, heç bir fəaliyyət göstərmədən yalandan özlərini aparıcı partiyalar, əsas bloklar kimi müxalifət qismində ictimai rəyə təqdim etməkdə davam edirlər. Bu da, əslində, bir yanlışlıqdır. "Demokratiya Uğurunda İttifaq" bu gün Azərbaycanda fəaliyyət göstərən, hakimiyyətin uğurlarını qiymətləndirən, konkret və məqsədyönlü mövqe sərgiləyən yeganə blokdur. "Qarabağ və Respublika Uğurunda Hərəkat" hazırda yoxdur. Bu hərəkat əvvəlcədən heç bir prinsipə söykənmədən yaranmışdı. Vaxtilə, referendum əleyhinə olan qüvvələrə hansısa qrant ayrılması məsələsi gündəmdə idi. Həmin ideya ətrafında toparlanma getmişdi ki, guya müxalif qismində yeganə qurum "QRUH"-dur. Referendumda daha çox saxtarkarlıq faktları toplamaqla hakimiyyətə təzyiq mexanizmlərini ortaya qoymaq funksiyasını yerinə yetirirdi. Hansısa prinsip, məqsəd, milli dəyərlər ətrafında formalaşmadığı əvvəlcədən bəlli idi. Biz də dəfələrlə bildirmişdik ki, hansısa ciddi məsələ ilə üzləşərkən bu birliyə daxil olan partiyalar bir-birlərini kəskin ittiham edəcək. Bir müddət keçəndən sonra bəlli oldu ki, bu birliyə daxil olan partiyaların hakimiyyətlə işbirliyində olduğu haqqında faktlar var.
- Konkret hansı partiyalar nəzərdə tutulur?
- Bununla bağlı bizim dəfələrlə açıqlamalırımız olub. Qəzetlərdə həmin partiyaların sədrləri aylarla məni söyüblər. Bu adamaların adını çəkib onları təzədən reklam etməyə dəyməz.
- Dediniz ki, qrant almaq üçün həmin blok yaradılmışdı. Bax, bu, kifayət qədər ciddi ittihamdır. Onların sizi yenidən mətbu orqanlarında tənqid və təhqir etmələrindən çəkinmirsiz ki?
- Mən həqiqəti söyləyirəm. "DUİ"-yə gəldikdə isə, bu blok "Azadlıq" və "QRUH"-a nisbətən müzakirə mövzusuna çevrilə bilməz. Çünki onların fəaliyyəti yoxdur. "Azadlıq" bloku adlı qurum ortada yoxdur.
- Əli Kərimov "Azadlıq" bloku adından bəyanatlar verir...
- Hər bir kəs evində oturub bəyanat verə bilər. Siyasi bəyanat vermək üçün təşkilatın fəaliyyəti, tədbirləri, aksiyaları olmalıdır. İndi ABŞ-da oturub Azərbaycanda telefon vasitəsi ilə iclas keçirmək mümükündür.
- Yəni Əli Kərimov, Əli Əliyev, Lalə Hacıyeva bir-biri ilə telefon vasitəsilə əlaqə saxlayırlar?
- Təqribən. Çünki heç bir partiyanın siyasi qərərgahı yoxdur. Mənəm-mənəm deyib, heç bir tədbir, aksiya keçirməyən siyasi partiya "lider"indən bundan artıq nə gözləmək olar? Ona görə də ciddi siyasətlə məşğul olmaq istəyənlərin qarşısını almağa, "Bizdən başqası yoxdur" görüntüsünü qoruyub saxlamağa çalışırlar.
- Həmin blokların və çevrənin dağılıb pərəkənda hala düşməsi Əhməd bəyin arzuladığı hədəflərdəndir?
- Müxalifət düşərgəsinin zəifləməsinin tərəfdarı deyiləm. Sadəcə olaraq, kimlərinsə yalançı görüntü verməsinin əleyhinəyəm.
- 4-5 il bundan əvvəl tənqid etdiyiniz partiyalarla sıx əməkdaşlıq münasibətiniz var idi. Bu gün vaxtilə onlarla əməkdaşlıq etdiyinzə görə peşmançılıq çəkmirsiniz ki?
- Şəxsi baxımdan bizim heç kəslə düşmənçiliyimiz yoxdur. Ancaq Azərbaycanın milli maraqlarına zidd hərəkət edən, demokratik prinsiplərdən uzaq olan partiyalarla əməkdaşlıq etmək bizdə təəssüf hissi doğurur.