PDF Oxu

Müsahibə

  • 9

Raqif Abbasov: “Xanımların idmanla məşğul olmasına mentalited prizmasından baxmaq düzgün deyil”

Raqif Abbasov: “Xanımların idmanla məşğul olmasına mentalited prizmasından baxmaq düzgün deyil”
- Raqif müəllim, məlumdur ki, paytaxtda bir çox uşaqlar valideynləri, qohumları və yaxud digər şəxslər tərəfindən istismar olunaraq dilənçilik etməyə məcbur olunurlar. Baş idarə bu uşaqların küçələrdən yığılaraq təhsilə yönlənmələri istiqamətində işlər aparırmı?
- Biz hüquq - mühafizə orqanları, Ailə-Qadın Komitəsi, təhsil strukturları ilə birgə bu yöndə işlər aparırıq. İslah əmək müəssisələrində də işlər aparılır. Onlar "risq" qrupuna aid olan uşaqlardırlar. Araşdırmalar göstərir ki, bu uşaqların çoxunun valideyinləri var. Onların böyük əksəriyyətinin əməkləri valideynləri tərəfindən istismar olunur. Bu uşaqlar təhsildən - qeydiyyatda olduqları məktəbdən də davamiyyətə görə uzaqlaşdırılmış olurlar. Onlar çox nadir hallarda qaçqın və köçkün uşaqları olurlar. Belə dilənçilərin arasında bir qrup əcnəbi vətəndaşlar - Gürcüstan və İran nümayəndələri da var. Biz baş idarə olaraq "Risq" qrupu ilə bağlı küçə kampaniyaları keçirmişik. Bundan əlavə, uşaq evlərində yaşı 17-yə çatmış uşaqların qeydiyyata düşməsi, şəxsiyyət vəsiqələri almaları, təminat məsələləri barədə müzakirələr aparır və aidiyyatı strukturlarla birlikdə müvafiq qanunvericiliyə uyğun tərzdə tənzimləyirik.
- Redaksiyamıza daxil olan məlumatlara görə, Bakıda fəaliyyət göstərən idman zallarının (trenajor və digər) qiymətləri çox bahadır və həmin zallarda mütəxəssislər deyil, adi vətəndaşlar işləyirlər. Onlar özəl obyektlər olsalar da, bu işlərə dövlət tərəfindən nəzarət edilirmi?
- Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin nəzdində, balansında heç bir idman qurğusu yoxdur. Buna baxmayaraq, gənclər və idman nazirliyinin xətti ilə tikilib istifadəyə verilən, nazirliyin və Milli Olimpiya Komitəsinin balansında olan bütün idman qurğuları peşəkar idmançılara təmənnasız, peşəkar məşqçilər tərəfindən idarə olunan xüsusi qruplara isə güzəştli şərtlərlə xidmət göstərir.
Bakıda fəaliyyət göstərən özəl və şəxsi zallara isə xüsusi diqqət ediləcək. Təkcə maliyyə məsələləri yox, həm də orada idmançıların zədə ala bilmə təhlükələri aradan qaldırılacaq. Belə ki, idman qurğularında peşəkar mütəxəssisin çalışmadığı halda, insanlar xəsarətlər ala, artıq yükləmədən orqanizmlərini pis vəziyyətə sala bilərlər. Buna görə də, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi nazirlik qarşısında bu kimi məşqçilərin kateqoriyasının alınması üçün vəsatət qaldırıb. Kateqoriyalar isə Nazirlər Kabinetinin təsdiq etdiyi xüsusi göstəricilərə söykənməlidir.
- Raqif müəllim, ölkəmizdə daha çox qızların idmanla məşğul olmaları, dünya səviyyəsində yüksək nəticələr göstərmələri istiqamətində hansı işlər aparılır?
- Sovetlər dövründə qızların yığma komandalara düşməsi əngəllənirdi. Xanımlar arasında təbliğat çox zəif idi. Müstəqillik dövründən sonra, xüsusilə, 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbəriyindən sonra qızların idmanda kütləviliyinə xüsusi önəm verildi. Bunun nəticəsi olaraq Azərbaycan şahmatında qızların sayı oğlanlarından heç də geri qalmır. Voleybol idman növündə xanımların göstəriciləri kişilərin göstəricilərindən xeyli yaxşıdır. Otüstü hokkeydəki qruplarda uşaq-gənclər idman məktəblərində məşğul olan qızların sayı xeyli artıb. Bədii Gimnastika Federasiyasının xüsusi işlərindən və Mehriban Əliyevanın federasiyanın prezidenti seçilməsindən sonra həm fərdi yarışlarda, həm də komanda yarışlarında göstəricilər artıb. Hazırda avarçəkmə, velosiped, badminton, qadınlar arasında futbol, atletika idman növlərinə xanımların cəlb edilməsi işləri aparılır. Qeyd edim ki, ötən il paytaxt idmançılarının qazandıqları medalların 30 faizi xanımların payına düşüb. Düşünürəm ki, bu il bu göstəricilər daha da artacaq. Kifayət Qasımovanın cüdo üzrə dünya çempionatında mükafatçılar sırasına düşməsi, sərbəst güləşdə Sonanın mükafatçılar sırasına düşməsi bu növlərə də qadınların axınını artıracaq. Artıq XXI əsrdəyik. Bu, yeni düşüncələr əsridir. Stereotiplər dəyişməlidir. Xanımların idmanla məşğul olmasına mentalitet prizmasından baxmaq düzgün deyil.
- Federasiya rəhbərliyi ilə görüşləriniz olurmu?
- Bəli, biz federasiya rəhbərlikləri ilə mütəmadi görüşlər keçiririk və bu da proseslərin məntiqi nəticəsi ilə tamamlanır. Məsələn, bir müddət öncə, sambo federasiyasının prezidenti ilə tez-tez görüşdük, ezamiyyətdə bir idmançıya köməklik etdik və idmançımız Avropa çempionatında gümüş medal qazandı. Avarçəkmə federasiyasının prezidenti ilə görüşümüz olub, birlikdə Mingəçevir Kür bazasında tədbir keçrmişik. Motosiklet idman növünün prezidenti ilə görüşmüşük, paytaxt yarışının keyfiyyətini dəyişmişik. Kapoeyra federasiyasının prezidenti ilə görüşümüz olub və məktəblərdə açıq dərslər keçirmişik. Sumo fedeasiyanın prezidenti ilə görüş olub, Bakıda festival keçirtmişik. Milli İdman Növləri Assosiasiyasının rəhbəri ilə görüşümüz olub və gələcəkdə milli idman növləri üzrə daha çox yarışların keçirilməsini təşkil edəcəyik. Güləş, boks, cüdo, atletika federasiyasının vitse-prezidentləri ilə də mütəmadi əlaqə saxlayırıq.
- Raqif müəllim, Xəzəryanı ölkələrin idman oyunlarını keçirmək barədə digər ölkələrlə danışıqlar aparılırdı. Danışıqlar nəticə verdimi?
- Naxçıvan Muxtar Respublikasında Türkdilli Dövlətlərin Sammitinin keçirildiyi müddətdə türkdilli dövlətlərin idman oyunlarının keçirilməsi barədə fikirlər səsləndi. Nəzərə alsaq ki, Qazaxıstan, Türkmənistan və Azərbaycan türkdilli dövlətlərdir, bu fikir bir az da genişlənir. Düşünürük ki, bu yarışlara Xəzəryanı ölkələrdən başqa, dövlətimizin idman sahəsində əməkdaşlıq etdiyi ölkələr də dəvət oluna bilərlər. Biz qərara almışıq ki, yarışlar hərbçilər arasında keçirilsin və bura həm türkdilli dövlətlərin, həm də Xəzəryanı ölkələrin gənc idmançıları cəlb olunsunlar.

Digər xəbərlər