PDF Oxu

Müsahibə

  • 7

“2010-cu ildə əsaslı və investisiya xərclərinə ayrılacaq vəsaitlərin həcmi kifayət qədər böyükdür”

“2010-cu ildə əsaslı və investisiya xərclərinə ayrılacaq vəsaitlərin həcmi kifayət qədər böyükdür”

- Vüqar müəllim, 2010-cu il üçün dövlət büdcəsi artıq müzakirə olunmaqdadır. Bu il büdcədə neftin qiyməti 70 dollar, gələn il üçün 45 dollar müəyyənləşib. Ümumilikdə, dövlət büdcəsini necə qiymətləndirirsiniz?

- 2010-cu il dövlət büdcəsi 2009-cu il dövlət büdcəsindən bir sıra spesifik xüsusiyyətinə görə fərqlənir. 2010-cu il dövlət büdcəsində neftin bir barrel qiyməti 45 dollar müəyyənləşdirilib. Gələn ilin büdcə gəlirlərinin keçən illə müqayisədə aşağı olmasının proqnozlaşdırılması birbaşa neftin qiymətinin dövlət büdcəsində aşağı göstərilməsi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, neftin dünya bazarında qiyməti 70 dollardan artıqdır. Bu gün MDB ölkələrində 2010-cu ilin dövlət büdcəsi layihəsində azalmalar var. Azərbaycanın dövlət büdcəsində azalmaların olmasına baxmayaraq, reallıq ondan ibarətdir ki, 2010-cu ilin dövlət büdcəsinin rəqəmləri dövlət gəlirlərinin həcminə görə Azərbaycanın regionda lider ölkə olduğunu təsdiq edir. 2010-cu ildə Ermənistanın dövlət büdcəsinin xərcləri 2,2 milyard, Gürcüstanda 3,8 milyard dollar proqnozlaşdırılıbsa, Azərbaycanın isə dövlət büdcəsinin xərcləri 12 milyard dollardan artıqdır. Bu, o deməkdir ki, Azərbaycanın dövlət büdcəsinin gəlirləri Ermənistan və Gürcüstanın birgə dövlət büdcəsinin gəlirlərindən 2 dəfədən çoxdur. Azərbaycanın dövlət büdcəsi gələn il üçün kifayət qədər ehtiyata malikdir. Bu baxımdan, büdcənin gəlir və xərclərinin icrasında problemlər yaranmayacaq. Azərbaycanın dövlət büdcəsi formalaşması baxımından, qonşu ölkələrdən xeyli dərəcədə öndə olmasını göstərir.

- Büdcədə neftin qiymətinin 70 dollardan 45 dollara endirilməsi, onu deməyə əsas verirmi ki, ölkədə qeyri-neft sektorunun inkişafı kifayət qədər yüksəkdir?

- Dövlət büdcəsində neftin bir barrel qiymətinin 70 dollardan 45 dollara endirilməsi 2010-cu ildə qeyri-nefti sektorunda gəlirlərin formalaşmasında daha öndə olacağından xəbər verir. Neftin bir barrel qiymətinin dövlət büdcəsində azaldılması imkan verəcək ki, dövlət büdcəsinin formalaşmasında qeyri-neft sektorunun payını artırmaq mümkün olsun. Azərbaycanın dövlət büdcəsinin qeyri-neft sektoru hesabına formalaşdırılan gəlirləri Ermənistan və Gürcüstanın birlikdə dövlət büdcəsindən çoxdur. Qeyri-neft sektorunun dövlət büdcəsində payının artması artıq neft amilinin tədricən yumşaltmağa və aradan qaldırmağa imkan yaradır. Neftin bir barrel qiymətinin 45 dollardan götürülməsi stabil baxımdan doğrudur. Bu, o deməkdir ki, bütün hallarda 2010-cu ildə heç bir xərcə-istər investisiya, istərsə də digər xərcələrin ixtisar edilməsinə ehtiyac qalmayacaq. Dövlət büdcəsinin formalaşması qeyri-neft sektorunun hesabına həyata keçirilməsi imkan verəcək ki, 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulan bütün layihələri həyata keçirmək mümkün olsun. Əgər neftin bir barrel qiyməti indiki səviyyədə qalxarsa, artımlar baş verər. Onda dövlət büdcəsinin gəlir və xərclərinin artırılması mümkündür. Ona görə də, 2010-cu ilin dövlət büdcəsinin spesifik xüsusiyyəti ondan ibarətdir ki, bu büdcə realdır. Bu neftin qiymətindən asılı deyil.

- İddia olunur ki, büdcədə müəyyən qədər investisiya və sosialyönümlü layihələrin təxirə salınması baş verir. Bütün bunlar reallığı əks etdirirmi?

- 2010-cu ilin dövlət büdcəsində yalnız cari xərclərə 6 792 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Onun da 4386 milyonu əsaslı xərclərdir. 2010-cu ilin investisiya proqramlarına böyük vəsait ayrılacaq. 2010-cu ildə bu istiqamətə ayrılan vəsaitləri kəskin artırmaq mümkün deyil. Əgər qlobal maliyyə böhranı dövründə yaşayırıqsa, çox kəskin şəkildə investisiya xərclərinin artırılması çox ciddi neqativ hallara gətirib çıxara bilər. Güman edirəm ki, 2010-cu ildə əsaslı və investisiya xərclərinə ayrılacaq vəsaitlərin həcmi kifayət qədər böyükdür. Ona görə də, gələn il investisiya proqramlarının müəyyənləşməsində problemlər yaranmayacaq. 2010-cu ilin dövlət büdcəsinin sosialyönümlü xərclərin büdcədəki çəkisi 35 faiz-4 milyon manata yaxın olacaq. Bu da, ondan xəbər verir ki, gələn il həm sosial, həm də investisiyayönümlü proqramlara daha çox vəsait ayırmaq mümkün olacaq.

- Manatın məzənnəsi ilə bağlı qeyri-ziddiyyətli fikirlər səsləndirirlər. Guya Azərbaycan manatı digər valyutalardan kifayət qədər zəifləyib, dəyərini itirib. Belə fakt mövcuddur?

- Manatın məzənnəsinin qeyri-valyutalara nisbətən aşağı düşməsi ilə bağlı iradlarla razı deyiləm. Azərbaycan manatının məzənnəsinin dollara nisbətən aşağı düşməsi də qeydə alınmayıb. Əslində, burada bir yanlışlıq əmələ gəlib ki, manatın avro və funt sterlinqə nisbətən məzənnəsinin aşağı düşməsi manatın aşağı düşməsi kimi xarakterizə edilə bilməz. Bu, birbaşa onunla bağlıdır ki, avro və funt sterlinqin məzənnəsi dollara nisbətən yüksəkdir. Azərbaycanda Mərkəzi Bank tərəfindən manatın yalnız dollara nisbətən birbaşa məzənnəsi müəyyənləşdirilir. Manatın məzənnəsinin aşağı düşməsi və yalnız dollara nisbətən dəyişməsi ilə ölçülə bilər. Qeyd edim ki, manat ili kifayət qədər uğurla başa vurdu.

Digər xəbərlər