- Azərbaycanla Türkiyə arasında yaranmış soyuqluğun iki ölkənin dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri fonunda aradan qaldırıldığını demək olarmı?
- Azərbaycanla Türkiyə arasında yaranmış olan vəziyyəti problem adlandırmaq olmaz. Sadəcə olaraq, bu vəziyyətlə bağlı tərəflər arasında müəyyən narahatçılıq var idi. İndi bu narahatçılıqlar öz qaydasına düşüb. Mövcud situasiyada nəzərə alınmalıdır ki, Türkiyə böyük dövlətdir. İkincisi, Azərbaycana dost, qardaş, üçüncüsü isə 1918 və 1991-ci illərdə ölkəmizin istiqlalının bərqərar olunmasında və tanınmasında bu ölkənin çox böyük rolu olub. İki ölkə arasındakı münasibətlərə heç bir halda digər dövlətlərlə olan münasibətlər müstəvisində baxmaq olmaz. Bu, xalqlarımızın yaxınlığı, milli etnik köklərimizə, ümumi mədəniyyətimizə, tariximizə, ənənəmizə bağlılığımızdan irəli gəlir. Dünyada və regionda gedən proseslər müəyyən qədər narahat məqamlar yaratmışdı. Prezident cənab İlham Əliyevin özünün dediyi kimi, Türkiyə ilə Azərbaycan arasında hər hansı bir məsələdə fikir ayrılığı yoxdur. İndiki proseslərin də qaydasına düşəcəyini bildirib.
- Ermənistanın xarici işlər nazirinin bəyanatına əsasən, əgər Türkiyənin və Ermənistanın parlamentləri iki ölkə arasında imzalanan protokolları ratifikasiya etməsə, onlar öz dəyərini itirəcək. Bunu hər hansı mənada hədə mesajı kimi qəbul etmək olar?
- Ermənistanın Xarici İşlər Nazirliyi çox söz deyə bilər. Ancaq Türkiyənin siyasətində ən önəmli yeri Azərbaycan tutur. Əminliklə deyirəm ki, Türkiyə Azərbaycanın maraqları nəzərə alınmadan heç bir addımı atmaz. Bu baxımdan, Ermənistanın məqsədi Azərbaycanla Türkiyə arasında bir ayrılığın yaranması və onun dərinləşməsini daha da qızışdırmaqdan ibarətdir. Ona görə də, biz bu məsələlərdə diqqətli olmalıyıq və Ermənistan tərəfindən səsləndirilən fikirlərə milli maraqlarımız nöqteyi-nəzərindən yanaşmalıyıq.
- Sizcə, Ermənistan prezidenti Serj Sarkisyanın vaxtaşırı olaraq Moskvaya səfər etməsi nə ilə bağlıdır?
- Ümumiyyətlə, Ermənistan Azərbaycandan fərqli olaraq müstəqil dövlət deyil. Onun istər daxili, istərsə də xarici siyasətii bilavasitə Ermənistanın özündə müəyyən olunmur. O, bir tərəfdən, Rusiyanın regionda aləti rolunu oynayır, digər tərəfdən də, ölkənin idarə olunmasında diaspora təşkilatları xüsusi söz sahibidirlər. Bu baxımdan, Sarkisyanın qısa müddət ərzində Rusiyaya bir neçə dəfə səfər etməsinin məqsədi aydındır. Çünki baş verən proseslərin hamısı Rusiya ilə müzakirə olunur və Ermənistanın bu sənədə imza atması Rusiya sifarişi idi. Yəni Ermənistan atdığı addımları Rusiya ilə razılaşdırır.
- Rusiyanın Cənubi Qafqazda sabitliyin bərpa olunmasında maraqlı olduğunu demək olar?
- Regionda sabitliyin bərpa edilməsi, uzunmüddətli sülhün bərqərar olunması Rusiyanın mövqeyindən asılıdır. Rusiya regionun güclü ölkəsidir və o ATƏT-in Minsk Qrupunun Həmsədrlik İnstitutunun həmsədrlərindən biridir. Yaxın keçmişdə bu ərazilər sovet ittifaqının sərhədləri daxilində idi. Ona görə də, bu ərazilərdə Rusiyanın imkanları böyükdür. Bu baxımdan, Ermənistanın istənilən məsələdə Rusiya ilə məsləhətləşmələr aparması qəbulediləndir. Çünki onlar Rusiya ilə təhlükəsizlik sazişindədirlər. Ermənistanın təhlükəsizliyinə qarant verən dövlətlərdən biri məhz Rusiyadır. Ancaq hesab edirəm ki, bölgədə uzunmüddətli sülhə nail olmaq üçün Rusiya öz yardımını göstərməlidir. Yəni daha yaxşı olar ki, bu prosesə mane olmaqdansa, onun iştirakçısına çevrilsin. Artıq bunun əlamətləri görünür.
- Cəmil bəy, əgər Dağlıq Qarabağ münaqişəsi həll olunarsa, Rusiyanın regiona təsir imkanları aradan qalxacaq. Bu, onun dövlət siyasəti üçün problem olarmı?
- Bu cür təzyiq metodlarından istifadə etmək heç bir zaman özünü drğrultmayıb. Bunun nə zamansa tükənən vaxtı olur. Bölgədə qalmağın ən yaxşı yolu bölgə dövlətləri ilə normal ikitərəfli və regional münasibətlər çərçivəsində demokratik əsaslarda münasibət qurmaqdan ibarətdir. İnanıram ki, Rusiya gec-tez bu yolu tutacaq.
- Bəs Qərbin bölgədə maraqları nədən ibarətdir və proseslərdə müəyyən qədər Rusiyadan az fəallıq göstərməsi barədə nə deyə bilərsiniz?
- Bu region təkcə Rusiya üçün deyil, eyni zamanda, Qərb üçün strateji baxımdan maraqlıdır. Xüsusilə, Cənubi Qafqaz enerji ilə zəngin olan region kimi qəbul olunur. Bu baxımdan, regiona Qərbin maraqlarını da təbii saymaq lazımdır. Bütövlükdə, Azərbaycanın neft strategiyasının müəyyənolunma mərhələsi başa çatdıqdan sonra Qərb bölgədə siyasi situasiyanın sabitləşməsində müəyyən dərəcədə maraqlıdır. Bu istiqamətdə artıq müəyyən əlamətlər görünməkdədir. Amma təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupunun Həmsədrlik İnstitutu əhəmiyyətli heç bir iş görmür. Sadəcə olaraq, problemi uzatmaqla məşğuldur. Onlar sanki Azərbaycanı mövcud vəziyyətlə barışdırmağa cəhdlər olur. Ona görə Azərbaycan öz ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün effektli təsir imkanları müəyyənləşdirməlidir.
- Yəni müharibənin qaçılmazlığını söyləyirsiniz?
- Müharibədən qeyri-yollar da var. Sadəcə olaraq, ATƏT-in Minsk Qrupunun Həmsədrlik İnstitutu üzərinə götürdüyü fəaliyyəti doğrultmur. Məsələn, Rusiya Həmsədrlik İnstitutuna daxildir və onun münaqişə tərəflərinin birində hərbi bazası, hərbi kontingenti var. Hətta münaqişədə olan həmin tərəfə böyük sayda silah verdiyi barədə faktlar var. Sual olunur ki, belə bir halda, Rusiya Həmsədrlik İnstitutunda təmsil oluna bilər, Türkiyə yox? Yaxud nə üçün Fransa həmsədrlərdən biri ola bilər, ancaq Almaniya ola bilməz? Bu barədə düşünməyin vaxtıdır.
- ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəyişdirilməsi günün tələbi kimi qiymətləndirilə bilər?
- Əlbəttə.
- Bəs bunun üçün konkret hansı addımların atılması vacibdir?
- Bunun üçün Azərbaycan tərəfi öz iradəsini ortaya qoymalıdır. ATƏT-in Minsk Qrupunun Həmsədrlik İnstitutundan real iş tələb olunmalıdır. Həmsədrlik İnstitutu siyasətini işğalçı dövlət ilə işğala məruz qalan dövlət arasında fərqin qoyulmaması üzərində qurmamalıdır.
- Sizcə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəyişdirilməsi münaqişənin həllinə hər hansı təsir göstərə bilər?
- Ən azından bu fəaliyyət özünü doğrultmur.
- Birləşmiş Millətlər Təşkilatında (BMT) Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair müzakirələr aparılıb. Hətta Azərbaycan tərəfi bununla bağlı layihə təqdim edib. Bu layihənin BMT-nin Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməsi və ya qərar halına çevrilməsi realdır?
- Bu proseslərlə ətraflı tanış deyiləm. Amma hesab edirəm ki, Azərbaycan tərəfi bu layihəni gərəkli olduğu üçün təşkilata təqdim edib.