PDF Oxu

Müsahibə

  • 16

Eldar Namazov: “Ermənistan cəmiyyəti terrora meyillidir”

Eldar Namazov: “Ermənistan cəmiyyəti terrora meyillidir”

- Azərbaycan və Türkiyənin dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri iki ölkə arasında mövcud olan problemin aradan qaldırıldığını deməyə əsas verirmi?

- Hesab edirəm ki, artıq problemlərin bir qismi öz həllini tapıb. Bayraq qalmaqalı son zamanlar insanları narahat edən ən vacib məsələlərdən idi. Sevindirici haldır ki, Türkiyə tərəfindən buraxılan bu yanlışlıq aradan qaldırıldı. Eyni zamanda, Azərbaycanda da türk bayraqları öz yerinə qaldırılıb. Buna baxmayaraq, Azərbaycan Türkiyə arasında hələ fikir ayrılığı mövcuddur. Bu da Ermənistanla Türkiyə arasında imzalanan protokolla bağlıdır. Güman edirəm ki, bu məsələ ətrafında məsləhətləşmələr hələ davam etdirilməlidir. Prosesin ilkin mərhələsindəyik. Etiraf etmək lazımdır ki, Rusiya - Gürcüstan müharibəsindən sonra bölgədə vəziyyət xeyli dəyişib. Bugünkü Cənubi Qafqaz iki il bundan öncəki Cənubi Qafqaz deyil. Gərək Azərbaycanın yürütdüyü siyasət çevik olsun. Ona görə ki, bu proseslər ölkəmiz üçün kifayət qədər böyük təhlükələr vəd edir. Bu mənada, Türkiyə ilə aparılan məsləhətləşmələri çox yüksək səviyyəyə qaldırmaq lazımdır. Regionda proseslərə təsir edən digər dövlətlərlə, ABŞ, Rusiya, eləcə də Avropa Birliyi (AB) ilə sıx əməkdaşlıq edilməlidir ki, gözlənilən təhlükələrin hamısı dəf edilə bilsin.

- Ermənistanın xarici işlər naziri bəyan edib ki, protokolların imzalanmasından sonra tərəflərin parlamentləri onu ratifikasiya etməyəcəksə, deməli, bu sadə kağız parçasından ibarətdir. Bu bəyanatın arxasında dayanan siyasi marağı necə izah etmək olar?

- Bu gün də Ermənistanda bu protokollar ətrafında ciddi mübahisələr gedir. Əminəm ki, Ermənistan hakimiyyəti bu protokollara səmimiyyətlə imza atmayıb. Ermənistanın hazırkı vəziyyəti onları bu protokolları imzalamağa məcbur edirdi. Ona görə ki, orada son bir il ərzində ümumi daxili məhsulun həcmi 20 faiz aşağı düşüb. Bu ölkənin prezidenti Serj Sarkisyanın özünün etiraf etdiyi kimi, Ermənistanın cəmi bir həftəlik yanacaq ehtiyatı qalıb. Bu səbəbdən də, proseslər davam etdiriləcək. Çünki Ermənistanın bütün kommunikasiyaları bağlıdır. O cümlədən, Gürcüstan ərazisindən keçən və Rusiya ilə Ermənistanı bağlayan kommunikasiya xətləri də ötən ilin avqust hadisələrindən sonra bağlanıb. Ermənistan düşdüyü ağır vəziyyətdən məcburiyyət qarşısında qalaraq, Türkiyə ilə güzəştlərə gedir. Bu cür bəyanatlar verməklə də öz ictimai rəyini sakitləşdirməyə çalışır.

- Xaricdəki erməni diasporası tərəfindən Serj Sarksiyanı hədələyici bəyanatlar səsləndirilir. Sözügedən protokolların imzalanması onların da ciddi narazılığına səbəb olub. Bu barədə nə deyə bilərsiniz?

- Dünya tarixindən bilirik ki, ən güclü kompromistlərə gedən siyasətçilərə qarşı terror aktları daim olub. Ermənistan cəmiyyətində isə, ümumiyyətlə, terrora meyillilik çox güclüdür. Ona görə də, bu cür hədə-qorxuları ciddi qəbul etmək olar.

- Yəni Ermənistan prezidentinin öldürülməsi təhlükəsi var?

- Hər halda, parlamenti və bir sıra vəzifəli şəxsi güllələnən ölkədə hər bir hadisə baş verə bilər. Əgər sovetlər dövründə Moskva şəhərində metro stansiyalarını partladırdılarsa, ABŞ və Avropada türk diplomatlarına, eyni zamanda, Bakı şəhərində sakinlərə qarşı terror hadisələri törədirdilərsə, deməli, bu təhdidlər də reallaşa bilər. Bu, sanki erməni cəmiyyəti arasında siyasi ənənəyə çevrilib. Hətta onları millətlər içərisində terrorluğa meyillikdə birinci sırada da qəbul etmək olar. Bu mənada, Ermənistanda hər hansı bir terror hadisəsinin baş verməsinə təəccüblənmirəm. Təəssüflər olsun ki, terrorçuluqdan erməni mentalitetində və onların dövlət siyasətində bir alət kimi istifadə olunur.

- Sizcə, nə üçün dünya birliyi terroru özünün dövlət siyasəti hesab edən bir ölkəyə qarşı tutduğu əməllərin qarşılığında konkret qərar qəbul edə bilmir? Bunu mövcud situasiyaya ikili standartlardan yanaşmanın nəticəsi kimi qiymətləndirmək olar?

- Qeyd edim ki, Ermənistan bu terror alətindən çox böyük hiyləgərliklə istifadə edir. Onlar çalışır ki, bunu dövlət siyasəti kimi inkişaf etdirərək, hansısa ictimai qurumların boynuna atsın. Məsələn, ASALA kimi terror bir təşkilat Ermənistanla heç bir əlaqəsi olmadığını bildirir. Bildiyimiz kimi, ABŞ və Avropada baş verən terror aktlarına görə bu təşkilatın nümayəndələri həbs olunublar.

- Artıq Serj Sarkisyan neçə dəfədir ki, qısa müddət ərzində Rusiyaya səfərə dəvət olunur. Rəsmi Moskvanın ona bu qədər maraq göstərməsinin arxasında hansı məqsədlər dayanır. Eyni zamanda, o görüşlərdə hansı məsələlər müzakirə mövzusu olub?

- Rusiya - Erməistan münasibətləri çətin dövrünü yaşayır. Ona görə ki, Ermənistan məcburiyyət qarşısında qalaraq Türkiyənin bir çox şərtini qəbul edib. Türkiyənin ərazi bütövlüyünün tanınması, qondarma soyqırım iddiasından geri çəkilməsi və s. şərtləri protokollara imza atmaqla qəbul ediblər. Təbii ki, Türkiyənin indiki iqtisadi potensialını, Ermənistanın isə bununla bağlı ciddi problemlər yaşadığını nəzərə alsaq, iki ölkə arasında sərhədlərin açılması birincinin ikinciyə təsir imkanlarını artıra bilər. Bu proses həm Rusiyada, həm də bu ölkə ilə bağlı Ermənistan siyasətçilərində də narahatçılıq doğurur. Güman edirəm ki, indi bu ölkələr arasında ciddi məsləhətləşmələr aparılır ki, prosesdən minimum itkisiz çıxılsın və Rusiyanın Ermənistana nəzarəti qorunub saxlanılsın. Həmçinin, bu məsələdə Türkiyənin imkanlarından istifadə edilərək Ermənistanın düşdüyü ağır iqtisadi, sosial vəziyyətdən çıxarılmasına çalışılır.

- Eldar bəy, dediniz ki, Ermənistan protokollara imza atmaqla Türkiyənin bir neçə şərtini qəbul edib. Amma işğal etdiyi Azərbaycan torpaqlarını boşaltması barədə konkret mövqe ortaya qoymayıb...

- İmzalanan protokollar çərçivəsində Türkiyənin ortaya atdığı 3 əsas şərtini sadalaya bilərik. Bunların biri Dağlıq Qarabağ münaqişəsi, digər ikisi isə sırf Türkiyə ilə bu ölkə arasında mövcud olan problemlərlə bağlıdır. Yəni, sərhədlərin tanınması və qondarma soyqırım məsələsi Türkiyənin Ermənistan qarşısında qoyduğu şərtlərdən biridir. Ermənistan Türkiyənin ərazi bütövlyünü tanıdı və qondarma soyqırımı məsələsinin araşdırılması ilə bağlı tarixi komissiyanın yaradılmasına razılıq verdi. Ancaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan şərti qəbul etmədi. Azərbaycanla Türkiyə arasında mövcud olan mübahisələr və soyuq münasibətlərin kökündə də məhz bu məsələ dayanır.

Digər xəbərlər