- Son zamanlar Türkiyə mətbuatında Azərbaycanın dövlət siyasətinin əleyhinə bir sıra yazılar dərc olunur. Sizcə, Türkiyə rəhbərlərinin verdikləri bəyanatlarla tamamilə ziddiyyət təşkil edən bu cür hərəkətin baş verməsinin arxasında hansı məqsədlər dayanır?
- Qeyd etdiyiniz addımlar Türkiyə prezidenti Abdullah Gülün, baş nazir Rəcəb Tayyib Ərdoğanın və xarici işlər naziri Əhməd Davudoğlunun verdiyi bəyanatlarla xeyli ziddiyyət təşkil edir. Təəssüflər olsun ki, Türkiyənin hakim dairələrində belə bir politoloji məqamı görməkdəyik. Bu da tarixdə özünü göstərmiş bir haldır. Yəni, onlar deyirlər ki, biz sizin istədiyiniz kimi danışacağıq, amma öz istədiyimiz kimi hərəkət edəcəyik. Bu, məşhur bir qaydadır. Bunun ikinci üslubu da var. Bu da hər hansı prosesi mərhələ-mərhələ qəbul etdirməkdən ibarətdir. Əgər bir ssenari cızılıbsa və onu köklü şəkildə var etmək mümkün olmursa, onu müəyyən zaman diapozonunadək uzadaraq, reallaşdırmağa çalışacağıq. Belə mərhələlilik artıq Türkiyə siyasətində özünü göstərir. Diqqət edirsinizsə, A.Gülün Prezident İlham Əliyevə son telefon zəngindən sonra Azərbaycan mediası və cəmiyyəti xeyli rahatlanmış oldu və özünün protest ruhunu xeyli azaltdı. Beləliklə, Türkiyə - Azərbaycan dostluq və qardaşlığının əbədiliyini bir daha ön plana qoydu. Türkiyənin hakim siyasətinin təftişini nisbətən azaltdı. Amma bu gün Türkiyə hakimiyyəti tərəfindən yönləndirilən siyasət əsasında onlar tərəfindən idarə olunan elektron və yazılı mətbuat orqanları açıq şəkildə Azərbaycan siyasətinə qarşı gəlməkdədirlər. Bu, o deməkdir ki, bizim bu məsələ ilə bağlı çıxardığımız nəticələr var.
R.T.Ərdoğan, öz növbəsində, bəyan edib ki, partiyasında təmsil olunan şəxslər istər Böyük Millət Məclisində (BMM), istərsə də ictimai proseslərdə vahid bir qüvvə kimi, onun gəldiyi qərar və çıxardığı hökmlə ayaqlaşmaqdadırlar. Yəni, burada kiminsə öz fəaliyyətinə yer olmur. Belə olan halda, Ərdoğanın bəyanatını medianın gözaltına alması və kənara atması qeyri-mümkündür. Demək ki, burada hansısa razılaşdırılmış gizli planlar var. Əsas məqsəd atılan addımları Cənubi Qafqaza, xüsusilə də, ona müqavimət göstərən Azərbaycana sırımaqdır. Azərbaycan Türkiyənin regiondakı fəal roluna etiraz etmir. Əksinə, ölkəmiz min illərdir ki, bunu arzu edir. Biz Türkiyənin bu regionda Rusiyadan və İrandan daha artıq dominant qüvvəyə çevrilməsini istəyirik. Bu ölkənin Azərbaycanla yaxınlaşması əsasında böyük bir formata çevrilməsini arzu edirik. Bu məsələdə Azərbaycanın ərazi bütövlüyünün təminatını, eləcə də Türkiyənin milli çıxarlarını və hədəflərini eyni dərəcədə istəyirik. Bu istəklər fonunda atılan addımlar Azərbaycanın milli maraqlarını zədələyəcəksə, uzun illərdir qurulmuş iqtisadi-siyasi, xarici siyasət kursuna yönəlik əks mövqelər ortaya çıxaracaqsa, Dağlıq Qarabağ üçün Ermənistanı gücləndirmiş fərqli status hazırlayacaqsa, regiondakı prosesləri büs-bütün Azərbaycanın ziyanına dəyişəcəksə, biz buna necə xeyir-dua verə bilərik? Bunun mahiyyəti aydın olmalıdır.
Hesab edirəm ki, Türkiyənin Azərbaycandakı Səfirliyi proseslərdən tezliklə nəticə çıxarmalı, öz ölkəsinin hakim dairələrini məlumatlandırmalıdır. Açığı, mənim Türkiyə səfirinin fəaliyyətinə yönəlik birmənalı qarşılanmayacaq sərt mövqelərim var. Nə üçün səfirlik bu proseslərə fəal şəkildə müdaxilə etmir? Düşünürəm ki, bu səfirliyin real diplomatik missiyası var. Bu da, ondan ibarətdir ki, iki dövlət arasında strateji müttəfiqliyə xələl gətirəcək hər hansı tendensiyaları müvafiq dövlətin rəhbərliyinə çatdırmış olsun. Bu, çox vacib və əhəmiyyətli məsələdir. Türkiyənin elə dairələri var ki, orada maraqlı ünsürlər iki ölkə arasında münasibətlərə zərbə vurmaq üçün səy göstərirlər. Heç kəs bir qəzet məqaləsini Türkiyə xalqının mövqeyi kimi qəbul edib, nəticə çıxarmaq istəyində deyil. Türkiyə hakimiyyətinin özü tərəfindən verilən və televiziyalarda və mediada yer alan Azərbaycanın milli problemi və Azərbaycan hakimiyyətinin siyasəti ilə bağlı qarayaxmaları qəbul etmir.
- Prezident İlham Əliyev Nazirlər Kabinetində keçirilən müşavirədə dünya bazarındakı real qiymətlərdən fərqli olaraq Azərbaycan qazının Türkiyəyə daha ucuz qiymətə satıldığını haqlı olaraq qeyd etmişdir. Bunun qarşılığında AKP hakimiyyətinin daha fərqli siyasət ortaya qoymasını necə şərh edərdiniz?
- Necə olur ki, bu insanlar real bazarda qazı güclü saydıqları dövlətdən baha qiymətə alırlar, amma qardaş dedikləri Azərbaycanı zəif yerə qoyurlar. Prezident İlham Əliyev də bu məsələləri böyük təəssüflə bəyan etmişdi. Rusiyadan qazı 400-420 ABŞ dollarına almaq olan, ancaq Azərbaycandan yox? Azərbaycanın bu qədər böyük problemləri, Türkiyənin dövlətçilik ənənələri, böyük imkanları və dünyanın ən güclü iqtisadiyyatına malik 20 ölkədən biri olması fonunda Azərbaycana ödənişləri utanc vermirmi? Azərbaycanın bütün beynəlxalq layihələrinin Türkiyədən keçməsini istəməklə bu ölkənin beynəlxalq miqyasda nüfuzunu qaldırmasını niyə qiymətləndirmirlər? Azərbaycanın hərbi sferalarına yardımlarını hər an başımıza vurmağa hazır olan insanlar var.
Belə çıxır ki, Türkiyə ilə Azərbaycan arasında olan qardaşlıq əlaqələri siyasi, tarixi, mədəni, etnik zəmində deyil, sadəcə, neft-qaz və dəmiryol qardaşlığıdır. Türkiyənin yürütdüyü siyasəti bunu deməyə əsas verir. Bu hadisələrdən təəssüf hissi keçirməyimizlə bərabər nəticə çıxarmalıyıq.
- Zahid müəllim, Abdullah Gülün yanında keçirilən təhlükəsizlik şurasının iclasında bir sıra nazir Ermənistan - Türkiyə sərhədlərinin açılması ilə bağlı protokolun qısa zaman ərzində BMM-də ratifikasiya olunmasının vacibliyini söyləyiblər. Bu tələskənlik nə ilə izah oluna bilər?
- Türkiyə tərəfindən bütün proseslərin xarici dairələrlə razılaşdırılmış konkret qrafik üzrə həyata keçirilməsinə vədlər verilib. Azərbaycan üçün tribunalardan söylənilən o fikirləri kənara qoysaq, proseslərin real alt qatında yazılı çox ciddi öhdəliklər var. Türkiyə bunu həyata keçirməlidir. Ondan ötrü də həmin tələskənlik ortaya çıxır. Digər tərəfdən, Əhməd Davudoğlunun məşhur kitablarında göstərdiyi və indi artıq özü həyata keçirdiyi "Qonşularla sıfır problemi" diplomatiyası nöqteyi-nəzərindən danışsaq, Azərbaycan da Türkiyənin qonşusudur. Bu addımların fonunda Azərbaycanla 100 faizlik qardaşlıq münasibətləri saxlanılmasa da, heç olmasa, problem də yaradılmamalıdır. Bu "Qonşularla sıfır problemi" diplomatiyası Azərbaycanla münasibətlərdə özünü doğrultmur. Türkiyə düşünür ki, ən yaxın və zamanında düşmən olan qonşuları, Suriya, Yunanıstan və s. ölkələrlə münasibətləri yoluna qoya biliriksə, Ermənistanla da münasibətləri yoluna qoya bilərik. Azərbaycan özümüzünküdür, hətta o, küssə və ciddi problemlər meydana çıxsa da, bunun alt qatında sonrakı addımlarla aradan qaldırmış olacağıq. Yəni, Azərbaycanın qardaşlığını nəzərə alıb, başqa alternativ seçməyəcəkdir.
Əgər Azərbaycan 1990-cı illərin ortalarındakı dövrünü yaşasaydı, bütün beynəlxalq siyasətimiz Türkiyənin üzərində qurulmuş olsaydı və onun itirilməsi ilə yalqız qalmağımız baş versəydi, tamam başqa şərait olardı. Amma Azərbaycan ötən 10 illər ərzində ulu öndər Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində özünə çox böyük beynəlxalq tərəfdaşlar qazanıb. Heç kəs unutmasın ki, bura Cənubi Qafqazdır və burada nəhəng imperiyaların silahları yerə qoyulub, böyük ssenariləri məhv olubdur. Kimsə düşünməsin ki, buranın coğrafiyası kiçikdir və buna sahib durmaq asan olar. Görürsünüzmü ki, Cənubi Qafqaz hələ də razılaşdırılmamış böyük savaşların getdiyi bir meydandır. Qafqazın hələ ağası bəlli deyil. Ona görə Türkiyənin bu məsələlərdə diqqətli olması çox vacibdir.
- R.T.Ərdoğanın "Cənub Axını" layihəsini dəstəkləməsini bəyan etməsi və Rusiyaya səfərə hazırlaşması NABUCCO layihəsinə qarşı Türkiyənin alternativ layihə ortaya qoyması kimi qiymətləndirilə bilər? Və yaxud Türkiyə bununla Azərbaycanla arasında olan soyuqluğu bir qədər də dərinləşdirmək məqsədi daşıyır?
- NABUCCO layihəsi beynəlxalq aləmdə ciddi şəkildə müzakirə olunanda, Türkiyə mediası yazırdı ki, Azərbaycan özünün fərqli iqtisadi manevr siyasəti ilə prosesə yaxından qatılmaq istəmir. Az qala bizi qınaq obyektinə çevirirdilər. Həmin dövrdə Türkiyədə idik və bu məsələləri açıq şəkildə vurğulayırdıq. Əgər Türkiyə tranzit maraqlarını haqlı olaraq ortaya qoyursa, Azərbaycanın NABUCCO-nun əsas təchizedici mənbələrindən biri kimi öz iqtisadi niyyətlərini ifadə etməsi ağrı ilə qarşılanmamalıdır. İkincisi, tranzit tarifləri məsələsində Türkiyənin göstərdiyi mövqeyə görə NABUCCO danışıqları gecikirsə, bunu başqa ölkələrin üzərinə yıxmaq lazım deyil. Növbəti mərhələdə Türkiyəni çətin də olsa razı saldılar və bəlli oldu ki, onun tamam başqa niyyətləri var. Bundan sonra NABUCCO ilə bağlı konsorsiumları və birgə tədbirləri həyata keçirməyə başladı. Tədbirlərin bir neçəsinə Azərbaycanın dövlət başçısı İlham Əliyev də qatılmışdı.
Türkiyə - Rusiya yaxınlaşmasına gəldikdə isə, bu son dövrün fenomenal hadisəsidir. Azərbaycan onsuz da Türkiyə - Rusiya münasibətlərinin yaxın olmasını istəyir. Çünki tarixdə bu iki dövlətin toqquşmalarından Azərbaycan çox ciddi ziyanlar çəkib. Bunun nəticələrini hələ də yaşamaqdayıq. Bir sözlə, Azərbaycan Türkiyə ilə Rusiya arasında dostluq və qardaşlıq münasibətlərinin bərqərar olmasının tərəfdarıdır. Amma bu, Azərbaycanın xarici siyasi maraqlarına və iqtisadi planlarına qarşı olmamalıdır. Digər tərəfdən, bəzən Azərbaycanın Rusiyanın təsir dairəsinə keçmək istəməsi ilə Türkiyəni daha çox qınadığı haqqında ittihamlar səsləndirilir. Hətta Türkiyənin rəsmi dairələrində və mediasında bunu tez-tez görməkdəyik. Biz Türkiyədə səfərdə olan zaman da bizə deyirdilər ki, Azərbaycanın Rusiyaya meyil etməsinin arxasında gizli niyyətlər dayanır. Yəni, Rusiya İttifaqında yer almağımız üçün xüsusi strategiyamız var. Əgər belədirsə, onda nə üçün Türkiyə Rusiyaya bizdən daha çox yaxınlaşır? Rusiya Azərbaycanla münasibətlərini Türkiyə ilə pis olacağı təqdirdə, daha da yaxın edə bilməz.
Bu gün Qərbin layihəsi kimi təqdim olunan Cənubi Qafqazın strateji planlarından da Rusiya qazanmaqdıdır. Ona görə də, Rusiya Türkiyə üzərinə daha çox gedir və bu proseslərdə Türkiyə rəsmiləri onlarla razılaşmış kimi görünürlər. Silve Belliskoni - Putin - Ərdoğan telekörpüsündəki danışıqlar da, sübut etdi ki, bundan sonrakı dövrdə alt qatda dayanan çox ciddi proseslər var. Türkiyə Rusiyanın siyasi orbitində çox fəal yer almağa çalışır. Əlbəttə, burada bizim də maraqlarımızı təmin edən məqamlar var. Çünki Rusiyaya təsir etmək imkanları yaranır və burada onun Ermənistana təsirini azaltmaq olar və s. Amma bu ilk baxışda belə görünür. Rusiya istənilən halda özünün simvolu olan ayı kimi pəncəsini məqsədi üzərinə qoyacaq və öz kobud davranışlarını göstərəcəkdir.
- Abdullah Gül 1993-cü ildə Ermənistan və Türkiyə rəhbərləri arasında görüşə qəti etirazını bildirmişdi. Hətta BMM-də bununla bağlı kəskin bəyanatla çıxış etmişdi. İndi daha fərqli mövqe ortaya qoymasının arxasında hansı məqsədlər dayanır?
- Hər hansı qüvvənin müxalif qüvvə kimi ortaya qoyduğu siyasəti hakim mövqedə təmsil olunduqdan sonra dəyişməsi mümkündür. Bunu siyasətdə norma kimi qəbul edirlər. Bu vəziyyət Abdullah Gül üçün o halda irad tutulmazdı ki, baş verənlər Türkiyənin və onun özünə qardaş adlandırdığı, ərazisi ərazim, bayrağı bayrağımdır dediyi Azərbaycanın maraqlarını zədələməmiş olardı. Həqiqətən, dövlət başçısı öz ölkəsinin milli maraqları naminə, bəzən öz siyasətində o üslubu, dəsti-xətti gözləməyə bilər. Bunun tarixdə yüzlərlə nümunəsini verə bilərik və bu hardasa ziddiyyət kimi təqdim edilir. Çörçillin məşhur bir fikri var: "Mən, bəzən dövlətimin maraqlarını qorumaq lazım gələndə, seçici səslərini satıram". Yəni, bu hal baş verə bilər. Hazırkı məqamda Türkiyə rəhbərliyinin yürütdüyü siyasətdən ziyan çəkənlər var.