- Siz bu yaxınlarda Türkiyədə səfərdə olmusunuz və bir sıra görüşlər keçirmisiniz. Ümumiyyətlə, sərhəd məsələsinin aktuallaşdığı bir ərəfədə Türkiyə ictimaiyyətində məsələyə münasibət necə idi?
- Siz bilirsiniz ki, bizim Türkiyədə yaşayan 2 milyondan artıq azərbaycanlı kökənli soydaşlarımız var. Onlar yüz illərdən bəri orda məskunlaşıblar. Bu aspektdən hesablamalara görə, Türkiyə vətəndaşları içərisində azərbaycanlıların sayı 3 milyona qədərdir.
Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi meydana çıxan gündən, Türkiyə ictimaiyyətində ən çox narahatçılıq keçirənlər də məhz həmin insanlardır. Çünki, nəzərdə tutulan sərhədlər həmin insanların özlərinin və yaxud ata-babalarının yaşadığı ərazilərdir. Bu mənada bu günlər Türkiyə ictimaiyyətində böyük çaşqınlıq yaşanır.
Onlar Azəri Kültür Cəmiyyəti, İstanbul-Azəri Kültür Dərnəyi, İqdır Azərbaycanlıları Dərnəyi və sairələridir. Bunlar Azərbaycanın dövlət və cəmiyyət mövqeyini bilən bir ziyalı kimi məni Türkiyəyə dəvət ediblər və Azərbaycanın Dağlıq Qarabağ problemi ilə əlaqədar məruzə ilə çıxış etməyimi xahiş ediblər.
Səfərdə olduğumuz dövrdə Türkiyə Qastrontoloji Vəqfinin 50 illik yubileyində iştirak etmişik və həmin tədbirdə Türkiyənin bütün şəhərlərində fəaliyyət göstərən 1000-ə qədər həkim, ziyalı, siyasi xadimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Onların arasında xeyli sayda azəri kökənli türklər də olub. Bizim onlarla keçirdiyimiz görüşlərdə və toplantılarda Azərbaycan Prezidentinin mövqeyini, Dağlıq Qarabağ məsələsinin tarixi və bu günü ilə bağlı, dövlətimizin yeritdiyi siyasətlə bağlı fikirlərimizi bildirdik.
Gəldiyimiz qənaətə görə, mən qətiyyətlə əmin oldum ki, Türkiyənin əhalisi, Türkiyə cəmiyyəti, qeyri-hökumət təşkilatları (QHT), siyasi partiyaları Azərbaycan Prezidenti, cənab İlham Əliyev və Azərbaycan xalqının mövqeyi ilə üst-üstə düşür. Onların əksəriyyəti sərhədlərin açılmasının əlehinədirlər.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olan insanlar da bizimlə görüşlər də sərhədlərin açılmasının ya əlehinə olduğlarını bildirirdilər, ya da öz rəhbərlərinin mövqeyini elə əsaslandırırdılar ki, sərhədlərin açılması məsələsi Azərbaycanın maraqlarına xidmət edəcək. Heç bir halda Azərbaycanın maraqları qurban verilməyəcək. Belə qənaətə gəldim ki, Türkiyənin AKP rəhbərliyi bu gün belə düşünür ki, sərhədlər açılan zaman Türkiyə-Ermənistan arasında münasibətlər yaxşılaşacaq və bu Azərbaycanın mənafelərinə xidmət göstərəcək, o cümlədən Dağlıq Qarabağ problemi də unudulmayacaq.
Türkiyə rəsmilərinin artıq dəfələrlə verdiyi bəyanatlara diqqətlə izləsək, görərik ki, Türkiyə dövlətinin rəhbərliyi heç zaman Azərbaycanın maraqlarını kimsəyə qurban verməyəcəklər. Biz yaxın müddətlərə qədər bir dövlətin tərkibində olduğumuz üçün ermənilən xüsusiyyətlərinə yaxşı bələd olmuşuq. Biz bu fikirləri Türkiyə ictimaiyyətinə də başa salmağa çalışırdıq. Yəni, siz türklər erməniləri o qədər də sadəlöv, avam hesab etməyin. Bundan əlavə, müyyən xarici dövlətlər və xarici qüvvələr var ki, ermənilərin arxasında dayanıblar və onlara heç zaman imkan verməzlər ki, yəni Türkiyənin hazırkı siyasi liderlərinin düşündüyü kimi, ermənilər güzəştə getsinlər. Ona görə biz narahtlığımızın səbəbini izah edirdik və başa salırdıq ki, sərhədlər açılana qədər Azərbaycan dövlətinin Dağlıq Qarabağla bağlı maraqları, mövqeləri nəzərə alınmalıdır.
Onlarla söhbətlərimiz zamanı müşahidə olunurdu ki, Türkiyə çox çətin vəziyyətə düşüb. Yəni, kömək duyduğumuz Türkiyənin özünə də bu gün kömək lazımdır. Onların bizim köməyimizə ehtiyacı var. Türkiyə və Azərbaycan xalqları arasında dosluğun və qardaşlığın qorunub saxlanılması, Türkiyə-Azərbaycan arasında strateji əlaqələrin qorunmasının zəruriliyi bir daha təsdiq olunub.
Türkiyədə keçirdiyimiz görüşlər zamanı başqa bir qənaətə gəldim ki, biz həmişə diaspora işi dedikdə, əsasən ermənilərin daha çox cəmləndiyi Fransa, ABŞ və digər dövlətlərdə güclü iş aparmağın zəruriliyini düşünürdüm. Amma, mən Türkiyədə, Ankarada keçirdiyim görüşlərdə bir daha əmin oldum ki, Türkiyənin özündə biz çox işləməliyik, Türkiyənin özündə hələ bizi kifayət qədər tanımırlar, bilmirlər.
Siz bilirsiniz ki, Türkiyə-Ermənistan futbol matçına gələn iki ölkənin prezidentləri arasında belə bir dialoq olub. Oyun zamanı Abdullah Gül erməni prezidenti Serj Sarkisyandan soruşur ki, bizdə "Sarı gəlin" anonim bir mahnıdır, mötərizədə qəzetlər yazır ki, müəllifi bəlli olmayan, sizdə necə?, Sarkisyan da deyir ki, bəli bizdə də bu anonim mahnı kimi qəbul olunur. Mən çox pis oldum ki, Azərbaycanın xalq mahnısı Türkiyə prezidentinin dilindən səslənmədi ki, bu Azərbaycanın xalq mahnısıdır. Bu nəyi sübut edir, inanmıram ki, Abdullah Gül bunu bilərəkdən söyləyib. Mən buna inanıram ki, Abdullah Gül "Sarı gəlin" mahnısını Azərbaycanın məhz xalq mahnısı olduğunu və xalq mahnılarının müəllifi bəlli olmayan mahnılarla eyni anlama gəlmədiyinin fərqində olmayıb. Bizim xalq mahnılarımızın müəllifi bəlli deyil.
- Sizcə Protokollar Türkiyə Parlamentində ratifkasiya olunacaqmı?
- Mən əslində bu məsələ haqqında olunacaq və yaxud da olunmayacaq şəklində cavab vermək istəməzdim. Amma ki, İsveçrədə böyük dövlətlər olan ABŞ-ın Dövlət katibi, Rusiya və Fransanın xarici işlər nazirlərinin iştirakı ilə protokollar imzalanıb. Artıq bu məsələ elə yerə gəlib çıxıb ki, Türkiyə dövləti bəlkədə geri çəkilmək istəsə də belə, bu alınmayacaq.
Ona görə də mən deyərdim ki, Türkiyə-Ermənistan arasında imzalanan Protokolun Türkiyə Parlamentində öz təsdiqini tapacağı gözlənilir. Çünki, hadisələrin inkişafı göstərir ki, onun təsdiq olunma ehtimalı böyükdür.
- Bəs Dağlıq Qarabağ məsələsi nəzərə alınacaqmı?
- Parlamentdə debatlar olacaq və Azərbaycan dövlətinin və xalqının mövqeyini ortaya qoyan, Parlamentdə gündəmə gətirən kifayət qədər bizim tanıdığımız millət vəkilləri var. Siz bilirsiniz ki, Türkiyənin Milli Təhlükəsizlik Şurasında sözügedən məsələ 7 saatdan artıq müzakirə olunub. Orada da bu məsələ gündəmə gəlib və Parlamentdə də gündəmə gələcək. Türkiyə Parlamentində çoxluq təşkil edir və müqaviləni də imzalayan onların rəhbərliyidir.
Bu Protokol konkret təsdiq olunacaq və ya olunmayacaq, amma ehtimal böyükdür. Biz də Azərbaycanı gözləyən yeni nüanslara hazır olmalıyıq.
Regionda tamamilə yeni geosiyasi vəziyyət yaranır və regionda yeni proseslər başlayır. Azərbaycan diplomatiyası da yeni oyun qaydalarına uyğun olaraq öz işlərini planlaşdırmalıdır.