PDF Oxu

Müsahibə

  • 14

Azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatında fəaldır

Azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatında fəaldır

Eldar Musayev: "Azərbaycan dövləti Gürcüstanda yaşayan azərbaycanlıların, eyni zamanda, bütün gürcü xalqının problemlərinin həllində yaxından iştirak edir"
- Eldar müəllim, əvvəlcə, istərdik ki, tanışlıq məqsədilə Marneuli rayonu haqqında məlumat verərdiniz"

- Marneuli rayonunun 140 min əhalisi var. Onun 100 minə yaxını kəndlərdə yaşayır. Rayon ərazisi 18 bələdiyyədən ibarətdir. Bura, əsasən, aqrar rayon kimi tanınır. Əhalinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur.

- Aydındır ki, Marneuli rayonu Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərdəndir. Burada soydaşlarımızla yanaşı, digər millətlərin nümayəndələri də yaşayır. Ümumiyyətlə, azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyası üçün hansı zəruri addımlar atılır?

- Qeyd edim ki, rayonun 140 min əhalisinin 85 faizini azərbaycanlılar təşkil edir. Gürcüstanda Reinteqrasiya nazirinin müşaviri Savalan Mirzəyev azərbaycanlıdır. Bu cür faktlar onu göstərir ki, soydaşlarımızın gürcü cəmiyyətinə inteqrasiyası üçün zəmin yaranıb və bunun üçün şərait var. Hesab edirəm ki, inteqrasiya üçün vacib amillərdən biri də gürcü dilini bilməkdir. Buna görə də, azərbaycanlıların gürcü dilini mənimsəməsi məqsədilə onların yaşadığı bölgələrə dil müəllimləri göndərilir. Beləliklə, təşkil olunan dil kursları və məşğələlər dövlətimiz tərəfindən maliyyələşdirilir və əhali bunun üçün heç bir pul ödəmir. Soydaşlarımız buna çox böyük maraqla yanaşır.

- Siz rayonun rəhbər vəzifələrindən birində çalışırsınız. Bu vəzifəyə təyin olunan zaman sizin üçün hər hansı bir problem yarandımı?

- Mən ali təhsilimi bu ölkənin Qori şəhərində almışam və rus bölməsində oxumuşam. Buna baxmayaraq, təhsil aldığım illərdə mənim gürcü dilində təsəvvürüm var idi. Burada vəzifəyə gələn zaman bizlər üçün dil kursları da təşkil edildi. Orada gündəlik təhsil alaraq, danışıq dilini öyrəndik. Dil kurslarına azərbaycanlı komitə sədrləri, deputatlar və s. şəxslər də qatılıblar.

- Yəni, kriteriyaları uyğun gələn istənilən azərbaycanlının Gürcüstanda hər hansı vəzifəyə gəlməsi üçün heç bir maneə yoxdur?

- Əlbəttə, bu, belədir. Son vaxtlar Gürcüstanın ali təhsil ocaqlarında çoxsaylı azərbaycanlılar təhsil alır. Onlar gürcülərin əhatəsində olduqları üçün Azərbaycan və rus dilləri ilə yanaşı, gürcü dilini də mənimsəyirlər.

- Əsasən, əhalinin problemləri nədən ibarətdir və bu barədə sizə müraciətlər olunurmu? Onlara hansı səviyyədə kömək edirsiniz?

- Dövlət, həyat və yaşayış olan yerdə problemlər də olacaq. Sovet Birliyi dağıldıqdan sonra burada çoxlu problemlər yığılıb qalmışdı. Amma son 3 il ərzində Gürcüstan dövləti müxtəlif sahələrdə ciddi irəliləyişlər əldə etdi. Deməli, uzun illərdir ki, elektrik enerjisi olmayan bölgələr, artıq fasiləsiz olaraq işıqla təmin olunur. Bununla yanaşı, suvarma arxlarının təmizlənməsi və əhalinin içməli su ilə təmin olunması ilə bağlı problemlərin 50-60 faizi aradan qaldırılıb. Gürcüstan prezidenti Mixeil Saakaşvili kəndlərin inkişafını nəzərdə tutan Dövlət Proqramı imzalayıb. Bu Dövlət Proqramı əsasında 2009-cu il ərzində kəndlərdə yaşayan adambaşına 7 lari yardım verilir. Üstəlik, hər bir kənd əhalisi üçün, ümumilikdə, 2500 lari maddi vəsait ayrılıb. Kəndlərdə yaşayan əhali bu vəsaiti istədiyi problemin aradan qaldırılmasına sərf edə bilər.

- Qeyd etdiniz ki, rayon aqrar rayonudur və buradakı əhalinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur. Bir müddət bundan öncə, əhalinin torpaq problemi var idi. Bu problem aradan qaldırılıbmı?

- 1996-cı ildə Gürcüstanda, ilk dəfə olaraq, torpaq haqqında islahat keçirildi. Onların əksəriyyəti yerli əhaliyə icarəyə verildi. Amma torpağa ehtiyacı olmayanlar bu bölgədən torpaq almadılar. Ancaq Gürcüstan dövləti torpaq istəyən hər bir kəsi icarə torpaqla təmin etdi. Yalnız bundan 5-6 il sonra dövlət icarədə olan torpaqların özəlləşdirilməsinə icazə verdi. Beləliklə, icarədə olan torpaqların bir hissəsi özəlləşdirildi. Əhali düşündü ki, istifadə etdiyi torpağı özəlləşdirsə, bu, daha səmərəli effekt verər. Əhalinin bəzi hissəsi isə bunu başa düşmədi və istifadə etdiyi torpaq sahəsini özəlləşdirmədi. Dövlətin 1996-2006-cı illəri əhatə edən özəlləşdirmə müddəti başa çatdı.

- Belə çıxır ki, torpaq problemi əhalinin özünün səhlənkarlığı ucbatından yaranıb?

- Bu, həqiqətən, belədir. Burada Gürcüstan dövlətinin heç bir günahı yoxdur. Gərək əhalinin qalan hissəsi də ona verilən 10 il müddətində həmin torpaqları özəlləşdirəydi. İndi isə torpaqlar satılması üçün auksiona çıxarılır. Burada hər bir şəxs iştirak edə və torpaq ala bilər.

- Bildiyimiz kimi, Heydər Əliyev Fondu tərəfindən də Gürcüstanda yaşayan soydaşlarımıza hər cür yardım göstərilir. Bu barədə nə deyə bilərsiniz?

- Gürcüstanda yaşayan azərbaycanlılar Heydər Əliyev Fondunun dəstəyini daim hiss ediblər. Soydaşlarımızın problemlərinin həlli yönündə atdığı addımlara görə, fondun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk. Məsələn, bu yaxınlarda fondun təşəbbüsü ilə 15 minə qədər əhalisi olan və azərbaycanlıların kompakt yaşadığı kəndin içməli su problemi tamamilə aradan qaldırıldı. Eyni zamanda, məscid inşa edildi və mərasimdə fondun icraçı direktoru Anar Ələkbərov iştirak etdi. Ümummilli lider Heydər Əliyevin bir kəlamını daim xatırlayıram: lAzərbaycanın sərvəti təkcə Azərbaycanda yaşayan azərbaycanlılar üçün deyil, bütün dünyada yaşayan azərbaycanlılara məxsusdur". Bu gün həyata keçirilən tədbirlər məhz ulu öndərin bu kəlamına uyğun gəlir. Bununla bərabər, həllini tapmayan problemlərimiz də var. Təmiri bərbad halda olan məktəblər yenidən qurularsa və ya inşa olunarsa, Marneuli kənd təsərrüfatı rayonu olduğu üçün buraya texnikalar cəlb olunarsa, çox şad olarıq.

- Hər kəsə məlumdur ki, Borçalı Azərbaycanın tarixi bölgələrindən biridir. Burada millətimizə aid bir çox maddi və mənəvi tarixi abidələrimiz var. Bu abidələrin qorunub saxlanılması istiqamətində şanslı addımlar atılır? Çünki eşitdiyimizə görə, onların bir qismi özəlləşdirilib.

- Buradakı Azərbaycan tarixi abidələrinin özəlləşdirilməsi ilə bağlı məlumatım yoxdur. Bu abidələr Gürcüstan dövləti tərəfindən hər zaman qorunub və onların bərpasına, yenisinin inşa edilməsinə köməklik göstərilib.

- Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı keçirilən tədbirlərdə siz də iştirak etmisiniz. Orada icra hakimiyyətlərinə hansı tapşırıqlar verildi və bu gün həmin tapşırıqlar yerinə yetirilibmi?

- Dövlət başçısı İlham Əliyevə minnətdarıq ki, O, Gürcüstana səfəri zamanı Marneuli rayonun gəldi və buradakı soydaşlarımızla görüşdü. İnsanların sevincinin həddi-hüdudu yox idi. Onun tərəfindən verilən tapşırıqların, demək olar ki, hamısına əməl olunur. Rayonda gənclərin idmanla məşğul olması üçün problem var idi. Bu məqsədlə inşasına başlanılan idman kompleksi bir neçə günə istifadəyə veriləcək.

- Erməni diasporası Azərbaycanın gözdən salınması üçün informasiya müharibəsinə girişib. Gürcüstanda belə hallar mövcuddur?

- Azərbaycanlılar və ermənilər buradakı azsaylı xalqlardadır. Azərbaycanlılar buraya sonradan gəlməmişik, buranın daimi vətəndaşlarıyıq. Ata-babalarımız əsrlər boyu bu ərazilərdə yaşayıblar. Ermənilərin Gürcüstanda ən sıx yaşadığı bölgə Cavaxetiyadır. İstər həmin bölgədə, istərsə də, digər bölgələrdə ermənilərlə soydaşlarımız arasında heç bir münaqişə yaranmır.

Digər xəbərlər