- Musa müəllim, bu günlərdə cənab Prezidentin Sədrliyi ilə Nazirlər Kabinetində 9 ayın yekunları ilə bağlı toplantı keçirildi. Bu toplantının nəticələrini necə dəyərləndirirsiniz?
- Cənab Prezident çıxışında Azərbaycanın 2009-cu ildəki sosial-iqtisadi həyatının mənzərəsini, həm də gələn il üçün qarşıda duran perspektiv planlar barədə çox dəqiq, proqram xarakterli çıxışlar etdi. Ölkə başçısının dediyi kimi, 2009-cu il Azərbaycan üçün ən uğurlu illərdən olub. Nəzərə alaq ki, 2008-ci ildən indiyə qədər davam edən dünya iqtisadi böhranı şəraitində bu uğurları əldə etmişik. O, çox haqlı olaraq qeyd etdi ki, bu il ölkədə ümumi daxili məhsulda (ÜDM) 6 faiz artım müşahidə olunub. Dünyanın bir çox ölkələrində 2009-cu il böyük tənnəzzül ili kimi tarixdə qalacaq. Çünki həmin ölkələrdə həm inflyasiya oldu, həm ÜDM-nin həcmi aşağı düşdü, həm də ki, həmin ölkələrin büdcələrinin icrası ilə bağlı çox böyük problemlər oldu. Amma müşavirdə qeyd edildiyi kimi, dünya iqtisadi böhran Azərbaycanda, demək olar ki, hiss olunmadı. Ölkəmiz bu böhrandan ən az ziyan çəkən ölkələrdən biri oldu. Yəni belə bir böhranın fonunda Azərbaycanda ÜDM-nin 6 faiz, sənaye istehsalının 5 faiz artması, 3 milyon ton rekord həcmində taxıl istehsal olunması, onu göstərdi ki, ölkədə iqtisadi strategiya çox düzgün qurulub. Ümumilli lider Heydər Əliyevin uzun illər üçün sosial-iqtisadi inkişaf strategiyası dövrün tələbinə uyğun olaraq, cənab Prezident tərəfindən yeniləşdirilərək, müasirləşdirilərək, çox uğurla davam etdirilir.
- Ölkə başçısı müşavirədə qazın ixracatı ilə bağlı müəyyən fikirlər səsləndirdi. Bu prinsipal, əhəmiyyətli mövqeyi necə şərh edərdiniz?
- Yuxarıda qeyd etdiyim kimi, müşavirədə bir çox məsələlərə toxunuldu. O cümlədən, mikroiqtisadi inkişaf, makroiqtisadiyyatın, ekoloji tarazlığın qorunması və onun bərpa olunması, infrastruktur layihələrin davam etdirilməsi, kreditləşmələr və s. Şübhəsiz ki, ölkənin ən strateji sərvətlərindən biri olan neftin və qazın çıxarılması, istehsalı, ixracı ilə bağlı ölkə başçısının qaldırdığı məsələlər, qarşıya qoyduğu strateji əhəmiyyətli tələblər və bu məsələlərin həlli yolları, doğrudan da, çox qiymətlidir. Dünyanın bir çox ölkələrinin marağına səbəb olub. Bu, birinci növbədə, onunla bağlıdır ki, Azərbaycanın qaz yataqlarının olması ölkəmizi gələcəkdə də enerji təhlükəsizliyi məsələlərində Avropanın, eləcə də, dünyanın ən vacib starteji ölkələrindən birinə çevirəcək. Digər tərəfdən, ölkəmizin qaz yataqlarının istismarı üçün 20 milyard dollar investisiyanın qoyulmasına hazırlıq işləri gedir. Bu da, onu göstərir ki, Azərbaycanın ikinci ən böyük inkişaf mərəhələsi, tempi neftlə bağlıdır. Neftdən sonra qazla bağlı olacaqdır ki, biz yaxın gələcəkdə bunun əyani şahidi olacağıq. Digər tərəfdən, qazın ixracı, xüsusilə, qiymətləri ilə bağlı ölkə başçısının söylədiyi fikirlər də çox böyük tarixi, iqtisadi həqiqətə, dünya mizanının müəyyən etdiyi qaydalara söykənir. Ölkə başçısı Türkiyəyə qaz satılması ilə bağlı məsələyə toxundu. Bildirdi ki, biz indiyə qədər qazı dünya bazarının 30 faiz aşağı qiymətə Türkiyəyə satırıq. Keçən ilin aprelindən başlayan müzakirələr də bir nəticəsini vermir və təbii ki, bu müzakirələr öz bəhrəsini verəcək. Onu da qeyd edim ki, Azərbaycanın qaz satmaq partniyorları çoxdur. Ölkəmizin enerji resurslarını idxal etmək üçün kifayət qədər digər imkanları vardır. Cənab Prezident çox düzgün qeyd etdi ki, Rusiyadan aldığın qiymətin, heç olmasa, 10 və yaxud 8 faizindən aşağı qiymətə sata bilərik, daha 50 faiz aşağı qiymətə yox. Ümumiyyətlə, söhbət burada Azərbaycan qazının Avropaya çatdırılması yollarından gedir. Bir çox Avropa Birliyinə üzv dövlətlər artıq enerji tərəfdaşlarımızdır və onlar bizdən daha çox enerji almağa hazırdılar. Bu mənada alternativ yollarda çoxdur. Düşünürəm ki, Azərbaycanın gələcəkdə qaz strategiyası uğurlu startegiya olacaq. Bu da təkcə Azərbaycanın iqtisadi gücünü artırmayacaq, həm də siyasi nüfuzunu artıracaq, eyni zamanda, ölkəmizin bölgədəki liderliyini daha da möhkəmləndirəcək.
- Müşavirədə Azərbaycanın iqtisadiyyatına 5, 2 milyard dollar investisiya qoyulduğunu və bu vəsaitin böyük hissəsinn yerli sahibkarların payına düşdüyü qeyd olundu. Bu fakt dövlətin sahibkarlığa göstərdiyi diqqət və qayğının nəticəsi deyilmi?
- Dövlət Azərbaycanda sahibkarlığın inkişafı üçün həm hüquqi şəraitin, həm də investisiya mühitinin yaradılması sahəsində göstərişlərinin icra olunmasının əyani nümunəsidir. Dövlət başçısı qeyd etdi ki, gələn il Azərbaycanda sahibkarlara verilən güzəştli kreditlərin, xüsusilə, qeyri-neft sektorunda qoyulan investisiyaların məbləği artırılacaq. Bu da həm infrastrukturun yeniləşməsinə, qorunmasına, yeni istehsal sahələrinin, kənd təsərrüfatı sahəsində məhsuldar istehsal yerlərinin açılmasına, yeni sənaye obyektlərinin tikilməsinə və s. səsəb olub. Eyni zamanda, 1800 qədər yeni məktəblər, xəstəxanalar tikilib, təmin olunub, mədəniyyət obyektləri, parklar salınıb və s. Bütün bunların hamısı xalqın sosial rifahının yüksəlməsinə xidmət edən məsələdir. Ölkə başçısı çıxışında çox vacib bir məsələni də qeyd etdi. Bildirdi ki, gələn il ilin birinci yarısında kreditlərin verilməsi başa çatdırılsın. Çünki ilin əvvəlindən kredit alan sahibkar ilin sonuna qədər kreditlərdən səmərəli istifadə edər. Bu mənada, cənab Prezidentin sahibkarlığın inkişafına qayğısı hər dəqiqədə hiss olunur. Artıq gələn ildən biz qayıdan kreditlər hesabına yenidən Sahibkarlığa Kömək Fondu vasitəsilə kreditləşməni davam etdirəcəyik. Bu, o deməkdir ki, kredit siyasəti düzgün qurulub, aparılır. Artıq həmin kreditlər ölən kreditlər deyil, bəhrə verən kreditdir.
- Dövlətimiz makroiqtisadi sabitliyə nail olmaq üçün göstərdiyi bankverici, pul siyasətini necə dəyərləndirirsiniz?
- Bu da ən düzgün optimal siyasətdir ki, Azərbaycan öz milli siyasətini qiymətdən düşməyə qoymadı. Milli valyutanın qiymətdən düşməməsi Azərbaycanda həm makroiqtisadi sabitliyin yaranmasına, həm də onun inkişafının davam etməsinə səbəb oldu. Ölkə başçısı qeyd etdiyi kimi, Azərbaycanda bu il orta aylıq əmək haqqının 15 faiz, banka qoyulan əmanətlər 11 faiz, əhalinin pul gəlirlərinin 10 faiz artması, orta aylıq əmək haqqının 370 ABŞ dollar həcminə çatması və inflyasiyanın bütün bu fonda 2,1 faiz təşkil etməsi, bir daha onu göstərdi ki, Azərbaycan bu böhran ilində çox düzgün siyasi xətt götürdü. Bunun da nəticəsini bank və maliyyə sektorunun sağlamlaşdırılması istiqamətində gördük. Ölkədə manatın sabitliyi qorundu, milli valyutanın dönərliyi qorunub saxlanıldı.
- Ordu quruculuğu ilə bağlı cənab Prezident çox qəti və konkret mövqe ortaya qoydu. Bildirdi ki, Azərbaycan ordusu Cənubi Qafqazda ən güclü ordudur. Dağlıq Qarabağ problemi sülh yolu ilə həll olunmasa, ordumuzun hər hansı addım atması nə dərəcədə gözləniləndir?
- Ölkə başçısının qeyd etdiyi kimi, son illərdə ölkədə ordu quruculuğuna ciddi fikir verilir. Ordunun həm maliyyə təminatının artırılması, həm büdcə xərclərinin çoxaldılması, həm maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının artırılması Azərbaycan ordusunu bölgənin ən nüfuzlu, qüdrətli ordusuna çevirib. Bunu dünyanın müxtəlif ölkələrinin, beynəlxalq təşkilatların hərbi ekspertləri təsdiq edir. Həmişə bəyan etmişik ki, Azərbaycan ordusu haqqı, ədaləti, beynəlxalq huququ mühafizə etmək, qorumaq üçün gücündədir. Ordumuzun heç kimin torpağında gözü yoxdur və onun güclü olması da Azərbaycan ətrafındakı dövlətlər üçün heç bir təhlükə törətmir. Sadəcə, bu ordunun güclü olması ölkənin ərazi bütövlüyünə bir təminatdır və onun qorunması üçün beynəlxalq öhdəliklərə və imzaladığı bütün sənədlərdəki imzasına sadiqdir. Ona görə də, həm Avropa Şurası, həm də NATO qarşısında ölkəmizin müəyyən öhdəlikləri var. Nə qədər ki, Minsk Qrupu bu işlə məşğul olur, Azərbaycan məsələnin sülh yolu ilə çözülməsi imkanlarının axıra qədər araşdırılmasına tərəfdardır. Artıq 18 ildir ki, Minsk Qrupu bu problemlə məşğuldur. Demək olar ki, hələlik, heç bir nəticəsi yoxdur. Azərbaycan ordusunun güclü olması da bizə bir daha əsas verir ki, həm Minsk Qrupunun üzvlərinə, həm də bu məsələ ilə məşğul olan digər beynəlxalq təşkilatlara son mesajımızı verək. "Aşığı yığırlar oynamaqdan ötrü". Azərbaycan ordusu da Azərbaycan torpaqlarının azad edilməsi üçün qüdrətlidir və bundan da istənilən vaxt istifadə etmək olar. Azərbaycan ordusu və xalqı Ali Baş Komandandan bu əmri gözləyir. Bu mənada, Azərbaycan ordusunun qüdrətli olması dövlətimizin qüdrətli olması deməkdir. Bizim öz haqq işimizi lazım gəldiyi anda öz gücümüz hesabına bildiyimiz şəkildə həll etməyə bir təminatdır. Azərbaycan beynəlxalq hüquq normalarına hörmət edən ölkədir.