- Hazırkı mərhələdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun fəaliyyəti olduqca passivdir. Bunun fonunda Rusiyanın qabarıq fəallığı müşahidə olunur. Bunu nə ilə izah etmək olar?
- Bu vəziyyət uzun müddətdir ki, belədir. Bu məsələdə günahı, ilk növbədə, Amerikanın və Fransanın üzərinə yıxmaq istərdim. Çünki ABŞ prezident Barak Obama Rusiyaya səfərə gələndə, iki ölkə arasında bir sıra məsələlərə dair razılıq əldə olundu. ABŞ Dağlıq Qarabağ münaqişəsinin, eləcə də Qafqazdakı digər problemlərin həllini Rusiyaya həvalə etdi. Əfqanıstan, İran, İraq və s. məsələlərdə isə Amerikanın hüquqları tanındı. Bu səbəbdən də, bu gün problemin həlli ilə bağlı bütün iplər Rusiyanın əlindədir. Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində intensiv danışıqlar gedir. Subyektiv fikrim ondan ibarətdir ki, ABŞ bu məsələnin həllini Rusiyanın üzərinə yıxdığına görə şaddır. Ona görə də, Azərbaycan məsələyə obyektiv yanaşılması üçün Rusiya ilə münasibətləri normal qurmalıdır.
- Yayılan bəzi məlumatlara görə isə, Rusiya Qafqazdakı mövqelərini itirməyə başlayıb. Sizcə, o, Qafqazdan asanlıqla əl çəkərmi?
- Bu barədə bir çox ekspertlər tərəfindən səsləndirilən fikirləri eşitmişəm. Xeyr, Rusiya düşünüldüyü kimi, Qafqazdan əl çəkmək istəmir. Hətta qeyd olunur ki, Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması bu ölkəni Rusiyanın təsirindən uzaqlaşdıracaq. Bu, əsla, belə deyil. Əslində, Rusiya yeni-yeni rıçaqlar ələ keçirir. Məsələn, Azərbaycan qazını ələ keçirməsi ilə ölkəmiz ona daha da yaxınlaşır. Türkiyə ilə sərhədlərin açılması nəticəsində Rusiya Ermənistandakı hərbi bazalarına daha qısa, daha rentabelli və ucuz nəqliyyat yolu əldə edir. Eyni zamanda, orada satın aldığı müəssisələri işlətməsi üçün geniş imkanlar qazanır. Mən deməzdim ki, Rusiya Qafqazı itirir və ya buradakı mövqeləri zəifləyir. Hətta Rusiyanın Qafqazdakı mövqelərinin yaxın gələcəkdə daha da artacağı gözlənilir.
- Yəni Dağlıq Qarabağ münaqişəsinin həlli uzaq deyil?
- Zənnimcə, problemin həlli istiqamətində ciddi proseslər gedir və bu proseslər həllə aparan proseslərdir. Güman edirəm ki, Laçın dəhlizinin taleyi və 7 rayonun azad olunması ilə bağlı aparılan danışıqlar uzlaşmaya yaxındırlarsa, deməli, problemin həlli uzaqda deyil.
- Prezident İlham Əliyev Nazirlər Kabinetində keçirilən müşavirədə bəyan etdi ki, Ermənistan münaqişənin həlli ilə bağlı bir neçə il bundan öncə, gündəmdə olan detalları indiki şəraitdə yenidən qabardır. Bununla da problemin həllini uzatmağa çalışır...
- Baş verən proseslər onu göstərir ki, Ermənistan Türkiyəyə də nazlanır. Amma Rusiya Ermənistanın xarici işlər nazirinə Türkiyə ilə protokolların imzalanması üçün əmr verdi. Qeyd edim ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ və Rusiya fəaldır. Rusiya, öz növbəsində, daha aparıcı rol oynayır. Ermənistanın münaqişənin uzadılmasında maraqlı olması, bəlkə də, onun təkbaşına qərarı deyil. Bu məsələdə Rusiya da Azərbaycandan daha çox güzəştlər qoparmağa çalışır. Hər halda, Rusiyanın istəkləri təmin olunduqdan sonra o, Ermənistanı münaqişənin həllində istənilən addımı atmağa məcbur edəcək.
- Sizin fikrinizcə, Rusiya iqtisadi dividendlər əldə etməklə, Azərbaycanın Qarabağ üzərində nəzarətinin bərpa edilməsinə səylərini artıracaq?
- Bu məsələdə birmənalı fikir söyləməkdə çətinlik çəkirəm. Amma hesab edirəm ki, iqtisadi dividendlər əldə etdikdən sonra Rusiyanın əvvəlki davranışlarında dəyişikliklərin baş verəcəyini istisna etmirəm. Burada Azərbaycan diplomatiyasının fəallığından və səylərindən çox şey asılıdır. Hər halda, Dağlıq Qarabağın statusu ilə bağlı Prezident İlham Əliyevin söylədiyi fikirləri təkrarlamaq olar. Yəni Rusiya bu məsələnin ləngidilməsində Azərbaycana dəstək verə bilər. Bundan sonra problemin həlli istiqamətində növbəti mərhələlər başlayacaq.
- Türkiyə ilə Ermənistan arasında əldə olunan razılaşma artıq Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunur. Müzakirələrdən gözləntiləriniz nələrdən ibarətdir?
- Türkiyə protokolun ratifikasiyasında tələsməyəcək və bunu komissiyaların iclasında bir müddət süründürəcək. Digər tərəfdən, Türkiyə Azərbaycanın könlünü almaq üçün buraya deputat qrupu göndərir. Milli Təhlükəsizlik Şurasının oktyabrın 19-da keçirilən iclasında da Türkiyə hökumətinin davamçıları ordu tərəfindən ciddi tənqid olunubdur. Bütün bunlar, onu deməyə əsas verir ki, Türkiyə ilə Ermənistan arasında imzalanan protokol quru kağıza çevrilə bilər.
- Qeyd etdiyiniz iclasda, nazirlərdən bir neçəsi protokolların TBMM-də ratifikasiya edilməsinin vacibliyini və bunun tezləşdirilməsi üçün qəti addımların atılmalı olduğunu söyləyiblər. Bunu nəzərə alırsınızmı?
- Bunları nəzərə alıram və hesab edirəm ki, Türkiyə qərarlarını bu 2-3 nazirin sözü ilə qəbul etmir. Orada prosesləri müəyyənləşdirən prezident Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan, ordunun sahə komandirləri və s. şəxslərdir. Onlar səsləndirdikləri bu fikirlərlə Amerikaya yönəlik mesajlar çatdırırlar. Çünki ABŞ protokolların TBMM-də ratifikasiyasını tələsdirir. Amma məsələni həll edən güclər, bəlkə də üzdə fəaliyyəti nəzərə çarpmayan güclərdir.