Müsahibimiz "Yeni Zaman" partiyasının sədri Musa Ağayevdir
- Musa bəy, Pənah Hüseynov müxalifətin fəaliyyəti haqqında qanun layihəsi hazırlayıb, Milli Məclisə təqdim edəcək. Burada müxalifətçilik kriteriyalarının müəyyənləşdirilməsi əks olunacaq. Sizcə, müxalifətçilik hansı kriteriyalarla müəyyənləşir?
- Ümumiyyətlə, müxalifətçilik kriteriyası Milli Məclisdə müzakirə olunması düzgün deyil. Bir var konstruktiv, bir də var ki, radikal müxalifətçilik. Ümumiyyətlə, mən radikalizmin tərəfində deyiləm.
- Belə bir qanun layihəsinin hazırlanması müxalifətin özünə mənfi imic gətirən hal deyilmi?
- Hesab edirəm ki, belə bir qanun layihəsinə ehtiyac yoxdur. Başa düşmürəm, bunlar müxalifətçiliyin nə demək olduğunu izah etmək, yoxsa müxalifətin yeniliyini istəyir?
- Həmin partiya sədrlərinin iddialarına görə, müxalifət yalnız Müsavat, AXCP (i), "KXCP"-dən ibarətdir. Siz partiya olaraq, müxalifətdə deyilsiniz?
- Düzdür, Azərbaycanda qabaqlar "ata, ana, orta" deyilən müxalifət var idi. Onu qeyd edim ki, indi belə bir anlam, ümumiyyətlə yoxdur. Seçkilərdə sosial baza partiya üzvlərinin sayı ilə müəyyən olunmur. Sadəcə olaraq, hansısa partiyanın sosial bazası onun üzvlərinin deyil, onu qəbul edənlərin, tərəfdarlarının sayıdır. Müxalifət onda olur ki, ortalığa hər hansısa real proqram, iş qoysun və doğrudan da, nəyəsə nail olsun. Ümumilli məsələlərdə müxalifət bir olmalıdır.
- Arif Hacyıevin, Əli Kərimov iddialarına görə, "cırtdan" müxalifət partiyaları Müsavat AXCP (i) ətrafında birləşməlidir...
- Belə bir ideyanı kim irəli sürübsə, çox böyük səhv edib. Belə bir şey niyə də olmalıdır. Yuxarıda qeyd olunan partiyalar bu neçə illərdə özlərini göstərə bilməyib. Hansı səbəbə görə, onların ətrafında birləşməliyik?
- Hazırda bələdiyyə seçkilərinə start verilib. Müxalifət isə, bir araya gələ bilmir. Bir araya gələ bilməyən partiyaların ümumilli maraqlarda konkret mövqe ortaya qoyması da inandırıcı deyil. Bu məsələ müxalifətin anormallığından irəli gəlmir ki?
- Hesab edirəm ki, müxalifət seçkilərdə özünü göstərmək üçün bütün gücünü ortalığa qoymamalıdır. Amma bunu əvəzinə, bir-birini didməklə, təhqir etməklə məşğuldurlar. Son günlərdə "Azadlıq" blokunda baş verənləri izləyirəm. Orada bir-iki partiya arasında narazılıqlar baş verib. Onların arqumentləri deyərdim ki, normal arqument deyil. Onların bir araya gəlməsinə şəxsi ambisiyaları imkan vermir. Əgər bir neçə partiya sədrləri bir araya gələ bilmirlərsə, onda onların elektoratı, üzvləri hansı formada seçkiyə getmək istəyirlər?
- Adını çəkdiyiniz blokda İsa Qəmbərovla İqbal Ağazadə arasında çəkişmələr gedir. Onlar nəyə görə bir-birini təhqir edirlər?
- Onu deyə bilərəm ki, onlar düzgün mövqedə deyillər. Yaxın gələcəkdə mətbuat vasitəsilə həmin "liderlərə" öz sözümü deyəcəm.