PDF Oxu

Müsahibə

  • 10

“Gələn il neftin qiyməti proqnozlardan yüksək olacaq”

“Gələn il neftin qiyməti proqnozlardan yüksək olacaq”

Azərbaycan parlamenti payız sessiyasında gələnilki dövlət büdcəsinin, çox mühüm qanunların müzakirəsi və qəbulu gözlənilir. Bunların içərisində iqtisadi qanunlar və məcəllələr də var. Bu və ya digər məsələlərlə bağlı suallarımızı Milli Məclisin iqtisadiyyat daimi komitəsinin üzvü Nazim Məmmədov cavablandırır.
-Parlamentin payız sessiyasında qəbul olunması gözlənilən iqtisadi qanunlar və məcəllələr ölkə əhalisinin sosial-iqtisadi durumunun yaxşılaşması üçün hansı imkanlar yarada bilər?

-Parlamentin bütün sahələrdə qəbul etdiyi qanunlar bu və ya digər formada ölkədə biznes mühitinin yaxşılaşdırılmasına və ölkə prezidentinin müəyyən etdiyi iqtisadi siyasətin dəstəklənməsinə yönəlir. Milli Məclisin 2009-cu ilin payız sessiyasının "Qanunvericilik işlər planında" mühüm qanun layihələri yer alıb. Onlardan AR-in Dövlət Büdcəsi zərfinə daxil olan qanun layihələri, Tikinti Məcəlləsi, Şəhərsalma Məcəlləsi, Rəqabət Məcəlləsi və digər qanun layihələri daxildir. Adlarından göründüyü kimi, çox mühüm qanunlardır ki, bu qanunların qəbul olunması və sonradan tətbiq olunması hər bir Azərbaycan vətəndaşının həyatına bu və ya digər formada təsir edir.

-Qlobal böhranın səngimək üzrə olduğu bildirilir. Sizcə, ölkədə müşahidə olunan nisbi bahalaşma bununlamı bağlıdır?

-Dünyada gedən mənfi proseslərin tez bir zamanda bitməsi haqqında olan proqnozları mən bölüşmürəm. Hesab edirəm ki, maliyyə iqtisadi böhranın 2010-cu ilin birinci yarısında da davam edəcəyi ilə bağlı Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun və digər nüfuzlu maliyyə qurumlarının proqnozlarını ciddiliyi ilə qəbul etmək lazımdır və iqtisadiyyatımızın həm həcm baxımından, həm keyfiyyət baxımından yaxşılaşdırılması üçün hökumət səylərini daha da artırmalıdır. Son günlər müşahidə olunan nisbi bahalaşmanın mövsümi amillərlə əlaqələndirilməklə yanaşı, yenə də həqiqəti əks etdirməyən bəzi ekspertlərin dırnaqarası xidmətləri olduğunu düşünürəm.

- Bankların maliyyə böhranından ciddi itkilər görməməsi üçün nə etmək lazımdır?

-Dünya maliyyə böhranının başlandığı andan etiraf etməliyik ki, Azərbaycanın daxilində bəzi kommersiya banklarının imkanları çox məhdudlaşdı. Artıq xarici investorlar banklara resurslar verməkdən imtina etdilər və əlavə olaraq öncəki illərdə verdikləri resurları qaytarmaq haqqında düşünməyə başladılar. Bu da istər-istəməz banklarda likvidliyin səviyyəsinə mənfi təsir göstərdi, bu təsiri təəssüflər olsun ki, bankların müştəriləri hiss etməyə başladılar. Bu mənfi siqnallar zəncirvari reaksiya olaraq ölkənin real sektoruna keçməyə başladı.
Liberal bazar iqtisadiyyatı şəraitində zəiflər sıradan çıxmalı, onların yerində rəqabətə dözümlü, yaxşı menecmentini qurmuş iqtisadi subyektlər yaranmalıdır. Bundan da ancaq və ancaq vətəndaşlar səmərə götürməlidirlər. Kommersiya bankları artıq konservativ siyasət yürüdürlər, ancaq bu siyasətin də mənfi məqamları iqtisadi fəallığın azalması ilə müşahidə olunur.

- Sizcə, gələn ilin üçün inflyasiyanın 3 faiz proqnozlaşdırılması və neftin qiymətinin 45 dollar götürülməsi nə dərəcədə optimist yanaşmadır?

-Ümumiyyətlə, son illərin büdcələrini nəzərdən keçirsək, hamısı sosial yönümlü olmaqla ilbəil ifrastrukturun yenidən qurulması və yaxşılaşdırılması üçün dövlət investisiya xərcləri artmaqda davam edir. Hesab edirəm bu da düzgün siyasətdir və gələcək illərdə də bunu davam etdirmək məqsədə uyğundur.
Əfsuslar olsun ki, Sovet İttifaqından bizə miras qalmış kifayət qədər iqtisadi problemlərlə yanaşı, sosial, mənəvi, humanitar və psixoloji problemlər də mövcud idi. İlbəil bunların təsirini azaltmaq üçün dövlət həm vəsait artırmalı, həm də cəmiyyəti idarə etməlidir.
Etiraf etməliyik ki, bu tipli qlobal məsələləri ancaq və ancaq sabitlik şəraitində həyata keçirmək mümkündür, şükürlər olsun ki, həm daxildən, həm də xaricdən Azərbaycana nəzər yetirdikdə bu sabitlik açıq-aşkar görünür.
İnflyasiyanın 3 % proqnozlaşdırılması qeyd etdiyim kimi, beynəlxalq qurumların böhranın gələn ildə də davam etməyi ilə bağlı verdikləri proqnozlarla bağlıdır. Ancaq mənim fikrimcə, həm real inflyasiya, həm də neftin qiyməti gələn il proqnozlardan kifayət qədər yüksək olacaq.

-Rəqabət Məcəlləsinin qəbulu ölkə iqtisadiyyattında hansı tendensiya yarada bilər?

-Bir neçə ildir müzakirə olunan AR Rəqabət Məcəlləsi inkişaf etmiş ölkələrin təcrübələrini özündə əks etdirən, ancaq Azərbaycanın indiki inkişaf tempinə uyğunlaşdırılan bir layihədir. Bu qanun layihəsinin tezliklə qəbul olunması və qüvvəyə minməsi mənim də arzumdur və ümid edirəm ki, rəqabət mühitini yaxşılaşdırılmağa yönəlmiş bu qanun iqtisadi proseslərdə müsbət meyillər yaradacaq.
Cənab Prezidentin haqsız rəqabət və monopoliyaya qarşı mövqeyi birmənalıdır və hər zaman O, qeyd edib ki, bu kimi işlərlə məşğul olanlar ciddi cəzalandırılmalıdırlar. Nazirlər Kabinetinin geniş iclasında antiböhran tədbirləri olaraq, ölkə başçısının çıxışını yada salmaq kifayətdir ki, cənab İlham Əliyevin haqsız rəqabətə və inhisarçılığa münasibətdə aidiyyatı qurumların qarşısında hansı vəzifələrin durduğunu təsəvvür edə bilək. Güman edirəm ki, artıq şərhə ehtiyac yoxdur.

- Cari ilin dövlət büdcəsinə Neft Fondundan transfertlərin artırılması və 1,2 milyardlıq kəsir narahatlıq doğurdu. Sizcə, gələn il üçün bu rəqəmlər hansı səviyyədə olmalıdır?

-Başlanğıcda onu qeyd edim ki, 2010-cu ilin dövlət büdcəsinin layihəsində Neft Fondundan transferlərin həcmi artmayıb və keçən ildəki kimi, bu, 4 milyard 915 milyon manat həcmində müəyyənləşib. Haqlı hesab etmək lazımdır ki, neft fonduna toplanan vəsaitlər indiki nəsilə və gələcək nəsilə xidmət etməlidir. Ona görə də "Büdcə sistemi haqqında" Qanuna uyğun olaraq, fonda daxil olan vəsaitlərin 25%-dən az olmayan hissəsi idarə etməyə verilərək gələcək nəsillərə saxlanılır.
Yuxarıda qeyd etdiyim kimi, fonda yığılan vəsaitlərin bir hissəsinin cari xərclərə yönəltməklə ölkədə olan iqtisadi və sosial problemlərin azaldılması infrastrukturların bərpası və yenidən qurulması hökumətin qarşısında duran vacib vəzifələrdən biridir.
Sualın ikinci hissəsi ilə bağlı büdcə kəsirinin 1 milyard 249 milyon manat olması məni də narahat edir. Çünki büdcə kəsirinin hansı mənbələr hesabına ödənilməsi ilə bağlı izahatda göstərilir ki, bunlar, əsasən, özəlləşmədən, qiymətli kağızlar bazarından və digərlərdən olacaqdır.
Məlum olduğu kimi, özəlləşmədən ilbəil daxil olmalar çox aşağı olduğundan və daxili borclar üçün qiymətli kağızlar bazarının inkişaf dərəcəsinin aşağı olmasını nəzərə alsaq, həmin kəsiri doldurmaq çox çətin məsələdir. Ümid edirəm ki, hökumət bunun öhdəsindən gələcək.

-Qeyri-neft sektorunun, xüsusən də, aqrar sektorun canlandırılması üçün hansı imkanlardan istifadə etmək olar?

-Kənd təsərrüfatına biz kompleks yanaşmalıyıq, torpaqların əhaliyə verilməsi ilə bağlı torpaq islahatının yekunlaşmasına baxmayaraq, biz kənd təsərrüfatında yüksək konsentrasiyanın və intensivləşmənin şahidi olmamışıq. Bununla yanaşı, hələ də fermerlərin, kənd təsərrüfatı ilə məşğul olan sahibkarların maddi-texniki bazalarının məhdud olması, dövriyyə vəsaitlərinin azlığı və yaxud olmaması regionlarda kənd təsərrüfatı infrastrukturunun müasir tələblərə cavab verməməsi məsələləri hələ də qalmaqdadır.
Bütün bunların aradan qaldırılması üçün dövlət ayrı-ayrı proqramlar çərçivəsində, o cümlədən, dövlət büdcəsinin imkan verdiyi hallarda Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı İnkişaf Agentliyi vasitəsilə resurslar verir.
Etiraf etməliyik ki, kənd təsərrüfatının qarşısında duran vəzifələrin tam həlli üçün bu, yetərli deyil. Qeyri-neft sektorunun inkişafı prioritet məsələlərdəndir, onların həlli, ilk növbədə, maliyyə resurslarının yetərincə olmasından, fermerlərin istehsal etdiyi malların bazarlara maneəsiz çıxışından, hökumətin məhsulların alınması ilə bağlı sifariş siyasətindən, azad bazar münasibətlərinin formalaşmasından və digər çoxlu amillərdən asılıdır.

-Son vaxtlar aparılan yoxlamalar satış mərkəzlərində xeyli miqdarda ərzaq məhsulunun yararsız olduğunu aşkara çıxardı. Sizcə, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün hansı tədbirlər həyata keçirilməlidir?

-Hər bir vətəndaşın özünün və ailəsinin sağlamlığı, ilk növbədə, nə ilə qidalanmağından birbaşa asılı olduğunu hamı bilir. Ancaq etiraf etməliyik ki, biz alış-veriş edərkən malın mənşəyi, keyfiyyəti haqqında müfəssəl məlumat almırıq. Düzdür, bu sahədə nəzarət funksiyalarını həyata keçirən kifayət qədər dövlət qurumları mövcuddur, ancaq onların gördüyü administrativ tədbirlər ciddi irəliləyişə səbəb olmur. Deməli, cəmiyyətin mütəşəkkil halda maarifləndirilməsinə ciddi ehtiyac var.
Qeyd etməliyik ki, mediada, xüsusən də, televiziyalarda reklam olduğu kimi insan sağlamlığına zərər verəcək mallar və xidmətlər haqqında antireklam verilişlərinin olması da zamanın tələbidir. Yersiz şou-proqramların vaxtından bir azca kəsib insanlarmızın məlumatlandırılması üçün verilişlər hazırlasalar, televiziya kanalları daha çox reytinq qazana bilərlər.

-İdxaldan asılılığın azaldılması üçün real sektora dövlət dəstəyinin hansı istiqamətdə göstərilməsini məqsədəuyğun hesab edirsiniz?

-Ölkənin milli təhlükəsizliyinin tərkib hissəsi olan ərzaq təhlükəsizliyinə hökumət ciddi nəzarət etməlidir. Bunun da ən arzuolunan yolu daxili istehsalı stimullaşdırmaqla ölkənin idxaldan asılılığını aradan qaldırmaqdır.
Cənab Prezident İlham Əliyevin "Regionların Sosil-İqtisadi İnkişaf Dövlət Proqramı"nın ildönümünə həsr edilmiş qurultayda dediyi kimi: "Biz çalışmalıyıq ki, Azərbaycana lazım olan ərzaq məhsullarının 100 %-ni də özümüz istehsal edək və bunu da bir vəzifə olaraq aidiyyəti qurumların qarşısında qoyuram."
Hesab edirəm ki, ölkə başçısının strateji xətti hamı üçün aydındır. Biz vətəndaşların-istehlakçıların isə buna köməyi ancaq Azərbaycanda istehsal olunmuş mallara üstünlük verməklə, milli istehsalı stimullaşdırmamız olar.

-Azərbaycan yaxın zamanda ÜTT-yə üzv qəbul ediləcək və bununla da, qanunvericiliyə uyğun olaraq, subsidiyalaşma məhdudlaşacaq, ölkə bazarına xarici mal çıxışı tam məhdudiyyətsiz hala gələcək. Sizcə, yerli istehsalın xarici məhsullarla rəqabət qabiliyyətinin artırılması üçün indidən hansı işlər görmək lazımdır?

-ÜTT-yə üzv olmaq üçün Azərbaycan hökuməti bir neçə ildir ki, danışıqlar aparır, şəxsi fikrimə görə bu məsələ əsassız uzadılır. Biz maraqlıyıq ki, təşkilata inkişaf etməkdə olan ölkə kimi qəbul olunaq və bu bir müddət ayrı-ayrı sahələrə hökumətin subsidiya vermək və bir çox güzəştlərdən istifadə etmək imkanı saxlanılsın.
Hesab edirəm ki, xarici malların Azərbaycan bazarında dominant mövqe tutacağı ilə bağlı əsassız fikirləri formalaşdırmış stereotipi sındırmalıyıq və sahibkarlarımıza rəqabətə davamlı məhsullar istehsal etmək üçün aparılan dövlət siyasətini daha da gücləndirməliyik. Çalışmalıyıq ki, qəbul edilmiş qanunlar və qərarlar tam icra edilsin.

Digər xəbərlər