PDF Oxu

Müsahibə

  • 11

Türklərin bütün dünyaya qaniçən və vəhşi olduğunu göstərən erməni...

Türklərin bütün dünyaya qaniçən və vəhşi olduğunu göstərən erməni...

- Fəzail müəllim, Türkiyənin hakim dairələri Ermənistanla protokol imzalayaraq Azərbaycanın milli maraqlarını zərbə altına almaları ilə kifayətlənməyib, Bursa şəhərində keçirilən Türkiyə - Ermənistan matçında Azərbaycan bayraqlarının stadionda dalğalanmasına imkan vermədi. Bu hərəkətləri, ümumilikdə, necə qiymətləndirirsiniz?
- Bu hadisələr türk dünyası üçün kifayət qədər ciddi narahatlıq doğuran məsələlərdir. Bunun əsas səbəbini bu gündə axtarmaq hadisələrə yanlış mövqedən yanaşmaq deməkdir. Vaxtilə Avrasiya materikində mövcud olan türk xəttinin sındırılmasına edilən cəhdlər edilirdi. Həmin ərazidə yerləşən türkdilli ölkələri bir-birindən təcrid etmək, onların arasında nifaq salmaq dünyanın böyük dövlətlərinin aparıcı siyasi xətti olub. Bir neçə faktda diqqət yönəltmək istərdim. Orenburq vilayəti Qazaxıstandan ayırılıb, oradakı Sibir, Həştərxan, Krım türkləri və s. assimlyasiyaya uğradılıb. Bunlar vahid türk xəttinin parçalanması nəticəsində baş verib. Qafqazın şimalında qaraçaylar sürgün edilib, çuvaşların hüquqları tapdalanıb və s. Bu faktların hamısı tarixdir. Azərbaycanın özünün şimal türkləri ilə əlaqəsi kəsilib. Eyni zamanda, İrəvan dövlətinin yaradılması ilə Türkiyə ilə birləşən xətt qırıldı. Bu baxımdan, Zəngəzurun ermənilərə verilməsi təsadüfi deyildi. Beləliklə, Avrasiya materikində olan vahid türk xətti parçalanmış oldu. Bu gün də bu siyasət böyük dövlətlər tərəfindən davam etdirilir.
Fikrimi əsaslandırmaq üçün protokolların imzalanması mərasiminə diqqət yetirmək istərdim. Masa ətrafında türk və erməni nazirlər əyləşib. Arxasında isə sözügedən türk xəttini parçalayan dövlətlərin ən ciddi simaları dayanıb. Əvvəla, qeyd edim ki, Türkiyə çox böyük dövlətdir. Onun Azərbaycanla eyni mövqedə olması təqribən 80 milyon xalqın birləşməsidir. Bu fakt da güclü dövlətləri narahat edən haldır. Ona görə də, bu birliyi pozmaq üçün bu cür siyasət həyata keçirilir. Bu, Azərbaycanla Türkiyə arasında olan "bir millət, iki dövlət" prinsipini qırmaq, eyni millətləri iki yerə parçalamaq siyasətidir. Əbədi, əzəli istiqanlı münasibəti olan bu iki dövlətin arasında münasibətlərin pisləşməsinə səy göstərilməsi, hətta keçmiş sovetlər biriliyi dönəmində Stalin tərəfindən türk adının dəyişdirilməsi və s. təsadüfi deyildi. Bu gün artıq dünyada açıq siyasət gedir. Bu hadisələr Türkiyənin hakim dairələrinin atdığı addımların nəticəsində baş verir. Təbii ki, onların türk xalqı tərəfindən seçilməsinə baxmayaraq, bu addımlar türk millətinin və xalqının iradəsini əks etdirə bilməz.

- Dünyanın böyük güc dövlətləri Türkiyəni Ermənistanla iqtisadi, siyasi, diplomatik əlaqələr qurmaq və sərhədləri açmağa təhrik edərsə, Türkiyənin AKP hakimiyyəti tələbləri yerinə yetirmək məcburiyyətində qalacaq. Bununla bağlı fikirləriniz nələrdən ibarətdir?

- Avropa Birliyi Türkiyəyə Ermənistanla protokol imzalatdıqdan 4 gün sonra Türkiyə ilə bağlı hesabat verib. Bu hesabatda qeyri-müəyyən məqamlar var. Bu məqamları qeyd etməklə sualınıza cavab vermək istərdim. Burada deyilir ki, 301-ci maddə, yəni türkçülüyü təhqir etmək Cinayət Məcəlləsindən götürülsün. Eyni zamanda, Türkiyə söz azadlığının məhdudlaşdırılması ilə bağlı qınanır. İctimai asayişi pozmağa və dövlət təsirsizlərinə zərbə vurmaqla bağlı cəzaları nəzərdə tutan maddələr ləğv edilməlidir. Hesabatda diqqət çəkən digər məsələ isə 318-ci maddənin, hərbi qulluqdan yayınmağa təşviqetmənin aradan qaldırılmasıdır. Türkiyəni saxlayan onun hərbi gücüdür və orada nəinki hərbi xidmətdən yayınmaq, hətta buna təşviqetmə də cinayətdir. Atatürkün qorunması ilə bağlı qanunun ləğvi istənilir. Buradan aydın olur ki, Atatürkün qürduğu Türkiyə dövlətinin qorunması da sual altına alınır. Hesabatda, həmçinin, kürd və erməni məsələlərinə toxunulur. Türklərin ermənilərdən üzr istəməsi ilə əlaqədar başladıqları kampaniyaya xüsusi yer ayrılıb. Dediklərimin məğzi budur ki, Türkiyəyə qarşı irəli sürülən tələblər dayanmır. Türkiyə protokola imza atmaqla canını qurtara bilmir və bilməyəcək də. İndi qarşıya qoyulan əsas missiya Türkiyənin Ermənistanla sərhədlərini açmasıdır. Əgər Türkiyə Azərbaycanı qurban vermək yolu ilə sərhədləri açaraq, Avropa Birliyinə qəbul olacağını düşünürsə, bu, tamamilə yanlış fikirdir. Bir sözlə, Türkiyəyə tələblər bundan da artıq ola bilər və onu problemlərə cəlb edə bilər. Sözügedən hesabatda Türkiyədən onun mövcudluğunu sübut edən dövlətin, millətin təhqiri ilə bağlı qanunun ləğv edilməsi və s. tələb olunması dediklərimin həqiqətə uyğunluğunu göstərir.
Hələ 2004-cü ildə Fransanın keçmiş prezidenti Jak Şirak deyirdi ki, Türkiyə sivill cəhətdən elə bir səviyyəyə çatmayıb ki, onu Avropa Birliyinə daxil edəsən. Hələ Türkiyə inkişaf etməlidir. Ona görə Türkiyənin Ermənistana qarşı istiqanlı mövqeyi ilə heç nə əldə edə bilməyəcək.

- Sizcə, Türkiyə hakimiyyəti tərəfindən atılan bu addımları türk milləti dəstəkləyirmi və ya dəstəkləyəcəkmi?

-Ermənistanla protokolun imzalanmasını istəyən Türkiyənin rəsmi şəxsləridir. Bu, o demək deyil ki, bu addım türk milləti tərəfindən dəstəklənir. Onları seçən türk xalqı olsa da, onlar seçkiqabağı platformasında xalqa Ermənistanla sərhədləri açacaqlarını deyməmişdilər. Əgər belə bir vəd olsa idi, hazırda belə bir siyasi hakimiyyət yox idi. Bu hadisə onların siyasi hakimiyyətinin perspektivinə ağır zərbə vurur.

- Fəzail müəllim, yayılan informasiyalara görə, Türkiyəyə səfər edən zaman Ermənistan prezidenti Serj Sarkisyan üçün yeməyi Türkiyə prezidenti Abdullah Gülün həyat yoldaşı hazırlayıb...

- Bir atalar sözündə deyilir ki, "Əqrəbə nə qədər bal versən, bala çevirir, canavara nə qədər yem versən, dönüb meşəyə baxır". Ermənilər türkləri, tarixin bütün vaxtlarında rüsvay edib, bütün dünyaya onu qaniçən dövlət kimi tanıdıb, Avropa dövlətlərində qondarma erməni soyqırımını qəbul etdirib. Bu gün türklərin qaniçən və vəhşi olduğunu göstərən qondarma genosidi dünyaya "sübut edən" erməni bir kasa bozbaşa aldanan deyil.

- Nədənsə, Rusiya Türkiyə - Ermənistan sərhədlərinin açılması məsələsinə seyrçi mövqedən yanaşır. Pərdəarxası münasibətlərin əks mövqedə olduğunu söyləmək olar?

- Bu məsələlərdə münəccimlik etmək istəməzdim. Amma Rusiya przidenti Dmitri Medvedev bildirib ki, Türkiyə - Ermənistan sərhədlərinin açılması ABŞ prezidenti Barak Obama ilə birgə razılığının nəticəsidir. Dünyanın, xüsusilə, Qafqazın siyasi xəritəsini ABŞ və Rusiya razılaşması həll edir. Ona görə də bu hadisələrin arxasında İqor İvanovun dayanması təsadüfi deyil. Bu hadisələrdə hansı məkrli niyyətlərin güdüldüyünü deyə bilmərəm. Amma ümumi məqsəd Azərbaycanı regionda təkləmək, onun Türkiyə dövlətindən uzaqlaşdırmaqdan ibarətdir. Azərbaycana Şimal, Cənub, Şərq və Qərbdən kifayət qədər yad baxışlar dikilib. Güman edirəm ki, belə bir addımın atılması heç bir dövlətin Qafqazda möhkəmlənməsinə gətirib çıxara bilməz. Azərbaycan Qafqazda özünün iqtisadi qüdrəti və inkişafı, həyata keçirdiyi siyasətlə aparıcı dövlətdir. Bu baxımdan, Qafqazda möhkəmlənmək istəyən istənilən dövlət onunla hesablaşmalıdır. Bu proseslər kontekstində Türkiyə Ermənistanla sərhədləri açarsa, qazanmaq deyil, əksinə, itirmək təhlükəsi ilə üz-üzə qalacaq.

- Necə düşünürsünüz, Rusiya Qafqazdakı yerini asanlıqla Qərbə verəcək?

- Dünyada böyük siyasi oyunlar gedir. Bu oyunların şahmatdakı kimi qeyri-adi gedişləri olur. Mövcud hadisələrin hansı səmtə doğru cərəyan edəciyini deyə bilmərəm. Təkcə onu deyə bilərəm ki, regionun taleyi həmişə iki böyük dövlətin arasındakı razılığa uyğun həll olunur. Əgər yadınızdadırsa, Gürcüstan Rusiya ilə müharibə zamanı ABŞ-ın ağuşuna atılmışdı. Amma bu vəziyyət Rusiyanı ciddi narahat etdi və atılan bu addım XXI əsrin beynəlxalq hüquq normalarına tamamilə zidd addım oldu. Regionda bu iki dövlətdən birinə arxalanaraq, digəri ilə üz-üzə qalmaq çətin məsələdir. Bu gün Azərbaycanın yeritdiyi balanslaşdırılmış, dünya dövlətləri ilə qurduğu sivil münasibətlər, beynəlxalq hüquq normaları, milli mənafeyimizi müdafiə müstəvisində aparılan siyasət ən uğurlu siyasətdir. Hesab edirəm ki, Azərbaycanın bu siyasi gedişləri onun uğurudur.

Digər xəbərlər