PDF Oxu

Müsahibə

  • 4

“Artıq insanlar siyasi partiyaların və təşkilatların hansı vəziyyətdə olduğunu çox yaxşı bilir”

“Artıq insanlar siyasi partiyaların və təşkilatların hansı vəziyyətdə olduğunu çox yaxşı bilir”

Əli Orucov: "Səmimiyyəti olmayan, ambisiyalarla imkanları uyğun gəlmədiyi, ideoloji prinsiplərin mövcud olmadığı bir yerdə uğur qazanmaq mümkün deyil"

- Bələdiyyə seçkilərinə rəsmi start verilməsinə baxmayaraq, AMİP-in bu proseslər kontekstində fəaliyyəti çox zəif nəzərə çarpır. Bu partiyanın sədrsiz olması ilə bağlıdır, yoxsa hələ gözləmə mövqeyi tutur?

- Bu gün müxalifət partiyaları içərisində bələdiyyə seçkilərinə daha fəal qoşulan AMİP-dir. Digər partiyalar isə hələ seçkilərdə iştirak edib-etməyəcəklərini müəyyənləşdirə bilmirlər. Ancaq seçkilərə start verildikdən bir gün sonra artıq AMİP üzvləri namizədliyini irəli sürmək üçün sənədlərini müvafiq dairə seçki komissiyalarına təqdim ediblər. Bir həftəyə qədər nə qədər partiya üzvünün proseslərdə iştirak edəcəyi aydınlaşacaq. AMİP təkcə partiya üzvlərinin namizədliyini irəli sürməklə kifayətlənmir. Eyni zamanda, yaşadığı bölgədə kifayət qədər tanınan, nüfuzlu potensialı olan insanlara da bu prosesə qoşulması üçün imkan verəcəyik. Bu baxımdan, işlərimiz planlarımıza uyğun gəlir. Tam əminliklə deyə bilərəm ki, AMİP seçki prosesinə fəal şəkildə qoşulub və bu fəallıq onu digər müxalifət partiyalarından fərqləndirir.

- Bəzi mətbuat orqanlarının iddiasına görə, seçki prosesinə yalnız AXCP (i), Müsavat, ADP, ALP, yəni "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan partiyalar daha fəal şəkildə qoşulub. Onların fəaliyyəti cəmiyyət tərəfindən daha çox diqqət mərkəzindədir. Bu barədə nə deyə bilərsiniz?

- Hər kəs öz arqumentini irəli sürür. Çalışır ki, güclü olduğunu, cəmiyyətin böyük tərkibini arxasınca apara biləcəyini sübut etsin. Bu, siyasi mübarizədə normal haldır. Ancaq həqiqəti gizlətmək düzgün deyil. Artıq insanlar siyasi partiyaların və təşkilatların hansı gücə malik olduğunu çox yaxşı bilir. Ona görə də, müxalifət düşərgəsində "həmkarlarımızın" nə deməsindən asılı olmayaraq, AMİP öz işini qurub. Onların fikirləri və rəyləri bizim üçün əhəmiyyət kəsb etmir. Bundan sonra da fəaliyyətimiz qurduğumuz planlara uyğun şəkildə həyata keçiriləcək.

- Həmin partiyaların özlərini aparıcı və diqqət mərkəzində olan partiya kimi təqdim etməsi normal haldır. Bəs onda onların AMİP-ə qarşı bu sərt mövqeyinin səbəbi nədir?

- Bu, qısqanclıqla əlaqədardır. Digər tərəfdən, onlarla eyni mövqedə olmayan siyasi partiyaları özlərinə yad hesab edirlər. Hansısa bloklaşmanın və ittifaqın yaranmasına baxışlarımız fərqli olduğuna görə biz həmin hərəkata qoşulmadıq. Əgər xatırlayırsınızsa, bu ilin mart ayında keçirilən referendumda da AMİP-ə birgə iştirak etməklə bağlı müraciət olunmuşdu. AMİP bu təklifdən imtina etdi. Çünki həmin blokda təmsil olunan siyasi liderlərin əsil simasını və onların siyasi fəaliyyətinin mahiyyətini bilirik.

- Onların siyasi fəaliyyəti nədən ibarətdir?

- Bunu cəmiyyət görür və bilir. Mənim əlavə olaraq nə isə deməyimə ehtiyac yoxdur. Bu gün bizim daha vacib işlərimiz var. Onlardan ən başlıcası isə bələdiyyə seçkilərindən uğurla çıxmağımızdır.

- Əli bəy, gəlin, ənənəvi qeyri-müəyyənlikdən kənara çıxaq və konkretliyə varaq...

- İstəməzdim ki, indiki məqamda kimlərsə mənim sözlərimdən sui-istifadə edərək partiyanın fikirlərini yayındırmağa cəhd göstərsin. Siz də dəfələrlə şahidi olmusunuz ki, siyasi bloklar yaransa da, nəticədə heç bir uğur əldə edə bilməyiblər. Hətta daha sonra həmin bloka daxil olan partiyalar bir-birini kəskin şəkildə ittiham ediblər. Hesab edirəm ki, səmimiyyəti olmayan, ambisiyalarla imkanları uyğun gəlmədiyi, eləcə də, ideoloji prinsiplərin mövcud olmadığı bir yerdə uğur qazanmaq mümkün deyil. Məhz bu səbəbdən də, AMİP öz iş prinsipini müəyyənləşdirib. Öz tərəfdarlarımızla uğur qazanacağımıza inanıram.

- Pənah Hüseynov açıqlamalarının birində bildirib ki, müxalifət Müsavat, AXCP (i) və "KXCP"-dən ibarətdir. Onun bu fikirlərinə münasibətiniz necədir?

- Pənah Hüseynov çox söz deyə bilər. Onun subyektiv fikri həqiqət demək deyil. Onun nəyə əsaslandığını da çox yaxşı bilirik. Biz kimin müxalifət və qeyri-müxalifət olması uğrunda mübarizə aparmırıq. AMİP hədəflərimiz bəllidir və onları konkret olaraq, həyata keçirməyə çalışırıq. AMİP-in mübarizəsi hakimiyyət uğrundadır. Qoy onların özləri hansı partiyanın müxalifət olub-olmadığı haqqında məsələnin üzərində dayansınlar. Bizim bu işlərlə məşğul olmaq imkanımız yoxdur və onlar bu işlərə vaxt sərf edəcək imkana malikdirlər.

- Pənah Hüseynov iddia edir ki, "Müxalifət partiyalarının fəaliyyəti haqqında" qanun layihəsi hazırlayıb. Əgər bu layihə Milli Məclisdə müzakirəyə çıxarılarsa, müxalifətçilik kriteriyaları müəyyənləşər. Sizcə, bu qanun layihəsinin qəbulu nə dərəcədə mümkündür və həqiqətənmi bu layihə kimin müxalifət olduğunu üzə çıxaracaq?

- Müxalifətçilik norması ilə bağlı xüsusi qanuna ehtiyac yoxdur. Mən praktikada belə bir qanuna rast gəlməmişəm. Bu, onun şəxsi ideyasıdır. Ancaq istərdik ki, siyasi münasibətləri və siyasi qüvvələr arasındakı əlaqələri tənzimləyəcək qanun layihəsi hazırlansın. 1992-ci ildə qəbul olunan "Siyasi partiyalar haqqında" qanunun müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsini arzu edərdim. Bununla bağlı da öz təkliflərimizi vermişik.

Digər xəbərlər