PDF Oxu

Müsahibə

  • 9

Ermənilər hava ilə qidalana bilməz...

Ermənilər hava ilə qidalana bilməz...
- Eldar bəy, Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyov görüşünün nəticələri müzakirə mövzusuna çevrilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşdən gözləntiləriniz nələrdən ibarətdir?

- Son zamanlar Cənubi Qafqazda çox ciddi dəyişikliklər baş verir. Bu dəyişikliklərin əsas iki səbəbi var. Birincisi, keçən il Rusiya ilə Gürcüstan arasında baş verən müharibə, ikincisi isə, dünyada hökm sürən qlobal iqtisadi böhranla bağlıdır. Bu iki amillə bağlı olaraq Cənubi Qafqazda güclərin balansında müəyyən dəyişikliklər baş verir. Ona görə də, Türkiyə çevik siyasət apararaq, Qafqazda öz mövqelərini möhkəmləndirməyə çalışır. Eyni zamanda, Ermənistanla münasibətlərin normallaşdırılması qlobal güclərin güc balansının dəyişdirilməsinin bir göstəricisidir. Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişlər var. Ancaq təəssüflər olsun ki, bu, biz istədiyimiz formada deyil. Hələlik, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlardan fərqli olaraq, Türkiyə - Ermənistan münasibətlərinin normallaşdırılması prosesi daha sürətlə gedir. Amma buna baxmayaraq, hər iki prosesdə müəyyən irəliləyişlərin olduğunu qeyd etmək olar.

- Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin zəif getməsi, onu deməyə əsas verirmi ki, Ermənistan hakimiyyəti münaqişənin həllində maraqlı deyil?

- Ermənistan həm Türkiyə ilə münasibətlərini normallaşdırmağa, həm də Dağlıq Qarabağ məsələsində Azərbaycanla hər hansı bir razılığa gəlməyə məcbur olacaq. Ona görə ki, Gürcüstan Rusiya ilə sərhədləri bağlayandan sonra Ermənistan çıxılmaz vəziyyətdə düşüb. İndi onun sərhədləri yalnız İranla açıqdır və Gürcüstanla isə Rusiya vasitəsilə kommunikasiyaları qura bilmir. Qonşu ölkələrlə sülh şəraitində yaşaması və əməkdaşlıq etməsi Ermənistanın gələcəyi üçün taleyüklü məsələdir. Bu yaxınlarda, Rusiya nümayəndə heyəti Yerevanda olanda, Ermənistan prezidenti Serj Sarkisyanla açıq söhbətləri olub. Həmin nümayəndə heyətinin tərkibində olan bir nəfər jurnalist oradakı bütün söhbətləri "Moskovski komsomol" qəzetində dərc edib. Bu nəşr çox böyük qalmaqala səbəb olub. S.Sarkisyan qapalı söhbətdə Rusiya nümayəndə heyətinə bildirib ki, Ermənistanın bir həftəlik yanacaq ehtiyatları qalıb. Özündən qat-qat güclü olan Azərbaycan və Türkiyə kimi qonşulara meydan oxuyan Ermənistan tezliklə geri çəkilməyə məcbur olacaq. Çünki Rusiyanın da artıq əvvəlki kimi Ermənistana yardım etmək imkanı yoxdur. Həmçinin, Rusiyanın bir sıra məsələlərdə Azərbaycandan və Türkiyədən asılılığı var. Bu mənada, o, Azərbaycan və Türkiyə ilə münasibətləri pozmaq istəmir. 20 ildən artıqdır ki, Rusiyanın köməyi ilə qonşularına qarşı işğalçı siyasət yürüdən Ermənistanın qurduğu bu geopolitik oyunun müsbət sonu ola bilməz. İndi dəyişən geopolitik vəziyyət Ermənistanın mövqelərini tamamilə zəiflədir. Güman edirəm ki, Azərbaycan öz istəklərinə çatacaq.

- Əgər Türkiyə və Ermənistan sərhədlər açılarsa və Dağlıq Qarabağ münaqişəsi ilə bağdı ciddi addımlar atılarsa, bu, Sarkisyan hakimiyyətinin sonu olmazmı? Yaxud da onun bu istiqamətdə ciddi addım atması nə dərəcədə mümkündür?

- Sarkisyan öz hakimiyyətini qorumaq üçün bu məsələləri mərhələ-mərhələ həll edir. Əvvəlcə, Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır. Ona görə dəfələrlə bildirilir ki, sərhədlərin açılması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyil. Ancaq hər kəsə aydındır ki, Türkiyə - Ermənistan münasibətlərinin normallaşması və Dağlıq Qarabağ probleminin həlli bir-biri ilə birbaşa bağlı olan məsələlərdir. Məntiqlə bunu Avropa və Amerika da qeyd edir. Onlar özləri bildirirlər ki, Türkiyə - Ermənistan münasibətlərinin normallaşması Dağlıq Qarabğ probleminin həllinə müsbət təsir edəcək. Bu etiraf onu göstərir ki, bu iki proses bir-biri ilə bağlıdır. Ona görə Ermənistan hakimiyyəti daxili müqaviməti sındarmaq üçün bu proseslərin bağlılığının olmadığını söyləyir.

- Beynəlxalq Böhran Qrupunun (BBQ) yaydığı xəbərə görə, əgər tərəflər, Azərbaycan və Ermənistan hər hansı bir razılığa gəlməsələr, o zaman regionda yenidən ciddi qarşıdurmalar yarana bilər. Sizcə, bunu tərəflərə göstərilən təzyiq kimi qiymətləndirmək olarmı?

- Bunu təzyiq vasitəsi kimi qiymətləndirmək olmaz. Azərbaycanın Müdafiə Nazirliyi də bununla bağlı məlumat yayıb ki, əgər sülh danışıqları nəticə verməzsə, onda Azərbaycan həm Konstitusiyada, həm də beynəlxalq qanunlarda, ATƏT-in prinsiplərində, BMT-in nizamnaməsində nəzərdə tutulmuş hüquqlardan istifadə edərək öz torpaqlarını işğaldan azad edəcək. Belə olan halda, münaqişənin uzanması regionda yeni qarşıdurmanın yaranması labüd olacaq.

- Ermənistanın baş naziri bəyan edib ki, Sovetlər Birliyi dönəmində Ermənistan SSRİ-nin tərkibində olan Türkiyənin sərhədlərini tanıyıb və indi də həmin sərhədləri tanımaq məcburiyyətindədir. Bəs vaxtilə SSRİ-nin tərkibində olmuş Azərbaycanın sərhədlərini nə üçün tanımır?

- Bu etirafın arxasında o dayanır ki, Ermənistan SSRİ-nin dövründə olan bütün sərhədləri tanımalıdır. Son zamanlar baş verən proseslər təsadüfi deyil, regiondakı güclərin balansı dəyişir. Bir həftəlik ehtiyatı olan zəif, iqtisadi gələcəyi dumanlı olan bir ölkənin Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa çıxış yolu qalmayıb.

- Dağlıq Qarabağ danışıqlarının nəticəsini necə proqnozlaşdırırsınız və güzəştlər nədən ibarət ola bilər?

- Təəssüflər olsun ki, Türkiyə - Ermənistan yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə nisbətən daha sürətlə gedir. Buna da təbii baxmaq lazımdır. Ona görə ki, Dağlıq Qarabağ probleminin həllində 20 faiz torpağın azad olunması, bir milyondan artıq qaçqın və məcburi köçkünün öz yurduna qayıtması, bir sıra təhlükəsizlik məsələləri və s. var. Bunlar öz həllini tapmayanadək münaqişə öz həllini tapmayacaq. Faktiki olaraq, Türkiyə ilə Ermənistan arasında kağız üzərində bir razılaşma ilə münasibətlər normallaşa bilər. Ancaq Azərbaycanla olan münasibətlərin normallaşması isə kağızla kifayətlənmir. Bu proses daha uzundur. Ümumi proses isə onu göstərir ki, bu konfliktlərin həlli geopolitik aləmin diqtəsi ilə addım-addım həyata keçiriləcək.

Digər xəbərlər