PDF Oxu

Müsahibə

  • 7

Musiqili Komediya Teatrı - 100 Teatrın bir əsrlik səhnə yolu

Musiqili Komediya Teatrı - 100 Teatrın bir əsrlik səhnə yolu
Müsahibim Musiqili Komediya Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.
Qısa arayış: Lalayev Əliqismət ilk addımlarını mədəniyyət sahəsində atmış, 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakültəsinə daxil olmuş və 1980-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək, Mədəniyyət Nazirliyinin xüsusi təyinatı ilə Naxçıvan Muxtar Respublikasına göndərilmişdir. Bir müddət Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinində çalışan Lalayev sonralar Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyətini davam etdirmişdir. Bu illər ərzində teatrda quruluşçu rejissor vəzifəsində çalışmış, gənc və istedadlı rejissor elə ilk tamaşalarından teatr ictimaiyyətinin diqqətini cəlb etmiş, mütəxəssislər onu istedadlı, ümidverici yaradıcı şəxs kimi qiymətləndirmişlər. Onun hazırladığı tamaşalar ideya-bədii düşüncə tərzi, səhnə yozumu, müasirliyi, gənclik cəsarəti ilə fərqlənmiş, Mədəniyyət Nazirliyinin xüsusi mükafatlarına layiq görülmüşdür.
1993-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktor müavini vəzifəsinə irəli çəkilmişdir. 1995-ci ilin aprelindən 2006-cı ilə kimi Mədəniyyət Nazirliyi incəsənət baş idarəsinin rəisi, daha sonra nazirliyin incəsənət şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2008-ci il tarixindən Musiqili Komediya Teatrının direktoru vəzifəsinə təyin olunmuşdur.
- Böyük bir ənənəyə malik olan Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 100 illik bir tarixini yaşadı. Bir əsrlik zamanın məsafəsində teatrın nailiyyətləri, uğurları onun səhifələrinə hansı hadisələri həkk etmişdir?
- Azərbaycan Dövlət Musiqili Komediya Teatrı öz tarixini dünyaşöhrətli bəstəkar Üzeyir Hacıbəyovun 1910-cu ildə yazdığı "Ər və arvad" komediyası ilə başlamışdar. "Ər və arvad" operetta janrında yazılan ilk milli əsər olduğundan Üzeyir Hacıbəyov bu janrın əsasını qoymuşdur. Zaman-zaman böyük sənətkarlarımız bu teatrın səhnəsində obrazlar yaradıblar və bu mədəniyyət ocağını respublikanın nüfuzlu teatrına çeviriblər. Bu teatrın səhnəsində dəsti-xətti olan Nəsibə Zeynalova, Şəmsi Bədəlbəyli, Lütfəli Abdullayev kimi böyük sənətkarların yaradıcılıq irsi xatırlanır. Qeyd edim ki, bu teatra müxtəlif illərdə Şəmsi Bədəlbəyli, Süleyman Ələsgərov, Hacıbaba Bağırov və başqaları rəhbərlik etmişdirlər. Adlarını qeyd etdiyimiz böyük sənət xadimlər bu teatrın vizit kartlarıdır. Biz teatrımızı sələflərimizə hörmət olaraq, yüksək səviyyədə inkişaf etdirməliyik. Gələcək nəsillərə mövcud olan ənənələri ötürmək məqsədilə bütövlükdə yaradıcılıq imkanlarımızdan istifadə etməyə borcluyuq. Bu mənada ki, nəsillərin sevimlisi olan Musiqili Komediya Teatrının adını yaşada bilək.
- Teatrın rəhbəri kimi, sizcə, bir əsr tarixi yaşayan sənət məbədinin direktorları sırasında teatr kimin rəhbərliyi altında dönüş nöqtəsini yaşamışdır?
- Mən deyərdim ki, bu günə qədər rəhbər vəzifəsində çalışmış hər bir şəxsin dəsti-xətti bu teatrda iz salmışdır. Teatra inzibatçılar yox, yaradıcı şəxslər rəhbərlik etmişdir. Bu böyük bir maraq kəsb edir. Deyim ki, teatrın ən çox sevimli, yaddaqalan rəhbəri Şəmsi Bədəlbəyli olmuşdur. Onun fəaliyyəti dövründə teatr böyük uğurlara imza atmış və müasir həyatımızda Şəmsi Bədəlbəylinin adı Musiqili Komediya Teatrından ayrılmazdır. Süleyman Ələsgərovun vaxtında da yaddaqalan hadisələr baş vermişdir. İlk olaraq, onu deyim ki, Süleyman Ələsgərovun yazdığı əsərlər uzun illər Musiqili Komediya Teatrının səhnəsində oynanılmışdır. Bu gün əlimizdə olan xronikalar əsasında görürük ki, vaxtilə bu teatrda tamaşaya qoyulan əsərlərin tamaşaları böyük anşlaqla keçmişdir. Bilet almağa dayananların sayı növbələr əsasında sıralanırdı. Bu düşünülmüş şəkildə çəkilən kadrlar deyil. Bu, daha çox Şəmsi Bədəlbəylinin teatra rəhbərlik etdiyi illərə təsadüf olunur. Bu gün də teatrımız tamaşaçı tərəfindən bir problem yaşamır. Başqa teatrlardan fərqli olaraq, bu göstərici həmişə belə olmuşdur. Arxiv sənədləri arayıb, hesabat sənədlərinə baxarkən, mənə bir daha aydın olur ki, Musiqili Komediya Teatrının səhnəsinə tamaşaçılar tərəfindən maraq hər zaman olmuş, bu gün də vardır. Təbii ki, oynanılan tamaşa da tamaşaçı axınının yaranmasına təsir göstərir. Qeyd etdiyimiz illərdə də bu hal mövcud olmuşdur. Bildiyimiz kimi, bu günlərdə, yəni 18 və 19 sentyabr tarixlərində Üzeyir Hacıbəyovun "Arşın mal alan" tamaşası anşlaqla oynanıldı. İnandırım sizi ki, iki gün göstərilən tamaşaya bilet belə tapılmadı. Başqa teatrlardan fərqli olaraq, buraya tamaşaçılar əylənmək üçün gəlirlər. Mən düşünürəm ki, teatrın funksiyası da elə belədir. Bu mənada ki, tamaşaçı pul ödəyib, bilet alırsa, nəyə görə istirahət etməsin? Bu teatrda gözəl aktyor oyunu, gözəl rəqslər, gözəl musiqi nömrələri var. Bu baxımdan da, tamaşalar əyləncəli xarakter daşıyır.
- Əliqismət müəllim, yaradıcı şəxslərə rəhbərlik etmək digər strukturlarda, peşədə çalışan şəxslərə rəhbərlikdən daha çətindir. Bu mənada ki, yaradıcı insanların məxsusi dünyagörüşləri, eləcə də, özlərinə qarşı böyük diqqət və qayğı tələb etməsi rəhbər şəxsdən daha çox təmkin, müdriklik tələb edir. Bu baxımdan teatrın rəhbəri olmaq sizin fəaliyyətinizdə hansısa çətinliklər yaratmır ki? Onu da deyim ki, yaradıcı şəxslərin idarəçiliyində əmr arxa plana keçir.
- Həqiqətən də, bu, belədir. Yaradıcı şəxslərlə iş qurarkən, əmr arxa planda qalır. Şübhəsiz ki, idarəçilikdə əmr müəyyən qədər rol oynayır. Teatrda nizam-intizamın yaradılması baxımından bunun əhəmiyyəti vardır. Təbii ki, yaradıcı insanın, necə deyərlər, nazı ilə oynamaq da lazımdır. Mən özüm yaradıcı insan olduğumdan, eləcə də, uzun illər teatrda çalışdığımdan bunun incəliklərinə daha yaxşı bələdəm. On il Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor kimi çalışmışam. Həmin zamandan 30 il ötdükdən sonra bu teatra direktor təyin olunmuşam. Həmin illərdə dərk edirdim ki, yaradıcı insanın qayğısına qalmaq lazımdır. Məmur işinə sonralar təyin olundum və 15 ilə yaxın bilavasitə teatrlara rəhbərlik etdim. Şübhəsiz ki, bu işdə çalışmağım Azərbaycan teatr səhnəsində fəaliyyətdə olan insanlarla birbaşa münasibətlərin yaranmasına səbəb oldu. Hətta bu ailəvi bir səviyyəyə qədər yüksəldi. Teatrda münasibətlərimi həm dost, həm də rəhbər kimi qurmağa müvəffəq olmuşam. Teatrda yaradıcı və texniki işçilərin tamaşaların təqdimində hər kəsin yerini və vəzifəsini bilməsi ən vacib məsələlərdən biridir. Bu baxımdan nizam-intizamın olması teatrın inkişafı və tamaşaları istənilən səviyyədə təqdiminə müsbət təsirini göstərir.
Deyim ki, teatra rəhbərlik daha çətindir. Məmur olaraq əmrin icrasını tələb etmək bu strukturda çalışmaqdan daha asandır. 400 nəfərlik bir kollektivi idarə etmək böyük məsuliyyətdir. Hər biri rəhbərə müəyyən bir müraciətlə, ümidlə üz tutur. Mən çalışıram ki, hər birinin imkan daxilində həllinə müvəffəq olum. Təbii ki, bu kiçik bir miqyasda olan diqqət və qayğının təzahürüdür. Bildiyiniz kimi, bütün yaradıcı insanlara bu gün dövlət tərəfindən qayğı göstərilir. Yaradıcı şəxslər dövlət tərəfindən böyük mükafatlara layiq görülürlər. Mədəniyyət ocaqlarımızın təmir və bərpa etdirilməsi yaradıcı şəxslərə ən böyük töhfədir. Bildiyiniz kimi, Gənc Tamaşaçılar Teatrında görülən işlər, eləcə də, Akademik Milli Dram Teatrında aparılan təmir işləri bu fikirlərimə əsasdır. Bu yaxınlarda teatr fəaliyyəti haqqında Qanunun qəbul edilməsi, Prezidentin tərtib etdiyi "2009-2019-cu illərdə Azərbaycan teatrının inkişaf proqramı" teatrlarımıza olan ən böyük qayğıların təzahürüdür. Deyim ki, MDB ölkələri sırasında Azərbaycan yeganə dövlətdir ki, teatrın fəaliyyəti haqqında qanun qəbul etmişdir. Qeyd etdiyim proqramın isə görün nə qədər böyük mahiyyəti vardır. Teatr fəaliyyətinin inkişaf etdirilməsi üçün buradakı maddələrin əhəmiyyəti göz önündədir. Bunun əsasında akademik teatrlara status məsələsi həll olundu. Artıq akademik teatrlar əmək haqqını akdemik səviyyədə alırlar. Texniki çatışmazlıqlarımız nəzərə alınaraq, yeni avadanlıqlar teatrlara veriləcək. Teatrların nəzdində - Səməd Vurğun adına Rus Dram Teatrında, Abdulla Şaiq adına Kukla Teatrında, eləcə də, Gəncədə, Lənkəranda studiyalar açıldı. Prezident mükafatı, prezident təqaüdü verilməsi dövlətin yaradıcı insanlara, münasibətinin təzahürüdür. Prezidentin təqdim etdiyi fəxri adların bildiyiniz kimi, imtiyazları da vardır. Yaradıcı insanlar məhz bu qayğı ilə əhatə olunmuşlar. Mən incəsənət universitetində təhsil aldığım zaman deyirdilər ki, əsrimiz kosmos, rejissor əsridir. Mən bu gün deyərdim ki, əsrimiz rejissor əsridir. Çünki rejissor olmadan teatrların fəaliyyəti mümkün deyil. Mən bu gün teatrda çalışan və istedadı ilə seçilən rejissorları teatrımıza dəvət edirəm. Hazırda teatrımızda "Arşın mal alan"ı gənc rejissor Elvin Mirzəyev hazırlayır. Gənc Tamaşaçılar Teatrından uşaq tamaşalarını hazırlayan rejissor Nicat Kazımovu teatrımıza dəvət etmişəm. Rejissor Bəhrəm Osmanov Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri" tamaşasını hazırlayacaq. Mən düşünürəm ki, bu və ya digər sənətkarların birgə fəaliyyəti maraqlı əsərləri səhnələşdirməsinə gətirib çıxarır. Dirijor Yalçın Adıgözəlzadənin İmrinin "İddialı qaraçı" əsərinə quruluş vermək üçün teatrımıza dəvət etmişik. İlk dəfə olaraq, Avropa klassik operettası Azərbaycan dilində səsləndiriləcək. Bu, Musiqili Komediya Teatrının 100 illik tarixində ilk hadisə kimi yadda qalacaq. Əsər mərhum rejissor Faiq Zöhrabov və Səyavuş Məmmədzadə tərəfindən tərcümə edilib. Rejissor Cənnət Səlimova yarımçıq qalan bu işin çətinliyini dərk edərək, tamaşanı səhnələşdirməyi üzərinə götürmüşdür. Artıq məşqlərə başlanmışdır.
Musiqili Komediya Teatrı üçün aktyordan böyük aktyorluq imkanları, səs və rəqs tələb olunur. Bu, bizim teatrın digər teatrlardan aktyorlara qarşı olan tələbimizdir. Belə yaradıcılıq imkanlarına malik olan aktyor ansamblının bu teatrda çalışmasına diqqəti yönəldirik. Xüsusilə də, gənc aktyorların teatra gəlməsində bu amillərin onların yaradıcılığında olmasına çalışırıq.
- Əliqismət müəllim, rejissor kimi bu peşədən uzaq düşməyiniz sizi narahat etmirmi?
- Mən bu sənətə çox bağlı insanam. Azərbaycan televiziyasında bu günlərdə rejissoru olduğum H.Cavidin "Ana" tamaşası göstərildi. Bu gənc yaşlarımda səhnələşdirdiyim bir əsərdir. Rejissoru olduğum tamaşalarım kifayət qədərdir. Bu sənətə böyük məsuliyyətlə yanaşıram. Hətta rejissor olduğum illərdə Teatr Xadimləri İttifaqının səyyar pleniumları Naxçıvan şəhərində keçirilirdi və həmin quruluş verdiyim tamaşalar təqdim olunurdu. Mənim haqqımda tamaşaçılarda yaxşı rejissor fikri formalaşmışdır. Ona görə çalışıram ki, o fikri əbədi olaraq qoruyub saxlaya bilim. Deyim ki, bu günlərdə oynanılan "Arşın mal alan" operretasının layihə rəhbəri mənəm. Rejissorun, ilk növbədə, gözəl fantaziyası, dünyagörüşü olmalıdır. Ədəbiyyatı gözəl bilməlidir. Tamaşaya qoyduğu əsərin müəllifinin həyat və yaradıcılığına dərindən bələd olmalıdır. Ədəbiyyat aləmində belə bir fikir var. Əgər bunu yazmaya bilərsənsə, yazma. Yəni bu insanın içindən, daxilindən gələn bir sifariş olmalıdır. Əgər hər hansısa əsər sənə rahatlıq vermirsə, o zaman əsəri səhnələşdirməyə qərar verməlisən. Tamaşa səhnəyə qoyulmamışdan əvvəl sən bütövlükdə onun tərtibatını göz önündə canlandırmalısan. Hətta rejissor səslərin rəngini belə görməyi bacarmalıdır. Müəllimlərim Tofiq Kazımovdan, Mehdi Məmmədovdan öyrəndiklərimi bu gün tələbələrimə çatdırmağa çalışıram. Onları mütaliə etməyə cəlb edirəm. Hər birini Axundov adına Kitabxanaya üzv etdirmişəm ki, canlı ədəbiyyat nümunələrini mütaliə etsinlər.
- Əliqismət müəllim, teatrda daha çox klassikaya müraciət olunur. Nəyə görə, müasir dramaturqların əsərləri səhnələşdirilmir. Ümumiyyətlə, komediya janrında teatr üçün dəyərli olan əsərlər varmı?
- Mən sizə deyim ki, son illərə qədər Musiqi Komediya Teatrının səhnəsində daha çox müasir əsərlərə yer verilirdi. Hətta iş o yerə gəlib çatmışdır ki, teatrın yaradıcısı Ü.Hacıbəyov olmuş olsa da, onun əsərlərinə yer verilmirdi. Mən bunu qəbul edə bilmirəm. Ona görə ki, aktyor da, rejissor da klassik əsərlərdə yetişir. Komediya janrında yazan müəlliflər vardır. Amma teatrımızı qane edə biləcək əsərə təsadüf edilmir.
- Teatra rəhbər təyin olunduqdan sonra, təbii ki, məqsədiniz olub. Təbii ki, qısa bir zamanda bu məqsədin həyata keçib-keçməməsi ətrafında öz-özünüzə hesabat vermisiniz.
- Mən deyərdim ki, teatrın rəhbəri kimi qarşıma qoyduğum vəzifələri mərhələ-mərhələ həyata keçirirəm. Düzdür, müəyyən çətinliklər mövcuddur, bu hal hər sahədə özünü göstərir. Təbii ki, çətinliklərin aradan qaldırılması özümüzdən asılıdır və bütövlükdə kollektivlə birgə bunun çözülməsinə çalışırıq. Teatrımız xarici dövlətlərə, eləcə də, Azərbaycanın rayonlarına tez-tez səfərlər edirlər. Sovet rejimi dağıdıldıqdan sonra 1990-cı ildən sonra, demək olar ki, bu teatr heç bir qastrol səfərində olmamışdır. Sərhədlərin açıldığı və Şəki, Gəncə, Sumqayıt və başqa teatrların dünya dövlətlərinə qastrol səfərlərinə çıxdığı zamanda Musiqili Komediya Teatrı bu səfrələrdən kənarda qalmışdır.
- Arzunuz, tövsiyələriniz?
- Müashibə zamanı dediyim fikirlərin əyani təsdiqini tapmaq üçün tamaşaçıların teatra gəlib, həqiqətləri gözləri ilə görməsini arzulayıram.

Digər xəbərlər