PDF Oxu

Müsahibə

  • 7

“Pənah Hüseynov bu gün siyasi proseslərə təsir etmə gücünə malik deyil”

“Pənah Hüseynov bu gün siyasi proseslərə təsir etmə gücünə malik deyil”
- Nəsimi bəy, hazırkı mərhələdə bələdiyyə seçkilərinə qeyri-rəsmi də olsa, start verilib. Amma müxalifət partiyaları seçkilərə digər qruplardan fərqli olaraq çəkişmələrlə, qarşıdurmalarla gedir. Sizcə, bu, nə ilə bağlıdır?

- Partiyamız bələdiyyə seçkilərində iştirakı ilə bağlı 2008-ci ilin oktyabr ayının 18-də qərar verib. Prezident seçkilərindən dərhal sonra partiya olaraq bələdiyyə seçkilərinə hazırlaşmağa başlamışıq. Hazırlığımız mart ayında elan olunmuş referendumla bağlı təşviqat qrupu yaratdıq və bu istiqamətdə fəaliyyət haqqında qərar qəbul etdik. Ona görə də, bələdiyyəyə hazırlıq fəaliyyətimizi dayandırdıq. O zaman ölkənin müxalifət təşkilatlarının böyük əksəriyyətinin təşəbbüsü ilə "Qarabağ və Respublika Uğurunda Azərbaycan Hərəkatı" yaradıldı. Bu qurum referendumun keçirilməsində müxalifət mövqeyini ifadə edən blok kimi fəaliyyət göstərmək məqsədini qarşıya qoymuşdu. Referendum bitdikdən sonra, təbii ki, blokda təmsil olunan partiyalar bir araya gələrək, bundan sonra da fəaliyyətinin davam etdirilməsinin zəruriliyi haqqında qərar qəbul edildi. Biz də partiya olaraq həm öz maraqlarımıza, həm də cəmiyyətin maraqlarına cavab verən blokun fəaliyyət göstərəcəyi təqdirdə, onun sıralarına qoşulacağımızı dedik və belə bir qərar qəbul etdik. Bu günə qədər partiyamız həmin blokda iştirak edir, bələdiyyə seçkilərinə isə, partiya olaraq hazırlaşırıq.

- Bələdiyyə seçkilərinə hazırlıq ərəfəsində AMİP tərəfindən sizə qarşı çox ciddi ittihamlar səslənir. Amma həmin ittihamları ciddi şəkildə faktlarla təkzib edə bilmədiniz. Bunu nə ilə izah edərdiniz?

- Həmin məsələlərlə bağlı bizim mövqeyimiz açıqlandı. AMİP-in mövqeyini bizə çatdırmışdılar. Biz onlar biz cavab verdik. Partiya olaraq hazırlığımızı digər partiyaların fəaliyyəti haqqında məlumatsız olan nümayəndələri tərəfindən ictimaiyyətə təqdim olunmasının tərəfdarı deyilik. Əli Orucov da cəmiyyətə verdiyi məlumatların içərisindən aydın şəkildə görünürdü ki, o, nə sayt, nə mətbuat, nə də fəaliyyətimizi hər hansı formada izləmək imkanına malik deyil. Bir sözlə, məlumatsızdır. Məlumatsızlıqdan qaynaqlanan bir yanaşması var idi ki, heç kəs hazırlaşmır, namizəd irəli sürmür. Mətbuat vasitəsilə ona tövsiyə etmişdim ki, bizim ən azı iki internet saytımız var. Aparıcı qəzetlərdə, radiostansiyalarda bununla bağlı mövqelərimiz ifadə olunur. Bütün bunların hamısı bizim fəaliyyətimizin cəmiyyətə çatdırılması metodlarıdır. Biz şəxsən Əli Orucova deyəsi deyilik ki, filan yerə gedib tədbir keçiririk, sənin məlumatın olsun. Ona görə də, bir şəxsin məlumatsız olması bizi bir o qədər narahat etmir. Məntiqi olardı ki, bələdiyyə seçkilərinə hazırlaşmağımız hakimiyyət tərəfindən narazıçılıqla qarşılansın. Amma müxalifət tərəfindən bu cür qarşılanması bizdə böyük təəccüb doğurdu.

- Dediniz ki, Əli Orucov sizin fəaliyyətinizlə bağlı bir o qədər məlumatsız olması səbəbindən, "Ümid" partiyasına qarşı qeyri-dəqiq ittihamlar səsləndirib. Bu, halda, AMİP "Ümid" partiyasına qarşı qərəzli yanaşma nümayiş etdirmir ki?

- Qeyd etdiyim kimi, bu, məlumatsızlıqdan doğan yanaşma idi.

- Sizcə, məlumatsızlıq həmin partiyanı söyüb-təhqir etməyə əsas verirmi?

- Xeyr, heç bir əsas vermir. Doğrudan da, siyasətlə məşğul olan adamın informasiyası yoxdursa, bunu əldə etməlidir, öyrənməlidir. Bilgisiz danışmaq hər zaman problemə gətirib çıxarır. Çox istərdik ki, nəinki AMİP funksionerləri, hər bir kəs məlumatlı olsun.

- Bəlkə AMİP sədrsiz, lidersiz olduğundan, funksionerlər də bir növ məsuliyyətsizlik nüümayiş etdirir. Bir ideya ətrafında birləşən siyasi həmkarlarına qarşı ittihamlar irəli sürürlər...

- Şübhəsiz, burada müxtəlif amillərin, insan amilinin rolu ola bilər. Bu bir az da fərdlərdən asılı olan məsələdir. Bizim AMİP-in digər funksionerləri ilə çox gözəl münasibətlərimiz var. Amma onun bir nümayəndəsinin bu cür mətbuata açıqlama verməsi, fəaliyyətimizə, bilərəkdən, qərəzli şəkildə edilir. Onun nə məqsəd daşıdığını açıb deyə bilmərəm. Çünki AMİP bu gün siyasi arenada böyük siyasi təsirə malik deyil. Bunun haradan qaynaqlandığı mənim üçün bir az qaranlıqdır. Amma faktiki olaraq, qərəzli deyilsə, məlumatsızlıqdan doğur. Bu cür halları da bağışlamaq olar. Qərəzi olduğunu aydın şəkildə bilmədiyimiz üçün onları ittiham edə bilmirik.

- Partiyanıza qarşı ADP də, eləcə də Müsavat partiyası da, hətta Əli Kərimovun İqbal Ağazadəyə qarşı tutduğu mövqe də bəllidir. Nə baş verir? Nəyə görə, "Ümid" partiyası müxalifət düşərgəsində arzuolunmaz partiyaya çevirilib?

- Bu gün məsələ belədir ki, bizim təmsil olunduğumuz blokda daha çox özünün iddasını ortaya qoyan, digərləri ilə öz iddiasını uyğunlaşdırmayan Müsavat partiyasıdır. Bizim blokda müttəfiqlərimiz, mövqeyimizi müdafiə edən siyasi təşkilatlar da var. Onlar hesab edir ki, biz daha ədalətli mövqe tutmuşuq. Bu gün komissiyalardan nümayəndərimizin geri çəkilməsi ilə bağlı şərt irəli sürmək heç bir məntiqə uyğun deyil. Biz bu bloku yaradanda, komissiyalarda təmsil olunmuşduq, prezident seçkilərində iştirak etmişdik. Gəlib birdən-birə bələdiyyə seçkilərində irəli sürülməsi, hesab etmirəm ki, cəmiyyətə xidmətdən doğur.

- Sizin, demək olar ki, Müsavat partiyasından başqa digər partiyalarla probleminiz yoxdur?

- Bilirsiniz, olanlar keçmişdə qalıb. Keçmişdə ola bilsin ki, siyasi partiyaların bir-birinə qarşı münasibətlərində gərginlik olub, ehtiyatsız ifadələrdən doğan hansısa problemlər mövcud olub. Amma bu gün AXCP (i), ADP və digər partiyalarla münasibətlərimiz normaldır. Bir Müsavat partiyasının bizə qarşı müəyyən şərt irəli sürməsinə görə, hiss olunur ki, gərginlik var.

- Müsavat yekdilləri sizə qarşı ittiham irəli sürürlər. Onlar "Ümid" partiyasını müxalifət partiyası adlandırmırlar və eyni zamanda, onlarla eyni blokda iştirak etməyin mümkün olmadığını söyləyiblər...

- Bizim Müsavat partiyasının rəhbərliyində təmsil olunan çoxsaylı dostlarımız var. Amma kiminsə orada əks-mövqedə olması da şəxsən məni ciddi narahat etmir. Hesab edirəm ki, bu gün bizim mübarizə apardığımız məsələ heç də müxalifətdəyik, müxalifətdə deyilik, həqiqi müxalifətəm, yoxsa, süni müxalifətəm, bunun uğrunda deyil. Ola bilsin ki, kiminsə bu gün müxalifət olmaq uğrunda mübarizəsi var, getsin Allah xeyir versin, mübarizəsini aparsın.

- Əgər Müsavat "Ümid" partiyası ilə eyni blokda təmsil olunmursa, bu halda, "QRUH"-un aqibətinin yaxşı olmyacağını söyləmək olar?

- Əgər Müsavat bizimlə bir yerdə getmək istəmirsə, biz heç dünəndən onlarla bir yerdə olmaq istəmirik. Bizim fikrimiz kiməsə yalvarıb, bir yerdə olmaq deyil ki? İstənilən birliyin yaranması və onun dağılması cəmiyyətə bir az normal izahı olmalıdır. Ona görə siyasi fəaliyyətdə olan insanlar birlik yaradanda, ordan uzaqlaşanda cəmiyyətin qəbul edəcəyi məntiqi arqumentlərə malik olmalıdır. Əgər bu yoxdursa, təbii ki, o zaman cığallıq kimi qəbul edilir. Bu cığallığın da müəllifi "Ümid" partiyası deyil.

- Ola bilərmi ki, İ.Ağazadə İsa Qəmbərovla əlaqə saxlayıb nə baş verdiyinə aydınlıq gətirsin?

- Onların onsuz da hərəkatın daxilində tədbirlərdə görüşləri olur. Münasibətləri də, mətbuatın dediyi kimi, gərgin deyil. Burada Müsavatın öz maraqlarını ifadə edən təklifindən qaynaqlanan gərginlik var ki, bu da bizim və digər müxalifət partiyalarının seçkidə iştirakıdır. Belə bir gərginlik bizim üçün heç bir problem yaratmır.

- Arif Hacıyevi, Sülhəddin Əkbəri və digərlərinin sizin haqqınızda arzuolunmaz fikirlər səsləndirmələrini başa düşmək olar. Amma Pənah Hüseynovun "Ümid" partiyası ilə bağlı Milli Məclisdə səsləndirdiyi fikirlər başa düşülən deyil. Bunu nə ilə izah edərdiniz?

- Qənaətim budur ki, Pənah Hüseynovun bu gün böyük partiyası yoxdur ki, siyasi proseslərə təsir etsin. Nə də bələdiyyə seçkilərinə çoxsaylı namizədi yoxdur ki, onların seçilməsi uğurunda mübarizə aparsın. Ona görə P.Hüseynovun niyə belə danışdığını bilirik, amma bununla bağlı mətbuata heç nə demək istəmirik.

- P.Hüseynovu danışdıran puldur, yoxsa İ.Qəmbərovdur?

- Yuxarıda qeyd etdiyim kimi, o, güclü partiyaya malik deyil. Onun danışması siyasi maraqlardan qaynaqlanmır.

- Bəs nədən qaynaqlanır?

- Siz özünüz müəyyənləşdirin.

- Biz deyirik ki, onu A.Hacıyevin tapşırığı, İ.Qəmbərovun təlimatı danışdırır...

- Artıq siz dediniz, məlum oldu.

Digər xəbərlər