PDF Oxu

Müsahibə

  • 18

“KİV nümayəndələri və dövlət strukturlarının qarşılıqlı faydalı əməkdaşlığına yardım”

“KİV nümayəndələri və dövlət strukturlarının qarşılıqlı faydalı əməkdaşlığına yardım”
(Əvvəli ötən sayımızda) Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması məhz ölkə başçısı cənab İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğının göstəricisidir. Müstəqil Azərbaycan tarixində, ilk dəfə olaraq, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu bir sıra qəzet və agentliklərə müxtəlif sahələri əhatə edən layihələrini həyata keçirmək üçün maliyyə dəstəyi göstərib. Səs İnformasiya Agentiliyi də keçirilən müsabiqənin qalibləri sırasındadır. Agentliyin "KİV nümayəndələri və dövlət strukturlarının qarşılıqlı faydalı əməkdaşlığına yardım" mövzusunda keçirdiyi layihə ictimai marağa səbəb olmaqdadır. Çünki layihənin təqdimetmə mərasimindən sonra agentliyə ünvanlanan məktublar və telefon zəngləri də ictimai marağın bu layihəyə münasibətinin yüksək olduğunu deməyə əsas verir. SİA növbəti dəfə layihə ilə bağlı dəyirmi masa keçirdi. Dəyirmi masada Mətbuat Şurası İdarə Heyətinin üzvü və sədr müavini, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Mətbuat Şurasının icraçı direktoru Rəhim Hüseynzadə, Milli Qeyri-Hökumət Təşkilatları (QHT) Forumunun prezidenti Rauf Zeyni, "Səs" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, Qaradağ rayon icra hakimiyyətinin şöbə müdiri Munis Bayramov, Səbail rayon icra hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov, "Azad Azərbaycan" qəzetinin baş redaktoru Asəf Abbasov, "Paritet" qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı, "Ekspress" qəzetinin baş redaktoru Qəzənfər Bayramov, AzərTac Dövlət İnformasiya Agentliyinin aparıcı müxbiri Vüqar Ağayev, "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyinin sədri Həsən Qarayev iştirak edirdilər. Dəyirmi masanı giriş sözü ilə açan SİA-nın əməkdaşı dövlət-mətbuat münasibətlərindən geniş və ətraflı məlumat verdi və müzakirələrin də bu istiqamətdə aparılmasının vacibliyini söylədi. Rauf Zeyni: - Milli QHT Forumunun "MDB xeber.az" saytı fəaliyyət göstərir. İstənilən QHT-nin fəaliyyəti ilə əlaqədar olaraq, eyni zamanda, onların mətbuatla qurduğu münasibətlər barədə məlumat əldə edə bilərsiniz. Yaxın günlərdə "QHT xeber.az" saytı da fəaliyyətə başlayacaq. Burada da QHT-lər barədə şəffaf informasiyalar əldə edə bilərsiniz. Prezident İlham Əliyev nitqlərinin birində vurğulayıb ki, "Biz geniş ictimai müzakirələr aparmadan və güclü ictimai nəzarət olmadan inkişaf edə bilmərik". Dövlət başçısının bu fikrindən fəaliyyətimiz boyu səmərəli şəkildə istifadə edirik. Bu mənada, media ilə həmkar olduğumuzu bəyan edirəm. Onlar ictimai nəzarəti, biz isə QHT nəzarətini həyata keçiririk. Bu baxımdan, hər ikimiz şəffaflıqda maraqlıyıq. Cəmiyyətdə şəffaflıq nə qədər çox olarsa, ədalət və aşkarlıq da bir o qədər çox olar. Effektiv mexanizmlərin tətbiq olunması qısa müddətdə real nəticəyə gətirib çıxaracaq. Qəzənfər Bayramov: - Mətbuatda aparıcı məsələlərdən biri informasiya və informasiyaya münasibətdir, yəni şərhdir. Bu istiqamətdə fəaliyyət göstərməyimiz üçün isə 5-6 nəfər ekspertlə məhdudlaşmışıq. Bu da keyfiyyət məsələsinə öz təsirini göstərir. Rauf Zeyni: - Bu gün 3000 QHT Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçib. Onlardan 524-ü Milli QHT Forumunda birləşib. Daxili monitorinq aparırıq və keyfiyyətsiz fəaliyyət göstərən QHT-lər aşkar olunaraq, forumun idarə heyətinə təqdim olunacaq. İdarə heyətinin müzakirələrindən sonra onlar barəsində müvafiq qərar qəbul olunacaq. Bütün QHT-lərin ən böyük funksiyası, ictimai fəaliyyəti həyata keçirməklə yanaşı, həmçinin, ictimai nəzarəti həyata keçirməkdir. Gəlin, araşdıraq görək ki, bütün sahələr üzrə müvafiq ekspertləri tapmaq olarmı? Bu, çox çətin məsələdir. Milli QHT Forumunda müxtəlif sahələr üzrə çox bacarıqlı ekspertlər var. Mətbuatın informasiya almasına yardımçı olan mütəxəssislərin böyük əksəriyyəti forumda fəaliyyət göstərir. Gələcəkdə bu cür problemlə üzləşməmək üçün gənc ekspertlər yetişdirməliyik. Asəf Abbasov: - Bu gün ixtisasca həkim olan bir şəxs politoloq kimi təqdim olunur. Bəzən də filoloq iqtisadçı kimi çıxış etməyə başlayır. Bunun özü mətbuat üçün bir bəladır. Hər bir sahənin özünün mütəxəssisi olmalıdır və həmin şəxs ekspert adlanır. Həsən Qarayev: - SSRİ dövründə mətbuata nəzarət daha güclü idi. Lakin 1990-cı illərin əvvəllərində ölkəmizdə müstəqil mətbuat yarandıqdan sonra, jurnalistlər də peşəkarlar və qeyri-peşəkarlar olmaqla iki yöndə fəaliyyət göstərməyə başladılar. Zaman keçdikcə, onlar arasındakı fərq özünü daha dolğun şəkildə büruzə verməyə başladı. Bu reallıq mətbuatda boşluqların yaranmasına gətirib çıxarır. Ümumiyyətlə, jurnalistdə hərtərəflilik olmalıdır. Yazdığı məqalə barədə ətraflı biliyə malik olmalıdır. Əvəz Zeynallı: - Çox istərdim ki, KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi layihələr nəticə versin. Bundan sonra fondun mətbuatın inkişafına göstərdiyi köməkdən söhbət gedə bilər.

Digər xəbərlər