PDF Oxu

Müsahibə

  • 16

TürkPA beynəlxalq müstəvidə nüfuzlü təşkilat kimi özünü təsdiq edəcək

TürkPA beynəlxalq müstəvidə nüfuzlü təşkilat kimi özünü təsdiq edəcək
- Ramil müəllim, bu günlərdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Bakı şəhərində ilk toplantısı keçirildi. Ümumiyyətlə, TürkPA-nın yaradılmasını necə dəyərləndirirsiniz?
- Uzun müddət idi ki, TürkPA-nın yaradılması ideyası müzakirə olunurdu. Türkdilli ölkələrin dövlət başçıları, eləcə də, parlament rəhbərləri bu məsələ ilə bağlı öz mövqelərini dəfələrlə ortaya qoymuşdular. Yəni çoxdan ideyası olan məsələyə hazırlıq prosesi gedirdi. Nəhayət, 28-29 sentyabr tarixində Bakı toplantısında TürkPA-nın yaradılması reallaşdı. Bilirsiniz ki, ötən il Türkiyənin Antalya şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın parlament sədrlərinin görüşündə TürkPA-nın yaradılması haqqında qərar qəbul edilmişdi. Xüsusilə, vurğulamaq istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev bu təşkilatın yaradılmasına böyük önəm verib və türk dünyasının daha da yaxınlaşmasına xidmət edən qurumun ərsəyə gəlməsi üçün böyük təşəbbüslər göstərib. Ümumiyyətlə, dövlətimizin başçısı öz genişmiqyaslı fəaliyyətilə türk dünyasının lider şəxsi kimi türk xalqları arasında böyük nüfuza malikdir. Bilirsiniz ki, Ümummilli Liderimiz Heydər Əliyev türk dünyasının birliyinə böyük önəm verirdi və bu istiqamətdə çox vacib addımlar atmışdı. Sevindirici haldır ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərimizin siyasətini uğurla davam etdirir.
Ümumiyyətlə, bildiyiniz kimi, TürkPA-nın Bakı toplantısında qurumun gələcək fəaliyyəti yönümündə əhəmiyyətli qərarlar qəbul olunub. Təşkilatın Nizamnaməsi, Katibliyin Əsasnaməsi təsdiqlənib və təşkilati məsələlər həll edilib.
- TürkPA-nın daimi katibliyi Bakı şəhərində yerləşəcək. Katibliyin strukturunun formalaşdırılması haqqında nə deyə bilərsiniz?
- Bütün qərarlar təşkilata üzv dövlətlərin konsensusu əsasında qəbul olunub. Nəzərdə tutulur ki, daimi katibliyə rəhbərlik 4 ildən bir əlifba sırası ilə üzv dövlətlərə keçsin. Qaydaya görə, Baş katib ilk olaraq Azərbaycandan seçilib. Həm ölkə rəhbərliyinin, həm də üzv dövlətlərin etimadı sayəsində mənim namizədliyim irəli sürüldü və dəstəkləndi. Namizədliyim əvvəlcə TürkPA-nın şurası tərəfindən təsdiq olundu, sonra isə plenar iclasda qəbul edildi.
Katibliyin Əsasnaməsinə görə, Baş katib Azərbaycandan olduğu üçün müavinlər Qazaxıstan, Qırğızıstan və Türkiyəni təmsil edirlər. Katiblikdə, həmçinin, işçi qruplar da işləyəcək. Bizə göstərilən etimadı doğrultmaq üçün səylə çalışacağıq. Katiblik hüquqi cəhətdən 2010-cu il yanvarın 1-dən fəaliyyətə başlayacaq. Hazırda isə bu tip strukturlarla görüşlərimiz keçiriləcək. TürkPA-nın yaradılması ilə bağlı bütün beynəlxalq qurumlar məlumatlandırılacaq və gələcək əməkdaşlıq məsələləri müzakirə olunacaq. QDİƏT PA, MDB PA kimi təşkilatların fəaliyyət təcrübəsi öyrəniləcək. Həmçinin, təşkilata beynəlxalq status verilməsi ilə bağlı proseslər həyata keçiriləcək.
- Necə hesab edirsiniz, TürkPA digər təşkilatlar kimi özünü beynəlxalq aləmdə təsdiq edə biləcəkmi?
- Dörd qardaş və dost ölkə Parlament Assambleyasının yaradılmasında öz qətiyyətli mövqelərini ortaya qoydular. Bu mövqeyin nəticəsi olaraq, qurum fəaliyyət göstərəcək. Biz də bu qətiyyətli mövqe ilə işimizi davam etdirməliyik. Katibliyin fəaliyyət istiqamətlərindən biri də digər beynəlxalq təşkilatlarla əlaqələri gücləndirmək və qurumu beynəlxalq müstəvidə layiqincə təmsil etməkdir. İnanırıq ki, TürkPA beynəlxalq müstəvidə nüfuzlu təşkilat kimi özünü təsdiq edəcək.
Həmçinin, gələcəkdə TürPA-nın digər beynəlxalq qurumlarda əvvəlcə qonaq, müşahidəçi və sonra üzv statusunda qəbul olunması missiyasının həyata keçirilməsi də mümkündür. Bundan əlavə, dörd ölkənin qanunvericilik sahəsində təcrübə mübadiləsi, vacib məsələlərlə bağlı ortaq müzakirələrin aparılması, beynəlxalq müstəvidə birgə mövqe nümayiş etdirilməsi nəzərdə tutulur.
Gələcəkdə türkdilli muxtar qurumların da təşkilatın işinə cəlb olunması nəzərdə tutulur. Ortaq dil və mədəniyyət məsələləri, iqtisadi, ticarət əlaqələri yönündə də mühüm addımlar atılacaq. TürkPA-nın fəaliyyətinin mətbuat vasitəsilə ictimaiyyətə çatdırılması da vacib məsələlərdəndir. Katiblik olaraq bu işləri həyata keçirmək üçün üzərimizə mühüm vəzifələr düşür.
- Özbəkistanla Türkmənistanın təşkilata qoşulması istiqamətində iş aparılacaqmı?
- TürkPA-nın Bakı toplantısında parlament sədrləri belə bir arzunu ifadə etdilər. Onlar Özbəkistan və Türkmənistanın Parlament Assambleyasına üzv olmasını lazımlı hesab etdilər. Amma bu ölkələrin özləri müstəqil qərar verməlidirlər. Təbii ki, biz də bu dövlətlərin ortaq fəaliyyətimizin içərisində yer almasını istəyirik və bu istiqamətdə iş aparılacaq.

Digər xəbərlər