Azərbaycan öz inkişaf səviyyəsinə görə regionun lider ölkəsinə çevrilib. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu düzgün, balanslaşdırılmış və müstəqil siyasət nəticəsində respublikamız beynəlxalq aləmdə böyük nüfuza malikdir. Bu siyasət bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz türk dünyasının mərkəzinə çevrilib və bundan əlavə, bütövlükdə, türk dünyasının beynəlxalq aləmdə nüfuzu daha da artmaqdadır. Belə ki, gələn ildən türkiyəli millət vəkili Mövlud Çavuşoğlu AŞPA-ya rəhbərlik edəcək. Türkiyəli parlamentarinin belə bir mötəbər quruma rəhbərlik etməsi türk dünyasına, o cümlədən, 20% torpağı işğal altında olan Azərbaycana nə kimi təsir edəcək? Bu və ya digər suallarla tarix eləmləri doktoru, BDU-nun professoru Musa Qasımlıya müraciət etdik.
-Türkiyənin millət vəkili Mövlud Çavuşoğlu gələn ildən AŞPA-nın prezidenti seçiləcək. Bu, ölkəmizlə nüfuzlu beynəlxalq qurum arasında əlaqələrin daha da möhkəmlənməsinə nə kimi təsir göstərəcək?
-Hansı ölkəni təmsil etməsindən aslı olmayaraq, Avropa Şurasının rəhbərliyinə seçilən şəxs bu təşkilantın prinsiplərinə əməl edir. Çünki Avropa Şurası təkcə seçilən şəxsin ölkəsindən ibarət deyil, digər ölkələrdən də ibarətdir. Hesab edirəm ki, türk mənşəli deputatın qurumun prezidenti seçilməsi Avropa işlərində Türkiyənin rolunun artmasına gətirib çıxarar. Amma təşkilatın rəhbəri bütün məsələlərdə obyektiv mövqe tutmalıdır. Bu obyektiv mövqe isə, ondan ibarətdir ki, Azərbaycan torpaqları işğal edilib və bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün düşüb. Fikrimcə, belə bir addım Türkiyənin Avropa Şurası ilə münasibətlərinin daha da sıxlaşmasına kömək edəcək. Eyni zamanda, Azərbaycan Avropa münasibətlərinə də müsbət təsir göstərə bilər.
-Gürcüstan parlamentində "erməni soyırımı" məsələsinin müzakirəyə çıxarılması ilə bağlı erməni mətbuatı məlumat dərc edib. Ümumiyyətlə, bu məsələnin Gürcüstan parlamentində müzakirəyə çıxarılması real görünürmü?
-Tarixdə heç bir zaman olmayan uydurma erməni soyqırımının Gürcüstanda gündəliyə gətirilməsi imkanını mən real görürəm. Çünki Gürcüstan parlamentində kifayət qədər erməni əsilli deputatlar var. Amma biz hər şeyə olduğu kimi, yanaşmalıyıq. Burada məsələ ondadır ki, Saakaşvili Yerevana səfəri zamanı uydurma soyqırım qurbanları abidəsinə əklil qoydu. Fikrimcə, bu yanlış bir addım idi. Baxmayaraq ki, ermənilər indinin özündə də Tbilisini erməni şəhəri kimi qəbul edirlər və Cavaxetiya bölgəsinə iddalar irəli sürürlər. Hesab edirəm ki, Gürcüstanın belə bir addımı atması imkanı nə qədər çox olsa da, onun qəbul edilməsi şansları çox aşağıdır. Çünki Gürcüstan üçün , birinci yerdə onun maraqları durur. Gürcüstanın maraqları isə Türkiyə və Azərbaycanla normal münasibətlərin qurulmasından keçir. Fikrimcə, Gürcüstan rəhbərliyi fikirləşməlidir ki, onlara asılı olduqları Azərbaycan və Türkiyə lazımdır. Yoxsa, heç bir şeyi olmayan və xarici yardımlara möhtac olan Ermənistanla əlaqə onlara heç nə verməyəcəkdir. Ona görə hesab edirəm ki, bu uydurma soyqırımla bağlı fikirlər Gürcüstan parlamentində səsləndirilə bilər, gündəliyə gətirilər, amma qəbulu Gürcüstanın maraqlarına tamamilə zidd olardı.
- Gürcüstan parlamentində belə bir müzakirələr aparılarsa, bu, münasibətlərə nə kimi təsir göstərəcək?
-Fikrimcə, belə bir müzakirənin aparılması münasibətlərə mənfi təsir göstərə bilər, amma münasibətlər pozulmaz. Bir tarixçi-alim kimi, düşünürəm ki, Gürcüstan yalnız öz maraqlarını əsas gətirərək, belə bir sənədi heç zaman qəbul etməz.