PDF Oxu

Müsahibə

  • 13

Naxçıvanda türkdilli dövlət başçılarının zirvə toplantısı keçirilir

Naxçıvanda türkdilli dövlət başçılarının zirvə toplantısı keçirilir

Ramil Həsənov: "Bu, Azərbaycan dövlətinin xarici siyasət istiqamətində atmış olduğu uğurlu addımlardan növbətisidir"

Müsahibimiz Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri, Türkdilli Dövlətlərin Parlament Asambleyasının baş katibi Ramil Həsənovdur

- Ramil müəllim, Türkdilli Dövlətlərin Parlament Asambleyasının baş katibi seçilməyiniz sizin üçün təsadüf oldu, yoxsa gözlənilən idi?
- Əlbəttə, dövlət tərəfindən, beynəlxalq arenada və təcrübədə
insana etimad və etibar göstərilməsi çox gözəl haldır. Sevindirici haldır ki, məhz türkdilli dövlətlər arasında əlaqələrin inkişafı və fəaliyyəti ilə bağlı, ilk dəfə olaraq, beynəlxalq statuslu təşkilat yaradılır. Beynəlxalq statuslu təşkilatın mərkəzi ofisi ölkə başçısının həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycanda yerləşəcək. Azərbaycan tərəfindən olan nümayəndə kimi təşkilata baş katib seçildim. Mən buna təsadüfi deməzdim, eyni zamanda, gözlənilən bir şey deyildi. Sadəcə olaraq, bunu müəyyən dövrdə meydana çıxan və ölkə rəhbərliyinin mənə göstərmiş olduğu böyük etimad və etibarın nəticəsi kimi qəbul edə bilərəm.

- Fəaliyyət istiqamətinizin əsas hissəsini hansı sahələr əhatə edəcək?

- İstiqamətlərimiz Əsasnamədə qeyd olunub. Katibliyin funksiyası türkdilli dövlətlərin arasında əlaqələrin möhkəmləndirilməsi, dövlətlər arasındakı qarşıya çıxacaq hər hansı bir çətinliklərin, müəyyən problemlərin, yeni ideyaların və layihələrin birgə müzakirəsi ilə bağlı ortaq qurum kimi fəaliyyət göstərməsi, beynəlxalq arenada, dünya miqyasında beynəlxalq təşkilatlarda 4 ölkənin-Qazaxıstan, Türkiyə, Azərbaycan və Qırğızıstan parlamentarlarının işinin əlaqələndirilməsi və ortaq fəaliyyət göstərmələrindən ibarətdir. Həmçinin, problemlərlə, meydana çıxacaq hər hansı nüanslarla bağlı sərbəst şəkildə qərarların verilməsi, beynəlxalq təşkilatlarda bir ölkənin mövqeyinin digər ölkələr tərəfindən müzakirə olunması ilə bağlı parlamentarların birgə fəaliyyəti, 4 ölkənin parlament və məclislərin qəbul etmiş olduqları qərarların, qanunverici aktların bir-birinə uyğunlaşdırılması mexanizminin işlənib-hazırlanması və gələcəkdə siyasi və digər istiqamətli proqramların aparılması, təhsil, mədəniyyət, elm, dil, iqtisadiyyat, qarşılıqlı sərmayələrin qoyulması, ticarət, hüquq və digər bu kimi istiqamətlərdə ölkələrin parlament assambleyalarının işini əlaqləndirməkdən ibarətdir. Eyni zamanda, Türk Dövlətləri Parlament Assambleyasının (TürkPA) fəaliyyətini tənzimləmək, tərkibində fəaliyyət göstərən 3 daimi komissiyanın işinin qurulmasına köməklik göstərmək, komissiyalar arasında əlaqələri intensivləşdirmək və hər il keçiriləcək TürkPA-nın zirvə toplantılarının hazırlanması aiddir. Həmçinin, bura mətbuat və ictimaiyyət əlaqələrinin qurulması daxildir. Bunun, zaman keçdikcə, iş axarına düşdükcə şahidi olacağıq.

- Türkdövlətlərin bəzi ölkələri arasında münasibətlər heç də arzuolunan səviyyədə deyil. Məsələn, Azərbaycanla Türkmənistan arasında Xəzərin statusu ilə bağlı müəyyən problemlər var. Baş katib olaraq, problemlərin aradan qaldırılması üçün hansı təklifləriniz ola bilər?
- Bu dövlətlər səviyyəsində dövlət rəhbərləri tərəfindən aparılan danşıqlar çərçivəsindədir. Təşkilat olaraq, bu cür məsələlərə müdaxilə etmək haqqımız və hüququmuz yoxdur. Sadəcə olaraq, düşünürük və arzu edirik ki, türk dünyasının bölünməz parçasından biri olan qardaş Türkmənistan da parlament assambleyasına üzv olsun və fəaliyyət göstərsin. Hesab edirəm ki, gələcəkdə Türkmənistan, Özbəkistan da bu assambleyaya qoşularsa, o zaman meydana çıxa biləcək hər hansı bir çətinliklərin aradan qaldırılması daha asan olar. Çünki ortaq təşkilat mövcuddur və bu təşkilatda müzakirə olunacaq biləcək imkan və şərtlər mövcuddur. Bu imkan və şərtlərdən istifadə edərək meydana çıxa biləcək problemləri aradan qaldırılmasında müəyyən dövlətlərimizin həyata keçirdiyi siyasətə də köməklik etmiş və töhfə vermiş olarıq.

- Türkdilli dövlətlərin Bakıda keçirilən ötən qurultayında ortaq türk əlifbasının yaradılması təklifi irəli sürülmüşdü...

- Parlament assambleyasının yaranması özü çox uğurlu addımdır. Assambleyanın daimi fəaliyyət göstərməsi, onun icra orqanı kimi katibliyin yaranması ikinci uğurlu addımdır. Üçüncü uğurlu addım o olacaq ki, assambleyanın tərkibində daimi komissiya dil, mədəniyyət və təhsillə bağlı komissiyalar fəaliyyət göstərəcək. Yəqin ki, həmin komissiyanın üzvü olan millət vəkilləri fikir və düşüncələrini bölüşəcəklər. Ortaq dil məsələsində bir aralığa gələcəklər. Ortaq dillə bağlı fikir gündəlikdən düşməyib və bu, gündəmdə var. Yəqin ki, yaxın gələcəkdə bu məsələ öz həllini tapa bilər. Bununla bağlı parlament assambleyasının nümayəndəsinin üzvü Nizami Cəfərovun açıqlamaları var. Düşünürəm ki, bu istiqamətdə katibliyin üzərinə nə düşürsə, bunların öhdəsindən layiqincə gəlməyə çalışacaq.

- Azərbaycanın torpaqlarının bir hissəsini işğal edən Ermənistanla çətin, ağırlı olsa da, qardaş Türkiyə münasibət qurmağa və sərhədləri açmağa səy göstərir...

- Səy göstərir deməzdim. Çünki sərhədlərin açılması ilə bağlı ortalıqda dəqiq bir söz yoxdur. Sadəcə olaraq, protokol məsələsi var. Bu məsələ ilə bağlı ölkəmizin xarici siyasət idarəsinin nümayəndəsi kimi öz fikrini bildirib. Buna əlavə şərt verməyə ehtiyac yoxdur.

- Protokolun imzalanması sonrakı mərhələdə sərhədlərin açılmasına əsa verməyəcək?

- Mən bir məsələni qeyd edim ki, dövlət nümayəndələrinin açıqladığı kimi, Azərbaycan rəsmləri Türkiyə baş nazirinin ölkəmizdə rəsmi səfəri zamanı verdiyi bəyanatlara inanır. Biz də düşünürük ki, Türkiyənin baş naziri ciddi, tanınmış siyasətçidir. İnanırıq ki, o öz sözünün üstündə duracaq və qardaş Türkiyənin bu istiqamətdəki mövqeyi bəlli olacaq. Adıçəkilən ölkənin parlament spikeri də qətiyyətlə bəyan edib ki, Qarabağ problemi həll olunmayana qədər sərhədlərin açılmasından söhbət gedə bilməz.

- Əgər protokol imzalanarsa, sizcə, 1921-ci il oktyabrın 16-da imzalanan Qars müqaviləsinin aqibəti necə olacaq?

- Qars müqaviləsi Türkiyə ilə Ermənistan arasında imzalanmayıb. Bu müqavilə Türkiyə ilə Sovet İttifaqı arasında imzalanıb. Orada Ermənistanın ərazi bütövlüyü, Naxçıvanın toxunmazlığı və digər müddəlar öz əksini tapıb. Protokol, sadəcə, kəsilmiş diplomatik münasibətlərin bərpası ilə bağlı ortaq razılıq ifadə edən məsələdir. Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, işğalçı Ermənistanın qoşunları işğal olunmuş ərazilərdən çıxdıqdan, Dağlıq Qarabağın statusu ilə bağlı məsələ müzakirə edildikdən sonra sərhədlərin açılması ilə bağı dövlətimizin mövqeyində çətin bir şey qalmır.

- Bu gün türkdilli dövlət başçılarının Naxçıvan MR-də zirvə toplantısı keçiriləcək. Toplantının Azərbaycan üçün əhəmiyyəti və rolu nədən ibarətdir?

- Azərbaycan dövlətinin xarici siyasət istiqamətində atmış olduğu uğurlu addımlardan növbətisidir. Biz fəxr edə bilərik ki, bizim Azərbaycana İlham Əliyev kimi lider rəhbərlik edir. Elə bir lider ki, ölkə daxilində yeritmiş olduğu siyasətin hər bir nöqtəsi Azərbaycanın inkişafına xidmət edir. Elə bir lider ki, eyni zamanda, xarici siyasətdə atdığı addımların hər bir sahəsi Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsinə, regionda və bölgədə lider ölkəyə çevirilməsinə və eyni zamanda, türk dünyası arasında əlaqələndirici koordinator rolunu oynayan ölkə səviyyəsinə gətirib çıxarmasına xidmət edir.

Digər xəbərlər