PDF Oxu

Müsahibə

  • 7

Naxçıvan MR-də türkdilli dövlət başçılarının zirvə toplantısı keçiriləcək

Naxçıvan MR-də türkdilli dövlət başçılarının zirvə toplantısı keçiriləcək

- Musa müəllim, bu ilin oktyabr ayının 2-3-də Naxçıvan MR-də türkdilli dövlət başçılarının zirvə toplantısı keçiriləcək. Bu cür beynəlxalq tədbirin ölkəmizdə keçirilməsinin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Bunun tarixi, milli birliyimizin möhkəmləndirilməsi, eyni zamanda, ölkəmizin regionda nüfuzunun artması baxımından böyük əhəmiyyəti var. Həmçinin, Azərbaycanın türkdilli dövlətlərin liderinə çevrilməsi və onları öz ətrafında birləşdirə bilməsi istiqamətinə malikdir. Ümumiyyətlə, türkdilli dövlətlərin bir araya gəlməsi müsbət haldır. Onların güc, birlik və nüfuz mərkəzi olaraq möhkəmlənməsi, dünya arenasında öz haqq səsini müdafiə etməsi çox böyük əhəmiyyətə malikdir. Bu ideya ilk dəfə Türkiyənin keçmiş prezidenti Turqut Özal tərəfindən irəli sürülüb. Lakin onun ömrü bu ideyanın reallaşdırılmasına yetmədi. Bütün türk xalqlarının ən böyük lideri, ulu öndər Heydər Əliyev tərəfindən isə bu ideya inkişaf etdirildi və onun həyata keçirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu cür tədbirin Naxçıvanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, Naxçıvanın qədim mədəniyyət mərkəzlərindən biri olduğunu vurğulayırsa, digər tərəfdən də, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində blokada şəraitinə düşmüş bu bölgəyə dünyanın marağının yenidən cəlb olunması nöqteyi-nəzərindən əhəmiyyətlidir.
Son illər Naxçıvan çox sürətlə inkişaf edir və müasirləşir. Sevindirici haldır ki, bu cür tədbirlər təkcə Bakıda deyil, artıq bölgələrdə keçirilməyə başlayıb. Bu gün Naxçıvanın belə yüksək tədbir keçirmək imkanına malik olması, Azərbaycanın inkişafının birbaşa göstəricisidir. Yəni, ölkəmizin blokada şəraitində olan bir bölgəsi o qədər inkişaf edib ki, türdilli dövlət başçılarını qəbul etmək imkanına malikdir. Qürurla deyə bilərik ki, qonaqlara təqdim etməyə abad şəhərimiz və qədim mədəniyyət mərkəzimiz var.
Bu hadisə Azərbaycanın regionda və türkdilli dövlətlər arasında nüfuzunun artmasının, lider dövlətə çevrilməsinin göstəricisidir. Naxçıvana qarşı həmişə aqressiv münasibət bəsləyən, onu blokadada saxlamaqla çökdürmək arzusunda olan və arzusu gözündə qalan Ermənistana bir mesajdır. Naxçıvan təkcə Azərbaycanın deyil, bütün türk dünyasınındır. Bugünkü inkişafı ilə də bütün türk xalqlarının qürur mənbəyidir. Bu da Azərbaycanın regionda yüksək inkişafının bir göstəricisidir. Düşünürəm ki, türkdilli dövlətlərin zirvə toplantısından sonra müəyyən bəyanatların və qərarların qəbulu da gözləniləndir. Bunların bir qismi türkdilli dövlətlərin birliyinə xidmət etməklə yanaşı, digər bir qismi isə Azərbaycanın məruz qaldığı işğala türkdilli dövlətlərin cavabı olacaq.

- Bakıda keçirilən türkdilli dövlət başçılarının qurultayında ortaq türk əlifbasının yaradılması ilə bağlı fikir səsləndirilmişdi. Bu məsələnin reallaşması nə dərəcədə mümkündür və Naxçıvanda keçiriləcək toplantıda bununla bağlı hər hansı bir qərarın qəbulu gözlənilirmi?

- Naxçıvanda keçiriləcək toplantıda konkret hansı qərarların qəbul olunacağını deyə bilmərəm. Belə bir qərarın qəbul olunması məntiqi addımdır. Əvvəlki qurultayların davamı kimi də olduqca əhəmiyyətli olardı. Ortaq türk əlifbasının yaradılması çox ağıllı bir ideyadır. Burada Azərbaycan türkcəsi əsas baza kimi götürülə bilər. Dünyada yaşayan türk xalqları etiraf edirlər ki, Azərbaycan türkcəsi daha mükəmməldir və ortaq türk dili rolunu oynaya bilər. Bu baxımdan, zirvə toplantısında bu məsələ ilə bağlı hansısa qərarın qəbulu mümkündür. Bu günədək keçirilən tədbirlərin məntiqi davamı kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, bu ideya gələcəkdə türkdilli dövlətlərin birliyini daha da möhkəmləndirəcək.

- Dünyanın müxtəlif dövlətlərində yaşayan türk xalqlarının nümayəndələri həmin toplantıda iştirak edəcəklərmi?

- Həmin toplantıda onların iştirakı vacibdir. Krım türkləri artıq böyük qüvvə kimi təmərküzləşiblər. Volqaboyu, Saxa-Yakut və s. türk xalqlarının nümayəndələri həmin toplantıda iştirak etməlidir. Bu toplantı yalnız 5 türkdilli dövlətin iştirakı ilə baş tutmamalıdır.

- 1921-ci il oktyabrın 13-də imzalanan Qars müqaviləsinin ildönümü ərəfəsində Ermənistan - Türkiyə sərhədlərinin açılması ilə əlaqədar protokolun imzalanacağı haqqında məlumatlar dolaşır. Belə bir vaxtda türkdilli dövlət başçılarının zirvə toplantısının keçirilməsi həmin sənədlərin diqqət mərkəzinə gətirilməsi kimi qiymətləndirilə bilərmi?
- Əsas məqsəd bu deyil. Həmin müqavilə o vaxtkı şəraitə uyğun olaraq bağlanıb və Türkiyənin Naxçıvan MR-in qarantı olmasını təsdiq edən bir müqavilədir. Bu müqavilə hələ də qüvvədədir. Bu gün Azərbaycanın müttəfiqləri artıb və ölkəmiz özünün ərazi bütövlüyünü qorumaq iqtidarındadır. Türkdilli dövlətlərin hər biri bu mövqedədir ki, Azərbaycanın işğal olunmuş əraziləri azad olunmalıdır. Şübhəsiz ki, bu, ermənilər üçün bir mesajdır. Onların Naxçıvanla bağlı da sərsəm iddiaları var və bu iddialardan hələ də əl çəkməyiblər. Bu gün Naxçıvan bütün türk dünyasının ən aparıcı mədəniyyət mərkəzlərindən biridir. Bu mənada, toplantının böyük əhəmiyyəti var.

- Ola bilərmi ki, bu toplantıda Ermənistan - Türkiyə sərhədlərinin açılması ilə bağlı ayrıca bəyanat səsləndirilsin?

- Bu hal mümkündür, ancaq toplantının əsas məqsədi bu deyil. Məsələ ilə əlaqədar Türkiyə Prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin sədri Məhmətəli Şahin dəfələrlə bəyanat səsləndiriblər. Onlar bildiriblər ki, Azərbaycan torpaqlarına qarşı həyata keçirilən işğal siyasəti aradan qaldırılmayınca, sərhədlər açılmayacaq. Biz onların səmimiyyətinə inanmalıyıq.

Digər xəbərlər