PDF Oxu

Müsahibə

  • 8

Rəsul Quliyevin kitabı çoxdan bağlanıb

Rəsul Quliyevin kitabı çoxdan bağlanıb
- Rəsul Quliyevin siyasi iflası ADP-də necə qarşılanır?
- ADP üçün Rəsul Quliyevin kitabı çoxdan bağlanıb. "ACP"-nin hansı formada siyasi fəaliyyət göstərdiyi isə mətbuata və cəmiyyətə aydındır. Buna nə kədərlənmir, nə də ki sevinmirik. Sadəcə, onlar haqqında öz fikirlərimizi səsləndirə bilərik.
- Ancaq hər halda, "ACP"-nin sosial bazasının ADP-yə qayıtması sizin maraq dairənizdə olar?
- İstər iflasa qədər, istərsə də iflasdan sonra ADP-nin qapısı hər bir kəsin üzünə açıqdır. ADP öz sosial bazasını iflasa uğramış hansısa partiyanın üzərində qurmur. İndiyə qədər belə bir rəy formalaşdırıblar ki, ADP yalnız Rəsul Quliyevin adı ilə bağlıdır. Yəni, o, bu partiyadan gedəcəyi halda, onun yaratdığı yeni partiya tərəqqiyə doğru və ADP isə tənəzzülə doğru inkişaf edəcəkdir. Ancaq siyasi gedişlər onu göstərdi ki, reallıq heç də belə deyil. Onların ADP-də olduqları müddət şöhrətli vaxtları idi. İndi isə məğlubiyyət qarşısında qalıblar. "ACP" yekdil olaraq bir araya gələ bilmir və öz siyasi varlığını ortaya qoya bilmir. Həmin insanlar aktiv mövqedən passiv mövqeyə qədəm qoymağa məcbur olublar. Bu da siyasi reallığın ortaya qoyduğu faktdır.
- Bəs R.Quliyevin keçmiş müşaviri Zəminə Dünyamalıyevanın ADP-yə qayıtması mümkündür?
- Əgər onun belə bir istəyi varsa, öncə, partiyanın qeydiyyatda olduğu rayon təşkilatına müraciət etməlidir. Onun əvvəl hansı vəzifələrdə olmasının heç bir əhəmiyyəti yoxdur. Həmin müraciətə partiyanın nizamnaməsinə uyğun baxıla və müzakirələrdən sonra qərar qəbul oluna bilər. Yəni, bu məsələ ilə bağlı konkret fikir söyləyə bilmərəm. Bir daha qeyd edirəm ki, partiyanın qapısı hər kəsin üzünə açıqdır.
- Əgər bu müraciət olarsa, onun partiyanın fəaliyyətində rolu nədən ibarət ola bilər?
- Bu, onun əvvəl partiyada tutduğu hər hansı bir vəzifə ilə əlaqədar deyil. Hesab edirəm ki, o, yenidən bu prosedurları keçməlidir və reobilitasiya olunmalıdır. Özünə layiq yer tutması üçün cəhdlər göstərməlidir. Sözsüz ki, onun ADP-yə qayıdışının əhəmiyyəti partiya tərəfindən qiymətləndirilə bilər. Artıq ictimai mühitdə və siyasi aləmdə özünə kifayət qədər yer tutan insanların həmin prosedurları qısa müddət ərzində keçməsi mümkündür.
- Son zamanlar, Eldar Namazov, Nazim İmanov, İlqar Məmmədov, Akif Şahbazov və digər bir sıra şəxslərin ADP-yə gələrək həmsədrlik institutu yaratmaq barədə məlumatlar gəzir. Bununla bağlı nə deyə bilərsiniz?
- Bunun nə dərəcədə real olduğunu deyə bilmərəm. Onlar tərəfindən bu fikirlə bağlı partiyaya heç bir müraciət daxil olmayıb. Adları çəkilən şəxslərə böyük hörmətimiz var. Belə bir müraciət olarsa, onun reallığından danışmaq olar.
- Sizcə, bu məlumat mətbuata necə sızdırılıb?
- Bu fikirlər şayiələrdir və onlara ciddi yanaşmaq lazım deyil. Konkret məsələ ortaya gəldiyi halda, ona qiymət vermək lazımdır. Bir nəfərin əsası olmayan fikirlər səsləndirməsi bu cür şayiələrin yayılmasına zəmin yaradır.
- Seçkilərin yaxınlaşdığı bir vaxtda müxalifətin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Cəmiyyətin stabilliyi üçün pərakəndəlik yox, yekdillik tələb olunur. Xüsusilə, Dağlıq Qarabağ problemini yaşayan, eləcə də, yerləşdiyi geosiyasi məkana görə, digər dövlətlərin maraq dairəsində olan Azərbaycanda təkcə müxalifətin deyil, ümumilikdə, xalqın yekdil olması vacibdir. Bu, millətimizin və cəmiyyətimizin tarixi tərəqqisinə səbəb olar. Pərakəndəlik Azərbaycana heç bir xeyir gətirməz. "Parçala və hökm sür!" siyasətinə qətiyyən yol vermək olmaz.
- Müxalifət partiyalarının bir araya gəlməsi üçün kənar yardımlara ehtiyac varmı?
- Müxalifətin bir araya gələ bilməməsinin səbəbi partiyaların daxili vəziyyəti ilə bağlıdır. Bütün məsələlərə alicənablıqla yanaşmaq lazımdır.
- Bəzi həmkarlarınız ADP-ni hakimiyyətə "işləməkdə" günahlandırır. Bunu reallıq hesab edirsinizmi?
- Hakimiyyətin tutduğu mövqe, onun cəmiyyətdəki yeri dəqiq və düzgün olduqdan, eləcə də, xalq tərəfindən dəstəkləndikdən sonra onunla əməkdaşlıq etməkdə təəccübdoğuracaq heç nə yoxdur. Bu, müxalifətin hakimiyyətə "işləməsi" kimi qiymətləndirilə bilməz. Əgər hakimiyyətlə milli məsələ ətrafında ortaq fikrə gəlinərsə, bu, sevindirici haldır. Bir sıra dünya ölkəsində də müxalifət iqtidarla bəzi məsələlərdə eyni mövqedən çıxış edir. Bu baxımdan, ADP-nin iqtidarın atdığı pozitiv addımları təqdir etdiyi halda, bunun başqa cür yozulması qərəzdən irəli gəlir. Bu cür böhtan xarakterli fəaliyyətə şəffaf münasibətlərimiz kölgə saldığına görə, onlar qısqanc yanaşmanı ortaya qoyurlar.
- Müxalifət qəzetlərində ADP haqqında tənqidi fikirlərə tez-tez rast gəlinir. Sizcə, bunun arxasında hansısa müxalifət lideri dayanır?
- Rauf Arifoğlu və digər müxalifət funksionerləri tərəfindən ADP-nin ünvanına birbaşa deyil, qəzetdə yer alan yazılar vasitəsilə təndiqi fikirlər səsləndirilir. Sonradan bunun reallıq olmadığını dərk edib, geri çəkiliblər. Özlərinin iyrənc məqsədlərinə çatmaq və avtoritetlərini gücləndirmək üçün bu cür vasitələrə əl atırlar. Hesab edirəm ki, bu effekt verə bilməz. Çünki qeyd olunan proseslər ADP-də baş vermirsə, yayılan hansısa xəbər onun ictimai çəkisini azalda bilməz. Yəni, "Günəş suvaq götürməz".

Digər xəbərlər