PDF Oxu

Müsahibə

  • 12

BMT-nin 64-cü sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair qətnamə layihəsi müzakirəyə çıxarılıb

BMT-nin 64-cü sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair qətnamə layihəsi müzakirəyə çıxarılıb

- Elxan müəllim, BMT-nin Baş Assambleyasının 64-cü sessiyasında GUAM-a üzv olan ölkələrdə münaqişələrlə bağlı qətnamənin qəbul ediləcəyi gözlənilir. Dağlıq Qarabağla bağlı yeni bir qətnamənin qəbulu nə dərəcədə gözləniləndir?

- Azərbaycan daim Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində iş aparır. Bildiyiniz kimi, Birləşmiş Millətlər Təşkilatının (BMT) 64-cü sessiyasının gündəmində də Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair qətnamə layihəsi müzakirəyə çıxarılıb. Bu məsələ də BMT-də müzakirə olunacaq bir sıra vacib məsələlər sırasındadır. Ölkəmiz haqlı olaraq öz prinsipial mövqeyini daima əsas tutaraq, Dağlıq Qarabağ məsələsini də önə çəkib. Sessiyada, həmçinin, GUAM ölkələri daxilində dondurulmuş münaqişələrə dair digər qətnamələr də müzakirə olunacaq. Müzakirəyə çıxarılan bu qətnamə çərçivəsində Azərbaycan tərəfi öz mövqeyini bir daha dünya ictimaiyyətinə geniş şəkildə çatdıra biləcək. Bu istiqamətdə zəruri olan bütün addımlar atılıb.

- BMT-nin ötən sessiyasında müzakirəyə çıxarılan eyni məsələ ilə bağlı ATƏT-in Minsk Qrupuna üzv olan ölkələr Ermənistanın mövqeyini müdafiə etmişdilər. Bu dəfə belə bir halın olması nə dərəcədə mümkündür?

- Azərbaycan daim BMT-yə üzv olan digər dövlətlərlə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparır. Bu istiqamətdə mühüm və zəruri olan nəticələr əldə olunmaqdadır. Keçən il Azərbaycanın xeyrinə zəruri olan bir qətnamə qəbul olundu. İşğal olunmuş Azərbaycan ərazilərində vəziyyətə dair qətnamənin BMT-yə üzv olan dövlətlərin əksəriyyəti tərəfindən qəbul edilməsi bu istiqamətdə dönüş kimi qiymətləndirilə bilər. Burada hansısa bir ölkənin mövqeyinin fərqli olmasından asılı olmayaraq, məsələnin mahiyyəti dəyişmir. Azərbaycanın ədalətli mövqeyi həmişə bütün dünya ictimaiyyətinə, eyni zamanda, BMT kimi böyük və nüfuzlu təşkilatda önə çəkilib, bundan sonra da çəkiləcək.

- Qəbələ RLS-lə bağlı məsələ yenidən gündəmə gəlməkdədir. ABŞ-Rusiya arasında artıq Qəbələ RLS-dən birgə istifadə məqsədilə ilkin razılığın əldə olunması məsələsi də müzakirə predmetidir. Bu ikitərəfli danışıqlarda Azərbaycanın üçtərəfli formatda iştirakı nəzərdə tutulurmu?

- Bu məsələdə ABŞ və Rusiya tərəfindən real təkliflər olduğu halda, daha geniş müzakirələr aparmaq olar. Çünki hələ Azərbaycana bu məsələ ilə bağlı heç bir müraciət və təklif daxil olmayıb. Amma hələlik, gözlənildiyinə görə, bu istiqamətdə konkret fikir söyləmək mümkün deyil.

- Rusiya geniş tərkibli hərbi təlimlərə başlamaq istəyindədir. Qəbələ RLS-in də bu təlimlərdə rolu önə çəkilir. Azərbaycana bu istiqamətdə hər hansı bir məlumat verilibmi?

- Hələlik, ölkəmizin bu cür məsələlərlə bağlı mövqeyi öyrənilməyib.

- Ermənistan-Türkiyə sərhədlərinin açılması Türkiyə ictimaiyyəti və müxalifəti tərəfindən narazılıqla qarşılınmaqdadır. Belə bir məsələnin reallaşması mümkün ola bilərmi?

- Biz bu məsələdə Türkiyə rəhbərliyinin verdiyi bəyanatlara əsaslanırıq. Belə bəyanatlar indi də səslənir və dəyişilməz olaraq qalır.

- Türkiyə rəsmiləri iddia edirlər ki, Ermənistanla aparılan danışıqlar barədə Azərbaycan tərəf məlumatlandırılır. Son nəticələrlə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyində hər hansı məlumat varmı?

- Azərbaycanla Türkiyə arasında daim məlumat mübadiləsi aparılır. Sentyabrın 23-də nazir Elmar Məmmədyarovun BMT-də türkiyəli həmkarı Əhməd Davudoğdu ilə görüşü keçirilib. Bu görüşdə də Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ məsələsi əsas müzakirə predmeti olub.

Digər xəbərlər