- Dörd Xəzəryanı ölkə başçılarının Qazaxıstanın Aktau şəhərində keçirilən görüşünü necə xarakterizə edərdiniz?
- Qeyd edim ki, bu görüş qeyri-rəsmi xarakter daşıyır. Görüşə qatılan dövlətlər Xəzərin 85%-dən çoxuna sahib olan ölkələrdir. Yəni Xəzər bu dörd dövlətin ərzaisini əhatə etdiyinə görə, bu dövlətlər arasında ikitərəfli və çoxtərəfli münasibətlərin gələcək strategiyasını müəyyənləşdirmək məsələsi müzakirə olunur. Yəni burada hansı məsələlər daha dəqiq müzakirə olunub, bunu demək çətindir. Amma nəzərə alsaq ki, bunların hamısı Azərbaycanın yaxın qonşularıdır, eyni zamanda, Azərbaycanla strateji, ikitərəfli və çoxtərəfli əməkdaşlığı olan ölkələrdir. Azərbaycan da daxil olmaqla, bunların üçü müsəlman dövlətidir. Bundan başqa, nəzərə alsaq ki, Rusiya da ATƏT-in Minsk Qurupunun həmsədridir, bu da, onu deməyə əsas verir ki, bu görüşün əhəmiyyəti çox böyükdür. İranın isə bu məsələyə qısqanclıqla yanaşması dünya diplomatiyasında görünməyən addım atması anlaşılan deyil. Çünki bu görüş qeyri-rəsmi görüşdür. Onu da qeyd edim ki, yazılmış və yazılmamış qanunlar var. Gərək İİR bu qanunlara riayət edəydi.
- RF Avropanı enerji asıllığında saxlamaq üçün MDB dövlətləri ilə qaz və neft sahəsində əlaqlərini daha da genişləndirir. Bununla bağlı siz nə deyə bilərsiniz?
- Təbii ki, hazırda dünyanın yenidən nüfuz dairəsinin bölüşdürülməsi prosesi gedir. Burada ABŞ bir mərkəz kimi, yəni regionçuluq mövqeyindən çıxış etməyə çalışır. Rusiyanın ətrafında isə Çin və Hindistan kimi böyük dövlətlər var. RF Avropa Birliyini ABŞ-dan "qoparmaq" üçün Avropanın enerji təhlükəsizliyində söz sahibi olmaq istəyir. Rusiya hazırda Avropanın bütövlükdə enerji bazarını ələ keçirmək istəyir. Ancaq təbii ehtiyatları olan Azərbaycan, Qazaxıstan və Türkmənistan əsas rol oynayır. Böyük neft və qaz yataqlarına sahibi olan İran isə bir növ ABŞ-la əks-mövqedədir və öz maraqlarından çıxış edir. Bu görüşün arxasında enerji təhlükəsizliyi məsələsi və ola bilsin həm də RF-nin maraqları dayanır.
15 il öncə əsası qoyulan "Əsrin müqaviləsi" ilə neft strategiyasından ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin qorunması üçün çox düzgün istifadə etdi. Azərbaycan digər ölkələrdən fərqli olaraq, işğal olunmamış ərazilərinin müstəqilliyini tam qoruyub saxlaya bildi. Ancaq Gürcüstanda və Ermənistanda vəziyyət olduqca ağırdır. İşğalçı qonşumuz olan ölkədə vəziyyət həm iqtisadi, həm də siyasi baxımdan ağırdır.
- Azərbaycan, Qazaxıstan və RF Xəzər dənizinin bölgüsündə ümumi razılığa gəlsələr də, digər MDB ölkəsi olan Türkmənistan hələ də bu məslədə razılığa gəlməyib. Adıçəkilən ölkənin yaxın zamanlarda dənizin bölgüsü ilə bağlı razılığa gələcəyi gözlənilirmi?
- Əvvəla, onu qeyd edim ki, beynəlxalq dəniz konvensiyasi mövcuddur. Bu konversiyada daxili dənizlərin bölüşdürülməsi barədə ortaq xətt qəbul olunub. Türkmənistanın iddia etdiyi orta xətt Azərbaycanın daxili sularıdır. Məsələ ondadır ki, Türkmənistanın indiki rəhbərliyi siyasi cəhətdən yetişməyib. İran isə Azərbaycanda Kürün töküldüyü mənbəyə qədər olan suları ələ keçirmək istəyir. İİR-in iddiasının arxasında Xəzərin bölüşdürülməsi yox, vaxtı ilə hakimiyyətdə olan savadsız cəbhəçilərin iddiası dayanır. Türkmənistan da əsassız iddialarla çıxış edir. Yəni əksər ölkələr Azərbaycanın daha da güclənməsindən narahatdılar. Ancaq nəzərə almaq lazımdır ki, respublikamızın Xəzəryanı ölkələr arasında və bütövlükdə müsəlman aləmində önəmli yeri var. Azərbaycan daha demokratik və Qərbə yaxın olan bir dövlətdir.
- Ümumiyyətlə, yaxın gələcəkdə Xəzərin statusu məsələsi tezliklə həll edilə bilərmi?
- Xəzərin statusu məsələsi tezliklə öz həllini tapacaq. Amma ona görə yox ki, Türkmənistan geri çəkiləcək və lNabucco"da iştirak etsin. Fikrimcə, bu mövzuda aparılan danışıqlar, bu proses başa çatacaqdır. Azərbaycanla Türkmənistanın münasibətləri də yaxşılaşacaq. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, Xəzərin statusunun həll olunmaması üçün ciddi bir məsələ yoxdur. Yəni onsuz da Azərbaycan öz dövlət maraqları ilə bərabər, dünyanın mövcud olan bütün qanunvericiliklərinə üstünlük verdiyinə görə, Azərbaycan bu işlərdə haqlıdır. İnanıram ki, tezliklə bu məsələ öz həllini tapacaq.