PDF Oxu

Müsahibə

  • 10

Ənvər Ağayev: “Çıxış yolu boykot deyil, seçkilərdə iştirak etmək, fəallıq göstərməkdir”

Ənvər Ağayev: “Çıxış yolu boykot deyil, seçkilərdə iştirak etmək, fəallıq göstərməkdir”
- Ənvər bəy, bir qədər əvvəl mətbuatda "Ümid" partiyasının "Qarabağ və Respublika Uğrunda Hərəkat"dan uzaqlaşdıralacağı barədə məlumat yayılmışdır. Yenidən bu məsələ gündəmə gətirilib. Nələr baş verir?
- Bütün bunlar yanlış məlumatlardır, hansısa jurnalistin təxəyyülünün məhsuludur. "Ümid" partiyası ilə "QRUH"-da birləşən partiyalar arasında heç bir problem yoxdur. Birlikdə uğurlu fəaliyyət davam etməkdədir.
- Ola bilərmi ki, belə məlumatlar hansısa partiyaların içindən yayılsın...
- Elə təsəsvvür etmirəm ki, hansısa partiya belə məlumatların yayılmasında maraqlı olsun. Yuxarıda qeyd etdiyim kimi, bu cür məsələlərdə jurnalistlər maraqlı olur.
- Nəyə görə, Arif Hacıyev "Ümid" partiyasına qarşı sərt mövqe nümayiş etdirmişdi?
- Hansı sərt mövqe nümayiş olunub
- A.Hacıyev "Ümid" partiyasını hakimiyyətlə işbirliyində, Mərkəzi Seçki Komissiyasında yerlərin bölüşdürülməsində və təyinatında birgə iştirak etməkdə günahladırır.
- Elə bir şey olmayıb. Sonradan bildik ki, onun fikirləri mətbuatda təkzib olunub.
- A.Hacıyev heç də fikirlərini təkzib etməyib. Bildirib ki, belə faktlar mövcuddur...
- Əgər elə faktları varsa, buyurub konkret misallar göstərsin.
- Fakt deyəndə nəyi nəzərdə tutursunuz?
- Kim deyirsə, faktlar var, göstərsin.
- Yadınızdadırsa, İqbal bəy də A.Hacıyevin mövqeyinə münasibət bildirmişdi...
- Həmin məsələlər artıq geridə qalıb. Yəni, bir dəfə mətbuatda bu məsələrlə bağlı fikirlər səslənmişdi. Dəfələrlə ifadə etmişəm ki, partiya olaraq keçmişdə baş verənlərə münasib olaraq fəaliyyətimizi qurmuruq. Biz həmişə irəli baxırıq. Dünən nə baş veribsə, artıq geridədir. Sabaha baxırıq və fəaliyyətimizi də bu istiqamətdə qururuq.
- İsa Qəmbərov da məsələyə birmənalı münasibət ortaya qoymamışdı...
- Müsavat başqanı tam açıqlığı ilə mövqeyini ifadə etmişdi. Mətbuatda işıqlandırmışdı ki, "Ümid"lə Müsavat partiyası arasında problem yoxdur. Bələdiyyə seçkilərində də "QRUH"-da birləşən partiyalarla birlikdə iştirak edəcək.
- AMİP də sizə qarşı xoşagəlməyən münasibət sərgiləyir. Bu, nə ilə izah oluna bilər?
- AMİP funksionerinin açıqlaması onu göstərir ki, onlar "Ümid" partiyasının fəaliyyətini yaxşı izləmir və partiyamız haqqında kifayət qədər məlumata malik deyil. AMİP funksioneri belə bir ifadə işlətmişdi ki, indiki şəraitdə bələdiyyə seçkilərinə namizədlərlə iştirak mümkün deyil. Düzdür, indiki vəziyyətdə insanların bələdiyyələrə münasibəti yaxşı deyil. Belə bir ağır vəziyyətdə onlar üçün çox təəccüblü görünür ki, "Ümid" partiyasının bələdiyyə seçkilərinə namizədləri artıq müəyyənləşib.
- "Ümid" partiyasının bələdiyyə seçkilərinə namizədlərini müəyyənləşdirməsi bir növ AMİP-ə öz gücünü nədən ibarət olduğunu sərgiləməyə hesablanmırmı?
- Müxalifət partiyalarının fəaliyyətində problemlərdən biri də ondan ibarətdir ki, partiyalar seçkiyə start veriləndən sonra seçki hazırlığına başlayırlar. Ona görə də uğur əldə edə bilmirlər. Amma partiyamız prezident seçkilərindən sonra bələdiyyə seçkilərinə hazırlıq işlərinə başlamışıq. Bir ilə yaxındır ki, bu istiqamətdə fəaliyyət göstəririk. Onun nəticəsidir ki, artıq namizədlərimiz müəyyənləşib. Bələdiyyə seçkilərindən sonra parlament seçkilərinə hazırlaşacayıq.
- "Ümid" partiyasının nə Müsavat, nə AXCP (i), nə AMİP, nə də digər partiyalarla münasibəti heç də arzuolunan səviyyədə deyil...
- Biz bu gün "QRUH" çərçivəsində Müsavat və AXCP (i) ilə əməkdaşlıq edirik. Həmin partiyalar bu gün bizim müttəfiqimizdir.
- Onda bu əməkdaşlıq səmimi tellər üzərində qurulmayıb?
- Çox səmimi tellər üzərində qurulub.
- Birlik bələdiyyə seçkilərinə birlikdə gedəcək?
- Bələdiyyə seçkilərinə bir yerdə qatılacaqlar. Ola bilsin ki, bu vahid sayla omasın.
- "Azadlıq" blokundan Əli Əliyev, eləcə də digərləri belə bir fikir səsləndiriblər ki, onlar bələdiyyə seçkilərinə qatılmaya bilərlər...
- Hər bir hərəkatda olan partiyalar belə bir qərar veriblər ki, bələdiyyə seçkilərində birlikdə iştirak etsinlər. Boykotla bağlı heç bir partiya rəsmi qərar verməyib. Hansısa partiya boykot haqqında qərar verərsə, "Ümid" partiyası bələdiyyə seçkilərində iştirak edəcək.
- Ümumiyyətlə, boykot qərarı çıxış yolu ola bilərmi?
- Biz heç vaxt boykotun tərəfdarı olmamışıq, indi də tərəfdarı deyilik. Seçkilərdə iştirakdan imtina etmək istəyən partiyalar bugünkü şəraiti əsassız qüsurlarla əsaslandırır. Çıxış yolu boykot deyil, seçkilərdə iştirak etmək, fəallıq göstərmək, xalqın bələdiyyələrə itmiş inamını bərpa etməkdir. Boykot passivliyə, geriliyə gətirib çıxarır.
- Ənvər bəy, cəmiyyətdə müxalifətə münasibət heç də arzuolunan səviyyədə deyil...
- Düzdür, bəzi müxalifət partiyalarının yalan vədləri onlara qarşı inamsızlıq yaradıb. Bunu cəmiyyətin adına yazmaq lazım deyil.

Digər xəbərlər