Müsahibimiz Azərbaycan Demokratik Sol Partiyasının sədri Elşən Manafovdur
- Bələdiyyə seçkiləri ərəfəsi müxalifət partiyaları arasında qarşıdurmalar son həddə çatıb. Bu vəziyyətin kritik xarakter alması müxalifətin imicinin daha da ləkələnməsinə, nəticədə bələdiyyə seçkilərində uğursuzluqlara gətirib çıxara bilərmi?
- Əslində, həmin partiyalar arasında münasibətlər barədə fikir söyləyərkən, nəzərə almaq lazımdır ki, həmin partiyaların Azərbaycanın siyasi sistemində müəyyən təcrübəsi var. Lakin bugünkü reallıqlar ondan ibarətdir ki, vaxtı ilə radikal müxalifət imicini qazanmış həmin partiyalar bu gün ölkədəki siyasi proseslərə təsir imkanları kifayət qədər aşağı düşüb. Düzdür, Müsavatla müqayisədə "Ümid" partiyası prezident seçkilərində iştirak etdi. Seçkilərdə iştirakı "Ümid" partiyasına müəyyən dividendlər gətirdi. Baxmayaraq ki, nəzərdə tutulan baryeri adıçəkilən partiyanın namizədi və digər namizədlər keçə bilmədilər, amma bütövlükdə bələdiyyə seçkilərində həmin partiyaların iştirakı ilə bağlı qəbul etdikləri qərarlar bir tərəfdən alqışlanmalıdır. Çünki iqtidarın özü də ölkədə siyasi sistemin təkmilləşdirilməsi istiqamətində demokratik proseslərin yeni bir müstəvi üzərinə gətirilməsini, eləcə də müxalifətin bu proseslərdə iştirakını vacib hesab edir edir. Lakin müxalifət də hər halda ölkənin elektron təsir imkanlarını nəzərə almalıdır. Əvvəlki bələdiyyə seçkilərinə diqqət yetirdikdə, məlum olur ki, həmin partiyalar bələdiyyə seçkilərində iştirakı onlara kifayət qədər ciddi siyasi dividendlər gətirmədi. Yəni, bələdiyyə seçkilərində bələdiyyələrdə təmsil olunanlar, əsasən, birtərəflər, Yeni Azərbaycan Partiyasının təmsilçiləri və yaxud hakim partiyanın siyasətinə dəstək verən sıravi vətəndaşlardır. İndiki Qərbyönlü müxalifət hər halda nəzərə alar ki, qonşu Gürcüstanda Saakaşvilinin, Türkiyədə Ərdoğanın rəhbərlik etdiyi partiya vaxtilə bələdiyyə seçkilərində əldə edilən qələbə hesabına parlament və prezident seçkilərində ciddi uğur əldə etmişdi. Əslində, bələdiyyələrdə əldə edilmiş nailiyyətlər həmin partiyaların sonrakı nailiyyətləri üçün bir növ tramplin rolunda çıxış etmişdi. Amma indiki reallıqlardan çıxış etsək, həmin partiyaların bələdiyyə seçkilərində iştirakı onlara ciddi siyasi dividendlər gətirə bilməyəcək. Mənim fikrim belədir. Əlbəttə, bələdiyyələrin statusunu fərqli müstəvi üzərinə gətirməklə bağlı məsələlərə ehtiyac var. Çünki hər halda parlament, prezident hakimiyyəti, icra strukturları ilə müqayisədə bələdiyyələr bu illər ərzində onların qarşısında duran vəzifələrin öhdəsindən müəyyən mənada gələ bilmədilər. Bu da bələdiyyələrə xalq arasında olan etimadın aşağı düşməsinə gətirib çıxartdı. Mənə elə gəlir ki, növbəti bələdiyyələr itirilmiş etimadlarının qaytarılması hesabına fəaliyyətlərini gücləndirmiş olacaq.
- Sizcə, partiyalararası münasibətlərin pozulması, xüsusilə, Müsavat-AXCP (i), Müsavat-"Ümid" ziddiyyətlərinin gərginləşməsi, nəticədə müxalifətin inteqrasiyasına zərbə ola bilərmi? Ümumiyyətlə, belə qarşıdurmaların yaranmasını nə ilə izah oluna bilər?
- Bu gün partiyalararası münasibətlərdə yaranmış vəziyyətin özünün tarixi var. Bilirsiniz ki, bu partiyalar vaxtilə Azərbaycan Xalq Cəbhəsinin şinelindən çıxmış partiyalar olub. Sonradan həmin partiyaların liderləri arasında şəxsi ambisiyaları həmin partiyalararası münasibətlərə də, çox təəssüf ki, təsirsiz ötüşmədi. Həmin şəxsi ambisiyalar da, təbii ki, liderlərin özlərinin ambisiyalarından, onların özlərinin Azərbaycanın siyasi sisteminə, cəmiyyətinə özlərini, nəyin bahasına olursa olsun, kobud şəkildə desək, sırımaq istəyindən irəli gəlirdi. Yəni, seçicinin qəbul etmək və görmək istəmədiyi siyasətçilər var ki, onlar bu gün də müəyyən partiyaların idarəçilik sükanı arxasında qalıblar. Artıq zaman yetişib, həmin partiyalarda yeniləşməyə çox ciddi ehtiyac var. Əgər hakim komandanın özündə prezidentin həyata keçirtdiyi siyasət nəticəsində kifayət qədər cavan, səriştəli, istedadlı mütəxəssislər, idarəçilik işinə cəlb olunurlarsa, bu proses müxalifət partiyalarından yan keçməməlidir. Müxalifət ancaq o halda yeni nəfəs, ab-hava, sima ampluasından çıxış edə bilər ki, onun idarəçilik sükanı arxasında müəyyən mənada cavan, səriştəli, istedadlı, ölkədə siyasi reallıqların mahiyyətini dərk edən, siyasi proseslərə həmin partiyaların təsir imkanlarını artıra biləcək şəxslər gəlsinlər. Bunlar arasında yaranan münasibətlərə gəldikdə, liderlər zaman-zaman bir-birilərini ittiham etmişlər.
- "Azadlıq" bloku bələdiyyə seçkilərinə müəyyən vaxt qalmasına baxmayaraq, seçkilərlə bağlı əsasız fikirlər səsləndirir. Seçkiləri boykot edəcəklərini bəyan ediblər. Onların məntiqsizliyini nə ilə izah edərdiniz?
- "Azadlıq" bloku prezident seçkilərində də boykot etdi. Əslində, blokun prezident seçkilərində boykot etməsi blokdaxili yaşanan proseslərlə əlaqədar idi. Blokun özündə aparıcı partiya AXCP (i)-dir. Fikir verin ki, Əli Kərimovun yan-yörəsində onun sadiq partiya funsionerləri, Azərbaycanın siyasi mühitində kifayət qədər tanınmış siyasətçilər onun yanından uzaqlaşdılar. Bu partiyanın siyasi proseslərə təsir imkanlarını yetərincə aşağı düşməsinə səbəb oldu. Müsavatın özündə də həmin proseslər yaşanır. Rauf Arifoğlu ilə İsa Qəmbərov arasında münasibətlərə diqqət yetirsək, Müsavatın da işinin rəvan getmədiyinin şahidi ola bilərik. "Azadlıq" blokunun seçkiləri boykot edəcəyi ilə bağlı qərarı əvvəlcədən proqnozlaşdırmaq olar. Çünki "Azadlıq" bloku prezident seçkilərində iştirak etmədi. Həmin blokun seçkilərdə iştirak etməməsi, əslində, blokda və blokun tərkibində aparıcı siyasi təşkilat olan AXCP (i)-nin özündə gedən dağıdıcı proseslərlə əlaqədardır.