Cəmiyyətə sağlam ruhlu nəsil vermək üçün ədəbiyyatın sonsuz imkanlarından istifadə olunmalıdır
Müsahibim Milli Məclisin deputatı, Azərbaycan, Asiya və Afrika Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm", "Qızıl Dərviş", "Qızıl Kəlmə" mükafatları laureatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovdur
- Çağdaş Azərbaycan ədəbiyyatı müstəqillik dövründə hansı xətt üzrə inkişaf edir və hansı prinsiplərə, ideologiyaya əsaslanır?
- Əslində, böyük ədəbiyyat milli ideologiyadan başqa heç bir ideologiyaya xidmət etməməlidir. Ədəbiyyatın özünün predmeti, xətti - yolu olmalıdır və bu, bütövlükdə, cəmiyyətə, xalqa xidmətlə bağlıdır. Cəmiyyətdə baş verən prosesləri, eybəcərlikləri öz süzgəcindən keçirib, ləkəsiz aynasında əks etdirməlidir. Ədəbiyyat mənfiliklərin aradan qaldırılması üçün tədbirlər görmür. Nə buna imkanı, nə də ki, səlahiyyətləri var. Sadəcə, əsərlərdəki obrazlar, xarakterlər cəmiyyəti tərbiyə etmək gücünə malik olmalıdır. Azərbaycan ədəbiyyatının klassikləri hesab etdiyimiz Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun, Rəsul Rzanın, Mir Cəlalın və onlarla belə sənətkarlarımızın yaratdığı əsərlərin qəhrəmanları, eləcə də, ideyaları əbədi yaşarlığı ilə səciyyələnir. Onların yaratdığı ədəbi nümunələrin hər biri bütövlükdə cəmiyyətin, mənəvi dəyərlər, milli ənənələr ruhunda tərbiyə olunmasına yönəlmişdir. Biz qələm sahibləri mövcud olan çatışmazlıqları, nöqsanları yazıb göstərməklə ifşa edir, oxucularımızı da bu ruhda silahlandırmağı bacarmalıyıq. Bu baxımdan, mən belə hesab edirəm ki, ədəbiyyat milli ideologiya istisna olmaqla, başqa ideologiyaya xidmət etməməlidir. Saxta, xaricin təsiri ilə hansısa qurumların mənafeyini güdən ideologiyaya xidmət edən ədəbiyyatın, daha doğrusu, Nizamisi, Nəsimisi, Füzulisi, Sabiri C.Məmmədquluzadəsi, Cavidi olan Azərbaycan ədəbiyyatının, Şoto Rustavelisi, Nəvaisi, Cambulu, Taras Şevçenkosu, Puşkini, Yesenini olan digər xalqların ədəbiyyatının ideoloji çərçivəyə düşəndən sonrakı aqibəti hamıya yaxşı məlumdur. Sovet dövrü ədəbiyyatda sosializm realizmi deyilən metod məngənəsindən M.S.Ordubadi, S.Rəhimov, S.Vurğun, B.Vahabzadə, Məmməd Araz, Anar, Elçin və başqa bu kimi sənətkarların sıyrılıb çıxması, sözün əsil mənasında, fədakarlıq, qəhrəmanlıq kimi qiymətləndirilir. Bu ideologiya yararsız olduğu üçün də süquta uğradı. Sovet imperiyası diktatura rejimi idi. Hər yazıçının hünəri deyildi ki, kommunist əxlaqından, onun yürütdüyü siyasi xətdən kənara çıxıb, düşüncəsinə, xalqının ruhuna uyğun əsərlər yaratsın. Bütün bunları deməkdə məqsədim odur ki, əsil ədəbiyyat böyük sənətdir. Sənət də yalnız cəmiyyətə, insanlara xidmətdir. Ədəbiyyatın yeganə məqsədi də elə budur.
- Bəyənmədiyimiz sovet dönəmində yaranan əsərlərin oxucularının sayı milyonlarla hesablanırdı. Bu gün isə, oxucu qıtlığından şikayətlənirik. Etiraf edək ki, çox zaman bu fikri müasir həyatda informasiya bolluğu ilə əlaqələndirirlər. Bunu, oxucunun kitabdan ayrı düşməsinə səbəb kimi qiymətləndirmək olarmı?
- Bu suala subyektiv cavabım var. Bir anlığa uşaqlıq illərim yadıma düşür. Üçüncü-dördüncü sinifdə oxuduğum dövrlərdə kitabxanadan alıb oxuduğum bədii ədəbiyyatı geri qaytararkən, kitabxanaçı hər zaman mənə deyirdi ki, oxuduğun əsərin məzmununu danış. Görüm, doğrudan da, oxumusan, ya yox?! Mən də böyük həvəslə mütaliə etdiyim əsəri nəql edirdim. Lazımi səviyyədə danışmayanda kitabxanaçı həmin əsəri yenidən mənə qaytararaq, get yaxşı oxu, - deyirdi. Bu gün kitaba o qayğını, diqqəti, o tələbkarlığı görmürəm.
Valideynlərin böyük əksəriyyəti uşaqlarının kitabxanalara üzv olub-olmaması ilə maraqlanmır. Məktəbdə müəllimlər, evdə valideynlər tələb etməlidirlər ki, yeni nəslin hər bir üzvü kitabla, ədəbiyyat nümunələri ilə mənən qidalansın. Sovet dövründə oxucu mühiti formalaşmışdı. İndi məktəblərdə, evdə və ailələrdə uşaqlara kitabı sevdirməyə cəhd göstərilmir. Yeri gəlmişkən, deyim ki, mən tez-tez Moskva şəhərində oluram. İndi də orada sovet dövründə olduğu kimi, ədəbiyyata böyük maraq var. Qatarda, metroda, avtobusda, təyyarədə sərnişinlərin böyük həvəslə mütaliə etdiklərini görürsən. Rusiyanın bu paytaxt şəhərində 30-40 il bundan əvvəl kitab mağazaları səhər saat 10.00-dan etibarən açılar, 18.00-da bağlanardı. İndi isə saat 10.00-dan açılan mağaza gecə saat 01-ə qədər, istirahət günü olmadan işləyir. Bu, onu göstərir ki, oxucu tələbatı yüksəkdir. Hətta elə kitab mağazaları var ki, günün 24 saatı fəaliyyətdədir.
Bəs bizdə? Azərbaycan mədəniyyətinin mərkəzi hesab olunan paytaxtımızdakı "Kitab pasajı" fəaliyyətini çoxdan dayandırıb və onun yerinə həmin məkanda qadın paltarları satılır. "Kitab pasajı"na olan bu münasibət, təbii ki, kitaba olan marağın hansı səviyyədə olmasını göstərən əsas meyardır.
Hələ onu demirəm ki, əsasən Çin, Hindistan, Pakistan, Koreya malları satılan "talkuçkalar" indi çox müasir ticarət mərkəzləri ilə əvəzlənib. Amma düz Hökumət Evinin qabağında kitab ticərəti ilə məşğul olanlar yağışıb, şaxtanın altında illərdən bəridir ki, heç olmasa xeyirxah bir iş adamının peyda olacağını gözləyirlər.
- Belə bir fikrə gələ bilərikmi ki, bir tərəfdən kitab mağazalarının az olması, digər tərəfdən isə oxucu tələbatını ödəyə biləcək ədəbiyyatın az-az yaranması geniş oxucu kütləsini ədəbiyyatdan uzaqlaşdırıb?
- Bilirsiniz, burada bir neçə məsələyə həssaslıqla yanaşmaq gərəkdi. Götürək orta yaşlı nəslin nümayəndələrini. Onların əksəriyyəti latın əlifbası ilə nəşr olunan nəinki ədəbiyyat nümunələrini, heç gündəlik qəzetləri belə oxumurlar, daha doğrusu, hələ də oxuya bilmirlər. Siz böyük ədəbiyyatın az yaranmasını qeyd etdiniz. Tutaq ki, bu fikrinizlə mən də razılaşdım. Onda gəlin, gənclərimiz arasında sorğu keçirək. Görək dünya ədəbiyyatı korifeylərindən kimləri tanıyırlar? Şekspiri, Drayzeri, Rabindranat Taqoru, Hüqonu, Çingiz Aytmatovu, Qabriel Qarsiyanı, Cek Londonu, Çexovu, Tolstoyu oxuyublarmı? Sabir, C.Məmmədquluzadə dünyasından halidilərmi? Çox-çox təəssüflər ki, heç də həmişə ürəkaçan cavablar almayacaqsınız. Yaşlı və orta nəslin mütaliədən gen düşməsinin ağır zərbəsinin nəticələrinin bir hissəsini də dediklərimdə axtarmaq lazımdır.
Ədəbiyyatı oxumadan onu böyük, kiçik kateqoriyalara necə bölmək olar? Amma naşılar, nadanlar bunu asanlıqla edir, hətta utanıb çəkinmədən qəzet-jurnal səhifələrində öz məqsədləri naminə ikrah hissi doğuran "rəylər" yazmaqdan belə çəkinmirlər. Ədəbiyyatı yox, müəllifi "təhlil" etməyə çalışır, onu təhqir etməyi də yaddan çıxarmırlar.
Böyük ədəbiyyat həm də o zaman yaranır ki, böyük problemlər qaldırsın, böyük oxucu toplaya bilsin. Yazıçı hiss etsə ki, onu izləyirlər, tələbkar oxucuların ondan umacağı çoxdur, o zaman həvəslə, ilhamla yazıb-yaradar. Bu, həm də böyük ədəbiyyata aparan yolun kəşfi olar.
Rus oxucusu bütün dünya ədəbiyyatının nümunələrini mütaliə edir. Elə götürək bizim rusdilli oxucuları. Rusiyanın müxtəlif şəhərlərindən Azərbaycana kitablar gətirdirlər. Eləcə də, ölkə daxilində fəaliyyətdə olan bir neçə nəşriyyatda çap olunan kitablar onların ixtiyarına verilir. Amma təəssüflər ki, bu yöndə olan oxucuların da sayı kifayət qədər deyil. Azərbaycanda ədəbiyyatın üstün səviyyədə inkişafına lazımi mühit yaranmadığından, eyni zamanda, bu sahədə maraq hissi istənilən səviyyədə olmadığından, oxucu kitabdan uzaqlaşıb.
Müasir dövrümüzdə uşaq dünyaya gəldiyi zamandan müxtəlif oyuncaqlarla qarşılaşır, ona mədəniyyətimizi əks etdirən nümunələrdən başqa nə desən verir, onun maraq dairəsini əhatə olunmuş zənn edir və həmin vaistələri, əşyaları sevdiririk. Bircə kitabı onlara sevdirə bilmirik. Hər qayada, hər mühitdə çiçək bitirmək mümkündürmü? Əlbəttə ki, yox! Odur ki, cəmiyyətə də sağlam ruhlu nəsil vermək üçün ədəbiyyatın sonsuz imkanlarından istifadə olunmalı, bu məqsədlə uşaqlarda kitaba məhəbbət hissi aşılanmalıdır. Belə olduqda onların qəlbində Vətənimizə, dilimizə, ədəbiyyatımıza məhəbbət, sevgi çiçəkləri bitirə bilərik.
- Cəmiyyətə mənəvi əxlaqi keyfiyyətləri ədəbiyyat qədər bəxş edə bilən başqa bir sahə varmı?
- Əvvəlcə deyim ki, ədəbiyyatdan, kitabdan, sənətdən kənar düşən millətin aqibəti uçurumdur. Əxlaq, tərbiyə kimi ali keyfiyyətləri sırf ədəbiyyatla bağlamaq da doğru olmazdı. Bəs musiqi, təsviri sənət necə?
Üzeyir bəyin "Leyli və Məcnun"u, Soltan Hacıbəyovun "Karvan" simfonik muğamı, Arif Məlikovun "Məhəbbət əfsanəsi", Qara Qarayevin "İldırımlı yollarla" baletləri, Səttar Bəhlulzadənin "Kəpəzin göz yaşları" tablosu, Lətif Kərimovun sirli-sehrli xalça-xalı naxışları, Akif İslamzadənin böyük sənətkarlıqla ifa etdiyi "Sarı gəlin"i, Qədir Rüstəmovun "Sona bülbüllər"i böyük ədəbiyyatın özü qədər gərəklidir, xeyirlidir. Teatrı, kinonu, heykəltəraşlığı, digər sənət nümunələrini hələ demirəm. Bunları yaddan çıxarmaq, unutmaqmı olar?!
- Yaxşı yada saldınız, Azərbaycan teatrı, Azərbaycan kinosu sovet dövründə sovet ideologiyasını mükəmməl bir səviyyədə əks etdirirdi. O dövrün adamları teatr, kino sənəti ilə tərbiyə olunurdular. Özü də istənilən səviyyədə. Əsərləri teatr səhnəsində uğur və ekran həyatı qazanmış bir yazıçı-dramaturq kimi hansı fikirdəsiniz? Bəs bu gün necə, teatr sənəti, öz sözünü deyə bilirmi?
- Əvvəlcə onu deyim ki, zaman keçdikcə insan təfəkkürü, insan əqidəsi dəyişir. Bu, o deməkdir ki, ədəbiyyat da, sənət də dəyişməlidir. Sovet dövründə sənətin bütün sahələri təkbəşər ideologiyanın qulu idi. Yazıçı, şair, musiqişünas, lap elə rəssamın özü son nəticədə həmin hədəfə gəlib çatmalı idi. Bu, insanın azad düşüncəsinin boğulduğu, sıxıldığı bir zaman idi. İndi isə artıq Azərbaycan vətəndaşı, Azərbaycan sənəti də müstəqillik dövründə azad düşünür. Əslində, bizim teatr sənətimiz də yeni bir aləmə qədəm basıb. Bu aləmin adı böyük mənada azərbaycançılıqdır və böyük teatr da azərbaycançılığı əks etdirən səhnə əsərləri ilə çıxış etməlidir. Xüsusilə, vətənin yaralı yerlərindən bəhs edən, torpaqlarımızı düşmən tapdağından azad etmək üçün mübarizə ruhu aşılayan ekran əsərləri də ortaya çıxmalıdır. Belə əsərlər yazılır və səhnə həyatı qazanır. Ancaq nə səviyyədə yazılır, bu, yəqin ki, mütəxəssis rəyi, mütəkəmməl tənqidçi rəyi tələb edir.
- Mümkünsə, səhnə əsərlərinizin taleyinə də toxunardınız.
- "Xəcalət"in, "Vicdanın hökmü"nün, "Güllələnmiş heykəllərin fəryadı"nın, "Tənha durna uçuşu"nun, "Bir tikə çörək", "Simuzər"in səhnə və ekran təcəssümündən narazı deyiləm. Amma ümumi qiymətə gəldikdə, bu, tamaşaçıların haqqı, hüququdur.
- Ənənəvi daha bir sual. 2009-cu il yaradıcılığınızda nələrlə yadda qaldı?
- Bu il "Azərbaycan" və "Ulduz" jurnallarında "Qırxıncı otaq" romanım, "Əclaf" və "Qumru yumurtaları" povestlərim çap olunub. "Gəlinlik paltarı" romanımı çoxsaylı oxucuların xahişi və tələbi ilə ikinci dəfə çap edilməsi üçün hazırlamışam. Sağlıq olsun, yəqin ki, tezliklə oxucuların ixtiyarına veriləcək.
- Axı, ilin sonuna hələ çox var. Oxucuları sürprizlərlə sevindirməyəcəksinizmi?
- Hələ sirr kimi saxlamaq istədiyimi məndən qoparmaq istəyirsiniz. Yaxşı, qoy belə olsun. "Sonuncu fəryad" essem, "Çiyələkli çay qonaqlığı" povestimi oxucularıma sürpriz kimi saxlamışdım.
- Hüseynbala müəllim, ədəbi fəaliyyətinizin ictimai-siyasi fəaliyyətinizə təsiri olubmu?
- Bilirsiniz, bu və ya buna bənzər sualları dəfələrlə cavablandırmışam. İndi də deyirəm: bəli, olub. Söhbətimizin əvvəlindən bəri yazıçı mövqeyindən, onun xalq, millət qarşısında borcundan danışırıq. Yazıçı da, ictimai xadim də xalqına xidməti ilə sevilir, seçilir. Adi bir misal: rəhmətlik Bəxtiyar Vahabzadə "Latın dili" şeirini, "Gülüstan" poemasını yazanda daha çox şairdimi, yoxsa son dərəcə cəsarətli, xalqının tarixi düşmənlərinin xəyanətini üzlərinə şax söyləyən, onları məhşər ayağına çəkən siyasətçiydimi? Burada hər iki keyfiyyətin sintezindən doğan ifadə yaranmışdı: xalqının qeyrətli oğlu ifadəsi. Mən hələ 14 yaşımdan "Bir tikə çörək" hekayəmi yazmaqla, bir uşağın timsalında Böyük Vətən müharibəsinin ağrılarını, əzablarını təsvir etmişəmsə, "Xəcalət" povestimlə, "Güllələnmiş heykəllərin fəryadı" essemlə, "Yanan qar" romanımla, "Vicdanın hökmü" pyesimlə Qarabağ müharibəsinin gətirdiyi faciələrə, dəhşətlərə yazıçı kimi işıq tuta bilmişəmsə, deməli, ictimai xadim, millət vəkili kimi də öhdəmə düşən vəzifələrin yerinə yetirilməsinə eyni məsuliyyətlə yanaşacağam. Yazıçı və ictimai xadim. Bunların vətənə, xalqa sevgi ilə sintezi mənə mane olmur, əksinə, mənəvi rahatlıq gətirir.
- Yaradıcılığınızda elə bir mövzu olubmu ki, hansısa bir səbəbdən qələmə almamısınız?
- Bu sual mənə "Cəza" povestini xatırlatdı. Bir dəfə Şamaxıdan keçərkən, yol kənarındakı yeməkxananın yanında çoxlu sayda insanların toplaşdığını gördüm. Maraq mənə də üstün gəldi və oraya yaxınlaşdım. Gördüm ki, qəfəsdəki canavarı incidir, əylənirlər. Bu hadisədən - insanların ona qarşı olan hərəkətindən vahimələndim. Oradakı insanlar bir sürü canavardan betər vəhşiyə bənzəyirdi. Bu mənzərəni düz iki il daxilimdə gəzdirib, saf-çürük etdim. Türk dünyasının totemi sayılan əzəmətli bir heyvanı bu vəziyyətə gətirmək məni heyrətləndirdi. Beləliklə, gec də olsa, "Cəza" povesti yarandı və həmin əsərdə ana təbiətin canavarın qisasını insanlardan necə aldığını təsvir etdim.
- Bu günə qədər uzun bir yaradıcılıq yolu keçmiş, kifayət qədər sanballı əsərlərə imza atmısınız. Bu əsərlərin qəhrəmanlarından, obrazlardan hansı sizin ruhunuza daha çox yaxındır?
- Tam səmimiyyətlə qəbul edin ki, Moskvada "Görkəmli adamların həyatı" seriyasından çap olunan "Heydər Əliyev" kitabında Heydər Əliyev obrazı ən çox sevdiyim obrazdır. Bu əsər Moskvada rus dilində çıxsa da, sonralar 7 dilə, eləcə də Azərbaycan dilinə tərcümə olundu. Mən ulu öndərin keçdiyi həyat yolunu dərindən öyrənmişəm. Heydər Əliyevin uşaqlıq dövründən ta Allah dərgahına qovuşana qədər yaşadığı illərdə onun fəaliyyətini öyrənərək, qələmə almışam. Azərbaycan, türk, ərəb, fars və digər dillərdə tərcümə olunan əsər Heydər Əliyevin şərəfinə ucaldılan əbədi və möhtəşəm abidədir.
- Müsahibəyə görə çox sağ olun.