- Rəbiyyət xanım, ilk olaraq, istərdik, dünyada baş verən son hadisələr fonunda insan hüquq və azadlıqlarının qorunması istiqamətində müşahidə olunan tendensiyalar haqqında danışaq. Sizcə, bu sahədə vəziyyət necədir?
- Bəşəriyyətin ən böyük nailiyyəti olan insan hüquqları ideyası, qarşılıqlı münasibətlərin universal dəyəri kimi tarixi təcrübə və sınaqdan çıxaraq müasir cəmiyyətin optimal mövcudluq forması qismində qəbul edilib. Bu gün insan hüquqları bütün fundamental hüquqların - siyasi, sosial, iqtisadi, mədəni, mənəvi və s. haqların əsas göstəricisi, inkişaf səviyyəsini dəyərləndirən başlıca meyarı qismində qəbul edilir. Bu, ona görə mümkün olub ki, insan hüquqları hər bir cəmiyyətdə, eləcə də bütün dünyada birgə yaşayış münasibətlərinə, həyatımıza bir insanilik, dünyagörüşümüzə humanistlik ölçüsü gətirir. Yalnız insan hüquqlarının təmin edildiyi təqdirdə dünyanın inkişaf dinamikasının mütərəqqi, müsbət istiqamətə yön aldığı məlum olur. "İnsan hüquqları" ilk baxışda adi şüurun təsəvvür etdiyi kimi yalnız abstrakt anlayış və konkret obyekt deyil, çoxçalarlı məzmuna malik olan tarixi təkamülü, hətta bütöv keçid mərhələlərini özündə daşıyan dinamik bir fenomendir. Bunun nəzərə alınmaması nəinki müxtəlif fikir ayrılığına, həm də ən başlıcası müasir beynəlxalq hüququn əsas prinsiplərinin praktika tətbiqində ortaya çıxan ağrılı problemlərin həll edilməməsinə səbəb olur. İnsan hüquqları birdəfəlik müəyyənləşdirilmiş ehkam xarakterli deyildir. Tarix və zaman bu sahəyə də öz korrektivlərini edir, insan haqlarının yeni şəraitdə həlli vəzifəsi ortaya çıxır. Bu baxımdan, yaşadığımız zaman, dünyada baş verən proseslər təkrarsız məzmun və mənaya malikdir. Beynəlxalq hüquq məkanının, o cümlədən, insan hüquqlarının qloballaşması prosesi ilə bağlı milli qanunvericilik sisteminin hiss etdiyi təsirlər, optimal model axtarışları və başlıca meyillərinə diqqəti cəlb etmək istərdik. XX əsrin sonlarında totalitarizmin süqutu ilə insan hüquqları sahəsində nəinki bütün problemlər çözüldü, əksinə, niyyətcə daha ağır və miqyaslı olduğu təsdiq edilən yeni qlobal problemlər dünyanı təhdid etməyə başladı. Müasir dünya inkişafının başlıca meyili olan qloballaşma həm də müxtəlif səbəbli münaqişə və gərginlik ocaqlarının yaranması ilə müşayiət olundu. İnsan hüquqları sahəsində müsbət imkanlarla yanaşı, çoxsaylı problemlər ortaya çıxdı. Bu gün milli qanunvericiliyin təkmilləşdirilməsi və perspektivlərinə təsir edən başlıca meyillər, birincisi qanunvericilik sisteminin qloballaşması və universallaşması, ikincisi ona əks olan digər meyilin - regionlaşma və unikal sivilizasion kontekstin daha israrla özünütəsdiq etməsi meyilləri mövcuddur.
- Bu sahədə Azərbaycanda görülən işlər haqqında nə deyə bilərsiniz? Müasir dünyamızın fundamental prinsipləri kimi qəbul olunan insan hüquqları ölkəmizdə yetərincə təmin olunurmu?
- İlk olaraq qeyd etməliyəm ki, Azərbaycanda dövlət müstəqilliyi əldə edildikdən sonra insan hüquqlarının təminatına yönümlü, keyfiyyətcə tamamilə yeni qanunvericilik sistemi təsbit olundu. Bütün normativ baza yeniləşdirildi, yeni hüquq institutları, Konstitusiya Məhkəməsi, insan hüquqları üzrə müvəkkil - ombudsman təsisatı yaradıldı, beynəlxalq hüququnun prinsiplərinin prioritetliyi nəzərə alınaraq, yeni cəmiyyətdə insan hüquqları sisteminin yeni kriteriyaları müəyyənləşdirildi. Dövlət müstəqilliyinin əldə olunmasından keçən illər ərzində, milli qanunvericiliyin təkmilləşdirilməsi, onun beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərinə uyğunlaşdırılması prosesinin həyata keçirilməsi, insan hüquqlarının konstitusion tənzimlənməsinin səmərəliliyinin artması Azərbaycanda qanunvericilik sisteminin beynəlxalq hüquq məkanına inteqrasiya istiqamətində aparılan fəaliyyət ardıcıl olaraq davam edir və etməkdədir. Bu gün Azərbaycanda fərdi, ictimai və dövlət maraqlarının optimal balansını ən yaxın gələcəkdə də təmin edə bilən, insan hüquq və azadlıqlarının reallaşdırılmasını dövlətimizin ali məqsədi olduğunu sübut edən milli qanunvericilik sistemi mövcuddur.
Azərbaycan dövləti insan haqlarının təminatını özünün ali məqsədi kimi Konstitusiyada təsbit edib və beynəlxalq hüquq prinsiplərinin prioritetliyini xüsusi olaraq vurğulayıb. Azərbaycanda insan hüquqlarının maksimum təminatına maneə yaradan problemlər mövcuddur. Paradoksal görünsə də, bu maneələr beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərinə bütün ölkələr tərəfindən əməl olunmaması, beynəlxalq qanunvericilikdə müəyyən boşluqların olması, yaxud da insan hüquqlarının obyektiv qanuni əsaslardan daha çox subyektiv siyasi məqsədlərə tabe edilməsinin nəticəsi kimi mövcud olan "ikili standartlar" vəziyyətinə münasibətdə dünya ictimaiyyətinin qəti mövqeyinin hələ də ortaya qoyulmamasının nəticəsidir. Məsələn, bu gün ərazi bütövlüyünün pozulması, etnik separatizmin və terrorizmin yalnız konkret dövlət əleyhinə deyil, bütün bəşəriyyət əleyhinə yönəldilmiş cinayətlər kimi təsbit edilməsi, dünyada hüquqları ən çox pozulan insanların - qaçqın və məcburi köçkünlərin status və problemlərinin həlli məsələsində açıq-aşkar boşluğun olduğu da həqiqətdir. Son illər BMT-nin sənədlərində "ölkə daxilində məcburi didərgin salınmış şəxslər"in statusunun və hüquqlarmın hələ də müəyyən edilməməsindən duyulan narahatlıq dəfələrlə vurğulanıb. Öz ölkəsi daxilində zorla didərgin salındığı üçün bu insanların "qaçqın statuslu" şəxslərin hüquqi müdafiə sistemindən kənarda qaldığı nəzərə çatdırılıb. Bu gün dünyada 20 milyona yaxın qaçqın, təkcə Yaxın Şərqdə isə "ölkə daxilində zorla didərgin salınmış şəxslər" statusunu daşıyan 25 milyon insan, Azərbaycanda da 1 milyon qaçqın və köçkün mövcuddur. 1951-ci ildə bütün dünyada qaçqınların sayı 1 milyon idi və onlar hamısı avropalı idi. Bu gün qaçqınların əksəriyyəti Asiya və Afrika mənşəlidir. Bütün qaçqınların 80 faizi qadın və uşaqlardır. BMT-nin qaçqınlar üzrə Ali komissarının dəqiq qeyd etdiyi kimi, "qaçqın hüquqlarının təminatına münasibət bütün dünyada hər bir dövlətin insan hüquqlarına münasibətinin meyarı, göstəricisi kimi qəbul edilməlidir". Hazırda qaçqın və məcburi köçkün statuslu insanların hüquqlarının təmin edilməsi sahəsində beynəlxalq qanunvericilkdə, onlara zəruri ilkin yardımdan tutmuş son - repatriasiya tədbirlərinədək böyük bir müstəvidə boşluq hələ də qalmaqdadır. Azərbaycanın ərazi bütövlüyünün pozulması, onun 1 milyona yaxın əhalisinin öz tarixi torpaqlarına qayıtması kimi fundamental hüquqların hələ də təmin edilməməsi məhz bu cür səbəblərlə əlaqədardır.
Lakin bu problemlərə baxmayaraq, Azərbaycan öz demokratik imicini möhkəmləndirməkdə, hüquqları, qanunları təkmilləşdirməkdə davam edir. İnsan hüquqları sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi Azərbaycanda hüquqi dövlət quruculuğunun strateji prioriteti sayılan məsələlərdəndir və ölkəmizin beynəlxalq hüquqi məkana inteqrasiyası intensiv sürətlə davam edir. Azərbaycan insan hüquqları və azadlıqlarını əks etdirən ən mühüm beynəlxalq konvensiya və sazişlərin əksəriyyətinə qoşulmuşdur. 30-dan çox əsas pakt və konvensiyalara imza atmışdır. İnsan hüquqları sahəsində beynəlxalq əməkdaşlıq qlobal və regional səviyyələrdə həyata keçirilir. Azərbaycan üçün Avropa regionunun hüquqi məkanında təmsil olunmaq da xüsusi əhəmiyyətə malikdir. Çünki Azərbaycan Avropa Şurasının üzvüdür. Azərbaycan antiterror koalisiyasının üzvü kimi dünyanın harasında baş verməsindən asılı olmayaraq insan hüquqlarının pozulmasını pisləyir. Qarşılıqlı anlaşma əsasında bərabərhüquqlu tərəfdaş kimi hüquq müdafiəsi sahəsində konstruktiv beynəlxalq əməkdaşlığı dəstəkləyir. Azərbaycan dövləti insan hüquqları mövzusunun qərəzli, dar maraqlar xeyrinə istifadəsi və təbliğini qeyri-məqbul hesab edir və belə mövqeyin perspektivinin olmadığına əmindir. Bu, insan hüquqları ideyasının öz mahiyyətinə ziddir.
- Rəbiyyət xanım, amma bütün bu nailiyyətlərə, görülən işlərə baxmayaraq, hələ də bir sıra beynəlxalq təşkilatlar Azərbaycan haqqında müxtəlif dezinformasiyalar, qərəzli məlumatlar yaymaqda davam edirlər. Misal üçün, "Freedom House", "Amnesty İnternational" təşkilatlarının son hesabatlarında Azərbaycanda insan hüquqlarının qorunmasına dair tənqidi fikir yer almaqdadır.
- "Freedom House", "Amnesty İnternational" təşkilatları, eləcə də, bu qəbildən olan digər beynəlxalq təşkilatların qərəzli münasibətləri, hesabatları, Azərbaycan cəmiyyəti tərəfindən birmənalı olaraq qəbul olunmur. Hətta iş o yerə çatıb ki, həmin təşkilatlar cinayət törətmiş, törətdiyi cinayətə görə qanunla həbs olunmuş şəxsləri belə müdafiə etməkdən çəkinmirlər. Eyni zamanda, qeyd etməliyəm ki, bu gün Azərbaycan torpaqlarının 20 faizi Ermənistan dövləti tərəfindən işğal olunub, uzun müddət aparılan danışıqlar nəticə verməyib və bu gün işğal faktı davam etməkdədir. Belə olan halda, işğalçı Ermənistan dövlətinə qarşı heç bir cəza tədbiri görməyən, işğal əməlindən geri çəkindirməyən bu təşkilatların fəaliyyətlərinin obyektivliyinə şübhə ilə yanaşmağa böyük əsaslarımız var. Cəmiyyətimiz bu tip yalan, böhtan məlumatların nəyə xidmət etdiyini çox gözəl dərk edir. Biz öz yolumuzu gedirik. Çox gözəl bilirik ki, hər hansı hesabatlar, hansısa qərəzli məlumatlar bizi öz yolumuzdan döndərə bilməz.
- Vətəndaşların mövqeyindən söz düşmüşkən, bir millət vəkili kimi, yəqin ki, sizə çoxlu sayda müraciətlər olur. Maraqlıdır, bu müraciətlər əsasən hansı istiqamətləri əhatə edir?
- Mən Milli Məclisin üzvü kimi fəaliyyət göstərdiyim dövrlərdə vətəndaşlarla mütəmadi olaraq görüşlər keçirirəm. Paytaxt Bakıdan əlavə, komitə sədri kimi rayonların da seçiciləri ilə görüşlərim olub. Çox gözəl və sevindirici bir haldır ki, əvvəl insanlarla görüşlərdə hansısa bir qurumun rəhbərindən, hansısa bir qanunda olan çatışmazlıqdan, sosial problemlərdən bəhs olunurdu. Zaman keçdikcə isə bu problemlərin aradan qalxdığının şahidi oluruq. Azərbaycan vətəndaşlarının artıq böyük problemləri öz həllini tapıb. Hər şey dəyişib. İlk növbədə, Azərbaycan vətəndaşı, onun parlamentə, dövlətə, qanunlara münasibəti dəyişib. Bu gün Azərbaycan vətəndaşı məsələni tamam başqa istiqamətdə qoyur. Bu gün onlara hansı qanunlar lazımdır, mövcud qanunlarda hansı dəyişiklikləri etmək olar, Azərbaycan vətəndaşları indi daha çox bu məsələlərlə bağlı müraciətlər edirlər.
- Son dövrlərin ən çox müzakirə olunan mövzularından biri də "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsidir. Sizin bu layihə ilə bağlı mövqeyinizi öyrənmək maraqlı olardı.
- Bu qanun layihəsi ilk dəfə müzakirə olunarkən, onun əleyhinə çıxan insanların əsas etirazları qanunun fəlsəfəsi ilə deyil, sənəddə əksini tapan bir sıra müddəaların tam gerçəkliyə cavab verməməsi ilə bağlı idi. Həmin insanların biri də mən olmuşam. Burada söhbət ondan gedir ki, bütün müddəaların həyata keçiriləcəyinə, real həyatda icra olunacağına inanmırdım, inanmadığım bir məsələyə də səs verə bilməzdim. Burada əsas istəyimiz o idi ki, qəbul olunan qanun sonradan işlək mexanizmdə olsun. Ancaq vaxt keçdi, zaman keçdi və bu zaman ərzində qanun layihəsinin üzərində xeyli iş getdi. Bu gün ortaya qoyulan qanun layihəsi əvvəlkindən tamamilə fərqlənir və çox mükəmməl bir hüquqi sənəddir. Lakin bu, o demək deyil ki, bunun üzərində iş getməyəcək. Şübhəsiz ki, zaman keçdikcə, tələblər dəyişdikcə bu qanunun üzərində də müəyyən dəyişikliklər edilməlidir.
- Məişət zorakılığı dedikdə nə nəzərdə tutulur? Bilirik ki, bununla bağlı da müxtəlif yanlış təsəvvürlər yaradılmağa çalışılır.
- Əgər bir cəmiyyət ali mənəvi dəyərləri rəhbər tutacaqsa, əgər insanların bir-birinə qarşı münasibətində xüsusən mənəvi dəyərlər üstünlük təşkil edəcəksə, sözsüz ki, heç bir zorakılıqdan söhbət gedə bilməz. Burada söhbət təkcə kişinin qadına qarşı tətbiq etdiyi zorakılıqdan getmir. İnsanın insana qarşı zorakılığı, bir insanın başqa bir insana qarşı işlətdiyi təhqirlər, fiziki məhrumiyyətlər nəzərdə tutulur. Bu qadının qadına qarşı, kişinin kişiyə qarşıya tətbiq etdiyi zorakılıq da ola bilər. Yəni söhbət adi mədəniyyət məsələsindən, ünsiyyətin formalaşmasından, bir-birini anlamasından, qanunlara hörmətdən gedir. Bu gün cəmiyyətdə zorakılıq varsa, bu həm də insan hüquqlarının kobud şəkildə pozulması deməkdir. Bu problemlərin qarşısını almaq üçün isə mütləq şəkildə qanuna ehtiyac var.