PDF Oxu

Müsahibə

  • 16

“Türkiyə Azərbaycanın maraqlarına zidd addım atmayacaq”

“Türkiyə Azərbaycanın maraqlarına zidd addım atmayacaq”

Azərbaycan və Türkiyə mətbuatının yaydığı məlumata görə, qardaş ölkə ilə Ermənistan arasında saziş imzalanacaq. Bununla əlaqədar, Fransa prezidenti və həmçinin, ABŞ Dövlət Departamenti hər iki ölkənin rəsmilərinə təbrik göndərib. Bu məsəlinin nə qədər düzgün olduğunu öyrənmək üçün politoloq Elşad Mirbəşiroğluna müraciət etdik.
- Məlumata görə, Türkiyə ilə Ermənistan arasında saziş imzalacaq? Bu nə qədər realdır?

- Birincisi, belə bir sazişin imzalanması realdır. Həqiqətən də, Ermənistan və Türkiyənin xarici işlər nazirləri belə bir bəyanatla çıxış etmişdilər. Ancaq burada münasibətlərin tam normallaşmasından söhbət getmir. Bundan əlavə, işğalçı ölkənin prezidenti Serj Sarksiyan mətbuata açıqlamasında bildirib ki, o, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşacağı təqdirdə, oktyabrda baş tutacaq iki ölkənin futbol komandaları arasında yarışı izləmək üçün Türkiyəyə gedəcək. Ermənistanın dövlət başçısı, həmçinin, onu da bildirib ki, iki ölkə arasında münasibətlərin normallaşması gözləniləndir. Bundan əvvəl, bu ilin aprel ayında da belə bir sazişin imzalanacağı gözlənilən idi. Demək olar ki, iki ölkə arasında münasibətlərin qurulması istiqamətində işlər görülməkdədir. Türkiyə ilə Ermənistan arasında belə bir saziş imzalanacağına şübhə etmirəm.

- İki ölkə arasında sərhədlərin açılması necə, realdırmı?

- Qeyd olunan sazişin imzalanmasından sonra, sərhədlərin açılması da gözləniləndir. Onu da vurğulayım ki, həmin sazişdə sərhədlərin açılması da nəzərdə tutulub. Ancaq belə hesab edirəm ki, Türkiyə Azərbaycanın maraqlarına zidd addım atmayacaq. Bu gün Türkiyə "erməni soyqırımı" məsələsindən ehtiyat edir, ancaq bu, başa düşülən deyil. Həmçinin, rəsmi Ankara neçə illərdir ki, Avropa Birliyinə üzv olmaq istəyir. Lakin Ermənistanla münasibətlərin, diplomatik əlaqələrin olmaması, sərhədlərin açılmaması adıçəkilən ölkənin AB-yə üzv olmasına maneçilik yaradır. Eləcə də, ABŞ, Qərb dövlətləri müəyyən mənada, Türkiyəyə təzyiqlər edir. Yəni Qərb Türkiyənin Ermənistanla sərhədlərinin açılmasını istəyir.

- Əgər Türkiyə ilə Ermənistan arasında sərhədlər açılarsa, bu, Dağlıq Qarabağ münaqişəsinə nə kimi təsir göstərəcək?

- Bu, Türkiyənin işğalçı ölkə qarşısında qoyacağı şərtdən asılıdır. Ümumiyyətlə, adıçəkilən dövlət hər zaman Azərbaycanın yanında olub və Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə çalışıb. Şübhəsiz ki, bu gündən sonra da belə olacaq. Yəni Azərbaycan-Türkiyə müttəfiq, qardaş və dost ölkələrdir. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir. Bundan əlavə, Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, rəsmi Ankara Azərbaycanın maraqlarına zidd addımlar atmayacaq.

- Türkiyə tərəfi, bir müddət öncə, Qafqaz əməkdaşlıq platformasının yaradılması təkilifi ilə çıxış etmişdir. Bu təklif reallaşa bilərmi?

- Qafqaz regionuna daxil olan ölkələrin - Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistanın hər birində münaqişələr mövcuddur. Regionun lider ölkəsi olan Azərbaycanın torpaqları digər region ölkəsi olan Ermənistan tərəfindən işğal edilib. Belə olduğu təqdirdə, hansısa platformanın yaranmasından söhbət gedə bilməz. Bunun üçün gərək Ermənistan işğal olunmuş torpaqlarımızı azad etməli, ölkəmizin ərazi bütövlüyünü tanımalıdır, yəni mövcud münaqişələr öz həllini tapmalıdır. Bundan sonra əməkdaşlıqdan və belə bir platformanın yaradılmasından söhbət gedə bilər.

Digər xəbərlər