PDF Oxu

Müsahibə

  • 8

“KXCP” ilə birləşmədə problem görmürəm”

“KXCP” ilə birləşmədə problem görmürəm”
- Nurəddin bəy, AXCP (i)-nin qurultayının keçirilməsinin səbəbini daxili çəkişmələrlə əlaqələndirmək olarmı?
- AXCP (i)-nin daxilində heç bir çəkişmə yoxdur.
- Bəs qurultayın keçirilməməsi nə ilə izah olunur?
- Qurultayın keçirilməməsinin bir əsas səbəbi var. O da bundan ibarətdir ki, bir sıra rayon təşkilatları qurultayqabağı konfranslarını keçirməyib. Digər tərəfdən də, yay olduğu üçün təşkilati çətinliklər var.
- Yayılan informasiyalar görə, qurultayda Əli Kərimov İsa Qəmbərovsayağı Ali Məclis sədri vəzifəsini öz üzərinə götürəcək. Bu, demokratik prinsiplərə zidd deyil ki?
- Nəinki zidd deyil, bu, ümumiyyətlə, antidemokratik bir addım olardı. Çünki hakimiyyətə gəlməyə hazırlaşan siyasi təşkilatda müəyyən strukturlaşma elə aparılmalıdır ki, həmin strukturlaşma hakimiyyətdəki prinsiplərə uyğun olsun. Yəni, ayrı-ayrı idarəçilik qolları arasında müəyyən demokratik prinsiplər əsasında qarşılıqlı nəzarət həyata keçirilməlidir. Ona görə də, cəbhədə belə şey ola bilməz.
- Məntiqinizdən belə çıxır ki, Müsavat antidemokratik bir ənənə formalaşdırır...
- Mən ümumi prinsipləri deyirəm. Müsavatın öz idarəçilik sistemi var. Hər bir təşkilatın prinsiplərini seçmə haqqı var. Ümumiyyətlə, demokratik cəmiyyətlərdə hakimiyyətin üç qolu olduğu kimi, siyasi təşkilatlarda da üç qol olmalıdır. Bu icra aparatıdır ki, bunun başında bilavasitə sədr dayanır. İkincisi məclisdir ki, bu qərarverici orqandır. Bu qərarlar bütün partiya strukturları üçün mütləq yerinə yetirilməlidir. Məclisin yalnız qurultay səlahətlərinə aid olan məsələlərlə bağlı qərarvermə ixtiyarı yoxdur. Üçüncüsü də, nəzarət orqanıdır ki, mərkəzi təftiş-nəzarət orqanı kimi fəaliyyət göstərir. Bu, ADP-də, Müsavatda, dünya praktikasında da belədir. Amma hansı partiyanın necəliyi məsələsi özünə aiddir.
- Nə dərəcədə etiraf edilməli haldır ki, AXCP (i) 2005-ci ilə qədərki indiki müqayisədə çox zəif və proseslərdən kənarda qalıb...
- Bu, heç də belə deyil.
- Bələdiyyə seçkiləri yaxınlaşır. Bununla bağlı altılar deyilən qurum yaradılır. Sizcə, müxalifət elə altı partiyadan ibarətdir?
- Deyə bilmərəm, müxalifət altılar və ya yeddilərdən ibarətdir. Onu bilirəm ki, AXCP (i) "Azadlıq" blokunun üzvüdür. Burada üç partiya təmsil olunur. Bizim bələdiyyə seçkiləri ilə bağlı planlarımız hələ müəyyənləşməyib. Çünki biz Müsavat partiyası da daxil olmaqla "Qarabağ və Respublika Uğurunda Hərəkat"ın üzvüyük. Əgər bələdiyyə seçkilərinə "Azadlıq" bloku çərçivəsində keçirəcəyiksə, vahid namizədlər siyahısını müəyyənləşdirmək üçün heç bir problemimiz yoxdur. Yox, əgər Müsavat partiyası birlikdə "QRUH" daxilində keçəriksə, orada konsepsiya əsasında öz siyahılarımızı dəqiqləşdirəcəyik.
- Yəni, referendumda ayrı-ayrı təbliğat-təşviqat qrupu yaradan partiyalar bələdiyyə seçkilərinə birgə gedə bilər?
- Hər iki variantın öz üstünlükləri var. Biz iki-üç qrup kimi getsək, daha çox maliyyə vəsaiti ala bilərik. Eyni zamanda, bunun mənfi cəhəti odur ki, müəyyən məqamlarda öz müxalifətçilik mövqeyində duran təşkilatlarla rəqabətə girə bilərik.
- "Azadlıq" bloku Müsavat partiyası və "QRUH" ilə bələdiyyə seçkilərinə qatılacaq. Bəs onda "Ümid" və ADP?
- "Ümid" və ADP də orada olacaq.
- Belə çıxır ki, müxalifət elə "QRUH"-dan ibarətdir?
- Müxalifətin kim olduğunu müəyyən etmək mənim prioritetim deyil.
- Bəzən demokratiyadan, müxalifətin inteqrasiyasından danşılır. Amma sözdən əmələ gələndə, balaca formatda təmsil olunmağa üstünlük verilir...
- Siyasətdə formal olaraq birləşmək ictimai fikri çaşdırmaqdır.
- Qarabağ Forumu keçirildi. Amma ona o qədər də ciddi reaksiya verilmədi. Sərdar Cəlaloğlu onu tənqid hədəfinə tutdu. Arif Hacıyev də bəyan edib ki, "DUİ"-nin mitinq keçirməsi əsassızdır...
- "DUİ"-nin təşkil etdiyi Qarabağla bağlı tədbirlərdə iştirak etmişəm. Kim nə deyir, necə deyir, onun öz problemidir. Elə açıqlamalara ekspertlik etmək fikrində deyiləm.
- AXCP-nin parçalanmasından sonra yaşanan arzuolunmaz problemlərin aradan qaldırılması üçün 9 il sonra keçmiş cəbhə şinelindən çıxan partiyaların birləşməsi nə dərəcədə mümkündür?
- Əgər "KXCP" ilə birləşmədən söhbət gedirsə, həmişə onun tərəfdarı olmuşam. Bu istiqamətdə "KXCP"-nin nümayəndələri ilə söhbətim olub. Şəxsən belə birləşmədə problem görmürəm. Təşəbbüs olub, biz də onu rəğbətlə qarşılamışıq. Amma sonradan müəyyən qüvvələrin təsirindən bu proses dayandırıldı. Bu qüvvələr partiya daxilindən də, eləcə də, kənardan ola bilərdi. Əgər bu birləşmə gücümüzün artırılmasına yönələrsə, istənilən partiya ilə birləşməyə hazırıq. Amma təəssüflər olsun ki, əksər hallarda birləşmə ideyalarının arxasında duran pis niyyətləri dəfələrlə gördüyümüzə və sınaqdan keçirdiyimizə görə müəyyən təşkilatlarla ehtiyatlı davranmağa məcburuq.
- "KXCP"-də həmin partiyalardan hesab olunur?
- Adıçəkilən partiya real müxalifətçilik mövqeyində duran təşkilatlardan biridir.
- Ə.Kərimov dəfələrlə Mirmahmud Fəttayevi, yəni, partiyanı hakimiyyət mövqeyindən çıxış etməkdə günahlandırır. Siz isə, ortaya əks-mövqe qoyursunuz. Bu paradoksal vəziyyəti nə ilə izah etmək olar?
- Sadəcə olaraq, müəyyən ehtimallar var.
- Əgər "KXCP" ilə AXCP (i) birləşərsə, sədr məsələsində problem olmayacaq ki?
- Demokratik təşkilatlarda ən problemsiz həll olunan şey odur.
- Bəs nəyə görə, AXCP parçalandı?
- AXCP ona görə parçalandı ki, həmin dövrdə müəyyən siyasi deferensasiyaya ehtiyac vardır.
- Nurəddin bəy, yuxarıda siz pis niyyətlərin olduğunu qeyd etdiniz. Bu nöqteyi-nəzərdən Müsavat başqanı Xalq Cəbhəsinin bərpa olunmasının vacibliyini qeyd edib. Bu, həmin pis niyyətlərdəndir?
- Əgər həmin pis niyyətlərdən olarsa, cəbhə bu ideyaya qarşı çıxar. İsa bəy bu ideyanı verib, nə nəzərdə tutduğunu ortaya qoysun, biz də müzakirə edib, mövqeyimizi bildirək.

Digər xəbərlər