- Asim bəy, Rusiyanın Ermənistanla birgə Azərbaycanın işğal edilmiş ərazilərində təcavüzkar siyasətlərini davam etdirmələri barədə məlumatlar yayılır. Yayılan məlumatların reallaşması nə dərəcədə mümkündür?
- Rusiya ötən ilin avqust ayında Cənubi Qafqazda baş verən hadisələrdən sonra bunun acısını çox çəkdi. Hazırda Azərbaycana qarşı həmin hadisələrə oxşar hansısa təcavüzü gözləmirəm. Bölgədə vəziyyət mürəkkəbdir. Münaqişənin həlli ilə bağlı proseslərdə Ermənistanın qeyri-konstruktiv mövqeyi göz qabağındadır. Amma yeni təcəvüzə cəsarət edib, dünyaya meydan oxumaq imkanlarının mövcudluğu barəsində heç bir fikir söyləyə bilmərəm. Yəni, bununla bağlı hər hansı yeni təhlükələri görmürəm.
- İddia olunur ki, Azərbaycandan Şimali Qafqaza keçənləri zərərsizləşdirmək və Qarabağa hücuma hazırlaşan Azərbaycanın qarşısını almaq üçün belə bir önləyici hərbi əməliyyatların keçirilməsinin mümkünlüyü realdır.
- Xeyr, belə əlamətləri görmürəm. Ümumiyyətlə, Şimali Qafqazda vəziyyət gerçəkdən mürəkkəbləşib. Bunun əsas səbəbi bölgədə Rusiyanın maliyyə böhranından sonra vəziyyətin dərinləşməyidir. Ona görə də, bunun Azərbaycana bilavasitə aidiyyatı olmadığını düşünürəm.
- Son günlər Dağlıq Qarabağda, eyni zamanda, Ermənistanda hərbi birləşmələrin böyük toplantıları keçirilir. Ermənistanın müdafiə naziri də Azərbaycana hücum təşkil edəcəkləri barədə bəyanatla çıxış edir. Bu bəyanatlar nəyə hesablanır?
- Mənə elə gəlir ki, bu onlarda qorxu nəticəsində yaranan qışqırıqlarıdır. Azərbaycanın iqtisadi imkanlarının artması, ordu quruculuğu və s. kimi böyük işlərin müqabilində onlar özlərindən qorxurlar. İnanmıram ki, Ermənistan hazırda onları dəstəkləyən qüvvələrlə cürət edib Azərbaycana qarşı yeni bir təcavüzü həyata keçirsin.
- Ermənistanda ictimai-siyasi vəziyyət son dərəcə kretik durumdadır, S.Sarksiyan hakimiyyəti vəziyyəti başqa məcaraya yönəltmək üçün Azərbaycana qarşı təxribat həyata keçirə bilərmi?
- Ermənistanda vəziyyətin ağır olmasına baxmayaraq, mənə elə gəlmir ki, oradakı rəhbərlər öz vəziyyətlərini yaxşılaşdırmaq üçün yeni bir müharibə cəbhəsi aça bilər. Hazırda vəziyyətin mürəkkəb olmasına baxmayaraq, rejim hər şeyə nəzarət edə bilir. Ermənistan hansısa kəskin dəyişiklik və yaxud ekstremal addımlara getməyəcək.
- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra variantlar irəli sürülüb. Ölkə başçısı İlham Əliyev münaqişənin mərhələli həllinin mümkünlüyünü qeyd edib. Prezidentin məlum bəyanatından sonra Ermənistanda bu məsələyə əhali tərəfindən narahatçılıq doğuran fikirlər səsləndi...
- Münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyam. Azərbaycan bu istiqamətdə ciddi işlər aparır. Mənə elə gəlmir ki, bütün şanslar itirilib və biz hansısa digər formalarda münaqişənin həlli ilə bağlı addımlar atmalıyıq. Proses davam etdirilməlidir və Azərbaycanın mövqeyi bu prosesdə kifayət qədər güclüdür. Azərbaycan dövlətinin dünyada nüfuzu və bu münaqişə ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq imkanları artdıqca, Ermənistanın imkanları məhdudlaşır.
- Dediniz ki, danışıqların tərəfdarısınız. Axı bu danışıqlar sonsuzluğa qədər davam edə bilməz?
- Hazırda müəyyən şərtlər var, iş gedir.
- Madrid prinsiplərində yeni dəyişikliklərin olunacağı qeyd olunur. Bu dəyişikliklər əvvəlkindən nə ilə fərqlənəcək?
- Bu təklifdə münaqişənin mərhələli həlli ilə bağlı hansısa ciddi dəyişiklik gözləmirəm. Azərbaycanın bu danışıqlarda mövqeyi birmənalı şəkildə aydın ifadə olunub. Azərbaycan bu danışıqlarda öz mənafeyini müdafiə etməyə qadir olan dövlətdir.
- Rusiyanın, təbii ki, bu münaqişənin həllində rolu kifayət qədər yüksəkdir. Amma adıçəkilən ölkə bütün hallarda Qafqazdakı mövqeyini daha da möhkəmləndirmək üçün münaqişənin davam etdirilməsinin tərəfdarıdır. Son günlər müəyyən addımlar atır, təkliflər verir. Sizcə, Rusiyanın bu addımları səmimiyyətə nə dərəcədə yaxındır?
- Mən istəməzdim ki, siyasətdə səmimiyyət kimi amil müzakirə mövzusu olsun və onun əsasında hansısa bir qərar qəbul olunsun. Ciddi iş gedir. Bölgədə müəyyən qüvvələr arasında rəqabət çox ciddi surətdə davam olunur. Azərbaycanın iştirak etdiyi layihələrin davamında da maraqlı olan qüvvələr bu bölgədə sabitliyi qorumaq və münaqişənin həlli istiqamətində Azərbaycana dəstək verməyi davam etdirəcək.
- Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyi ciddidir? Yəni, Qarabağa güzəştə getməklə Qafqazdakı mövqeyini itirməyə razı olar?
- Rusiya müəyyən dəyişiklik etməyə hazır ola bilər. Çünki adıçəkilən ölkə Avropa üzərində qaz monopoliyasını qoruyub saxlamaq üçün müəyyən addımlara razı ola bilər.
- Rusiya əməkdaşlıq müqaviləsində yaxın müttəfiqi Ermənistanın maraqlarını tapdalayacaq?
- Mənə elə gəlir ki, bütün maraqları tapdalamasa da forpostunu müəyyən güzəştlərə vadar edə bilər.
- Hansı güzəştlərdən söhbət gedə bilər?
- İlk növbədə, Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasından söhbət gedə bilər.
- Qərb hər zaman proseslərin, münaqişələrin sülh yolu həll edilməsində maraqlı olduğunu bəyan edir. Amma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret addımlar atmır. Rusiya ilə müqayisədə Qərb çox zəifdir?
- Bu fikirlə razı deyiləm. Bilirsiniz ki, həm ABŞ, həm də Avropa Birliyi münaqişənin həlli ilə bağlı proseslərə diqqətlə yanaşır. Bu istiqamətdə Azərbaycan öz mənafeyini qorumaq üçün və beynəlxalq ictimaiyyəti bu proseslərə bağlı məlumatlandırmaq üçün müvafiq işlər aparır. Bu işləri daha da gücləndirməyə ehtiyac var. Ümidvaram ki, sonda münaqişənin həlli üçün şanslar yaranar.
- Mətbuatda belə fikir səsləndirilir ki, ABŞ Quantanamo həbsxanasını Gürcüstana götürəcək. Sizcə, belə bir addım atılarsa, bölgədə vəziyyətin dəyişməsi nə dərəcədə mümkündür?
- Bildiyimə görə, söhbət həbsxananı adıçəkilən ölkəyə gətirilməsindən getmir. Bəzi məhbusları orda yerləşdirməkdən gedir. Düşünmürəm ki, bu, bölgədə hansısa vəziyyəti kəskin dəyişdirə bilsin.
- Rusiya buna ciddi yanaşmayacaq?
- Rusiyanın imkanları olsaydı, Gürcüstanla çoxdan haqq-hesabını çəkib, onu məhv edərdi. Bu, olmayıbsa, deməli, Rusiyanın bunu həyata keçirmək üçün Rusiyanın imkanları məhduddur.
- Kollektiv Təhlükəsizlik Təşkilatı tərəfindən çevik hərbi qüvvələr yaradılır. Düşünmürsünüz ki, həmin qüvvələr nə zamansa, Rusiyanın istədiyi addımı reallaşdırmasına imkan yaratsın?
- Bu qüvvələrin yaradılması üçün istək var, amma imkanlar məhduddur. Bu prosesdə artıq Özbəkistan öz mənfi fikirlərini ifadə edib və kənarda qalıb. Belorusiya bu prosesdə artıq iştirak etmir. Bu hərbi kollektivin ciddi alternativ qüvvəyə çeviriləcəyinə inanmıram.
- Amma sentyabrın 15-dən 28-nə qədər Qazaxıstanda hərbi təlimlər keçiriləcək. Bəs bu, nə deməkdir?
- Təlimlər keçirilsin, baxıb görərik ki, proseslər necə inkişaf edir. Hələlik, bir sıra mütəxəssislərin bu prosesin inkişafı ilə bağlı çox pessimist fikirləri var.
- NATO-Rusiya qarşıdurması fonunda çevik hərbi qüvvələrin gücləndirilməsi üçün Moskva hərbi dəstəyini genişləndirməyəcək?
- Rusiyanın daxilində mövcud olan maliyyə böhranı problemləri gündəmdə olan əsas məsələdir.
- BMT Baş Asambleyasının toplantısı keçiriləcək. Toplantıda Dağlıq Qarabağ problemi müzakirə predmeti olacaq. Necə düşünürsünüz, ötən sessiyada Ermənistanın mövqeyini müdafiə edən ATƏT-in Minsk Qrupunun həmsədrləri bu dəfə də analoji addımı ata bilərmi?
- Sadəcə olaraq, Azərbaycan bu prosesdə BMT tribunasından həqiqətləri dünyaya çatdırmaq üçün məharətlə istifadə etməyə çalışır və bu istiqamətdə öz işlərini gücləndirir.
- Daha hansı işləri Azərbaycan görməlidir ki, ATƏT-in Minsk Qrupu həmsədrləri ədalətli mövqedən çıxış etsin, ikilistandartlardan uzaq olsun?
- Azərbaycan hər bir beynəlxalq tribunadan dünyanın nüfuzlu ölkələrində öz imkan və qüdrətini nümayiş etdirməli və özünə dəstək qazanmalıdır. Ölkəmizin güclü potensialı var və bu istiqamətdə son illər çox müsbət addımlar atılıb. Bu addımlar daha da güclənməli və genişlənməlidir.
- Bir sıra dövlətlər Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü pozan dövlət kimi tanısalar da, işğalçı dövlət kimi qeyd etmirlər. Bunu nə ilə izah edərdiniz?
- Bunun üzərində işləmək lazımdır. Son illər bu yöndə aparılan işlərin güclənməsi müşahidə edilir. Azərbaycanın iştirakı ilə layihələrin həyata keçirilməsi, iqtisadi imkanlarının genişlənməsi, onu göstərir ki, proses davamlı və mütəmadi həyata keçirilməlidir.