PDF Oxu

Müsahibə

  • 10

“Azərbaycan bütün xarici siyasətdəki uğurları ilə dünyaya səs salıb”

“Azərbaycan bütün xarici siyasətdəki uğurları ilə dünyaya səs salıb”

- ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəyişməsi Dağlıq Qarabağ məsələsinin həll edilməsinə nə kimi köməyi dəyəcək?

- ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəyişdirilməsi məsələsi fikrimcə, ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq imici sürətlə artır. Ermənistanı müdafiə etməyə çalışan xristian dünyası, xüsusilə, Fransa çalışır ki, hazırda ölkəmizin artan imicinin qarşısını bu yolla alsın. Məsələ ondadır ki, artıq dünyada Ermənistanın haqsız olmasını qəbul edirlər. İkincisi də, Azərbaycan son 3 ildə tək Dağlıq Qarabağla bağlı yox, ümumiyyətlə, digər bütün xarici siyasətdəki uğurları ilə dünyaya səs salıb. Belə bir şəraitdə Ermənistanda qarşıdurma güclənib və Azərbaycanın istər-istəməz bu ağıllı siyasəti qarşısında Qərb çətin vəziyyətə düşüb. Yəni, bir tərəfdən Ermənistanı əldən vermək istəmirlər və eyni zamanda da, ölkəmizin dünyada artan hörmətindən, imicindən müəyyən mənada narahat olmağa başlayıblar. Ona görə də ATƏT-in Minsk Qrupunun həmsədrlərini dəyişdirməklə, yenidən bir vaxt udmaq istəyirlər. Yəni, onlar desinlər ki, yeni həmsədrlər heç bir işlə yaxından tanış deyirlər və onlar bölgələrə gəlməlidirlər. Ermənistan tərəfi bütün bunları bəhanə gətirmək istəyəcək və o müddət ərzində isə Ermənistandakı qarşıdurmanın sakit məcraya yönəldə bilsinlər. Artıq bu proses başlayıb. Bu isə Ermənistanın sonunun başlanğıcıdır. Yəni bir dövlət kimi, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəyişdirilməsindən asılı olmayaraq, Qarabağ danışıqlarının gedişinə mane olmayacaq.

- Ermənistana qarşı dünya ölkələrinin o dərəcədə də mənfi münasibəti yoxdur. Həmçinin, çalışırlar ki, Azərbaycanı əldən buraxmasınlar. Ümumiyyətlə, dünya dövlətləri nə vaxta qədər ikili standartlardan çıxış edəcək?

- Bildiyiniz kimi, iyul ayında Moskvada keçirilən görüşdə Qafqazla bağlı olaraq, Rusiya və ABŞ arasında razılıq əldə edilmədiyinə görə, hər iki tərəf Qafqazda öz maraqlarını qorumağa çalışır. Azərbaycanın həm iqtisadi gücü, həm Prezident İlham Əliyevin ağıllı siyasəti, həm də Azərbaycan diasporasının son illər ərzində daha güclü işləməsi, eləcə də, son iki ildə ölkəmizin xaricdəki səfirliklərinin uğurlu diplomatiyası kifayət qədər bunları çətinə salıb. Ona görə də, bunlar çalışırlar ki, Azərbaycanı həm iqtisadi gücünə görə, həm də dünyadakı mövqeyinə görə, əllərində saxlasınlar. Amma eyni zamanda, Qərb Ermənistanı ələ almağa çalışır ki, Rusiyanı Qafqazdan uzaqlaşdıra bilsin. Onlar çox gözəl bilirlər ki, nə qədər Ermənistan RF-nin əlindədi, bunların Qafqaz siyasəti baş tutmayacaq. Amma çox təəssüflər olsun ki, dünyada tək Azərbaycana qarşı deyil, ümumiyyətlə, müsəlman dünyasına qarşı ikili standart var. Eyni zamanda, nəzərə alsaq ki, hazırda islam dünyasında yeni parlayan siyasət ulduzu formalaşıb, bu da Prezident İlham Əliyevdir. İlham Əliyev cənablarını artıq Qərbdə təkcə parlayan siyasətçi kimi yox, həm də həddən artıq ağıllı və siyasi təcrübəyə malik şəxs kimi tanıyırlar.

- Rusiya Qərbə qarşı çevik hərbi qüvvələrinin yaradılmasına başlayıb. Moskvada, Ukraynada, eləcə də, Belorus və Qazaxıstanda da hərbi təlimlərin keçirilməsinə start verilib. Bu isə RF-nin Qafqazda daha da möhkəmlənməsinə yaradılan növbəti şans deyilmi?

- Bu təşkilatın tərkibində vaxtilə Azərbaycan da olub. Adıçəkilən dövlət Ermənistanı işğalçı dövlət kimi tanımadığına görə, həmçinin, ulu öndər Heydər Əliyevin təşəbüsü ilə Azərbaycan həmin qurumdan çıxdı. Sonra isə o qurumun əsasnaməsini bir qədər şişirdirlər. Əslində, burada elə ciddi bir şey yoxdur. Əsasnamədə göstərilir ki, bu çevik qüvvələrin əsas məqsədi transmilli cinayətkarlıq və beynəlxalq terorizmə qarşı mübarizədir. Azərbaycan işğal olunmuş torpaqlarını azad etmək üçün nə vaxt Ermənistana müharibə etsə, o zaman çevik qüvvələrlə bağlı əsasnamə işə düşür. Azərbaycanın indiki siyasəti, yəni cənab prezidentimizin yürütdüyü siyasət o, qədər ağıllıdır ki, bizim nə Rusiyanın cibində, nə də ABŞ-ın cibində oturmağa ehtiyacmız yoxdur. Bütün bunlar Ermənistanın bizə yaxdığı qara ləkədir, bunların Azərbaycan üçün heç bir qorxusu yoxdur.

- Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar olarsa, o halda, həmin çevik hərbi qüvvələr tərəfindən Azərbaycana qarşı hər hansı hərbi əməliyyatlar keçirilə bilərmi?

- Burada məsələ ondadır ki, Azərbaycan əgər öz ərazisindən sülhməramlı qüvvələrin yerləşdirilməsinə razılıq versə, onda Gürcüstandakı hüquqi mexanizm işə düşə bilər. Amma beynəlxalq hüquq prinsiplərinə görə, nə qədər Azərbaycan ərazisində ölkəmizin razılığı olmadan sülhməramlı qüvvələr yoxdu və o, çevik qüvvələrlə bağlı olaraq əsasnamə hüquqi cəhətdən işə düşə bilmir. İkincisi, Azərbaycan beynəlxalq layihələrlə özünü maliyyələşdirib. Birinci layihə ümummilli lidermiz tərəfindən əsası qoyulan "Əsrin müqaviləsi" ilə bağlı olan Bakı-Tbilisi-Ceyhan layihəsidir. Dünyanın 30 aparıcı şirkətlərinin və 9 dövlətinin Azərbaycanda çox ciddi maraqları var və bu, dünya siyasətini müəyyənləşdirən dövlətlərdir. "Nabucco"dan da əvvəl Azərbaycanın Türkiyə ilə bağlı həyata keçirdiyi həm Bakı-Tbilisi-Ərzurum layihələri, eyni zamanda da, "Nabucco" layihəsinin imzalanması birmənalı şəkildə Azərbaycanın siyasi müstəqilliyinə və suverenliyinə tam zəmanət verir. Bu layihələrin müddəti 30 ildir və 30 il müdətinə Azərbaycanın nəinki ərazi bütövlüyü bərpa olacaq, həmçinin, respublikamız bölgədə bundan qat-qat daha da güclü dövlətə çevriləcək. Azərbaycan dövlətinin hazırda yürütdüyü siyasət əsası ulu öndər tərəfindən qoyulan və indiyə qədər davam edən siyasətdir. Yəni, burada Azərbaycan üçün hakimiyyət tərəfindən elə bir hüquqi mexanizm qurulur ki, bu hüquqi mexanizm sırf iqtisadi maraqlarla bağlıdır. Dünyada bütün müharibələrin və ərazilərin işğalını hamısının əsasında iqtisadi maraqlar durur. Dünya dövlətlərinin iqtisadi maraqları Azərbaycanda cəmləşib. Ona görə də, bizim üçün heç bir təhlükə yoxdur.

- Mətbuatda yayılan məlumatlara görə, ABŞ Quantanamo həbsxanasını Gürcüstana köçürməyə hazırlaşır. Yəni, bu məsələ reallaşarsa, bölgədə vəziyyətin dəyişməsi prosesi gedə bilərmi?

- Bu, mümkün olan bir şey deyil. Çünki ABŞ bu həbsxananı bağlayır və Barak Obama ABŞ-ın demokratik imicinə dəyən ziyanı bərpa etməyə çalışır. Bildiyiniz kimi, Latviyada üzə çıxan gizli həbsxana istər-istəməz ABŞ-ı çox çətin bir vəziyyətə salıb. Gürcüstanın isə ərazisi çox kiçikdi, ona görə də, bunu Gürcüstan ərazisində qurmaq mümkün deyil. Birləşmiş Ştatlar istəyir ki, Gürcüstanı əlində saxlasın. Amma ötən il isə Amerikanın zəif olduğu ortaya çıxdı. Yəni Amerikanın adıçəkilən ölkə ilə bağlı xarici siyasəti çox yanlışdır. Həm Qərb dövlətlərinin, həm də Avropanın əsas məqsədi ABŞ-ı zəiflətməkdir. Vaxtı ilə SSRİ-yə qarşı tətbiq olunan metod indi isə ABŞ-a qarşı tətbiq olunur. Bu da həmin informasiya siyasətinin bir hissəsidir ki, ABŞ-ın zədələnmiş imicini daha da zədələsinlər. Bu, Rusiya mətbuatının işidir ki, Gürcüstanı keçmiş MDB məkanında tamamilə hörmətsiz etsinlər. Bilirsiz ki, həbsxana dünyada demokratik imici olan dövlətlərə ciddi ziyan vuran bir şeydir. Fikrimcə, Gürcüstan üçün növbəti problem yaratmağa çalışan Rusiya bunu gündəmə gətirib.

Digər xəbərlər