PDF Oxu

Müsahibə

  • 12

“Bu gün partiya sədrlərinin çoxu siyasətə başqa sahədən gəlib”

“Bu gün partiya sədrlərinin çoxu siyasətə başqa sahədən gəlib”

- Fuad bəy, 6 müxalifət partiyası bələdiyyə seçkilərinə hazırlıqla bağlı qurumlar yaradır. İddia edirlər ki, müxalifət yalnız onlardan ibarətdir. Maraqlıdır, müxalifət hansı kriteriyalarla müəyyənləşib ki, onlar bu cür iddialarla çıxış edirlər?

- O kriteriya yoxdur ki, kimsə digər partiyanı müxalifət saysın və ya saymasın. Bu gün kimsə özünü müxalifət sayıb, digərini saymırsa, düzgün deyil. Amma seçkilərlə bağlı onların irəli sürdüyü təkliflər var. Bəziləri dəstəkləyir, bəziləri isə yox. Hər halda istərdik ki, bələdiyyə seçkiləri zamanı yenilik olsun. Bələdiyyə seçkiləri ərazi seçkiləri hesab olunur. Ona görə də, hər bir vətəndaş bələdiyyə üzvlərinə problemləri ilə bağlı müraciət etməlidir.

- Bir-birinə qarşı kəskin ittihamlarla çıxış edən Əli Kərimov, Sərdar Cəlaloğlu, İqbal Ağazadə və İsa Qəmbərov qarşıdurması onların bir blokda birləşməsi və güc mərkəzinə çevirilmək iddialarının reallaşması nə dərəcədə mümkündür?

- Bilirsiniz, müxtəlif dövrlərdə bu bloklar birləşib ayrılıblar. Onları birləşdirən maraqlar olub və sonradan da həmin maraqlar onların ayrılmasına səbəb olub. Hesab edirəm ki, bu gün siyasi səhnədə artıq yeni konstruktiv partiya və qüvvələr yaranıb. Prezident seçkilərindən sonra həmin qüvvələr öz mövqelərini gizləyirlər. Bu gün də bələdiyyə seçkilərinə hazırlıq dövründə bizim partiyadan danışsaq, bələdiyyə seçkilərini bir o qədər önəmli qiymətləndirmirik. Çünki bizim əsas istəyimiz parlament seçkilərində qalib gəlməkdir. Hər halda seçkilər göstərəcək ki, birlik uyğun olacaq, ya yox?!

- Müsavat, AXCP (i), ADP hər zaman siyasi düşərgədə bölücü, partiyaların parçalanmasına kifayət qədər səy göstəriblər. Belə partiya sədlərinin müxalifətin inteqrasiyasına nail olmaq niyyətləri reallığa çevirilə bilər?

- Sözsüz bu məsələdə bəzi qüvvələr çalışır ki, müxalifətin birliyi alınmasın. Çox təəssüf ki, bəzi qüvvələr bizim partiyamızı da parçalamağa çalışırdı. Amma bu, alınmadı. ALDP bütöv partiya kimi qaldı. Bizi parçalamağa cəhd edən partiyaların özləri parçalanır. Bu gün də göz qabağındadır ki, onlar hardadır, bizim partiya hardadır. Siyasətdə gərək heç kimə, xüsusən də, öz düşərgədə olan partiya sədrinə və ya partiyaya düşmən kimi baxmayasan. Bizim partiya hamıya dost münasibəti bəsləyib. Onu da qeyd edim ki, hər hansı partiya çirkin əməllərlə, çirkin planlarını reallaşdıra bilməz. Vaxtilə böyük Xalq Cəbhəsi Partiyası olan partiya Əli Kərimovun səhv siyasəti nəticəsində kiçik partiyaya çevirilib.

- Dediniz ki, siz həmişə partiyalara dost kimi baxmısınız. Maraqlıdır, sizi düşmən gözündə görən AXCP (i) sədrini dost gözündə görürsünüz?

- Vaxtilə bizim partiya yarananda, ilk olaraq, onlara qarşı sülhməramlı addım atmışıq. Amma sonradan gördük ki, bu partiya şəxsi maraqlarına üstünlük verir. Partiyamızı parçalamaq istəyir. Bir neçə dəfə partiyadan aidiyyatı olmayan şəxsləri bizim adımızdan dalaşdırıb. Təbii ki, həmin dövrdə biz onları dost saya bilməzdik. Bizə daş atan olmasa, biz də heç kimə daş atmayacayıq. Biz həmişə müxalifətin yaxşı işlərinə yaxşı, pis işlərinə pis demişik. Ona görə də, hesab edirəm ki, hər iki partiya arasında olan həmin soyuq münasibət keçmişdə qalıb.

- 0nda Müsavat və AXCP (i) hər hansı təklif irəli sürərsə, əməkdaşlıq münasibəti qura bilərsiniz?

- Baxır hansı təkliflər olacaq. Çünki bizim artıq müəyyən məsələlərdə, eləcə də, seçkilərlə bağlı fikir ayrılığı var. Bundan qabaq onlar prezident seçkilərin boykot etdilər, amma biz getdik. Həmçinin, parlament seçkilərində də onlar radikal, amma biz tamam başqa addımlar atdıq. Dövlətçilik, Qarabağ məsələsində hər hansı bir tədbir keçirilsə və bizi dəvət etsələr, iştirak edib fikrimizi bildirərik. Daxili siyasətlə bağlı hələ tam görmürəm ki, hər hansı məqamlarda birləşə bilərik.

- Bəzən iddia olunur ki, düşmən münasibətdə olan partiya sədrlərinin yenidən bir araya gəlməsi siyasi situasiya uyğun atılan təbii addımdır. Düşmənlərlə yenidən bir araya gəlib, ortaq mövqedən çıxış etməyə münasibətiniz necədir?

- Hesab etmirəm ki, bu, yaxşı bir addımdır. Çünki vaxtilə Xalq Cəbhəsi Hərəkatında birləşən bugünkü radikal partiya sədr və liderləri bu gün yenə ortalığa bir mövzu atıblar. Yəni, Xalq Cəbhəsi Hərəkatı yaransın və bunun ətrafında birləşsinlər. Hesab edirəm ki, bu, utopik bir təklifdir. Çünki vaxtilə hərəkatın bütövlüyünü qoruyan Elçibəy idi. Onun sağlığında da həmin qüvvələr partiya yaratdılar və sədr oldular. Həmin dövrdən də müəyyən vaxt keçdi. Onlar ictimai siyasətdə müəyyən bəyanatlar verdilər, bəziləri qarşıdurmaya getdilər. Bu gün həmin sədrlər təklif edirlər ki, hərəkat yaransın. Vaxtilə düşmən mövqedə olan partiya sədrləri yenidən hər hansı siyasi maraqlarını üstün tutub, birləşə bilməzlər. Çünki onlar tamam başqa bir fərqli siyasət yürüdürlər. Siyasətdə professional siyasətçilər olmalıdır. Bu gün partiya sədrlərinin çoxu siyasətə başqa sahədən gəlib. Ona görə də, Azərbaycan siyasətində müxalifət yazıq gündədir. Hesab edirəm ki, onun uğur qazanmaması həmin səhvlərdən biridir.

- YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə belə bir təkliflə çıxış edib ki, müxalifətin böyük hissəsi özlərini boykot etməli və siyasətdən gedməlidir. Bu mövqeyə münasibətiniz necədir?

- Bu fikrə böyük hörmətlə yanaşıram. Siyasət seçki dövründə göstərir ki, seçicilər kimə səs verir.Onlar özləri qərar verib ya siyasətdən, ya da sədrlikdən getməlidir. 2008-ci il prezident seçkiləri bunu göstərdi ki, siyasətə artıq yeni simalar gəlib.

- Dediniz ki, siyasətdən gedəcəklər. Amma onlar siyasətə gəlir mənbəyi kimi baxırlar...

- Bundan qabaq ki, dövrlərdə sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar onlara yaxın olan QHT vasitəsilə qrantlar verirdilər. Son dövrlərdə onların səfərləri baş tutmur. Amma onlar başa düşməlidir ki, 10-15 il bundan əvvəlki imkanları, gücləri tükənib. YAP gənclərə üstünlük verdi. Sübut etdilər ki, partiyaya yeni simalar gəlməlidir. Partiya daxilində olan insanlar öz üzərində işləməlidir. Əgər partiyada bir sədr 15-20 ilə yaxın sədr olursa, deməli, orada işlər pisdir. Onların vaxtilə dediyi qatar artıq depodadır, yəqin ki, təmirdədir. Yeni simalarla üzə çıxmasalar, həmin depoda çürüyüb qalacaqlar.

Digər xəbərlər