Dünya mədəniyyətinin Azərbaycana gətirilməsi...
- Nizami müəllim, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında tarixi abidələri məhv edirlər. Təəssüfdoğurucu haldır ki, heç bir beynəlxalq təşkilat bununla bağlı araşdırma aparıb, hər hansı bir ciddi tədbir görmür. Bununla bağlı nə deyə bilərsiniz?
- Beynəlxalq standartlar var ki, bir ölkə digər bir ölkənin torpağını işğal edərsə, mümkün qədər çalışmalıdır ki, həmin ərazidəki tarixi abidələrə toxunulmasın. Təəssüflər olsun ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarındakı tarixi abidələri məhv edir. Bunlar işğal olunmuş ərazilərdə baş versə belə, beynəlxalq qanunlara ziddir. Əgər Ermənistan bunu hərbi münaqişə gedişində etmiş olsaydı, bunu, bəlkə də münaqişənin nəticəsi kimi qiymətləndirmək olardı. Ancaq Ermənistan işğal etdiyi torpaqlarda mədəniyyət nümunələrini məhv etməyə çalışır və bunu həyata keçirir. Ermənilər bu işləri həmin ərazilərdə yerləşmək və burada özlərinin "mədəniyyətini" bərpa etməkdən ötrü xüsusi bir missiya ilə həyata keçirir. İndiki Ermənistan da Azərbaycanın bəzi xalqların yerləşdirilməsi ilə bağlı tarixi prinsipə uyğun olaraq ermənilərə güzəştə getdiyi ərazilərdir. Ermənilər oradakı Azərbaycan abidələrini də vəhşicəsinə məhv ediblər və tarixi yer adlarımızı dəyişdiriblər. Bunlar ermənilərin özünütəsdiq cəhdindən və tarixi-coğrafi maraqlarından irəli gələn bir məsələdir. Bu, onların düşüncə tərzi, ideologiyası və müəyyənləşdirilmiş prinsipidir. Ermənilərin bu cür hərəkətlərinə qarşı mübarizə aparmaqla işimizi bitirməməliyik. Həmçinin, ermənilərin tarix boyu işləyib-hazırladığı, özləri üçün təbii saydıqları məfkurəyə qarşı da mübarizə aparmalıyıq.
- Ermənilərin bu ideologoyasına qarşı Azərbaycan tərəfindən hansı adekvat addımlar atılıb? Yaxud Ermənistana hər hansı sanksiyanın tətbiqi ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət olunubmu?
- Artıq bu sahədə müəyyən təcrübə əldə etmişik. Əgər əvvəllər bu işləri yalnız respublika daxilində və ya xaricdə yaşayan azərbaycanlılar arasında aparırdıqsa, indi artıq bununla bağlı beynəlxalq təşkilatlara və ayrı-ayrı dövlətlərə müraciətlər olunur. Bir neçə il bundan öncə, eyni məsələnin müzakirəsi ilə əlaqədar, bir sıra millət vəkili ilə birlikdə Parisdə olduq. Orada bu məsələni Ermənistan və Gürcüstan parlamentləri üzvlərinin iştirakı ilə Senatda qaldırdıq və kəskin etirazımızı bildirdik. Ermənilər deyir ki, guya Azərbaycanda da onların tarixi abidələri dağıdılır və s. Biz həmin vaxt onlara cavab verdik ki, onların qeyd etdikləri yerdə elə bir tarixi abidə yoxdur. Yəni, bu məsələ ermənilərin iştirakı ilə bir çox beynəlxalq təşkilatda qaldırılıb. Düşünürəm ki, bunlar az da olsa, öz təsirini edir.
Bu gün Azərbaycan diasporası da güclü inkişaf edir və onlar da bu məsələni bir çox yerlərdə qaldırıblar. Ən mühüm amil isə, hansı tarixi abidələrin məhv olması ilə bağlı konkret məlumatımızın olmasıdır. Bu istiqamətdə dövlət səviyyəsində, elmi yöndə və mütəxəssislərin şəxsi təşəbbüsləri dairəsində işlər görülür. Biz Ermənistanda və işğal olunmuş ərazilərimizdə məhv olan tarixi abidələrimiz barəsində ətraflı məlumata malikik. Hətta Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası bununla bağlı xeyli kitab nəşr etdirib. Ermənilərin hansı işlərlə məşğul olduqlarını, mədəniyyət abidələrinə qarşı necə münasibət göstərdiklərini bütün dünyaya çatdırırıq. Çünki həm regionda, həm də Ermənistanın özündə ermənilərin özlərinə məxsus tarixi və mədəniyyət abidələri yoxdur. Ona görə, onlar xüsusilə, alban abidələrini, bizim musiqi alətlərimizi, xalçalarımızı, milli kulinariyamızı və s. mənimsəyirlər. Onların bu istiqamətdəki fəaliyyətini bütün dünya bilir və görür. Biz də ölkə ziyalıları olaraq bu işdə əlimizdən gələni edirik.
Bununla bağlı Heydər Əliyev Fondunun da xüsusi xidmətləri var. Fond tərəfindən nəşr olunan kitablarda Azərbaycan mədəniyyətinin hansı miqyasda olduğu və nələrdən ibarət olduğu açıqlanır. Bununla da ermənilərin iddialarını heçə endirir. Eyni zamanda, milli mədəniyyətimizin təbliği ilə bağlı keçirilən tədbirlər, mövcud vəziyyətin dünyaya çatdırılması üçün bir mesajdır. Son zamanlar internet məkanında da məsələni özündə kifayət qədər dolğun əks etdirən məlumatlar yerləşdirilibdir. Bütün bunlar bir daha təsdiq edir ki, erməni yalanları münbit şəraitdə yayılmır və xeyli müqavimətə rast gəlir. Azərbaycanın dünyaya inteqrasiyası da ermənilərin yalanlarının fəaliyyət dairəsini xeyli dərəcədə məhdudlaşdırır və onları bu cür konduktiv fəaliyyətdən təcrid edir.
- Ermənilərin məkrli təbliğatı Azərbaycanın haqlı tələbinə məntiqsiz münasibətdən qaynaqlanır. Ola bilərmi ki, Azərbaycan hansısa beynəlxalq təşkilatla birgə komissiya yaradaraq, işğal olunmuş Azərbaycan ərazilərində tarixi və mədəniyyət abidələrinin məhvi ilə bağlı araşdırma aparsın?
- Bununla bağlı tərəfimizdən bir sıra müraciətlər olunub. Azərbaycan, Gürcüstan və Ermənistan mütəxəssislərindən ibarət komissiyanın yaradılması və hər üç ölkədə tarixi abidələrin vəziyyəti ilə araşdırmaların aparılması, bununla bağlı müvafiq sənədlərin təqdim olunmasını təklif etmişik. Bu məsələnin uzun müddət müzakirəsi aparılsa da, ermənilər bunun gerçəkləşməməsi üçün çox çalışdılar. Onlar başa düşürlər ki, Azərbaycanda heç bir erməni abidəsi dağıdılmayıb. Ona görə də erməni tərəfi bu təklifə müqavimət göstərdi və bizim cəhdlərimiz boşa çıxdı. Bu tipli müraciətlər Avropa Şurasının Parlament Assambleyasında da (AŞ PA) qaldırılıb. Müraciətlərdə vurğulanıb ki, işğal olunmuş ərazilərdə Azərbaycan abidələri, onların içərisində albanlara, yunanlara məxsus abidələr də daxil olmaqla məhv edilir.
- Nizami müəllim, dünən Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın ad günü idi. Mehriban xanımın milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğindəki rolunu necə dəyərləndirirsiniz?
- Mehriban xanım Əliyevanın fəaliyyəti həm miqyasına, həm də keyfiyyətinə görə müqayisəolunmazdır. Onun gördüyü işlər gələcəyə hesablanmış işlərdir. İstər musiqi mədəniyyətimizin qorunması, təsviri incəsənətin təbliği, istərsə də ki, səhiyyə və təhsilin, milli-mənəvi dəyərlərimizin inkişafındakı xidmətləri əvəzolunmazdır. Mehriban Əliyeva gördüyü bütün işlərə böyük güc və qüvvə, əmək sərf edir. Yüksək proqramla həyata keçirilən bütün işlər təkcə Heydər Əliyev Fondunun imkanları daxilində deyil, daha geniş imkanlar daxilində görülür. Milli-mənəvi irsimizin toplanması, qorunması, onun modelinin və standartının, eləcə də, müasir dövrdə onlardan istifadə texnologiyalarının müəyyənləşdirilməsində Mehriban Əliyevanın fəaliyyətində sistemlilik var. Milli muğamımızın intibah dövrünü yaşaması, aşıq sənətinin inkişafı ilə bağlı təkliflərin verilməsi, İçərişəhərin mədəniyyət abidəsi kimi qorunub-saxlanması, Qobustan tarixi abidəsinin bütün dünyaya tanıtdırılması və bu kimi işlər Mehriban Əliyevanın adı ilə bağlıdır. Bunlar onun xalqına, dünyaya və insanlığa bəxş etdiyi töhfələrdir. Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərinin dünyaya tanıdılması, eyni zamanda, azərbaycanlıların malik olduğu imkanların, potensialların təbliğidir. Mehriban Əliyeva dünya mədəniyyətinin Azərbaycana gətirilməsində də mühüm xidmətlər göstərib. Bu baxımdan, atılan addımlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mədəniyyət siyasətinin uğurla davam etdirilməsinin nümunəsidir. Mən bütün mədəniyyət işçilərinin adından Mehriban xanımı təbrik edirəm və ona fəaliyyətində uğurlar arzulayıram.
- Heydər Əliyev Fondu regional müstəvidən beynəlxalq quruma çevrilib. Təbii ki, burada Mehriban xanım Əliyevanın fəaliyyəti müstəsna rol oynayıb. Bununla bağlı nə deyə bilərsiniz?
- Mehriban xanım Əliyevanın gördüyü işlər, ilk öncə, Azərbaycanın bugünü və gələcəyi üçündür. Amma onun fəaliyyət miqyasının və keyfiyyətinin genişliyi dünya üçün də maraqlıdır. Bu fəaliyyət dünyada yüksək qiymətləndirilir və o, son illər dünyanın ən böyük mədəniyyət təşkilatlarına üzv seçilir. Onun dünyanın müxtəlif ölkəsində məktəblər tikdirməsi, uşaqların sağlamlığı, təhsili ilə bağlı gördüyü işlər Azərbaycanın adını yüksəklərə qaldırır. Eləcə də, Prezident İlham Əliyevlə birgə dünyanın bir sıra ölkəsində keçirdiyi görüşlər də bu baxımdan olduqca əhəmiyyətlidir. Mehriban xanım Əliyevanın fəaliyyəti xalq diplomatiyası missiyasından çox kənara çıxır. Siyasi cəhətdən əsaslandırılmış, xüsusi ideoloji məzmunu olan bu missiyanı dövlət adamı kimi yerinə yetirir. Ona görə də, Mehriban xanımın fəaliyyətinin dünya miqyasında qiymətləndirilməsi bizim üçün çox böyük fəxrdir. Milli-mənəvi varlığımızın qorunması, milli təfəkkürümüzün səviyyəsini göstərməkdən ötrü atdığı addımlar bizlərdə fəxarət hissi oyadır.