- Asəf müəllim, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaxın zamanlarda hansı tədbirləri gözlənilir və Azərbaycan nümayəndə heyəti bu tədbirlərə hansı konsepsiyalarla qoşulacaq?
- Sentyabr ayının 16-17-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının iki komitəsinin iclası Yunanıstanın Solonik şəhərində eyni anda keçiriləcək. Bunlar təşkilatın iqtisadi məsələlər komitəsi və mədəniyyət, elm, təhsil məsələləri komitəsidir. Hər iki komitənin iclasında Qara Dəniz bölgəsində su ehtiyatlarının istifadəsi məsələsi müzakirə olunacaq. Jurnalistləri maraqlandıran əsas sual odur ki, bu təşkilatın iclasında Dağlıq Qarabağ məsələsi müzakirə olunacaqmı? Bu suala cavab olaraq, qeyd edim ki, hər bir təşkilatın nizamnaməsi var. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nizamnaməsinə uyğun olaraq bu təşkilatın iclaslarında heç bir münaqişə müzakirə oluna, ona uyğun heç bir qərar və ya tövsiyə qəbul oluna bilməz. Ancaq buna baxmayaraq Azərbaycan nümayəndə heyəti hər il müzakirə olunan mövzularda, dolayı yolla da olsa, Dağlıq Qarabağ məsələsini önə çəkir. Oradakı çıxışlarımızda da dəfələrlə bildiririk ki, ölkəmiz bu gün iqtisadi cəhətdən sürətlə inkişaf edir, dünyanın ən ön sırada gedən ölkələrindən biridir. Lakin buna mane olan əsas səbəb kimi Dağlıq Qarabağ münaqişəsini və onun indiyədək hələ də həll olunmamasını göstəririk. Çünki bu məsələ Azərbaycan iqtisadiyyatına çox böyük mənfi təsir göstərir. Su ehtiyatları ilə bağlı aparılan müzakirələrdə də Dağlıq Qarabağ münaqişəsini xüsusi vurğulayırıq. Bilirik ki, Azərbaycan çaylarının bəzisi Ermənistanın üzərindən keçir. Bu çayların Ermənistan tərəfindən zəhərli maddələrlə çirkləndirilməsi məsələsini qeyd edirik.
- Azərbaycan nümayəndə heyəti təşkilatın iclaslarında bu məsələni kəskin şəkildə qaldırırmı?
- Bəli, bu məsələləri kəskin şəkildə qaldırırıq. Hətta ölkəmizin nümayəndə heyətinin səyi nəticəsində beynəlxalq təşkilatlar orada monitorinq aparıblar və məlum olub ki, Ermənistanın zavodlarının bütün tullantıları və zəhərli maddələri Araz çayı vasitəsilə Azərbaycana axıdılır. Bu faktı orada bir neçə dəfə qaldırmışıq. Ermənistan bu hərəkətinə son qoymalıdır. Çünki həmin zəhərli su Azərbaycanla yanaşı Gürcüstana da axıdılır. Yəni, bu, bütün regiona zərbədir. Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması belə bir ekoloji fəlakətə gətirib çıxarır.
- Asəf müəllim, komitəyə təqdim olunan məruzədə Ermənistan tərəfindən Azərbaycan sularının çirkləndirilməsi məsələsi öz əksini tapıbmı? Əgər tapmayıbsa, bunun üçün hər hansı bir düzəliş etmək fikrindəsinizmi?
- Hər bir ölkə, o cümlədən, Azərbaycan oraya öz təkliflərini verir. Ola bilsin ki, o təkliflər orada öz əksini tapmasın. Bunu biz kolonikdə görəcəyik. Hələ axırıncı koloniki almamışıq. Əgər təkliflər burada yer almasa, onda Azərbaycan nümayəndə heyəti əlavələrimizin qəbul olunması üçün təkidlə çıxış edəcək. Bu təklifimizə komitədə nail ola bilməsək, təşkilatın noyabr ayında keçiriləcək Baş Assambleyasının iclasında ətraflı məruzə ilə bu məsələni yenidən qaldıracaq. Düşünürəm ki, Azərbaycan nümayəndə heyəti buna nail olacaq.
- Əslində, Ermənistan tərəfindən ərazimizə çirkli suların axıdılması ekoloji terrordur...
- Bu nəinki Azərbaycana qarşı, eləcə də, bütün bölgəyə qarşı tətbiq olunan ekoloji terrordur. Bir ölkəyə qarşı yönələn ekoloji terror digər ətraf ölkələrə də yayılır.
- Bəs təşkilata işğal olunmuş torpaqlarımızda törədilən yanğınlar və s. haqqında hər hansı bir müraciət olunubmu?
- İşğal olunmuş Azərbaycan torpaqlarında törədilən yanğınlar nəinki torpağı zəhərləyir, eyni zamanda, bölgənin ekologiyasına böyük ziyan vurur. Meşələrin yandırılması, ümumiyyətlə, balansı pozur. Bu da gələcəkdə daha böyük problemlərə gətirib çıxaracaq. Bunun qarşısını almaq üçün təkcə ölkəmizin nümayəndə heyəti deyil, bütün ölkələr tədbir görməlidir.
- Bilirsiniz ki, Sərsəng su anbarını da ermənilər qəsb ediblər və bundan da Azərbaycana qarşı ciddi şəkildə istifadə edirlər. Bu məsələ nümayəndə heyətimizin təqdim etdiyi sənəddə öz əksini tapıbmı?
- Əlbəttə ki, bu məsələlərin hamısı sənəddə öz əksini tapıb. Hətta bir vaxtlar ermənilər Azərbaycanı hər zaman bu terror hərəkətləri ilə hədələyirdi. Təsəvvür edin ki, onda nələr baş verə bilər. Ona görə bu məsələlər təqdim etdiyimiz sənəddə xüsusilə öz əksini tapacaq. Bir daha qeyd edim ki, istər yanğınların törədilməsi, istərsə də ki, ölkə ərazisinə Ermənistan vasitəsilə çirkli suların axıdılması Azərbaycan iqtisadiyyatına böyük zərər vurur. Təşkilatın növbəti iclaslarında bu məsələlərə toxunacağıq və ölkəmizin mövqeyini ortaya qoyacağıq. Təbii ki, bu da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan bir problemdir.