İlham Əliyevin aqrar siyasəti ölkəmizdə ərzaq təhlükəsizliyinin qarantıdır
- Hörmətli Qərib müəllim, mətbuatdan da məlumdur ki, əsası ulu öndərimiz tərəfindən qoyulmuş, ölkəmizdə uğurla davam etdirilən torpaq islahatı mahiyyətcə böyük əhəmiyyət kəsb etmiş, Heydər Əliyev torpaq islahatları kimi tarixə düşmüş bu islahatlar birmənalı olaraq ölkə əhalisi tərəfindən razılıqla qarşılanmışdır. Sizcə, bunun səbəbi nədir?
- Məlumdur ki, torpaq ən qədim dövrlərdən bəri insanlığın yaşam amillərindən biri kimi müasir dövrümüzə qədər gəlib çatan, dünyanın əksər xalqlarının inanclarında mövcud olan dörd ilahi ünsürdən biridir. Torpaq amili heç bir zaman öz tarixi vacibliyini itirməmiş, əksinə, onun insan həyatındakı rolu və qiyməti daha da artmışdır. Hətta ilkin baxışda torpaq amili ilə bilavasitə əlaqəsi olmayan sənaye istehsalı da bu və ya digər dərəcədə torpaqla bağlıdır.
Yuxarıda göstərilənləri nəzərə aldıqda, məlum olur ki, nəyə görə Ulu Öndərimiz Heydər Əliyevin diqqət yetirdiyi vacib sahələrdən biri də məhz torpaq amili olmuşdur.
Əvvəla, onu mütləq demək yerinə düşər ki, ümummilli liderimiz hələ sovetlər dönəmində respublikamıza rəhbərlik etdiyi 1969-cu ildən torpaq amilinə yüksək qiymət vermiş, Azərbaycan Respublikasının başçısı kimi xalq təsərrüfatının bütün sahələrini, o cümlədən, kənd təsərrüfatında yaranmış geriliyin səbəblərini avqust plenumunda geniş təhlil edib 1970-ci ilin iyul ayında SSRİ Nazirlər Sovetində "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi tədbirləri haqqında" qərar qəbul etdirmişdir. Təbii ki, həmin dövr üçün bu istək böyük cəsarət və əzmkarlıq tələb edirdi. Nəhayət, 1993-cü ildə ikinci dəfə ölkəmizə rəhbərlik edən ulu öndər yenə də torpaq amilinə üstünlük verərək əhalinin etibarlı ərzaq təminatını düşündü və bu problemin birdəfəlik həllini ölkədə torpaq islahatının aparılmasında gördü. Beləliklə, ulu öndər Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizdə torpaq payı almaq hüququna malik olan 873.618 ailədən 869.268-nə pulsuz olaraq torpaq payı verdi. Beləliklə, 3.442.778 subyektə verilən torpaq onlara mülkiyyət hüququnu təsdiq edən hüquqi sənəd, Dövlət Aktları ilə rəsmiləşdirilmiş qaydada naturada sahiblərinə tanıdıldı.
- Belə qənaətə gəlmək olarmı ki, ölkə Prezidenti cənab İlham Əliyevin bir çox, o cümlədən, "Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər)" Dövlət Proqramı uğurlu siyasətin davamıdır?
- Əslində, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 24 noyabr 2003-cü il tarixdə "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" imzaladığı fərman, demək olar ki, 2004-cü ildə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər)" Dövlət Proqramının qəbul olunmasının başlanğıc nöqtəsi idi. Bunu hər kəs yaxşı bilir ki, adıçəkilən bu Dövlət Proqramı ölkəmizin sosial-iqtisadi inkişafında yeni mərhələnin təməli oldu. Regionların inkişafı istiqamətində iqtisadi siyasətin əsas istiqamətlərindən biri səviyyəsinə qaldırıldı, dövlət idarəetmə orqanlarında bu sahəyə münasibət əsaslı şəkildə dəyişdi. Nəticədə regionların kompleks inkişafı təmin edildi, kommunal xidmətlər yaxşılaşdırıldı, məktəblər tikildi, səhiyyə ocaqları açıldı, yeni yollar salındı, yeni iş yerləri açıldı və sevindirici haldır ki, bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və nəzarəti altında uğurla yerinə yetirildi.
- Sizcə, ölkə Prezidentinin 28 oktyabr 2008-ci il tarixdə "Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" imzaladığı fərmanla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsində təşkilatçı səlahiyyət verməsi hansı zərurətdən irəli gəlmiş oldu?
- Əvvəla, fərmanda bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsindən sonra gələn "tənzimlənməsi" sözünə xüsusi fikir vermək lazımdır. Baxmayaraq ki, istər "Torpaq icarəsi haqqında" və istərsə də "Torpaq bazarı haqqında" Azərbaycan Respublikasının Qanunlarında torpaqların bilavasitə icarəyə və mülkiyyətə verilməsi ilə yanaşı hərraclar və müsabiqələr vasitəsilə də ayrılması nəzərdə tutulmuşdur, yerli icra hakimiyyəti və bələdiyyələr indiyədək yalnız torpaqların bilavasitə ayrılmasına üstünlük vermişlər. Nəticədə bu kimi hallar torpaqların istər alqı-satqısı və istərsə də icarəyə verilməsi zamanı vətəndaşlar arasında bərabər hüquqi imkanların yaradılmasını tənzimləməmişdir.
- Demək olarmı ki, artıq bələdiyyələr torpaq mülkiyyətçisi kimi öz hüquqlarını itirmişlər?
- Əksinə, həmişə olduğu kimi, bələdiyyələr yenə də torpağın mülkiyyətçisidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev söz yox ki, "Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Fərmanını imzalayarkən əsas məqsədi Azərbaycan Respublikasında torpaqlardan istifadə və icarə hüquqlarının açıq hərrac və ya müsabiqə yolu ilə alqı-satqısını, torpaq bazarının inkişafı vasitəsilə torpaqların dövriyyəsinin səmərəliliyini yüksəltməklə yanaşı, hüquqi və fiziki şəxslər arasında sağlam rəqabəti təmin etməkdən ibarət olmuşdur. Qanunda göstərildiyi kimi bələdiyyələr mülkiyyətçi kimi hərrac və müsabiqələrdə iştirak edir və əldə edilən gəlirin nəzərdə tutulan hissəsi onun bank hesabına köçürülür. Beləliklə, həm bələdiyyələr müvafiq qaydada mənfəətlənir və həm də nəhayət ki, səmərəli şəkildə istifadə olunmayan torpaqlar onu həqiqətən səmərəli şəkildə və düzgün istifadə edə bilən sahibinə verilmiş olur.
- Yeni qanunda birbaşa göstərilir ki, torpaq bazarının təşkilində təşkilatçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsidir. Bilmək olarmı, təşkilatçı olaraq rəhbərlik etdiyiniz komitəyə hansı səlahiyyətlər verilmişdir?
- Torpaq bazarının təşkili sahəsində dövlət aqrar siyasətinin həyata keçirilməsi, torpaq hərraclarının və müsabiqələrinin təşkili qaydalarına dair normativ hüquqi sənədlərin işlənməsi və təsdiq edilməsi, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları üzrə əqdlərin sənədləşdirilməsi üçün əsasnamələrin və nümunəvi müqavilələrin əhali arasında geniş formada təbliğ olunması, torpaq bazarını səciyyələndirən rəsmi məlumatların müntəzəm toplanması, xüsusi bülletenlər və kütləvi informasiya vasitələrilə aşkarlanması torpaq bazarında bağlanmış əqdlərin və torpaq üzərində hüquqların dövlət qeydiyyatı və səmərələşdirilməsi, beləliklə, Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə müəyyən edilən digər təşkilatçı səlahiyyətləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin öhdəsinə düşən vəzifələrdən ibarətdir.
- Heç kimə sirr deyil ki, 2008-ci ildə dünyanı bürüyən iqtisadi böhran ölkəmizdən yan keçməkdədir. Hansı ki, müxtəlif inkişaf etmiş ölkələrdə iqtisadiyyatın tənəzzülə uğraması sayəsində işsizlik artır, əksinə olaraq, Azərbaycanda yeni müəssisələr açılmış, iqtisadiyyat artmış, həm dövlət investisiyaları, həm də özəl sektorların fəaliyyətləri ilə böyük infrastruktur layihələri icra olunmuşdur. Sizcə, bütün bu uğurların torpaq amilinə bağlılığı varmı?
- Torpaq elə bir tarixi təbii cisimdir ki, o, istehsal olunmur. Dünyanın bütün istehsal sahələri torpaq üzərində bərqərar olur. Ulu öndərimizin siyasi-iqtisadi kursunun layiqli davamçısı kimi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də daim torpaq amilinə üz tutması bu məqsədlərdən irəli gəlir. Ölkə başçısı kimi cənab İlham Əliyev "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"ndan sonra bir çox, o cümlədən, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nı təsdiq edən 25 avqust 2008-ci il tarixli 3004 nömrəli Sərəncamı bir daha onu sübut etdi ki, cənab İlham Əliyev daha böyük uzaqgörənliklə dünyamızın gələcəkdə iqtisadi böhranla üzləşə biləcəyini ehtimal etdiyindən zamanın axarını qabaqlayaraq Azərbaycan vətəndaşlarının sosial rifah halının daha da yaxşılaşdırılması və hər hansı bir böhrandan əzmlə çıxmaları məqsədilə imzaladığı Dövlət Proqramı ilə bir daha təsdiq etdi ki, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində ən başlıca və əvəzedilməz amildir.
Həmin Dövlət Proqramının 2015-ci il üçün əsas hədəfləri dənli bitkilərin əkin sahələrini 900 min hektara, məhsuldarlığı 32 s/ha-ya, ümumi məhsul istehsalını 2,8 milyon tona, ət istehsalını 340 min tona, süd və süd məhsullarının istehsalını 204 milyon tona, sənaye üsulu ilə illik quş əti istehsalını 80 min tona, yumurta istehsalını 1,3 miyard ədədə, kartof istehsalının həcmini 1,12 milyon tona, tərəvəz və bostan bitkiləri məhsulunun istehsalını 1,72 milyon tona, meyvə istehsalını 800 min tona, yağlı bitkilərin əkin sahələrini 135 min hektara, şəkər çuğundurunun əkin sahəsini 20 min hektara və yüksək keyfiyyətli, balanslaşdırılmış qarışıq yem istehsalını isə ildə 2 milyon tona çatdırmaqdan ibarətdir.
- Zaman göstərir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev ulu öndərimiz Heydər Əliyevin siyasi-iqtisadi kursunun layiqli davamçısı olaraq ölkə iqtisadiyyatının durmadan inkişaf etdirilməsində ana xətt kimi xalqımızın xoşbəxt həyat tərzini görür.
- Təbii ki, bu, belədir. Belə olaraq da qalacaq. Bu günlərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri və illərdən bəri faşist xislətli xain qonşular olan ermənilərin respublikamıza təcavüzü nəticəsində blokada şəraitində yaşayan naxçıvanlıların xoşbəxt rifah halları ilə tanış olması, Şahbuz rayonunda Mərkəzi xəstəxananın açılmasında, Şərurda Olimpiya Kompleksinin istifadəyə verilməsində, Naxçıvan-Sədərək avtomobil yolunun istismarında, Naxçıvan şəhərində "Badamlı" mineral sular zavodunun istifadəyə verilməsində və bu kimi ölkə əhəmiyyətli obyektlərin təməlinin qoyulmasında şəxsən iştirak etməsi bir daha sübut edir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev imzaladığı hər bir qanunun, sərəncamın, verdiyi göstərişlərin layiqincə həyata keçməsinə şəxsən özü nəzarət edir və verdiyi hər bir sözə sadiqlik nümunəsi göstərir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı naxçıvanlılar qarşısında çıxışı zamanı demişdir: "Azərbaycan dünya birliyində etibarlı tərəfdaş kimi tanınır və bizimlə dostluq münasibətlərində olan ölkələrin sayı artır. Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir. Biz bütün ölkələrlə öz münasibətlərimizi qarşılıqlı maraq, qarşılıqlı hörmət əsasında qururuq və bu, Azərbaycana böyük uğurlar gətirir. Eyni zamanda, Azərbaycanın iqtisadiyyatı o qədər güclənibdir ki, biz özümüzü tam şəkildə təmin edirik. Biz heç kimdən asılı deyilik, heç bir maliyyə yardımına ehtiyacımız yoxdur və bu böhranlı aylar bir daha onu göstərdi ki, Azərbaycan öz hesabına yaşaya bilər və yaxşı yaşaya bilər.
Azərbaycanın bütün bölgələri bu gün inkişaf edir. Azərbaycanın iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Son illər ərzində qeyri-neft sektorunun inkişafı üçün böyük investisiyalar qoyulmuşdur. O investisiyaların böyük əksəriyyəti dövlət tərəfindən qoyulmuşdur. Həm sənaye potensialının inkişafı, həm yeni iş yerlərinin açılması, həm də idxalın azalması və yerli istehsalın artırılması üçün görülən əməli tədbirlər nəticəsində biz bu gün özümüzü, demək olar ki, bütün cəhətlərdən təmin edirik. Enerji təhlükəsizliyimiz təmin edilib, nəqliyyat təhlükəsizliyimiz təmin edilib, ərzaq təhlükəsizliyimiz təmin edilib. Bu üç amil hər bir ölkənin inkişafı üçün mühüm rol oynayır. Bu üç istiqamətdə Azərbaycan çox böyük uğurlarla fəxr edə bilər. Bu vaxta qədər əldə edilmiş uğurlar, əlbəttə ki, bundan sonrakı illərdə böyük rol oynayacaqdır. Biz iqtisadi və siyasi islahatları bundan sonrakı illərdə davam etdirəcəyik".
Bütün bunlar ulu öndərin siyasətidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən güclü iqtisadiyyat, güclü sosial-iqtisadi siyasət və Azərbaycan xalqının xoşbəxt rifah halının gündən-günə yaxşılaşdırılması üçün konkret addımlardır.
Bizim işimiz isə vətənimizin ildən-ilə çiçəklənməsi, xalqımızın əbədi xoşbəxtliyinin təminatçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər bir göstərişinin, qanun və sərəncamlarının icrasını ləyaqətlə yerinə yetirməkdən ibarət olmalıdır.