- Asəf müəllim, bildiyimizə görə, Milli Məclis "Elm haqqında" qanunu müzakirə etməyə hazırlaşır. Bu nə vaxt olacaq və burada hansı məsələlər öz əksini tapacaq?
- Bu ilin iyun ayında "Təhsil haqqında" qanun Milli Məclisin üçüncü oxunuşundan keçdi. "Təhsil haqqında" qanunla sıx əlaqədə olan digər qanun isə "Dövlətin elm və texnika sahəsində siyasəti" adlanır. Bu qanun üzərində iş gedirdi, lakin o, "Təhsil haqqında" qanunla bağlı olduğundan onun müzakirəsi "Təhsil haqqında" qanunun qəbulundan sonraya saxlanıldı. Burada bir neçə maddə sırf "Təhsil haqqında" qanunla bağlıdır. Hazırda qanunun müzakirəsi məqsədilə işçi qrupu təşkil olunub və "Elm haqqında" qanun üzərində iş gedir. İşçi qrupuna Milli Elmlər Akademiyasından və digər təşkilatlardan mütəxəssislər cəlb olunub. Güman edirəm ki, bu qanun Milli Məclisin payız sessiyasında birinci oxunuşda müzakirəyə təqdim olunacaq.
- Bu günədək "Elm haqqında" qanun var idi. Qanunun yenidən qəbul olunması zərurəti haradan ortaya çıxıb?
- Avropada 26 ölkənin imzaladığı yeni bir təhsil sisteminə, Boloniya prosesinə keçid olub. Sonradan bir sıra ölkə, 2005-ci ildə də Azərbaycan bu sənədə imza atıb. Bu sənəd sırf təhsillə bağlı olan bir sənəddir. Azərbaycandan fərqli olaraq Avropada elmlə təhsil universitetlərdə cəmləşib. Onlarda elmi-tədqiqat institutları anlayışı yoxdur. Azərbaycan Boloniya prosesinə qoşulduğu üçün yeni "Elm haqqında" qanunun qəbul olunmasına ehtiyac var. Digər tərəfdən, elm sahəsində sürətli proseslər gedir. Əgər 50 il bundan öncə bütün ölkələrin varlığı onun təbii sərvətləri ilə ölçülürdüsə, bu gün dünya yüksək texniki inkişafa qədəm qoyub. Məsələn, Yaponiya, Finlandiya, Hollandiya və s. bu kimi ölkələrdə təbii sərvətlərin olmamasına baxmayaraq, burada yüksək yaşayış səviyyəsi mövcuddur. Bu da həmin ölkələrdə texnologiyaların yüksək inkişafı ilə bağlıdır.
Ölkəmizdə də bu inkişaf yüksək sürətlə gedir. Bu da birbaşa elmin nəticələri ilə bağlıdır. Azərbaycan kiçik bir dövlət olsa da, burada texnologiyaların inkişafına böyük diqqət ayrılır.
Bir misal çəkmək istəyirəm, XX əsrin sonunda "Maykrosop" şirkəti texnologiyaların inkişaf etdirilməsi üçün İsrailin iqtisadiyyatına 8 milyard ABŞ dolları məbləğində investisiya qoydu. Onlar qumda olan silikonu molekul-molekul yığaraq, kiplər hazırlayırlar. Bildiyimiz kimi, kompüterlərin yaddaşı da həmin kiplərdə cəmləşib. Bu investisiyanın İsrailə qoyulmasının səbəbi isə o idi ki, orada yüksək təhsilli insanlar var idi, işçi qüvvəsi o qədər baha deyildi və həmin ölkənin ərazisində qum var idi. Yuxarıda qeyd olunan kriteriyaları Azərbaycan tamamilə ödəyir. Ona görə də xarici şirkətlər Azərbaycanda yüksək texnologiyaların inkişafı üçün investisiyaların qoyulmasında maraqlı olmalıdır. Qeyd edim ki, artıq ölkəmizdə bu cür layihələrin həyata keçirilməsinə başlanılır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi günü-gündən inkişaf edir. Hətta Azərbaycan 2011-ci ildə öz süni peykini orbitə buraxacaq. Bu da birbaşa yüksək texnologiyaların inkişafı ilə bağlıdır.
- Elm adamlarını düşündürən bir sualla müraciət etmək istərdim. Yeni qanunda elm sahələrinin maliyyələşdirilməsi məsələsi öz əksini tapacaqmı?
- SSRİ vaxtında elmə böyük vəsait ayrılmışdı. SSRİ parçalandıqdan sonra həmin ölkələrdə büdcədən maliyyələşən sahələr, o cümlədən, elm sahəsində böyük problemlərlə qarşılaşdılar. Azərbaycanda da elə bir vəziyyət yaranmışdı ki, həm avadanlıqların alınması, həm də elm işçilərinə maaşların verilməsi baxımından müəyyən çətinliklər mövcud idi. 2001-ci ildə Heydər Əliyevin fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına milli statusu verildi və bununla da elmə xüsusi vəsait ayrılmağa başlandı. Bu gün müzakirəsinə hazırlaşdığımız "Elm haqqında" qanunda elmə ayrılan vəsait öz əksini tapıb. Burada elmin dövlət tərəfindən maliyyələşdirilməsindən söhbət gedir, həmçinin, digər qurumları elmə vəsait qoymağa cəlb edirlər. Dünya praktikasına baxsaq, görərik ki, bütün dünyada elm dövlət tərəfindən maliyyələşdirilir. Ancaq inkişaf etmiş ölkələrdə elmə vəsait ayıran qurumlar içərisində özəl şirkətlər də üstünlük təşkil edir. Məsələn, Yaponiyada, Cənubi Koreyada böyük şirkətlər olan Sony, LG, Samsunq və s. şirkətlər elmə böyük vəsait qoyurlar. Çünki elmdən böyük nəticələr gözləyir və bu nəticələrdən də istifadə edərək yüksək gəlir əldə edirlər. Bu proses Azərbaycanda da tədricən həyata keçirilir. Özəl şirkətlər ölkəmizdə elmin inkişafına vəsait qoymaqda maraqlı olmalıdırlar ki, bunun nəticəsində əldə olunan yüksək texnologiyalar həmin ölkənin və investisiya yatıran özəl şirkətlərin inkişafına təkan versin.
- Sizcə, yeni qanunda prioritet sahələr və müxtəlif istiqamətlər konkret şəkildə göstərilməlidir?
- Ümumiyyətlə, qanunda yer alan məsələlər ümumi şəkildə olmalıdır. Yalnız qanun qəbul olunduqdan sonra bəzi sənədlər təsdiq üçün Nazirlər Kabinetinə gedir və orada artıq məsələlər konkretləşir. Mən kənd təsərrüfatı sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə kənd təsərrüfatının ali məktəblərinə xüsusi qəbulların olmasının tərəfdarıyam. Kəndlərdəki insanlar şəhərə gəlib təhsil almaqla yenidən öz yerlərinə qayıtmalı və bununla kənd təsərrüfatı sahəsinin inkişafına səy göstərməlidirlər. Yadınızdadırsa, SSRİ dövründə Heydər Əliyev belə bir qərar qəbul etmişdi. O zaman Kənd Təsərrüfatı Akademiyasına rayondan daxil olanlara xüsusi dərəcə verilirdi. Çünki onlar ali məktəbi bitirdikdən sonra rayona qayıdırdılar. Bu gün bu ideyaya daha fərqli və müasir formada qayıtmaqla, onun həm cəmiyyət, həm də beynəlxalq aləm tərəfindən qəbul olunmasına çalışmaq lazımdır.
- Bu gün ölkəmizdə bir sıra elmi-tədqiqat mərkəzləri fəaliyyət göstərir. Sizcə, bu mərkəzlər Qərbin elmi-tədqiqat mərkəzləri ilə müqayisədə geridə qalmır ki? Və yaxud da həmin elmi-tədqiqat mərkəzlərinin beynəlxalq elmi münasibətlərdəki iştirak səviyyəsi sizi qane edirmi?
- Bu sahədəki vəziyyət məni qane etmir. Əgər XX əsrin ikinci yarısına baxsaq, görərik ki, elm artıq kollektiv bir anlayışa çevrilib. Bu gün elmlə əlaqəsi olmayan hər hansı bir fərd heç nəyə nail ola bilməz. XX əsrin birinci yarısına qədər Nobel mükafatını bir neçə sahə üzrə yalnız bir nəfər alırdısa, indi, artıq bu, mümkünsüzdür. Bu mükafat həmişə bir qrup adama verilib. Çünki elm artıq kollektiv anlayışa çevrilib. Bu amili bütün dünyada başa düşürlər. Biz elmi-tədqiqatlar mərkəzlərimizin beynəlxalq əlaqələrinin hansı formada qurulmasını müəyyənləşdirməliyik. Müxtəlif ölkələr elmin inkişafına birgə kömək etməlidirlər.
- Qanun layihəsində bu nüanslar öz əksini tapacaq?
- Təbii ki. Qanunda bu və alimlərin sosial vəziyyəti ilə bağlı olan digər məsələlər öz əksini tapacaq. Prezident cənab İlham Əliyev alimlərin maaşlarına böyük diqqət yetirir. Qeyd edim ki, bu qanunda qrantlara bağlı məsələ də öz əksini tapacaq. Çünki bu gün bütün dünyada elmin inkişafında, eləcə də, beynəlxalq əlaqələrin yaradılmasında qrantların xüsusi rolu var. Azərbaycanda da ildən-ilə qrantların alınması məsələsi öz həllini tapır ki, bu da elmin inkişafı üçün müsbət bir haldır.
- Yaponiyada özəl şirkətlər öz işçilərinin ailələrini himayəyə götürməklə uşaqlarının təhsil alması üçün hər cür şərait yaradırlar. Beləliklə, həmin uşaqlardan özlərinə kadr hazırlayırlar...
- Müxtəlif ölkələrdə qaydalar da müxtəlifdir. Bu hal Yaponiyda mövcud olsa da, Avropada belə bir hal yoxdur. Çünki yaponun mentaliteti avropalının mentalitetindən xeyli dərəcədə fərqlidir. Ona görə bu cür qaydalar Azərbaycan xalqının mentalitetinə, keçdiyimiz tarixi yola uyğun olmalıdır. Bu gün mən dövlətin hansısa ailəni himayəsinə götürməklə onların uşaqlarını məhz elmə yönəltməsinin tərəfdarı deyiləm. Biz artıq demokratik bir dövlətdə yaşayırıq və ixtisas seçimində də sərbəstlik olmalıdır. Bu gün dünyanın mənzərəsi dəyişib. SSRİ-də hər kəs çalışırdı ki, elmlə məşğul olsun, çünki orada yüksək maaş var idi və insanlar özlərini sərbəst hiss edirdilər. Dövlətin hər hansı bir ailəni himayəyə götürməsi, onlara konkret yolu seçməyi təkid etməklə çərçivə qoymuş olurlar.
- Asəf müəllim, beynəlxalq elm aləmi ilə yaxından tanışsınız. Xarici elm mərkəzlərində çıxışlarınız olub. Sovetlər ittifaqı dönəmində Azərbaycan elmi mərkəzlərin tərkibində elmin bütün sahələri ilə məşğul olub. Sizcə, ölkəmizdə elmin bütün sahələrinə vəsait ayırmağa dəyərmi və yaxud prioritet olaraq hansı sahə nəzərdə tutulur?
- Bu gün dünyanın əksər dövləti elmin bütün sahələrinə vəsait qoymaqda maraqlıdır. Eyni zamanda, onlar üçün daha prioritet və yaxın sahəni seçməklə, oraya ən çox vəsait ayırırlar. Düşünürəm ki, Azərbaycan bir qədər fərqli yol tutmalıdır. Biz, ilk növbədə, özümüz üçün prioritet sahələri müəyyənləşdirməliyik və əsas vəsaiti də oraya yatırmalıyıq. Azərbaycan gənclərinin xaricdə təhsil almağa göndərilməsi ilə bağlı Prezident İlham Əliyevin çox gözəl sərəncamı var. Təbii ki, ölkəmiz üçün neft-kimya ilə bağlı olan sahələr daha prioritet olacaq. Neftin dənizdən çıxarılması, onun xarici ölkələrə göndərilməsi və s. işlərin hamısı yüksək texnologiyaların üzərində qurulub. Bu baxımdan hesab edirəm ki, Azərbaycan bütün gücünü məhz bu sahədə cəmləşdirməlidir. Bu sahə ilə əlaqədar olaraq infrastruktur sahəsi, bank sistemi inkişaf etdirilməlidir. Bir məqamı da vurğulayım ki, əgər SSRİ-nin vaxtında iqtisadiyyat siyasi xarakter daşıyırdısa, bu gün isə iqtisadiyyat təbiət elmləri sırasına daxil edilməlidir.
- Bəs kənd təsərrüfatı sahəsinə necə?
- Azərbaycan neft ölkəsi olmaqla yanaşı, həm də kənd təsərrüfatı ölkəsidir. Azərbaycanda kənd təsərrüfatı sahəsi mütləq inkişaf etdirilməlidir. Çünki ölkəmizdə 9 iqlimi qurşağı var və bu sahə ölkəmiz üçün hər zaman prioritet olmalıdır.